örkəmli Sovet-Rus bəstəkarı, dahi
pedaqoq, akademik D.B.Kabalevski özünün istər musiqi, istərsə də
pedaqoji yaradıcılığı ilə təkcə rus xalqı üçün deyil, bütün bəşəriyyət
üçün böyük sərvət qoymuşdur. Musiqinin insana öncə estetik baxımdan
təsiri olduğunu daim qeyd edən sənətkar, həm də onun böyük tərbiyəvi
əhəmiyyətini bildiyindən, ilk dəfə ümumtəhsil məktəbləri üçün çox
vacib olan "Musiqi" proqramı yaratmaqla bir daha özünün tarixi şəxsiyyət
olduğunu təsdiq etdi. Kkeçmiş Sovet məkanında olan digər respublikalar
kimi Azərbaycan Respublikasında da onun yaratdığı yeni musiqi təhsili
sistemi üzrə yerli şəraitə uyğun "Musiqi" proqramı yaradılmışdır.
Həmin proqram 1977-ci ildən 1984-cü ilə qədər respublikamızın 20
şəhər və 15 kənd məktəblərində eksperimentdən keçirilmiş və nəhayət,
1985-ci ildən orta ümumtəhsil məktəbləri üçün Nazirlik tərəfindən
əsas proqram kimi təsdiq edilmişdir.
Bəs mənim D.B.Kabalevski ilə ilk
görüşüm və tanışlığım necə olmuşdur? Bu sualı mənə tez-tez verirlər.
Onu da deyim ki, mənim bir pedaqoq və alim kimi formalaşmağımda
və yetişməyimdə D.B.Kabalevskinin çox böyük rolu olmuşdur. Mən onunla
ilk dəfə 1975-ci ildə Kuybışev şəhərində Ümumittifaq konfransda
tanış olmuşam. Yadımdadır ki, o vaxt mən təzəcə Elmi Tədqiqat Pedaqoji
Elmlər İnstitutunda işləyirdim və məni nazirlik tərəfindən həmin
konfransa göndərdilər. O dövrdə mən əsasən musiqi yaradıcılığı ilə
məşğul idim. Konfransda ilk dəfə D.B.Kabalevskinin yeni musiqi təlimi
sistemilə, "Musiqi" proqramının məzmunu ilə tanış oldum. Onu da
deyim ki, bu konfransda mənim D.B.Kabalevski ilə görüşüm bir qədər
mübahisəli oldu. Belə ki, Rusiya ümumtəhsil məktəbləri üçün nəzərdə
tutulmuş yeni "Musiqi" proqramının (I-III siniflər üçün) layihəsi
ilə tanış olduqda gördüm ki, Azərbaycan Respublikası bu proqramda
yalnız Q.Hüseynlinin "Cücələrim" və Q.Qarayevin "İldırımlı yollarla"
baletindən "Qızlar rəqsi" ilə əks olunmuşdur.
Bununla əlaqədar D.B.Kabalevskiyə
belə sualla müraciət etdim:
"Hörmətli Dmitri Borisoviç, nəyə
görə zəngin ənənələrə malik Azərbaycan xalqının musiqisi Sizin proqramınızda
yalnız 2 əsərdə əks olunmuşdur və nəyə görə rus məktəbliləri dahi
Qara Qarayevi yalnız Afrika musiqisi yazan bir sənətkar kimi tanımalıdırlar?"
Dmitri Borisoviç mənalı-mənalı mənə
baxaraq soruşdu: "Cavan oğlan, siz bu vaxta kimi harada idiniz?
Yəqin sizinlə bu günə qədər tanış olmamağımızın nəticəsidir ki,
dediyiniz dəqiqsizliyə yol verilmişdir".
Bu söhbətdən sonra axşam D.B.Kabalevski
məni mehmanxanadakı otağına dəvət edərək, proqram və onun respublikamızda
tətbiq imkanları haqqında söhbətlər etdi. Bu mənim ən xoş günlərimdən
biri idi. Konfransdan Bakıya qayıdandan sonra mən respublikamız
üçün yeni "Musiqi" proqramı hazırlamaq təklifi ilə o illər Elmi
Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru işləmiş professor,
pedaqoji elmlər doktoru, əməkdar müəllim və gözəl insan Zahid Qaralova
müraciət etdim. O məni diqqətlə dinlədikdən sonra bu sahədə tədqiqat
aparmağı məsləhət gördü.
Çox qısa müddətdə yerli xüsusiyyətləri
nəzərə almaqla yeni "Musiqi" proqramı yaradıldı və onun eksperimentdən
keçirilməsi prosesinə başladıq.
D.B.Kabalevski ilə bundan sonra
Sverdlovskda, Ukraynanın Suma şəhərində, Daşkənddə və Moskvada görüşməli
olduq.
Nəhayət, ən yadda qalan görüş 1982-ci
ilin oktyabr ayında Bakı şəhərində yeni "Musiqi" proqramı üzrə keçirilən
Ümumittifaq Konfransı oldu. Əvvəla, onu deyim ki, keçmiş SSRİ-nin
bütün respublikalarından 300-ə yaxın musiqiçilər, alim, pedaqoq,
metodistlər bu ümumittifaq konfransda iştirak edirdilər. Konfrans
çox yüksək səviyyədə keçdi. Bakı şəhərinin 15 ümumtəhsil məktəblərində,
şəhərin 12 saylı məktəbində nümunəvi musiqi dərsi göstərdim. Bu
dəfə də D.B.Kabalevski və ittifaqın bu sahədə ən tanınmış mütəxəssisləri
iştirak edirdilər. Dərs verilib qurtardıqdan sonra D.B.Kabalevski
belə dedi: "Çox gözəl, təkrarolunmaz, orijinal bir dərs dinlədik.
Yerli şəraitə uyğunlaşdırılmış "Musiqi" proqramına gəlincə isə,
məncə proqramın özü bizim "Musiqi" proqramına əsaslansa da, burda
çox təzə və yeni tapıntılar vardır. Məncə digər respublikalar məhz
belə bir yolla getsələr yaxşı olar".
D.B.Kabalevski bizim onunla tanış
olduğumuz ilk gündən sonra mənə çox meyl bağlamışdı. Elə bir həftə
olmazdı ki, heç olmasa bir dəfə mənimlə telefonla danışmasın. Digər
tərəfdən mənim məsləhətlərimə də çox diqqətlə qulaq asar və lazım
olanlarından istifadə edərdi. Onun mənə münasibəti o qədər səmimi
və o qədər yaxşı idi ki, hətta 1980-ci ilin mart ayında Qazaxıstan
Respublikasının birinci katibi, eləcə də o vaxtın Siyasi Büronun
üzvü olan Kunayevin təklifini mənim bir dəvətimə görə rədd etmişdi.
Bu belə olmuşdu. 1980-ci ilin mart ayının 21-28-də Kunayevin təklifi
ilə D.B.Kabalevski Alma-Ata şəhərində müəllif konsertləri verməli
idi. Bunun üçün artıq onun razılığı alınmışdı, Alma-Ata filarmoniyasının
simfonik orkestrində D.B.Kabalevskinin əsərlərinin məşqləri aparılırdı.
Yeni "Musiqi" proqramının respublikada bəzi problemlərilə əlaqədar
mən mart ayının 15-də ona gecə saat 2-də zəng etdim və Bakıya gəlməsini
xahiş etdim. O mənə dedi ki, "Axı Kunayevə söz vermişəm və mən sözümdən
necə çıxım?" Bir qədər telefonda susandan sonra mənə belə sual verdi:
"Siz saat neçədə yatırsınız?" Mən dedim ki, çox gec yatıram. Nə
isə 2 saatdan sonra yenidən Moskva şəhərindən D.B.Kabalevski mənə
zəng vuraraq dedi ki, guya xəstələndiyinə görə Alm-Ata şəhərinə
gedə bilməyəcəyi haqqında teleqram vurulub. D.B.Kabalevski mart
ayının 22-də Bakıya gəldi, burada o, çox yüksək səviyyədə qarşılandı
və proqramla əlaqədar bütün problemlər müsbət həll olundu.1980-ci
il mart ayının 28-də Moskvada "Komsomolskaya Pravda" qəzetində D.B.Kabalevskinin
Bakı şəhərində olması ilə əlaqədar böyük bir məqalə çap olundu.
Bundan sonra Kunayev D.B.Kabalevskiyə telefon edərək öz narazılığını
da bildirmişdi. Bu hadisədən sonra bizim D.B.Kabalevski ilə münasibətlərimiz
daha da yaxşılaşmışdı. Onun həyatının son günlərinədək mənimlə onun
həm bilavasitə görüşlərimiz və məktublaşmağımız olmuşdu. Son məktubu
mən ondan 1987-ci ildə onun ölümündən sonra almışdım. Bir sözlə,
D.B.Kabalevski Azərbaycanda musiqi pedaqogikasının inkişafı üçün
çox böyük işlər görmüşdü və bunu heç bir vaxt yaddan çıxartmaq mümkün
deyildir.