Lalə HÜSEYNOVA,
musiqişünas:
-Mən görürəm ki, bəzi bəstəkarlar
danışmaqdan, söz deməkdən çəkinirlər. Onlar belə hesab edir ki,
yalnız musiqi ilə öz fikirlərini ifadə edə bilərlər. Zənnimcə, bu
bir qədər yanlış mövqedir. Musiqi tarixindən yaxşı məlumdur ki,
ən güclü musiqi tənqidçiləri və nəzəriyyəçiləri elə bəstəkarların
özü olub. Şuman, Vaqner, Berlioz, Çaykovski və bir çox başqaları
həm də gözəl musiqişünas idi. Azərbaycan musiqi mədəniyyətində dahi
Üzeyir Hacıbəyovun nəzəri tədqiqatları, məqalələri fikrimizi bir
daha sübut edir. Ona görə də əgər sizlər özünüzdə bu istedadı hiss
edirsinizsə, bu fəaliyyətdən qaçmaq lazım deyil. Çünki bəstəkar
müşahidələri daha sərrast olur. Bu günkü müzakirələrdə daha çox
necə deyərlər, "ciddi" janrlardan danışıldı və mahnılara toxunulmadı.
Halbuki bu festivalda kifayət qədər müxtəlif üslublu, müxtəlif səviyyəli
mahnı səsləndi. Əvvəla, mən mahnının yüngül musiqi kimi qiymətləndirilməsinin
əleyhinəyəm. Janrların ciddi və ya qeyri-ciddisi, yüngülü yoxdur.
Yaxşı olardı ki, musiqi janrları akademik və populyar janrlara ayrılsın.
Çünki biz özümüz mahnıya yüngül musiqi deyə-deyə axırda onu elə
qeyri-ciddi insanların əlinə vermişik. Son zamanlar bu sahəyə nəinki
peşəkar bəstəkar savadı olmayan, ümumiyyətlə, heç bir musiqi savadı
olmayan insanların axını narahatlıq doğurmaya bilməz. Peşəkar bəstələr
"ordusuna" qarşı böyük bir həvəskarlar "ordusu" yaranıb. Mahnını
efirə çatdırmaq son dərəcə asanlaşıb. Daha bunun üçün 15-16 il oxumaq,
Bəstəkarlar İttifaqının üzvü olmaq, onun rəyini almaq, habelə bədii
şuranın müzakirəsindən keçmək lazım deyil. Bütün səddlər aradan
götürülüb. Zənnimcə, bu məsələyə Bəstəkarlar İttifaqı öz münasibətini
bildirməlidir. Festivalda səslənən mahnılarda isə hiss olunurdu
ki, istər intonasiya, istər forma baxımından axtarışlar gedir. Məlumdur
ki, intonasiya musiqinin əsas komponentlərindəndir və o, təravətli,
maraqlı olmayanda nəinki mahnıda, ümumiyyətlə musiqidə özünəməxsusluqdan,
orijinallıqdan danışmaq çox çətindir.
Mahnıların mətnlərinə gəldikdə isə
burada bir qədər bəsitlik nəzərə çarpırdı. Mətnin özü də təravətli,
samballı olmalıdır. Düzdür, burada eşitdiyim bəzi mahnıların içərisində
ciddi münasibət duyulurdu. Məsələn, Məmməd Cəfərovun mahnısı Yunis
İmrənin çox dərin mənalı sözlərinə yazılmışdı və yaxud Sərdar Fərəcovun
mahnı balladası "Dədə Qorqud"dan bəhrələnmişdi. Elza Seyidcahan
isə "Toy adamları" mahnı-kompozisiyasında Molla Pənah Vaqifin yaradıcılığına
üz tutmuşdu. Bu cür mətn axtarışlarını ancaq alqışlamaq olar.
Beş gün ərzində biz akademik janrlarda
bəstələnmiş bir çox əsərlərlə tanış olduq və onların arasında tələbə
işləri az qala üstünlük təşkil edirdi. Əlbəttə, burada qəbahətli
heç bir şey yoxdur. Lakin unutmaq lazım deyil ki, tələbə ikən yazılan
əsərlərdə bu və ya digər janrın mənimsənilməsi prosesi gedir. Məsələn,
kvartet yazmaqdan qabaq adətən müəllimin tapşrığı ilə klassik nümunələr
nəzərdən keçirilir və o çərçivədə də əsər yazmaq tələb olunur. Təbii
ki, bu prosesdə müəllimin rolu və təsiri çox böyük ola bilər. Ona
görə də belə əsərlərə qiymət vermək çox çətindir. Düzdür, dahilərin
tələbə işləri də dahiyanə olmuşdur. İndi söhbət bundan getmir. Lakin
çalışmaq lazımdır ki, belə forumlarda tələbə işləri mümkün qədər
az olsun.
Son zamanlar gənclərin əsərlərinin
çox az çalınması elə təsəvvür yaradırdı ki, bu sahədə bir qədər
durğunluq yaranıb. Fikirləşirdik ki, bəstəkarlıq sahəsində yüz ildə
nə əldə etmişiksə, elə bundan sonra da həmin nailiyyətlərə arxalanıb
o səviyyəni saxlasaq, bu özü böyük bir uğurdur. Lakin həyat göstərir
ki, istedad üzə çıxanda və onun möhkəm dayaqları, qaynaqları olanda
yeni keyfiyyət əldə oluna bilər.
Festivaldakı əsərlərin bəzisində
mən yenilik axtarışlarını hiss etdim. Ceyhun Allahverdiyevin musiqisi
çox yaxşı təsir bağışladı. Burada güclü məntiq, möhkəm dramaturgiya
var idi. Bəstəkarın potensialı böyükdür və o, yolundan dönməsə,
öz axtarışlarında heç yerə "yuvarlanmasa" böyük uğurlar qazana bilər.
Yusif Mirişlinin violençel və fortepiano üçün "İmpressio"su maraqla
dinlənildi. Bu əsərlərə qulaq asanda dinləyicinin fikri də yayınmırdı
və bu özü də yaxşı göstəricidir. Mən Məmməd Cəfərovun fədakar əməyini
xüsusi qeyd etmək istəyirəm. Əyalət şəhərində yaşayıb yardıcılıqla
məşğul olmağın özü hal-hazırda böyük bir qəhrəmanlıqdır.
Ümumiyyətlə, musiqi sənəti indi
elə bir inkişaf səviyyəsinə gəlib çatmışdır ki, yeni üslub yaratmaq,
təzə söz demək son dərəcə çətinləşib. Musiqişünaslıqda hətta belə
bir fikir formalaşıb ki, mövcud üslubların qovşağında, onların axarında
nə isə bir yeni keyfiyyət əldə etmək mümkündür. Ancaq bizim xalq
musiqimizin imkanları, milli təməlimiz o qədər zəngin və güclüdür
ki, ona dayaqlanaraq çox nailiyyət qazana bilərik. Qara Qarayevin
gözəl bir fikri var idi: o, xalq musiqisini neft yataqlarına bənzədirdi.
O deyirdi ki, vaxtilə nefti torpağın üzündən yığmaq olardısa, indi
çox dərinə qazmaq lazımdır və xalq musiqisindən istifadə buna oxşar
bir vəziyyətdədir. Bizim xalq musiqimizin, istər lad - intonasiya
baxımından, istərsə də forma, quruluş baxımından açılmamış qatları
hələ kifayət qədərdir və gənc bəstəkarlar bunu nəzərə almalıdırlar.
Azərbaycan musiqisi yol ayrıcındadır. Onun hansı tərəfə üz tutacağı
artıq yeni nəsildən asılıdır.
Vasif ADIGÖZƏLOV:
-Lalə xanım çox vacib bir məsələyə
toxundu. Doğrudan da, mahnı janrına münasibət çox ciddi olmalıdır.
Çünki mahnı musiqinin həm populyar, həm də ən çətin janrıdır. Üç
dəqiqə ərzində bəstəkar nə isə bir təzə söz deməlidir. Əgər yeni
söz demirsə, deməli o mahnı yaşamayacaq. Bu, isbat olunmuş bir həqiqətdir.
Mahnının mətninə, vurğulara xüsusi fikir verilməlidir. Azərbaycan
sözləri adi danışıqda necə deyilirsə, mahnıda da elə oxunmalıdır.
Vurğuların yerini dəyişmək yolverilməzdir. Bu yaxınlarda mən "Rast"
qrupunun ifasında Fikrət Əmirovun "Reyhan" mahnısına qulaq asdım
və çox məyus oldum. Mahnını bu cür alt-üst etməyə heç kimin ixtiyarı
yoxdur. Əlbəttə, onu yeni tərzdə aranjiman etmək olar. Məsələn,
Müslüm Maqomayev böyük zövqlə Ü.Hacıbəyovun "Sənsiz" və "Sevgili
canan" romanslarını vaxtilə estrada-simfonik orkestr üçün aranjiman
etmişdi. Lakin melodiyaya əl vurub vurğuların yerini dəyişmək, heç
bir məntiqə sığmır. Əcaib sözlər əmələ gəlir. Əgər bəstəkar bunu
yolverilən bir hal kimi qiymətləndirirsə, o, çox səhv edir. Belə
sözlər dinləyicidə ancaq nifrət hissi oyadır. Sözlə işləyən bəstəkar
onun daxili dramaturgiyasını saxlamağa, sözün daxili musiqisini
tapmağa çalışmalıdır. Sözü məcburən musiqiyə təslim etmək olmaz.
Azərbaycan dilini bilən peşəkar bəstəkar buna yol verməməlidir.
Ceyhun ALLAHVERDİYEV,
bəstəkar:
-Çıxışımın əvvəlində mən, Bəstəkarlar
İttifaqına və Gənclər Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm.
Birinci dəfədir ki, belə tədbirdə iştirak edirəm. Festival məndə
böyük təəssürat yaratdı. Çünki burada bəstəkar üçün lazım olan hər
cür şərait var. Gözəl təbiət, dəniz yaradıcılığa səsləyir. Habelə
bir çox qiyabi tanıdığım bəstəkarlarla səmimi tanış oldum. Aramızda
yaş həddi olmasına baxmayaraq, hamımız bir ailə kimi yaşadıq. Musiqi
dinlədikdən sonra söhbətimiz daim yaradıcılıqdan gedirdi. Burada
biz yüksək səviyyədə fikir mübadiləsi etmək imkanı qazandıq. Hərdən
aramızda yaradıcılıqla bağlı kiçik mübahisələr də olurdu. Bu da
təbiidir. Mübahisə və mübarizə olmasa həqiqət də üzə çıxmaz, inkişafda
olmaz. Mən fəxr edirəm ki, bizim çox şaxəli bəstəkarlıq məktəbimiz
var. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Arif Məlikov,
Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov kimi sənətkarlarımız var və ən
gözəl cəhət də odur ki, bu bəstəkarların heç biri bir-birinə bənzəmir.
Bəstəkarlıq kafedrasında işləyən müəllimlərin tələbələrinin də əsərləri,
üslubu bir-birinə bənzəmir. Hər bir müəllimin tələbəsi istər-istəməz
onun yolunu davam etdirir. Bu çox təqdirəlayiqdir. Mən, Lalə xanımın
bir fikri ilə razıyam ki, xalq musiqisinə çox fikir verməliyik.
Dünya musiqisini mənimsəyib, Avropada öyrənərək öz musiqimizə qayıtmağı
bacarmalıyıq. Çünki ənənəvi musiqimizdə öyrənilməli, dərk olunmalı
hələ çox şey var. Burada bir çox əsərlər barədə məndə gözəl fikirlər
yarandı. İlham Azmanlının "Fərqli üslubda iki Sonatası" çox xoşuma
gəldi; burada doğrudan da, mən, fərqli cərəyanları hiss etdim. Bəstəkar
öz yolunu tapmaq üzrədir. Çox istərdim ki, İlham öz arzusuna çatsın
və sonatalar silsiləsi yazsın. Çünki bizim Azərbaycan musiqisində
belə silsilələr yoxdur. Ümumiyyətlə, bu janrda çox az musiqi bəstələnib:
hər bir bəstəkarın bir və ya iki sonatası var. Əlbəttə, yaxşı olardı
ki, Bethovenin "82 sonata"sı kimi bir silsilə yaransın. Bu olmasa
da, heç olmasa 10-15 sonata silsilələri yaransın. Biz öz fortepiano
repertuarımızı yaratmalıyıq. Bu zaman musiqi məktəblərini, uşaqları
da yaddan çıxarmamalıyıq. Musiqi ilə təmas uşaqlıqdan başlayır.
Mən uşaq vaxtı Fikrət Əmirovu, Qara Qarayevi eşitməsəydim, bəlkə
də bəstəkar olmazdım. Mən arzu edərdim ki, biz yüksək nailiyyətlər
haqda düşünərkən, uşaqları da yaddan çıxarmayaq. Bir də çox istərdim
ki, belə görüşlər beynəlxalq səviyyədə keçirilsin, müxtəlif ölkələrin
nümayəndələri ilə görüşüb, fikir mübadiləsi edək.