Anton Rubinşteyn      
      
X. Həsənzadə           
1  
X. Həsənzadə
Anton Rubinşteyn

Ş. Mahmudova
«Böyük həqiqətin sorağında»

A. Əmraxova
A. Şonberq və XX əsr dunya mədəniyyati

O. Rəcəbov
Dmitri Kabalevski və Azərbaycan

V. Mehdiyev
Ustad


 

 

 

 


öyük bəstəkar, dünya miqyaslı pianoçu, dirijor, ictimai xadim və pedaqoq. Prometey cüssəli, titanik qüvvəyə malik, tükənməz enerjili bir insan, bir sənətkar ömrü. Bir sənətkar ömrünü yaşatmaq üçün bir insan ömrünü girov qoyan hər bir şəxsiyyət üçün bu taleyin hökmüdür.

Söylədiyim fikirlər XIX əsrin məşhur şəxsiyyətlərindən biri olan Anton Qriqoryeviç Rubinşteynlə bağlıdır.

Romen Rollan insan həyatını təbiətə bənzədir. Doğrudan da bir insanın taleyi sakit gölü, birininki əlçatmaz dağ zirvəsini, bir başqasınınkı bozumtul bataqlıqları, digərinki isə buludları olan mavi səmanı xatırladır.

A.Rubinşteynin həyatı böyük qüvvəylə dağdan axan şəlaləyə, narahat su stixiyasına bənzəyərək enişlər və yoxuşlar, sevinc və kədərdən ibarət mürək-kəb, mübarizəylə dolu olan maraqlı bir yolu xatırladır. Məşhur isveç tənqidçisi A.Lindqren bəstəkarı xarakterizə edərək belə demişdir: "Rubinşteyn sadəcə olaraq - İnsandır".

Bəstəkar isə özü haqda "Mən daima özümlə mübarizədə olan Fausta bənzəyirəm. Çox vaxt fikirlərimlə hisslərim bir-birinə zidd olur" - deyirdi. Daima aldanan və inanan, özünə qapanan və ünsiyyəti sevən, dərin düşüncəli qətilik, sərtlik və çılğınlıq kimi təzadlı keyfiyyətlər çox müxtəlif tərəfləri olan böyük şəxsiyyətin iç dünyasıydı. Anasına yazdığı məktubların birində o belə deyirdi: "Doğrudur, ifaçılığım məni dünyaya tanıdıb, lakin vaxtımın çox hissəsi ona gedir, necə istərdim ki, sakit bir guşədə mənə dəyməsinlər, mən də öz əsərlərimi yazım, sevdiyim işi görüm.

Sevdiyi işlərdən biri dini mövzulara (İncildən götürülmüş) yazdığı operalarıydı. "Babilistan məşhəri", "Makkavey", "Moisey", "Xristos" və b. Bu istək onda o qədər güclü idi ki, bu tip tamaşaların göstərilməsi üçün xüsusi dini teatr binasının tikilməsi arzusunu meydana gətirmişdi.

Onun dini operaları haqqında müxtəlif mülahizələr söylənirdi. Özü bu barədə deyirdi ki, dindar deyil, əsas məqsədi yüksək insani hissləri ayıltmaqla insanları bir-birinə yaxınlaşdırmaq istəyidir. Bunun üçün sadə, anlaşılan dildə ünsiyyətə girmək lazımdır.

Əsərlərinin əksəriy-yətində musiqi ifadə vasitələrilə insani keyfiyyətləri, "İnsan komediyasının" müxtəlif tipajlarını göstərmək istəyirdi. Yaratdığı obrazları daima həyatın sınaqlarına düşən, mətinliyi, hökmü və sərtliyilə qabağına çıxan səddləri yaran İvan Qroznı ("İvan Qroznı" - proqramlı simfonik əsəri), narahat, üsyankar və mübariz Nemvrod ("Babilistan məşhəri" dini operası), xəyalpərəst, idealist, "qəribəliklərlə" yaşadığı cəmiyyətdə tək qalan Don Kixot ("Don Kixot" prqoqramlı simfonik əsəri) və b. nəhayət, İblis idi. Rubinşteynin "İblisi" (M.Lermontovun "İblis"indən fərqli olaraq) "nəhənglərlə cılızların" əbədi müharibəsidir. Onu əhatə edən cəmiyyətdə o tənhadır. Bu ideyanı özündə aparan "İblis" operası XIX əsr 70-80-ci illərində Rusiyanın proqressiv kütlələrinin böyük rəğbətini qazanaraq yaşamaq hüququnu alır. Əsər haqqında həddindən çox fikirlər söylənir, mübahisələr gedirdi. Operada Şərqin təsviri - Qafqazın təbiəti və həyat tərzini təsvir edən səhnələr özünün yeni rəng çalarları, koloritinə görə, nəhayət, milli musiqi intonasiyalarını duyma qabiliyyətinə görə xüsusilə seçilir. Sovet musiqişünası Y.Keldışın qeyd etdiyi kimi insanın psixoloji aləmi, iç dünyası ilk dəfə rus operalarında "İblis"lə açılır. "İblis" əsəri Çaykovskinin qəhrəmanlarına doğru gedən yolun başlanğıcı idi.İnsanların daxili aləmini (mənəviyyatını) müşahidə edən bəstəkarın yaradıcılığında milli koloritin güclü olması bəlkə də təsadüfi deyildi. Bu izlər uşaqlıqla bağlı olan yaddaşdan gəlirdi. Anasının və səyyah musiqiçilərin bir zaman ifa etdikləri xalq musiqi nümynələri, sonralar müxtəlif səfərləri zaman eşitdiyi xalq musiqisi dərin köklər salmışdır. Bəlkə də elə ona görə Rubinşteynin XIX əsrin I yarısında yaşamış görkəmli Azərbaycan şairi Mirzə Şəfinin şerlərinə yazdığı 12 nəğməsi (alman dilinə F.Bodenştedt, rus dilinə P.Çaykovski tərcümə etmişdir) əsərləri içərisində xüsusilə seçilir. Avropada məşhurlaşan müəmmalı taleyi olan şairin şerlərinə F.List, G.Meyerber, E.Qriç, K.Levi, K.Şimanovski və b. məşhur bəstəkarlar müraciət etmişdir1.

Dövrünün mütəfəkkir şairi Mirzə Şəfi Vazeh şerlərində zəmanəsinin ictimai ziddiyyətlərini görərək onunla razılaşmır, insanları təmizliyə, saflığa, mənəviyyata çağırırdı. Gözəllik aşiqi olan şair məhəbbətin carçısıydı.

Bəstəkar seçdiyi şerlərdə insanla təbiətin harmoniyasından, bəşəriyyətin xilaskarı olan gözəllikdən söhbət açır:

Göy üzünü bəzəyirsə ol günəş necə
Qəlb evimi bəzəyirsən sən də eləcə.
Yetmişəm sayəndə mən bu səadətə
Könlüm bil ki, düçar olar sənsiz zülmətə.(2)

və yaxud:

Tulla çadranı... görünsün üzün
Gül də gizlədərmi de, bağda üzün?!
Səni qadir allah, ey incə, çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.

Qeyd etmək lazımdır ki, şerlərdə şərq lirikasına xas olan bütün incəliklər, ahənglər tərcümədə də qorunub saxlanmışdır. Mahnıların musiqisində olan cənub nəfəsi, yeni şərq təravəti, rəngarəng kolorit Azərbaycan şairinin şerlərinə yenidən yaşamaq hüququ vermişdir. Bəstəkar mətnlə musiqi arasında harmoniyanı yarada bilmişdir. Bu nəğmələr nəinki öz vətənində, həmçinin Avropada şöhrət qazanmışdır. Yeni nəfəs, yeni söz Rubinşteynin təkrarolunmaz, ifa tərzində ona dünya şöhrəti gətirir. "İfa zamanı çalmaq yox, yaratmaq lazımdır. Əsərdəki hisslərlə paylaşaraq, ifaçılıq özünü bir an unutmalı, müəllifə dönüb qəlblərə yol tapmalıdır". Bu virtuoz pianoçu Rubinşteynin fikirləriydi. O, doğrudan da buna nail ola bilmişdir. İfa etdiyi hər bir əsərə ruh, qəlb, ürək, nəfəs verib onu yaşadır, dinləyiciylə kontakta gedirdi. Onun virtuozluğu, tükənməz enerjisi proqram və afişalarında tərtib olunan əsərlərin külliyyatı, həcmi və diapazonuna görə (həm Avropa, həm də rus bəstəkarlarının əsərləri) adi ifaçının potensial qüvvəsindən qat-qat yüksəkdə dururdu.Onun bir pedaqoq kimi tədris etdiyi ifa tərzi, əsasını qoyduğu beynəlxalq müsabiqələr indi də davam etməkdədir. Elə sənətkarları yaşadan da budur. Yaratdığı sənət əsərləri, tədbiq etdiyi ideyalar zamanın süzgəcindən keçərək yaşayırsa, o zaman sənətkar da əbədilər sırasına düşərək yaşayacaq.

Onun böyüklüyü yolu özünə sədaqəti, elə bilərdilər ki, soyuqdu, etinasız. Harda kiməsə haqlı, harda kiməsə haqsız Belə deyildi fəqət. Onun böyüklüyüydü özünə sədaqəti.


1. Müəllif alman şərqşünasçı Fridrix fon Bodenştedtlə bağlı olan hadisələri nəzərdə tutur.

2. A.Bayramov. Mirzə Şəfi Vazehin ədəbi irsi. 1980-ci il C. (tərcüməsi A.Aslanovun)


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site