Konservatoriyanın
tarixi və həyatı ilə üzvi surətdə bağlı olan Bülbül adına məktəbin
20-30-cu illərdəki təşəkkül dövründə bir sıra çətin məqamlar da
olmuşdur. Konservatoriya təhsilini təkmilləşdirmək məqsədi ilə aparılan
islahat proqramlarında vaxtaşırı bir və ikinci tədris pillələrinin
ləğvilə bağlı fikirlərlə rastlaşırıq. 1926-cı ildə xalq maarif komissarlığı
bu barədə, hətta, qərar da qəbul etmişdi: onun müəllifləri konservatoriyanı,
sözün əsl mə'nasında, ali təhsil müəssisəsinə çevirmək müddəasından
çıxış edirdilər. Lakin bu növ qərarlar konservatoriyanın İdarə Hey'əti
və şəxsən Ü.Hacıbəyov tərəfindən daim e'tirazla qarşılanmış, belə
islahatlar Azərbaycanda vaxtsız hesab olunmuşdur. Ymumiyyətlə, Ü.Hacıbəyov
musiqi təhsilinin ibtidai, orta və ali halqalarının bir əldə-konservatoriya
daxilində cəmləşməsinə böyük əhəmiyyət verirdi. Belə ki, respublikada
o zaman sayca çox az olan musiqi məktəbləri ADK üçün kadr yetişdirmək
iqtidarında deyildi. Mərkəzləşdirilmiş təhsil sistemi isə tez bir
zamanda peşəkar musiqiçilər hazırlamağa əlverişli şərait yaradırdı.
Bundan başqa, Azərbaycanda yeni yaranmaqda olan musiqi təhsili sistemi
konkret tədris proqramlarının yoxluğu ilə üzləşdi və tədris prosesini
ləngidən bu problemi ancaq konservatoriyanın təcrübəli professor-müəllim
hey'ətinin köməyi ilə aradan qaldırmaq olardı. Bütün bu tutarlı
dəlillərə baxmayaraq, 30-cu illərin əvvəllərində birinci tədris
pilləsi ləğv olundu(6).
Maraqlıdır ki, bağlanma
ərəfəsində burada 200-dən çox uşaq təhsil alır və onlara yüksək
ixtisaslı müəllimlər dərs deyirdi. Ü.Hacıbəyov, A.Zeynallı, İ.S.Aysberq,
Q.Q.Şaroyev bu dərslərin gedişatını daim izləyirdilər. Tədris planına
ixtisas dərslərindən başqa "musiqi dinləmə" kursu, ritmik gimnastika,
musiqinin elementar nəzəriyyəsi, ümumi fortepiano, ansambl, xor
oxuması, "musiqi tarixinə giriş" kimi fənlər daxil idi və bu proqram
şagirdlərin ilkin musiqi vərdişlərinə, dünyagörüşünə yiyələnməsi
üçün möhkəm zəmin yaradırdı. Məhz bu dövrün dərslərini vaxtilə məktəbin
şagirdi olmuş Qara Qarayev sonralar çox böyük səmimiyyətlə xatırlayırdı:
"Mən musiqi dinləmə dərslərinə gedir və musiqiyə qulaq asırdım.
"Dinləmə" üzrə maraqlı məşğələləri gözəl müəllim və iste'dadlı pianoçu,
öz işinin vurğunu Vladimir Mixayloviç Kozlov aparırdı. Məhz o mənə
bir dəfə qəlbimi daim narahat edib öz ifadəsini tapmaq istəyən,
lakin hələ səthi duyduğum bir həqiqəti-musiqinin son dərəcə lirik
və poetik məğzini anlatmışdı..." (7)
Dərslərin bu cür
səmimi və canlı keçdiyi, habelə tədrisin artıq sahmana salındığı
zaman məktəbin ləğv olunması ancaq təəccüb doğurur. Təsadüfi deyil
ki, az müddətdən sonra onu yenidən açmaq lazım gəldi. 1931-ci ildə
ADK nəzdində uşaq musiqi qrupu fəaliyyətə başladı. Lakin təhsilin
ödənişli xarakteri və bir sıra təşkilati çətinliklər burada aparılan
işin səmərəsini aşağı salırdı. Həhayət, 1933-cü ildə ADK-nın vəsatəti
ilə Xalq Maarif Komissarlığı onun nəzdində "Xüsusi iste'dada malik
uşaqlar qrupu"nun yaradılması barədə qərar qəbul etdi və məhz bu
qrup Konservatoriya nəzdində 10 illik musiqi məktəbinin yaradılmasında
son dərəcə böyük rol oynadı(8).
"Gənc iste'dadlar"
qrupu qarşısına qoyduğu məqsədi layiqincə yerinə yetirirdi. Burada
uşaqlara çox həssas və qayğılı münasibət hökm sürürdü. Şagirdlər
təqaüdlə tə'min olunur, ə'laçılara isə artırılmış təqaüd verilirdi.
ADK Pedaqoji Şurasının elə bir iclası olmurdu ki, orada "Qrupun"
fəaliyyəti ilə bağlı bu və ya digər məsələ müzakirə olunmasın. Uşaqlarla
işə ADK-nın qocaman müəllimləri ilə yanaşı, onun gənc mə'zunları
da cəlb edilmişdi. Bəstələmək qabiliyyətinə malik iste'dadlarla
xüsusi dərslər keçilirdi. Bu qrupun şagirdləri arasında gələcəkdə
nəinki respublikada, həmçinin onun hüdudlarından çox-çox uzaqlarda
məşhurlaşan pianoçular Elmira Həzirova, Bella Davidoviç, Rauf Atakişiyev,
Çingiz Sadıxov, Fəridə Quliyeva, Tamara Quseva, Səyyarə Kərimova,
orqançalan Zəhra Cəfərova, musiqişünaslar əminə Eldarova, İzabella
Abezqauz və başqaları var idi.
"Gənc iste'dadlar
qrupunun" az vaxtda qazandığı gözəl nəticələr Üzeyir bəyin dəfələrlə
müdafiə etdiyi təhsil prinsipinin - peşəkar musiqiçiləri kiçik yaşlarından
ali məktəb daxilində yetişdirməyin nə qədər perspektivli və məqsədəuyğun
olmasını əyani surətdə sübut etdi. Bunu, həmçinin, nüfuzlu Moskva
və Leninqrad Konservatoriyaları nəzdindəki Mərkəzi Musiqi Məktəblərinin
fəaliyyəti də bariz nümayiş etdirirdi. 1937-ci ildə ADK nəzdində
də bu cür məktəbin yaradılması barədə Azərbaycan SSR-nin Xalq Komissarları
Sovetinin İncəsənət üzrə işlər İdarəsinin qərarı çıxdı və "Gənc
iste'dadlar qrupu" yeni açılmış məktəbin özəyini təşkil etdi.
Üzeyir Hacıbəyovun
təklifi ilə "Gənc iste'dadlar qrupunun" işində çox fəal iştirak
edən iste'dadlı pianoçu, gözəl təşkilatçı, alicənab insan Kövkəb
xanım Səfərəliyeva yekdilliklə məktəbə müdir tə'yin olundu.
Kövkəb xanımı yaxından
tanımaq səadəti, təəssüf ki, bu məqalənin müəllifinə qismət olmayıb.
Lakin onun barəsində deyilənlər və yazılanlar bu qadını öz xalqını
dərindən sevən, onun gələcəyinə ürəkdən inanan əsl maarifpərvər
Azərbaycan ziyalısı, sənət fədaisi kimi təsəvvür etməyə imkan verir.
Kövkəb Səfərəliyeva ali təhsilli ilk azərbaycanlı pianoçu idi və
bu birinciliyin şərəfini də, məs'uliyyətini də dərindən duyub, bütün
həyatını musiqi mədəniyyətimizin inkişafına və milli kadrların tərbiyəsinə
həsr etmişdi. Bülbül adına musiqi məktəbi müstəqil həyata qədəm
qoyması və əldə etdiyi ilkin nailiyyətlərə görə məhz ona minnətdardır.
Kövkəb xanım sözün
əsl mə'nasında cəfakeş müəllim idi. İste'dad sorağında o, tez-tez
uşaq evlərinə, mədəniyyət klublarına, orta məktəblərə gedər, qabiliyyətli
azərbaycanlı uşaqlarını arayıb tapar, onları rəhbərlik etdiyi məktəbdə
oxumağa sövq edərdi. Dərslərin maraqlı və səmərəli keçməsi üçün
Kövkəb xanım müxtəlif dərsliklər və metodik tövsiyyələr üzərində
də həvəslə çalışardı. Xatırladaq ki, indi də musiqidə ilk addımlarını
atan uşaqların stolüstü kitabına çevrilən, təcrübəli pianoçu-metodistlər
L.H.Yeqorova və R.İ.Siroviçin (9) tərtib etdiyi "Fortepianoda çalmaq
üçün ibtidai tədris vəsaiti" 1949-cu ildə məhz Kövkəb Səfərəliyevanın
redaktəsi və böyük köməyi sayəsində birinci dəfə işıq üzü görmüşdü.