Sərdar FƏRƏCOV, bəstəkar:
-Bu günkü müzakirələri dinlərkən,
bir neçə il bundan qabaq tanış olduğum SSRİ Bəstəkarlar İttifaqının
1948-ci ildə keçirilmiş məşhur Plenumunun materiallarını xatırladım.
Kitab şəklində dərc olunmuş bu sənədlər təsadüfən əlimə düşmüşdü
və mən böyük maraqla onlarla tanış oldum. Tarixdən bilirdim ki,
o zaman bəzi böyük bəstəkarlar bu plenumda nahaqdan tənqid olunmuş,
onlara qarşı qərəzli hücumlar edilmişdi. Belə qərəzli, şübhəli,
ötəri fikirlər, doğrudan da, bu kitabda kifayət qədər idi. Lakin,
eyni zamanda, müzakirələr zamanı musiqi əsərləri ən müxtəlif aspektlərdən,
çox əsaslı şəkildə təhlil edilmiş, son dərəcə tutarlı müddəalar
irəli sürülmüşdü. Mənim üçün Qoldenveyzer, Qnesin kimi musiqiçilərin
fikirləri çox maraqlı idi. Bu fikirlər indi də müasir səslənir.
Və mən o vaxt qəribə həsəd hissi keçirdim, arzuladım ki, kaş bizim
Bəstəkarlar İttifaqında da belə dəyirmi stol keçiriləydi! Bu günkü
müzakirələr də belə maraqlı ola bilər. Əlbəttə, yaxşı olardı ki,
hər konsertdən, hər dinləmədən sonra isti-isti əsərləri təhlil edək,
bilavasitə notları nəzərdən keçirək. O zaman söhbət daha konkret
alınardı.
Mən Vasif müəllimin bir fikri ilə
çox razıyam ki, hal-hazırda bizim musiqidə qeyri-peşəkarlıqdan danışmaq
mümkün deyil. Azərbaycan bəstəkarlıq məktəbində peşəkarlıq artıq
çoxdan qazanılmış səviyyədir. Mənim burada eşitdiyim bütün əsərlər
yüksəu professional səviyyədə idi. Zövqlər başqa ola bilər, münasibət
fərqlənə bilər. Ancaq əsərlərin səviyyəsinə söz yoxdur. Mən Lalə
xanımın o sözü ilə razı deyiləm ki, tələbə əsəri bir qədər qeyri-ciddi
qəbul olunmalıdır. Çünki tarixdən elə tələbə işləri məlumdur ki,
onlar artıq klassikadır. Mən inanıram ki, bu gün burada əyləşən
tələbələrin və yaxud dünənki tələbələrin əsərləri, şübhəsiz, zaman
keçdikcə hansısa ifaçının və ya dirijorun repertuarında özünə möhkəm
yer tutacaq. Çünki əsərlərin səviyyəsi buna yaxşı zəmin yaradır.
Eşitdiyim tələbə işlərindən Lalə Cəfərovanın və Xədicə Zeynalovanın
kvartetləri çox gözəl təəssürat yaratdı. Burada janra ciddi münasibət
var, fikri yaradıb davam etdirmək hünəri var. Mənim üçün Yusif Mirişlinin
əsərlərini dinləmək çox maraqlı idi. Onun violonçel və fortepiano
üçün "İmpressio" əsərində öz üslubunu tapmaq istiqamətində əhəmiyyətli
bir addım nəzərə çarpır. Yusifin musiqi dilinin kristallaşması prosesi
hiss olunur. Zənnimcə, bu əsər Yusif Mirişlinin yaşaya bilən ən
yaxşı əsərlərindən biridir. İlham Azmanlının sonatalarını əvvəllər
eşitmişdim və rəyim də o vaxtdan müsbətdir. Ceyhun Allahverdiyevin
əsərləri mənim üçün əsil tapıntı oldu.Xüsusilə, onun skripka və
fortepiano üçün Sonatası diqqətimi cəlb etdi. Həm bu əsər, həm də
fortepiano sonatası yaşamağa layiq çox gözəl əsərlərdir. Müəllif
onların taleyi barədə tam arxayın ola bilər. Məmməd Cəfərovun çox
səmimi yazılmış romanslarını qeyd etmək istərdim. Onlar müasir və
təravətli səslənirdi. Digər gənc bəstəkarların da əsərləri ancaq
məmnunluq doğurur. Ümumiyyətlə, professionallıq və ciddilik baxımından
bu ilki forumu mən çox yüksək qiymətləndirirəm.
Yusif MİRİŞLİ,
bəstəkar:
-Açığını deyim ki, bilavasitə hər
konsertdən, dinləmədən sonra yığışıb müzakirə, diskussiya açsaydıq,
qızğın mübahisə etsəydik, daha maraqlı və səmərəli olardı.
Çünki bütün bu günlər nəzəriyyəçilərlə
bəstəkarlar arasında, demək olar ki, heç bir əlaqə yox idi. Eşitdiyimiz
əsərlər barədə yalnız bu gün ətraflı söhbət açmışıq. Bəs bu əsərlər
məndə necə təəssürat oyatdı? Əvvəla, dinlədiyim əsərlərin yarısında
əsil Azərbaycan intonasiyası yox idi. Əksinə, bolluca ümumi yerlər
eşitdim. Forma var idi, lakin onu möhkəm saxlaya bilən intonasiya
yox dərəcəsində idi. Tələbə işlərinə gəldikdə isə, mən onları müstəqil
yazılmış əsərlərdən ayırmıram. Əsərin nə vaxt, tələbəlik illərindəmi
və yaxud sonra yazılmasının heç bir fərqi yoxdur. Musiqiyə, işə
münasibət, hər iki halda dərhal bilinir.
Yalçın MƏLİKOV,
bəstəkar:
-Mən də ilk növbədə festivalın təşkilatçılarına
öz təşəkkürümü bildirirəm. Buradakı bəstəkarların çoxu ilə tanışam,
tez-tez Musiqi Akademiyasında görüşürük. Lakin bu dəfə ünsiyyətimiz
daha yaxın, daha səmimi oldu. Səslənən əsərləri saf-çürük etmək
imkanı qazandıq. Həyat özü təzadlardan ibarətdir və ağ-qara tendensiyası
göstərilən əsərlərdə də özülü büruzə verdi. Əsərlər üçün ən yaxşı,
həlledici hakim zaman olacaq. Vaxt hər əsəri öz yerinə qoyacaq.
Hər bir bəstəkar isə öz yolunu tapmağa çalışmalı və bu yolu azmamalıdır.
Yeni əsər bəstələrkən ən yüksək zirvəni nişan almaq lazımdır. Öz
sənətinə ancaq belə münasibətdə nə isə əldə etmək olar.