ənətkar - istər bəstəkar olsun,
istərsə də şair, yazıçı, rəssam - müasir həyatı qələmə alarkən də,
tarixin səhifələrini vərəqləyərkən də, acı gerçəkliyə qarşı öz xəyallar
aləmini, mövcud olmayan əfsanəvi dünyanı yaratdığı zaman da şüurlu
surətdə, yaxud kortəbii olaraq, əslində həqiqət adlı əbədi məfhumu
tapıb üzə çıxarmaq məramı ilə çıxış edir. haqqın, ədalətin sorağıyla
sənət yoluna çıxan, bu niyyəti həyatının məqsədi, yaradıcılığının
kredosu elan edərək, ardıcıl surətdə həyata keçirən sənətkarlar
içərisində dahi bəstəkar Musorqski xüsusi yer tutur.
Modest Petroviç Mu-sorqski rus bəstəkarıdır.
Və bir musiqiçi kimi də, vətəndaş kimi də milli mənsubiyyətini,
doğma vətəninə sədaqətini öz fəaliyyəti, yaradıcılığı ilə dönə-dönə
təsdiqləmiş bəstəkardır. Lakin yaradıcı bir şəxsiyyət, novator musiqiçi
kimi Musorqskinin nailiyyətləri bu milli mədəniyyətin hüdudlarını
çoxdan adlayaraq, aid olduğu zaman çərçivəsini də aşmış, ümumdünya
mədəniy-yətinin mənəvi sərvətləri sırasına daxil olmuşdur.
Görkəmli bəstəkar G. Sviridovun
təbirincə, "Lev Tolstoyun öz povesti barədə söylədiyini Musorqskiyə
aid edərək deyə bilərik ki, onun əsərlərinin qəhrəmanı - həqiqətdir".
Bu haqqı, ədaləti, çox zaman acı olan həqiqəti üzə çıxarmaqla dövrünün
bir çox suallarına cavab tapmaq istəyən Musorqski öz axtarışlarında
tək deyildi. 19-cu əsrin ikinci yarısında yaradıcılıq meydanına
çıxaraq, rus mədəniyyətinə "altmışıncılar" kimi daxil olmuş bir
çox mütərəqqi ziyalılar kimi, o da xalqı, vətəni qarşısında tarixi
missiyasını yaxşı başa düşür və tarixinin faciəvi səhifələrini yaşayan
millətinin dadına yetmək arzusuyla çarpışırdı. Qlinka ənənələrini
yaşadan "Qüdrətli dəstə"nin digər üzvləri kimi, Musorqski də xəlqilik
prinsipinə sədaqətini bütün yaradıcılığı ilə dönə-dönə təsdiqləyərək,
böyük rus klassikinin davamçısı kimi çıxış edirdi. Lakin bunun həyata
keçirilməsində öz həmfikirlərindən fərqli mövqedə qərar tutaraq,
xəlqiliyi, dəstəçi məsləkdaşlarının yönəlmədiyi başqa bir səmtdə
arayır, öz yolu ilə gerçəkləşdirməyə çalışırdı. Yaratdığı misilsiz
musiqi nağıllarında öz xalqının mənəvi-estetik görüşlərini, təxəyyülünü,
rəvayət və əfsanələrini, qədim adət-ənənələrini canlandırmaqla milli
xarakteri verməyə çalışan Rimski-Korsakovdan da, xalqın bahadır
qüdrətini, qəhrəmanlığını epik surətlərdə ümumiləşdirən Borodindən
də fərqli olaraq, Musorqski öz əsərlərində - "Boris Qodunov" və
"Xovanşina" operalarında, faciəvi mahnı və romanslarında ilk növbədə
rus xalqının ağrı-acısını, bəlalarını, fəlakətini açıb göstərirdi.
Balakirev dərnəyinin üzvü, "kuçkizm" hərəkatının parlaq nümayəndəsi
kimi tanıdığımız Musorqskinin özü barədə "Musorqski nə öz kompozisiyalarının
səciy-yəsi, nə də musiqi görüşləri etibarilə mövcud olan dərnəklərdən
heç birinə aid deyil" deməsi də məhz bununla izah edilir. Musorqskinin
yenilikləri həqiqətən də dərnək çərçivəsinə sığmayan, heç bir yaradıcı
dəstənin estetikasına uyğun gəlməyən bir miqyasa malik idi. Cəsarətlə
deyə bilərik ki, Musorqski dövründə - Rusiya tarixinin mürək-kəb,
gərgin bir çağında yaşayıb yaradan heç bir başqa bəstəkar xalqın
keçirdiyi sarsıntıları, düçar olduğu fəlakəti belə böyük bədii qüvvə
ilə əks etdirməmişdir.
"Altmışıncı illərin əvvəllərində
rus həyatı uzun sürən mənəvi yuxudan ayıldı. Və o saat da yuyunaraq,
keçmişin köhnəlmiş ünsürlərindən, yaramaz tullantılarından təmizlənmək
istədi. Bütün sahələrdə yeni, sağlam yollar axtarılırdı. hər yerdə
hökm surən yeni düşüncə, yeni təfəkkür cəsarətlə irəliləyərək, vaxtı
keçmiş, gərəksiz hesab etdiyi hər bir şeyi heyfsilənmədən qırıb
dağıdır, məhv edirdi. Bu möhtəşəm dalğa incəsənəti də öz qoynuna
almaya bilməzdi". Məşhur rəssam İ. Repinin belə təsvir etdiyi oyanış
sadəcə olaraq rus tarixinin bir parçasına aid olmayıb, böyük bir
dövrü əhatə edən, əks-sədası irəliyə, çox uzaqlara gedib çıxan bir
proses idi. Yəni "altmışıncı illər" anlayışı bircə onilliyi səciyyələndirən
zaman çərçivəsindən çox kənara çıxaraq, rus mədəniyyəti tarixində
qüdrətli bir hərəkat mənasını kəsb etmişdir. Bu hərəkatın ilk yüksəliş
dalğası ilə sənət meydanına atılan "Qüdrətli dəstə"nin ön sıralarında
addımlayan cəsarətli sənətkarlardan biri - Musorqski isə sənətdə
dediyi kəsərli sözlə, bədii kəşfləri, novatorluğu ilə nəinki rus
musiqisinin sonrakı inkişaf mərhələsini "qabaqlamış", həm də milli
hüdudlara sığmayan, daha geniş miqyasda - ümumdünya musiqi mədəniyyəti
kontekstində nəzərdən keçirilməli olan mənəvi dəyərlər yaratmışdır.
Odur ki, musiqi tarixinin keçmişini öyrənən hər yeni nəsil Musorqskinin
yüz - yüz əlli il bundan əvvəl yaratdığı əsərlərin müasirliklə səsləşdiyinin
şahidi olur, bunlarda bəşəri problemlərə, həyatın əbədi suallarına
cavab axtarır.