ənc bəstəkarların yaradıcılığına
həsr olunmuş festival və simpoziumların keçirilməsi artıq ənənəyə
çevrilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının Gənclər və İdman
Nazirliyi ilə birgə vaxtaşırı təşkil etdiyi bu cür tədbirlər musiqimizdə
gedən prosesləri izləmək, gənclərin yaradıcılıq laboratoriyasına,
axtarışlarına dərindən və ətraflı nəzər salmaq baxımından son dərəcə
zəruri və təqdirəlayiqdir.
1999-cu ilin oktyabr ayında Zağulba
istirahət zonasının "Gənclik Beynəlxalq mərkəzi"ndə 5 gün davam
etmiş növbəti festival gənc Azərbaycan bəstəkarlarının ən müxtəlif
janrlarda bəstələdiyi əsərləri dinləyicilərin mühakiməsinə verdi.
İştirakçılar üçün yaradılmış gözəl şərait, yaxından ünsiyyət saxlayıb
fikir mübadiləsi yürütmək imkanı bu tədbirin ən diqqətəlayiq cəhətlərindən
biri idi. Beş gün ərzində konsert proqramlarında dinlənilmiş əsərlərin
janr diapozonu kifayət qədər rəngarəng idi. Canlı ifa olunmuş bir
sıra kamera-instrumental, kamera - vokal əsərləri, mahnılarla yanaşı,
bəzi nümunələr lent yazısında təqdim olundu. Akademik janrlar fortepiano
əsərləri - Məmməd Cəfərovun 2 prelüdü, İlham Abdullayev və Ceyhun
Allahverdiyevin Sonataları, Xədicə Zeynalovanın Variasiyaları, İlham
Azmanlının "Fərqli üslubda iki sonatası" ilə, kamera ansamblı Lalə
Cəfərovanın Fortepiano və skripka üçün pyesi, Ceyhun Allahverdiyevin
skripka və fortepiano üçün Sonatası, Yusif Mirişlinin violonçel
və fortepiano üçün "İmpressio" əsəri ilə, kvartet janrı isə Lalə
Cəfərovanın və Xədicə Zeynalovanın kvartetləri ilə təmsil olunmuşdu.
Bundan başqa lent yazısında simfonik musiqi nümunələri - Yalçın
Məlikovun estrada - simfonik orkestri üçün "Dünyaya pəncərə" pyesi,
Sərdar Fərəcovun simli orkestr, arfa və fortepiano üçün Məleykə
Hacıbəyovanın xatirəsinə "Oxunmamış layla" əsəri dinlənildi.
Festival gənc bəstəkarların kamera-vokal
və mahnı janrındakı axtarışlarını da nümayiş etdirdi. Konsertlərdə
Məmməd Cəfərovun "Həsrət" və "Vida" romansları (Nazim Hikmətin sözlərinə),
Yunis İmrənin sözlərinə yazılmış mahnısı, Nadir Əzimovun, Günel
Əlizadənin, Yalçın Məlikovun, Vüqar Camalzadənin, Elza Seyidcahanın,
Sərdar Fərəcovun, Sevda Məmmədlinin, Azad Ozan Kərimlinin müxtəlif
səpkili və üslublu mahnıları səsləndi.
Festivalın məziyyətlərindən biri
onun işinə artıq yetkinləşmiş, öz qələmini ən müxtəlif janrlarda
cəsarətlə sınamış gənclərlə yanaşı Bakı Musiqi Akademiyasının tələbə
və aspirantlarının cəlb olunması idi. Sənətdə ilk kövrək addımlarını
atan bu cavanlar üçün hazırki tədbir yaxşı sınaq imtahanı oldu.
Dinlənilən çoxsaylı əsərlər Festivalın
son günü keçirilmiş simpoziumun əsas müzakirə mövzusuna çevrildi.
Musiqimizin gələcəyi hansı istiqamətdə inkişaf edəcək? Onu hansı
perspektivlər gözləyir? Gənclərin axtarışlarında gözəçarpan tendensiyalar
hansılardır?
Bu suallara müəyyən qədər cavab
verən simpoziumdakı çıxışları oxucularımızın nəzərinə çatdırırıq.
Vasif ADIGÖZƏLOV,
bəstəkar,
Azərbaycan Bəstəkarlar İttifaqının Birinci katibi
-Azərbaycan Bəstəkarlar İttifaqının
Gənclər və İdman Nazirliyi ilə müştərək keçirdiyi bu ilki festival
və simpozium əhəmiyyətinə, masştabına görə çox dəyərli və lazımlı
bir tədbir təəssüratı bağışladı. Biz, gənclərin yeni axtarışları
ilə tanış olduq. Əlbəttə, çox istərdik ki, musiqinin daha çox janrlarını,
xüsusən simfonik əsərləri də əhatə etmiş olaq. Təəssüf ki, hal-hazırkı
zamanda bir çox problemlər, ilk növbədə, maddi vəsaitin çatışmazlığı
belə tədbirlərə simfonik orkestri cəlb etməyə imkan vermir. Lakin
biz gələcəkdə bu problemi, qismən olsa da, həll etmək niyyətindəyik.
Çünki gənc bəstəkar öz simfonik əsərini yalnız təsəvvüründə deyil,
canlı ifada da eşitməlidir. Bütün əsərlər çalınmaq üçün bəstələnir;
əks təqdirdə simfonik janrların gələcək inkişafında boşluq, durğunluq
yarana bilər. Belə ki, öz əsərini çaldıra bilməyən bəstəkar istər-istəməz
bir daha simfonik janrlara müraciət etməyəcək. Bu isə, zənnimcə
yolverilməzdir. Festival və simpoziumların böyük əhəmiyyəti bir
də ondan ibarətdir ki, gənclər bir-birilə təmasda olub, yaxından
ünsiyyət etmək imkanı qazanırlar. Belə tədbirlər əsil yaradıcılıq
mənbəyidir. Şəxsən, mənim üçün dinlədiyim əsərlər, yeni bir aləm
açdı. Mən daxilən bəhrələndim, yenilik ab-havası duydum. Yadıma
Qara Qarayevin müəllimlik sənəti barədə dedikləri düşdü. Bilirsiniz
ki, onun böyük şəxsiyyət kimi fəaliyyət dairəsi də son dərəcə geniş
idi. Lakin başının çox qarışıq olmasına baxmayaraq Qara Qarayev
müəllimlikdən heç vaxt əl çəkmirdi. Müəllimlik Sizi yormurmu? -
sualına həmişə cavab verirdi ki, əksinə, mən ən çox dərs zamanı
dincəlirəm. Bu sözlərdəki həqiqəti mən, vaxt ötdükcə daha çox anlayıram.
Doğrudan da, gənclərlə təmas çox faydalıdır. Onların yaradıcılığı
yeni bir keyfiyyətlə bağlıdır. Fürsətdən istifadə edib, mən cavanlara
bir tövsiyyəni də çatdırmaq istərdim. Buna həm yaşım, həm də yaradıcılıq
təcrübəm yol verir. Təvazökarlığı unutmayın və özünüzə qarşı çox
tələbkar olun. Kiminsə yaradıcılığından, əsərindən xoşunuz gəlməsə
də, ona höprmət etməyə borclusunuz. Çünki yaradıcılıq prosesi özü
müqəddəs bir prosesdir və bir-birinizə nə qədər çox hörmət etsəniz,
bir o qədər udmuş olarsınız.