ən Bülbülü bitirmişəm"
kəlmələrini biz hamımız - Bülbül adına orta ixtisas musiqi məktəbinin
mə'zunları, istər 30 il öncə, istərsə də indi böyük qürur hissi
ilə, fəxrlə deyirik. Bu, təsadüfi deyil: axı, hal-hazırda milli
mədəniyyətimizin öndərində duran görkəmli ziyalılarımızın bir qismi
müstəqil həyata vəsiqəni məhz bu məktəbdə alıb. Mübaliğəsiz demək
olar ki, təməli Ü.Hacıbəyov tərəfindən qoyulan Bülbül adına orta
ixtisas Musiqi Məktəbi respublikamızın çoxsaylı məktəbləri içərisində
özünəməxsus simaya və böyük nüfuza malik bir təhsil ocağıdır.
Yaxşı mə'lumdur
ki, mühitin, şəraitin insanın şəxsiyyət kimi formalaşmasında, iste'dad
və qabiliyyətinin lazımi məcraya yönəldilməsində çox böyük rolu
var. Məktəb illəri, zənnimcə, bu mə'nada müstəsna əhəmiyyətə malikdir.
Bülbül adına məktəb öz qoynunda ancaq peşəkar musiqiçilər bəsləməklə
kifayətlənməmiş, onlara eyni zamanda müstəqil düşüncə tərzi, həyat
hadisələrinə zamanın fövqündən baxmaq bacarığını da aşılamaq iqtidarında
olmuşdur. Bu qocaman təhsil ocağı haqlı olaraq öz yetişdirmələri
- adlı-sanlı bəstəkarlar, dirijorlar, pianoçu və skripkaçılar, musiqişünas
və müğənnilərlə fəxr edir. Lakin bu məktəb həm də tam hüquqla dövrümüzün
görkəmli ədib və şairləri-Anar, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu,
Rəfiq Zəka və başqa bu kimi iste'dadlı mə'zunları ilə də fəxr edir.
Məktəbin istər milli incəsənət sahəsində, istərsə də müxtəlif elm
sahələrində uğurla çalışan yetirmələri kifayət qədərdir. Və elə
bu faktın özü bu təhsil ocağı haqqında bizlərə çox şeyi anladır.
XXI əsrin, yeni
minilliyin astanasında Azərbaycan musiqisinin tarix baxımından çox
qısa müddət - bir əsr içərisində qazandığı nəhəng nailiyyətlər,
uğradığı dəyişmələr xüsusilə qabarıq və aydın nəzərə çarpır. Danılmaz
həqiqətdir ki, əsrimizin əvvəllərində milli musiqi mədəniyyətimizin
bütün sahələrində gedən taleyüklü yeniliklərin təşəbbüskarı və icraçısı
dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov olmuşdur. Professional bəstəkarlıq
məktəbinin, ifaçılıq fəaliyyəti növlərinin, çağdaş elmi, estetik
baxışların, o cümlədən, Avropa təmayüllü milli musiqi təhsili sisteminin
yaranması və təşəkkülü bilavasitə Ü.Hacıbəyovun adı ilə bağlıdır.
Sözün əsl mə'nasında yeni musiqi mədəniyyəti sisteminin qurucusu
kimi fəaliyyət miqyasına görə XX əsrin musiqi xadimləri sırasında
Y.Hacıbəyova bənzər ikinci şəxsiyyət tapmaq çətindir. Lakin unutmaq
lazım deyil ki, bu yolda qazanılan ən qısa u urun, ən kiçik başlanğıcın
və yeniliyin arxasında gərgin axtarışlar, böyük sədlər və uzun mübahisələr
durmuşdur.
İndi biz heç təsəvvürümüzə
gətirə bilmirik ki, əsrin əvvəllərində Bakıda mövcud olan musiqi
məktəblərinin qapısı yerli əhalinin - biz azərbaycanlıların üzünə
möhkəm bağlı idi. Bu faktı Üzeyir bəy öz yazılarında ürək ağrısı
ilə şərh edirdi: "Bakı hələ çar hökumətinin quberniya şəhərlərindən
biri ədd olunan zamanlarda burada "Rus imperator musiqi cəmiyyəti"
adlanan bir müəssisəyi-musiqiyyənin şö'bəsi olmaq üzrə bir musiqi
məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir
müddət ömür sürüb müntəzəm bir surətdə yaşadığı halda qapılarını
musiqi təhsili arzusunda bulunan türk balaları üçün daima bağlı
saxlardı. Bu qədər uzun bir zaman içində bu məktəbdə bir nəfər də
olsun yerli türklərdən oxuyan və məktəbi bitirən olmadı. Məktəbin
mövcud olub-olmadığı haqqında yerli türklərin xəbəri belə yox idi"(1).
Belə acınacaqlı
vəziyyətə son qoymaq üçün Yzeyir bəy kimi insanlar əsrimizin 20-ci
illərində əsl vətəndaş qeyrəti nümayiş etdirdilər. Bu dövrdə Azərbaycan
sovet respublikası Xalq Maarif Komissarlığının musiqi şö'bəsinə
başçılıq edən Ü.Hacıbəyov musiqi təhsili müəssisələrinin təşkili
və milli kadrların hazırlanmasını birinci dərəcəli məsələ kimi ön
plana çəkdi. 1920-ci ildə Bakıda əvvəlcə Xalq Konservatoriyası,
bir il sonra isə, yə'ni 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası
fəaliyyətə başladı. Ü.Hacıbəyovun təklif etdiyi proqramda musiqi
təhsili ibtidai, orta və ali pillələrdən ibarət idi. Yeni açılmış
konservatoriya hər üç tədris pilləsini əhatə etdi. Birinci və ikinci
pillənin tədrisi ilə də gələcək Bülbül adına orta ixtisas musiqi
məktəbinin təməli qoyuldu. Beləliklə, Ü.Hacıbəyovun təşəbbüsü ilə
müsəlman Şərqində ilk konservatoriya və onun nəzdində azərbaycanlı
uşaqlarına musiqi savadı verə bilən ilk musiqi məktəbi açıldı. Buradakı
təhsilin Qərb və ya Şərq təmayüllü olması barədə gedən mübahisələrdə
də Üzeyirbəy uzaqgörən mədəniyyət xadimi kimi çıxış edirdi:
"əcəba, Azərbaycan
türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa
buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal
etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə "Yevropeyski"
deyilən musiqini də öyrənmək lazımdırmı? Bəli, lazım və vacibdir
ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır"(2) deyən Hacıbəyov
Azərbaycanda musiqi təhsilini yalnız Şərq üslubunda aparmaq tərəfdarlarına
bu fikrin nə qədər yanlış və perspektivsiz olduğunu sübut edirdi.
Digər tərəfdən, o illərin xalq maarif komissarı Mustafa Quliyevin
hazırladığı proqramda yalnız Avropa musiqi təhsilinin zəruriliyi
vurğulanır, hətta tarın tədrisi lüzumsuz hesab olunurdu. Üzeyir
bəy belə üzdəniraq mütərəqqiliyi də tutarlı dəlillərlə rədd edirdi:
"Fəqət bu xüsusda bizim fikrimiz boylədir ki, Avropa musiqisindən
əlavə bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar özümüz
Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə
qarşı laqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş
olarıq. Tar isə Şərq musiqi təhsilini genişləndirə bilən alətdən
ən qiymətlisi, ən mühümüdür"(3).
Bu müddəalardan
irəli gələrək konservatoriyada təhsilin bütün pillələrində həm Avropa,
həm də Şərq alətləri tədris olunmağa başladı və tədrisin yüksək
səviyyədə keçməsi üçün Moskva, Leninqrad, Saratov, Tbilisi konservatoriyalarının
nüfuzlu müəllim və professorları Bakıya də'vət edildi. Bu dövrün
şagirdlərinə İ.S.Aysberq, Q.Q.Şaroyev, S.V.Bretanitski, L.E.Ab,
S.İ.Turiç, L.V.Rostropoviç, M.L.Bıkova, E.S.Çernyaxovskaya, E.İ.Tarnoqradskaya,
F.Q.Dukelskaya, H.V.Jenetskaya, M.İ.Paltsev, B.V.Moribel, H.İ.Simberov,
V.İ.Kozlov, V.A.Bitner kimi müəllimlərdən, habelə bilavasitə Ü.Hacıbəyovun
özündən dərs almaq xoşbəxtliyi nəsib olub. "Şərq musiqisi" şö'bəsinə
başçılıq edən Üzeyir bəy, eyni zamanda, bir sıra nəzəri fənlərdən
dərs deyirdi. Lakin tədris prosesini yenicə sahmana salmış ADK elə
fəaliyyətinin ilk günündə Yzeyir bəyin tə'birincə desək "əcaib bir
halla" rastlaşdı. Bu da oxuyanların içərisində azərbaycanlıların
sayca çox az olması idi. Yaranmış vəziyyəti Hacıbəyov bir tərəfdən,
"illərcə yalnız gendən tamaşa etməyə alışmış olan türk balalarını
birdən-birə özgələrə qarışıb təhsili, elm və sənətə həvəs göstərəcək
qədər cəsarətdən məhrum" olması ilə(4), digər tərəfdən isə Azərbaycan
dilində danışan müəllimlərin və müvafiq dərsliklərin yoxluğu ilə
əlaqələndirirdi. Ortaya çıxan bu ciddi problemi həll etmək üçün
konservatoriyaya qəbul vaxtı azərbaycanlılara güzəştli yerlərin
saxlanılmasını və ilk növbədə Türk musiqi texnikumunun açılmasını
qeyd etmək lazımdır(5).
Həmçinin, bu məqsədlə
konservatoriyanın ən yaxşı azərbaycanlı tələbələri I və II təhsil
pillələrində dərs demək üçün irəli çəkilir. 1929-cu ildə Y.Hacıbəyovun
Xalq Maarif Komissarlığına ünvanladığı hesabatda göstərilən fakt
böyük fərəhlə qeyd olunurdu. Müəllimlik hüququ qazanmış gənclər
arasında Asəf Zeynallı /musiqi nəzəriyyəsi/, Səid Rüstəmov /notlu
tarın tədrisi/, ali musiqi təhsili görmüş ilk azərbaycanlı qadınlar
- Kövkəb Səfərəliyeva, Xurşud Ağayeva, Leyla Muradova var idi.