Azad Ozan KƏRİMLİ,
bəstəkar:
-Bu vestivalda mən bir çox gənc
bəstəkarın əsərinə maraqla qulaq asdım. Cavanlarla ünsiyyət çox
xeyirlidir və bu ünsiyyət adama məsuliyyət hissi aşılayır. Festivalda
ən müxtəlif janrlarda bəstələnmiş əsərlər səsləndi. Lakin mən ilk
növbədə ciddi musiqidən, yəni iri həcmli nümunələrdən danışmaq istərdim.
Bəzi əsərlər xüsusilə diqqətimizi cəlb etdi. Hiss olunurdu ki, onların
müəllifləri öz yolunu tapmağa çalışırlar. Bu keyfiyyət Ceyhun Allahverdiyevin
sonatasına xas idi. Gənc müəllif indiyədək sınaqdan çıxmış forma
daxilində öz intonasiyasını tapmağa çalışır. Əlbəttə, burada ənənəvilik
var, Prokofyev sonatalarının təsiri duyulmaqdadır. Lakin intonasiya
baxımından milli qaynaqlara dayaqlanma duyulur. İlham Azmanlının
"Fərqli üslubda iki sonata"sını da qeyd etmək istərdim. Düzdür,
əsərin adı ilə razı deyiləm. Çünki müəllif onları silsilə kimi nəzərdə
tutmasına baxmayaraq, bu sonataların hər biri ayrı-ayrılıqda müstəqil
əsərdir və konsertlərdə ayrıca ifa edilə bilər. Digər tərəfdən,
biz həmişə eklektik musiqidən, müxtəlif səpkili üslubların sintezindən,
vəhdətindən danışırıq və İlhamın bu yolda bəzi tapıntılarını müşahidə
etdim. Bəstəkar fortepianonun tebr boyalarından, akustik imkanlarından
kənara çıxmağa çalışır və müxtəlif üslubları, intonasiyaları qaynaq
edir, calaşdırır. Mən Yusif Mirişlinin tələbə işləri ilə tanış idim.
Lakin sonralar yazılan əsərlərini eşitməmişdim. Bu festivalda onun
Violonçel üçün "İmpressio" əsəri səsləndi. Burada da milli qaynaqlardan
faydalanma çox üzvü şəkildə baş verib. Ümumiyyətlə, millilikdən
faydalanmaqdan qorxmaq lazım deyil. Qoy bu sahədə ənənəvilik olsun,
axı akademizmin özündə də sağlam ünsürlər tapıb gələcəyə doğru getmək
olar. Biz sosioloji sorğu keçirəndə belə bir sualla gənc bəstəkarlara
müraciət etdik ki, "hansı müasir texnologiyalara üstünlük verirsiniz?"
və cavabında ilk növbədə milli qaynaqları qeyd edirdilər. Çünki
hamı yaxşı başa düşür ki, bu yol ən səmərəli və uğurlu nəticə verə
bilər. Bu baxımdan hələ təhsilini davam etdirən Vüqar Camalzadənin
əsərlərindəki faktura, ritm-intonasiya axtarışları çox maraqlı göründü.
Bu festivalda Məmməd Cəfərovun fortepiano prelüdləri və romansları
səsləndi və onlar gənclik təravəti ilə xoş təsir bağışladı. Məmməd
keçdiyi əzab-əziyyətli yolda öz dönməzliyini nümayiş etdirdi. Xoşa
gələn cəhətlərin biri də odur ki, o, öz əsərlərinin ifasına canyanğısı
ilə xüsusi diqqət yetirir. Mən onun Nazim Hikmətin sözlərinə romanslarını
qeyd etmək istərdim. Ümumiyyətlə, bəstəkarlarımızın yazdığı bütün
vokal nümunələri mən təqdir edirəm və vokal musiqiyə daha çox fikir
verməyə çağırıram. Çünki bizim məhz bu sahədə itkilərimiz var. Ü.Hacıbəyov,
F.Əmirov, Q.Qarayev və digər klassiklərimizin bu sahədəki axtarışlarından
sonra Azərbaycan musiqisində bir qədər boşluq yaranmışdır. Daha
çox instrumental musiqiyə fikir verilib. Biz bu sahədə repertuar
yaratmalıyıq. Uşaqlar üçün xor repertuarı hələ yaradılmayıb. Nəinki
xor, ümumiyyətlə, başqa janrlarda da hələ pedaqoji repertuar çox
azdır. Bu problem öz həllini gözləyir. Xüsusilə də vokal janrlarda.
Nə qədər çox romans, xor nümunələri yaransa, gələcəkdə opera kimi
mürəkkəb janra yaxınlaşmaq asan olar. Biz vokal musiqisi yazmağa
yadırğamamalıyıq. Yaxşı xatırlayıram, 1972-ci ildə mən, Cavanşir
Quliyev və bir sıra bəstəkarlar "Varşava payızı" festivalına getmişdik.
Orada səslənən müasir operalar və vokal nümunələri bizi heyran etmişdi.Xatirimə
həmişəlik həkk olunan hadisələrdən biri də festivalın açılışında
Lyutoslavskinin rəhbərliyi ilə Polşa himninin oxunması idi. Bu himndə
belə sözlər var idi ki, "nə qədər biz sağıq Polşa məhv olmayacaq".
Mən isə öz növbəsində demək istəyirəm ki, nə qədər biz bəstəkarlar
varıq, Azərbaycan musiqisi süqut etməyəcək.
Məmməd CƏFƏROV,
bəstəkar:
-Bu ağır gündə vəsait tapıb bizi
bir-birimizlə görüşdürdüyünə görə Gənclər və İdman Nazirliyinə,
Bəstəkarlar İttifaqına öz dərin minnətdarlığımı bildirirəm. Mən
Gəncədə yaşayıram və, doğrusu, çox vaxt fikirləşirdim ki, gənc bəstəkarların
fəaliyyəti dövrün çətinliklər ilə əlaqədar səngiyib. Lakin bu festivalda
eşitdiklərim belə bədbin proqnozları alt-üst etdi. Əksinə, çox fəal
çalışmalar gördüm. Hansısa böyük yeniliklərdən, novatorluqdan söhbət
getmir. Lakin güclü ənənə var, yüksək peşəkarlıq itməyib, möhkəm
məktəb hiss olunur. Ceyhun Allahverdiyevin, Yusif Mirişlinin, Sərdar
Fərəcovun əsərləri buna bariz misaldır.
Mina HACIYEA,
musiqişünas:
-Belə forumlar, bəstəkar yaradıcılığına
çox böyük köməkdir. Yaxşı olardı ki, əsərlər ətrafındakı müzakirələr
hər konsertdən sonra təşkil olunsun. Bu zaman təhlil daha konkret,
daha dərin olardı. İndiki bəstəkar-gənclərin qarşısında çox çətin
problemlər durur. Onlar bizim musiqini yeni XXI əsrdə təmsil edəcəklər.
İntonasiya və janr problemini həll etmək onların üzərinə düşəcək.
Əsrlərlə formalaşan janrlarda dəyişikliklər baş verməlidir və ola
bilsin ki, ciddi musiqinin yeni janrları yaransın. Bunu gələcək
göstərəcək. Qulaq asdığım əsərlərin bəzisində mən əsas ideyanı,
əsas fikri hiss etmədim. Bir sıra əsərlər sadəcə not yığımı idi
və onları sonadək dinləmək olmurdu. Hər bir bəstəkar əsəri yazmağa
başlamazdan qabaq dərindən düşünüb-daşınmalıdır ki, hansı fikirləri
dinləyiciyə çatdırmaq istəyir. Əks təqdirdə dinləyici ilə ünsiyyət
alınmayacaq.
Vüqar CAMALZADƏ,
bəstəkar:
-Belə festivalın artıq ikincisində
iştirak edirəm. Bir sıra müahizələr aparmışam. Festivalın bizə verdiyi
ən xeyirli cəhətlərdən biri də odur ki, özümüzü bilavasitə respublikanın
vətəndaşı hiss edirik. Çünki bəzən bu, yalnız arxamızla hərbi komissarlıqdan
gəldikdə üzə çıxır. Burada iştirak edənlər kifayət qədər intellektual
adamlardır və hərə öz musiqisinin hansı səviyyədə olmasını daha
yaxşı bilir. Bir çox əsərlər müəllim nəzarəti ilə yazılmış musiqi
nümunələri idi. Ona görə də onlar barədə xüsusi fikir yürütmək çətin
olur. Müəllimsiz yazılmış, sərbəst əsərlər haqqında ciddi danışmaq
mümkündür. Yaxşı musiqi də var idi, inkişafına ehtiyac duyulan əsərlər
də eşitdik. Mənə elə gəlir ki, olan səhvlər intonasiya qıtlığından
irəli gəlirdi, və yaxud dünyagörüşünün darlığı ilə bağlı idi. Bu
problemlər öz həllini tapmalıdır və yəqin ki, tapacaq. Vaxt gələcək
və biz də bir musiqi fədailəri kimi hansısa tələbələrə dərs deyəcəyik,
kiminsə müəllimi olacağıq. Buna layiq olmağa özümüzdə təpər tapmalıyıq.
Bu yolda hamıya uğurlar diləyirəm.