Cavanşir QULİYEV,
bəstəkar:
-Əziz dostlar, mən Bəstəkarlar İttifaqı
tərəfindən festivalın işinə rəhbərlik edən bir adam kimi öz mülahizələrimi,
yekun sözümü deməyi özümə borc bilirəm. Bu tədbiri keçirməkdə əsas
məqsədimiz, ilk növbədə arxadan gələn nəslin potensialını yoxlamaq
idi. Mən bir vətəndaş kimi çox istəyirəm ki, bizdən sonra gələnlər
bizdən də yaxşı olsunlar. Cavan ikən insan özünə çox arxayın olur
və fikirləşir ki, o, hamıdan üstündür. Bu təbii bir hissdir. Lakin
yaşa dolduqca anlayırsan ki, arzu ilə real həyat və real nəticə
arasında çox böyük uçurum var. Çalışmaq lazımdır ki, bu uçurum yaranmasın
və ya o, çox dərin olmasın. Əvvəllər bizim məmləkətimiz SSRİ-nin
tərkibində idi və çox şeylər bizdən asılı deyildi. İncəsənət və
musiqi də dövlətin ümumi siyasətinin axarında gedirdi. İndi daha
müstəqilik, yaradıcılığımız da azaddır. Bəstəkarların problemləri
ilə Bəstəkarlar İttifaqı məşğul olur. Bu cür tədbirlər, simpoziumlar
keçirəndə, hamımız istəyirik ki, hər şey yüksək səviyyədə, nöqsansız
keçsin. Mən çıxış edən gənclərdən çox xahiş edərdim ki, çıxışlarını
İttifaqa təşəkkürlə başlamasınlar. Əlbəttə, minnətdarlıq hissi təbiidir:
beş gündür ki, gözəl şəraitdə, dənizin kənarında istirahət edirsiniz.
Lakin təşəkkürbazlığın yeri deyil. Çünki bu cür tədbirləri təşkil
etmək həm Bəstəkarlar İttifaqının, həm də Gənclər Nazirliyinin birbaşa
borcudur. Bu, onaların fəaliyyət növlərindən biridir. Mən bu festivala
çox ciddi yanaşmışam və mənim üçün hər şey maraqlı idi. Hətta uğursuz
əsərlər də. Çünki uğursuz əsər özü də bir nəticədir. İştirakçılara
bir iradım var; belə tədbirlərə gələndə mütləq notları gətirsinlər.
Bu, adicə qala-konsert deyil, ciddi tədbirdir və notlar göz qabağında
olmalıdır. Çox arzu edirdim ki, buada mən heç olmasa bir neçə əsərdə
yeni keyfiyyət görüm və ya yeni keyfiyyətin işartılarını görüm.
Müəyyən qədər uzaqdan belə işartıları görünən əsərlər eşitdim. Ancaq
mən onları daha dəqiq görmək istərdim. Dünyada çox adam bəstəkarlıqla
məşğul olur və əgər biz də bu işlə ciddi məşğul oluruqsa, deməli,
yeni nəticə əldə etmək istəyirik. Bu məqsəd mütləq olmalıdır. Dinlədiyim
əsərlərdə mən daha çox ehtiyat gördüm. Mən isə cəsarət hiss etmək
istəyirəm. Belə simpoziumlarda ən qeyri-adi, ağlasığmaz təcrübələr
göstərilməlidir. Tarixdən də məlumdur ki, musiqini məhz belə cəsarətli
eksperimentlər irəliyə aparıb. Burada peşəkarlıqdan çox danışıldı.
Təbii ki, belə tədbirlərə peşəkarlar dəvət olunur. Bu, normadır,
adi bir şeydir. Ancaq mən peşəkarlıqla bədii keyfiyyəti bir-birindən
ayırmanın əleyhinəyəm. Bədii keyfiyyət özü peşəkarlığın nəticəsidir.
Yadıma Xindemitin məşhur bənzətməsi düşdü. O deyirdi ki, hətta dəlləyə
də musiqi yazmağı öyrətmək olar. Lakin dəlləyin musiqisi elə dəllək
musiqisi olaraq qalacaq. Orada bədii keyfiyyətdən başqa hər şey
olacaq. Bəstəkarla bu sənətə heç bir qabiliyyəti və istedadı olmayan
insanın musiqisi arasında çox böyük fərq var. Bədii keyfiyyət yüksək
peşəkarlığın sonuncudur. Bəstəkar musiqinin özü üçün yazır. Son
nəticə isə yeni bədii keyfiyyət əldə etməkdir. Buna necə və hansı
yolla nail olunur? Bu suala musiqişünas və bəstəkar cavab verə bilər.
Dinləyici isə yeni nəticəni hiss edə bilər. Mənim gənclərə tövsiyyəm
odur ki, bütün işlərinə ən yüksək, dünyəvi meyarlardan yanaşsınlar.
Bizi musiqişünaslar burada tənqid etdilər ki, bəstəkarlar danışmaqdan,
əsərlərə münasibət bildirməkdən çəkinirlər. Bu tamamilə haqlı iraddır.
Bəstəkar öz mövqeyini müdafiə etməyi bacarmalıdır. Mahnı janrının
problemlərinə gəldikdə isə, mən, öz təcrübəmə əsaslanaraq mətn məsələsinə
toxunmaq istəyirəm. Azərbaycan dilini başqa Avropa və dünya dillərindən
fərqləndirən cəhətlərdən biri də vurğu fərqləridir. Qərb dillərində
vurğular, əsasən, sözlərin 1-ci və 2-ci hecalarına düşür. Şərq dillərində
isə, əksinə, daha çox axırıncı hecalarda vurğular olur. Avropa musiqisi
üslubunda işləyənlər bu problemlə daim üzləşirlər. Festivalda səslənən
bir sıra mahnılarda mən də, Vasif müəllim də belə uyğunsuzluğu hiss
etdik. Bu problemin çox sadə, rahat həlli var. Nöqtəli çərək notu
səkkizliklə əvəz edirsən və heca yerinə düşür. Azərbaycan bəstəkarı
belə hallarla daha tez-tez rastlaşır, nəinki ingilis bəstəkarı.
Çünki dünyaya əyləncəli musiqisinin cərəyanları Avropadan gəlir
və başqa millətin nümayəndəsi həmin üslubda mahnı bəstələrkən, mütləq
dil fərqini nəzərə almalıdır. Adi danışıqda vurğular hara düşürsə,
mahnıda da oraya düşməlidir. Bu, vokal musiqinin yazılmamış qanunudur.
Bu ilki festivalda bir qisim gənc bəstəkarların müxtəlif janrlı
əsərləri səsləndi. Bu əsərlər bizdə ümid yaradır ki, üzümüzə gələn
30-40 ildə Azərbaycanda bəstəkarlıq məktəbi ölməyəcək. Bu məktəbin
sonrakı inkişafı, yeni nəslin himayəsi sizin üzərinizə düşür. Çünki
bizim peşənin məhvindən xəbər verən həyəcanlı siqnallar var: bəstəkarlıqla
ciddi məşğul olmaq istəyənlərin sayı Azərbaycanda ilbəil azalır.
İndi bir mahnı yazıb efirə çıxmaq o qədər asanlaşıb ki, bunun üçün
konservatoriya təhsili almağa ehtiyac yoxdur. Elə adamlara qəzetlərdə,
efirdə bəstəkar, hətta tanınmış bəstəkar deyirlər ki, onların heç
adi musiqi savadı yoxdur. Bütün bu hallara qarşı biz, yalnız öz
keyfiyyətli, yüksək səviyyəli musiqimizlə cavab verə bilərik. Mahnını
əldəqayırma "sənətçilərin" əlinə vermək olmaz. Bu, birmənalıdır.
Tənqidə gəldikdə isə, onu heç kəs sevmir. Heç bir əsər tənqidin
əsasında dəyişilməyib. Lakin sonrakı əsərlərində bəstəkar bunu nəzərə
almalıdır.
Ümumilikdə, festivalda aldığım təəssürat
kifayət qədər məndə nikbinlik hissi yaratdı. Hazırkı rəzalətin,
səfalətin içində əgər bəstəkarlar öz peşələrini işlədib, ciddi musiqi
bəstələyirlərsə, bunun özü bir qəhrəmanlıqdır. Vətən qarşısında
bizim borcumuz əvvəlki nəsillərin ənənələrindən təkanlanaraq yeni
yüksək zirvələr fəth etməkdir.
Qönçə ƏSƏDOVA,
Gənclər və İdman
Nazirliyinin şöbə müdiri:
-Burada iştirak edən gənc bəstəkarların
çoxunu mən əvvəlcədən də tanıyırdım. Keçən festival bizə bir çox
yeni adlar tanıtdı və bu festivalda da mən istedadlı gənclərin yaradıcılığı
ilə tanış oldum. Səslənən mahnılara münasibətimi bildirmək istərdim.
Mən mütəxəssis deyiləm, lakin çox vaxt hiss edirəm ki, yeni bəstələnən
mahnılarda fars musiqisinin böyük təsiri var. Əlbəttə, təsirdən
qaçmaq olmur. Lakin istərdim ki, azəri musiqisi öz saflığını, təkrarolunmaz
simasının saxlasın. Simpoziumun ümumi işində isə mən təşkilatı baxımdan
daha konkretlik istərdim. Konkret proqramlar, ssenari olmalı idi.
Belə tədbiri beynəlxalq miqyasda da keçirmək mümkündür. Bu, daha
maraqlı və səmərəli olar.
Ramiz ZÖHRABOV,
musiqişünas,
Azərbaycan Bəstəkarlar İttifaqının katibi:
-Festival barədə həm xoş, həm də
tənqidi fikirlər söyləndi. Vasif Adıgözəlov, Cavanşir Quliyev öz
dəyərli tövsiyyələrini verdilər. Çıxış edən musiqişünasların da,
bəstəkarların da mülahizələrində əsas bir sual ortaya qoyulurdu.
Gənc nəsil hansı yolla gedir? Bu yol düz yoldurmu? Və yaxud hansısa
əyintilər var? İndi biz siyasi plüralizm dövründə yaşayırıq. Heç
kəsdən tələbolunmur ki, müəyyən ideologiyaya uyğunlaşsın və bu ruhda
əsər yazsın. Yalnız janrlar öz qüvvəsini itirmir. Onun hər birinin
daxilində forma dəyişikliyi ola bilər, ancaq hər bir janrın öz qanunauyğunluqları
var və onlara müəyyən qədər tabe olmaq gərəkdir. Bu ilki festival
və simpozium kamera janrlarına və mahnılara həsr olunub. Onu da
qeyd edim ki, əvvəlki festivallardan fərqli olaraq, bu dəfə canlı
səsləndi. Bu da təbiidir. Çünki indi elə bir imkan yoxdur ki, çoxlu
miqdarda ansamblları dəvət edəsən. Düzdür, yaxşı olardı ki, simfonik
əsərlər canlı ifada təqdim olunsun. Burada bəzi müəlliflər, məsələn,
Vüqar Camalzadə "Simfonik mənzərə"sinin klavir variantını ifa etdi.
Yaxşı olardı ki, bu əsər canlı ifada olmasa da, lent yazısında simfonik
orkestrin ifasında təqdim olunaydı. Bu zaman daha dolğun və dürüst
təəssürat yaranardı. Bütövlükdə göstərilən əsərlərin keyfiyyətinə
gəldikdə isə mən onlara "yaxşı" qiyməti qoyardım. Azərbaycan bəstəkarlıq
məktəbinin səviyyəsi həmişə yüksək olub. Bu, artıq isbat olunmuş
bir həqiqətdir. Yaxşı yadımdadır, bir neçə il bundan qabaq, Rusiya
Bəstəkarlar İttifaqı bir tədbir keçirirdi və bizim təşkilatdan xahiş
etmişdilər ki, 10 əsər seçib göndərək. Sonradan məlum oldu ki, əgər
başqa respublikalarda bu tədbirdə çalışmağa 2 və ya 3 əsər layiq
görülmüşdüsə, bizim musiqini 5 əsər təmsil edirdi. Elə açılış günü
iki bəstəkarımızın əsəri səsləndi. Bu çox fərəhli bir hal idi. Deməli,
Azərbaycan musiqisinin avtoriteti həmişə yüksək olmuşdur. Gənclərimiz
bu ənənəni davam etdirməlidirlər.
Burada ən müxtəlif üslublu əsərlər
dinlənildi. Bəzi gənclər artıq müəyyən janrlarda daha fəal işləyirlər.
Məsələn, Nadir Əzimov konservatoriyanı bitirdikdən sonra əsasən,
mahnı janrında yazıb-yaradır. Onun Respublika sarayında, hətta,
ayrıca müəllif konserti də keçirilib. Əlbəttə, bütün mahnılar bərabər
deyildi. Yaxşısı da var idi, qüsurlusu da. Lakin mahnıların fakturası,
aranjemanı, intonasiya əsasında öz yolunu tapmaq meylləri aydın
hiss olunurdu. Nadir Əzimov ifaçı probleminə də çox ciddi yanaşır.
Bu dəfə də mahnılarını ən məşhur müğənnilərin ifasında bizə təqdim
etdi. Brilyant Dadaşovanın çıxışı xüsusilə diqqəti cəlb etdi. Digər
bəstəkarımız öz yaradıcılığı ilə Gəncəni təmsil edirdi. Məmməd Cəfərovu
hamınız yaxşı tanıyırsınız. Yaxşı olardı ki, Məmməd yeni yazılmış
əsərləri ilə belə tədbirlərdə çıxış etsin. Ceyhun Allahverdiyevin
musiqisi çox gözəl təsir bağışladı. Biz ona böyük ümid bəsləyirik.
Burada Lalə Cəfərova və Xədicə Zeynalova kamera əsərləri ilə çıxış
etdilər. Düzdür, bunlar tələbə işləri idi, hələ müəllimlərin əli
hiss olunurdu. Yaxşı olar ki, gələcəkdə öz müstəqil işləri ilə belə
tədbirlərdə iştirak etsinlər. Yalçın Məlikov və Sevda Məmmədli də
mahnılarını təqdim etmişdilər. Təəssüf ki, mən Yusif Mirişlinin
və İlham Azmanlının əsərlərini eşidə bilmədim. Lakin buradakı çıxışlardan,
rəylərdən belə məlum olur ki, bu əsərlər kifayət qədər maraqlı idi.
Sərdar Fərəcov musiqi aləmində kifayət qədər tanınır, fəal işləyən
bəstəkarlarımızdandır. Onun öz yolu, öz nəfəsi var. Hər bir janra,
istər mahnı olsun, istərsə də simfonik musiqi, çox ciddi münasibət
var. Belə ciddi və məsuliyyətli münasibət hər bir gəncin işində
hiss olunmalıdır. Zənnimcə, çıxış edən musiqişünaslar aktual problemlərə
toxundular. İntonasiya və janr sahəsində bəstəkarlarımızın axtarışları
davam etməlidir.
Mən, fürsətdən istifadə edib, bütün
iştirakçılara, bəstəkar və musiqişünaslara, ifaçılara Bəstəkarlar
İttifaqı adından öz minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Gənclər
və İdman Nazirliyinin böyük köməyi ilə bu festivallar gələcəkdə
də təşkil olunacaq, bu gözəl ənənə davamedəcək.
[ more
information... ]