ofiq Quliyevin uzun illərdən bəri
ölkəmizdə və onun sərhədlərindən uzaqlarda səslənən, ilkin təravətini
itirməyən mahnıları həyatımızın salnaməsinə çevrilmişdir. O, Azərbaycan
musiqi mədəniyyəti tarixinə obrazlı intonasiya quruluşu cəhətdən
keyfiyyətcə yeni olan kütləvi mahnının yaradıcısı kimi daxil olmuşdur.
Buna görə də təbiidir ki, başqa janrlarda da bir sıra əsərlər yazmasına
baxmayaraq, T.Quliyev hər şeydən əvvəl fərdi üslub xüsusiyyətlərinə
malik mahnıların müəllifi kimi tanınmışdır. Onun əsərləri içərisində
musiqili komediyalar, kantatalar, instrumental nümunələr, kino musiqisi
vardır. Lakin bütün bu əsərlərdə də məhz mahnı bəstəkarının dəst-xətti
müşahidə olunur. Onun operettaları, kantataları da, filmlərə yazdığı
musiqi də mahnıvariliklə aşılanmışdır. Tofiq Quliyev musiqisinin
əsas, müəyyənedici amili olan və melodikada adekvat əksini tapan
lirizm məhz mahnıda və mahnıvarilikdə xüsusilə dolğun təzahür edir.
R.Quliyevin nadir melodik istedadı
və intonasiya "lüğəti"ndən seçmə qabiliyyətinə əsaslanan nəfis,
zərif melosunun zənginliyi və emosionallığı - bəstəkarın dəst-xəttinin
başlıca cəhətlərindən biridir ki, bu da onun mahnılarına fərdilik,
bənzərsizlik və səmimiyyət verir.
Məlum olduğu kimi, T.Quliyev mahnılarının
melodikası müasir kütləvi mahnının, estrada və caz musiqisinin xüsusiyyətlərini
özündə daşıyır. Bununla belə, bu melodikanın ən mühüm mənbəyi -
xalq mahnısı və buna xas olan intonasiya, lad və struktur kompozisiya
cəhətləridir.
Bir çox dil vasitələrinin assimilyasiyasından
təşkil olunan, müxtəlif amilləri özündə üzvü surətdə birləşdirən
T.Quliyev mahnılarında eyni zamanda müəllifin - milli musiqimizin,
muğam, mahnı, rəqslərin səciyyəvi xüsusiyyətlərinə arxalanan Azərbaycan
bəstəkarının şüurlu yanaşması və zövqü özünü büruzə verir. Odur
ki, T.Quliyev yaradıcılığı daim tədqiqatçıları və bəstəkarları cəlb
edən folklor və bəstəkar probleminin fərdi həlli kimi Avropa təfəkkürü
normalarının milli zəmində işlənməsinə parlaq nümunədir.
Mahnılar əsasında milli xüsusiyyətlərlə
ənənəvi Avropa professional yaradıcılığından gələn cəhətlərin sintezinin
təzahürü üzərində apardığımız qısa müşahidələr bəstəkarın musiqi
dilinin əsas cəhətlərinin öyrənilməsi üçün bir açar olaraq, onun
populyarlığının sirrini aça bilər.
Məlumdur ki, Azərbaycan bəstəkarlarının
musiqi yaradıcılığı milli təfəkkür normaları ilə Avropa təfəkkürü
xüsusiyyətlərinin sintezi, qovuşmasının müxtəlif nümunələri ilə
zəngindir. Müxtəlif sənətkarların fərdi xüsusiyyətlərinə uyğun olaraq,
onlardan hər birinin yaradıcılıq üslubunda bu proses müxtəlif səpgidə
inkişaf edərək, şəxsi ifadə tərzini müəyyən etməyə kömək edəcək
ifadə vasitələrinin seçilməsi ilə müşayiət olunur.
T.Quliyev öz üslubunu yaradaraq,
bu iki amilin qarşılıqlı əlaqəsi probleminin həllində öz üsulunu
tapa bilmişdir. Bəstəkarın yaradıcılıq dəst-xəttində müəyyənedici
cəhət - melodik üslub və lad sistemidir ki, əsas diqqəti bunlara
yönəltməliyik. Bəstəkar mahnılarının ifadəliliyi çox zaman melodik
formulların bir neçə tipi ilə (melodik strukturlar tipi) müəyyənləşdirilir.
Bir qayda olaraq, bu qısa melodik qurumlar, özündə sonradan inkişaf
etdiriləcək ən mühüm intonasiyanı cəmləşdirən tezis şəklində verilir.
Tez-tez rast gəlinən melodik struktur tiplərindən biri - kvarta
və ya kvinta sıçrayışı və bunun tədricən "doldurulması" (yaxud müəyyən
məsafədə "doldurulması") - xalq mahnıları üçün səciyyəvidir. "Bəxtiyar"
kinofilmindən "Bakı haqqında mahnı", "Onu bağışlamaq olarmı" filmindən
"Əziz surət" mahnısı buna nümunədir.
Bəzi mahnıların əsasında tersiya
intonasiyacı durur ki, melodik formulanın bu tipinin muğam xarakterli
melodiya ilə genetik əlaqəsi vardır. "Ne qordisğ" kimi məşhur mahnı
buna misal ola bilər. Mahnının əsası - "do" səsi ətrafında gəzişmə
hesabına genişləndirilən, aşağı istiqamətli böyük tersiya ("si"
- "sol") intonasiyadır.
"Telefonçu qız" kinofilmindən "Bakı
haqqında mahnıda" melodiyanın əsasında üç tersiya intonasiyası durur
ki, onlardan ikincisi və üçüncüsü əks simmetrik əsasında bir-birilə
qarşılıqlı əlaqədədir.
Melodik strukturun ikinci tipinə
isə dəqiq verilmiş tezis intonasiyasına malik olmayan və faza tipi
üzrə qurulan "melodiya-xətlər" aiddir. Melodik formulanın bu tipinin
əsasını improvizasiyalılıq təşkil edir.