Bu tipdə başlanğıc intonasiyası
sanki bütöv avazda "itib-batır". Məsələn, "Qızmar günəş altında"
kinofilmindən "Arzular" mahnısı belələrindəndir.
Bəzən elə mahnılara rast gəlirik
ki, bunlarda melodiya sanki "zirvə-mənbədən" başlanaraq, aşağıya
doğru hərəkət edir. Əgər melodiyanın birinci səsi deyil, ikinci
səsi "zirvə-mənbəUdirsə, çox vaxt variantdan və mürəkkəbləşdirmədən
istifadə olunur. Məsələn, "Görüş" filmindən Kamilin mahnısında belə
hala rast gəlirik.
"Səninləyəm" mahnısında isə həmin
üsul Mazelin termini ilə desək, "melodik müqavimət"lə, melodik xəttin
özünəməxsus daramaturgiyası ilə bağlıdır.
Bəzən tipik Quliyev intonasiyaları
poetik obraz və əhval-ruhiyyəni əks etdirən ümumiləşmiş kantilena
ilə ifadə olunur.
Bu melodiyalar "dalğavari", müvazinətli
hərəkətlə seçilir.
Bəzən bəstəkarın mahnılarında daxili
təzadlarla səciyyələnən, dəyişkən intonasiya tərkibinə malik melodiyalara
rast gəlmək olur. Bunlarda ritmik fiqurların təzadı, həmçinin inkişafı
dəqiq periodikliyin bilərəkdən pozulması, dəf olunması müşahidə
olunur. Belə hallarda da bəstəkar öz prinsipinə ardıcıl riayət edir:
musiqiyə təzad elementi gətirərək, öz modelini - "pərvaz" edən hərəkəti
buna qarşı qoyur. "Bəxtiyar" kinofilmindən "Dostluq haqqında mahnı"
buna misaldır.
Bəzən reçitativ - deklemasiya xarakterli
melodik impuls-tezisdən geniş kantilenanın yaranması prinsipi də
melodik gərginliyin konsentrasiyasına səbəb ola bilir.
T.Quliyev xalq musiqisində universal
melodik struktur kimi işlənən ton ətrafında dolanma tipindən müxtəlif
tərzdə istifadə edir. Bunun mühüm əhəmiyyət kəsb etməsi dəyişkənliyin
ilk bünövrəsini təşkil edən sistemin xüsusiyyətləri ilə bağlıdır.
Burada musiqi inkişafının stimulu - istinad tonunun səs sferasının
bir pərdəsindən digərinə keçirilməsindədir. Məlum olduğu kimi, xalq
ifaçılıq təcrübəsində gəzişmə prinsipi ladın istinad pərdələrini
"vurğulayır". T.Quliyevin mahnılarında çox vaxt iki tərəfdən gəzişmələrə
də rast gəlinir ki, bunlar tematizmin intonasiya bütövlüyünə nail
olmağa xidmət edir.
Gəzişmə intonasiyası başlanğıc tezisi,
axımlı melodiyanın mənbəyi kimi istifadə olunarkən, xüsusi ifadəlilik
kəsb edir. "Azərbaycan" mahnısının ilk fraqmentində bunu görmək
olar.
Gəzişmə üsulunun T.Quliyev tərəfindən
təfsirində diqqətəlayiq cəhətlərdən biri - xalq musiqisi ilə müqayisədə
bunun daha sərbəst istifadəsidir. Məsələn, bəzi hallarda məqamdakı
(model) dayaqların ənənəvi funksional dayaqlara, bəzən də köməkçi
dayaqlara uyğunluğuna rast gəlirik ki, bu hərflərin ətrafında dolanmalar
xüsusi boyalılıq verir. Beləliklə, gəzişmə üsulu həm funksional,
həm də model mənada təfsir edilir. Buna misal olaraq "Sənə də qalmaz"
mahnısını nümunə gətirə bilərik.