Göyçə aşıq məktəbi      
      
A.O. Kərimli           
1   2   3   4   5  
 
 
make printcopy print copy

GİRİŞ ƏVƏZİ

zərbaycan xalqının aşıq sənəti və ədəbiyyatçılar sarıdan bəxti gətirib. Birincisi sarıdan ona görə ki, II-III minilliklər keçidində öz əski mədəniyyətinin qaynaqlarını da deyil, hətta qalıqlarını, - daha doğrusu, milli sinkretizmi artıq tamamilə itirən, - xərcləyən, əldən verən və sıradan çıxaran xalqların, millətlərin mütləq çoxluğunda milli saz-söz sənətimizin dayaqları laxlasa da, özü korşalsa da və hazırda aparılan mədəni siyasət, imperiyaçılıqla tutuşduranda, daha məkrli və qorxunc görünsə də, yaşamını davam etdirməkdədir. Saz-söz sənəti bu günkü yarıac və hüquqsuz, ayaqlarını güclə çəkən, lakin heç cür ölmək istəməyən, Dəli Domrultək Ölümə boyun əyməyən, onunla razılaşmayan Azərbaycan xalqının kiçildilmiş şəklidir. Məcazi mənada, ideomatik modelidir.

Lakin bunu da ayrıca yada salıb unutmamalıyıq ki, həm saz-söz sənətimizin və onun doğma qardaşı muğamın, həm də Azərbaycan xalqının ən çətin və ən faciəli anlarda belə ümidsizliyə qapılmağa haqqı yoxdur. Ölçüyəgəlməz itkilərə baxmayaraq. Çünki Böyük Yaradanın gözü üstümüzdədir və II minilliyin son onilliklərində insan düşüncəsinin gərgin əməyi öncədən maqnit lent yazısı, daha sonra isə pozulmayan lazer disklərinin, bərpa texnikasının yaranışı və geniş yayımı ilə sonuclanıb. Və bu ümumbəşəri qazanclar, hər zaman olduğu kimi, bizlərə bir qədər gec gəlib çatsa da, ondan faydagötürməyin işartıları artıq görünməkdədirlər.

İndi isə keçək ədəbiyyatçılar sarıdan bəxtimizə. Türk-islam dünyamızda yazı-pozunu özünə "çörək ağacı" edənlərin sayı heç zaman az olmayıb, indi isə bol-boldur. Çoxçeşidlilik və çoxçalarlılıq da öz yerində. Hələ lap əskidən Yusif Balasaqunlu, Mahmud Kaşğari kimi söz azmanları, Nəsimi və Yunus İmrə kimi haqq aşiqləri, Şah İsmayıl Xətai, Məhəməd Füzuli, H. Cavid, Ə. Cavad və Xəlil Rza kimi öncəgörücülər və bilicilərlə yanaşı, Nizami və Xaqanidən tutmuş M. Şəhriyaradək özgə ocağını alovlandıran, fars (amma "fors" desək, daha düzgün olar!) və başqa dillərə üz tutmuş söz ustalarınadək ucu-bucağı görünməyən, Gülüstan-İrəm bağını xatırladan sənət xalısı da bizim bəxtimizə düşüb. Və bu əvəzsiz xalıya yiyə durmaq heç də pis deyil, əksinə, böyük xoşbəxtlikdir.

XX yüzillikdə, sovet icbari təhsil sistemi sayəsində Qüzey Azərbaycanda yazı-pozu yiyələrindən sayca bütöv ordunun biçimlənməsi "ən sayımlı" olaylarımızdan biri kimi yozula bilər. Və sonucda saz-söz sənətinin, - daha doğrusu, onun "Söz" kəsiminin toplanıb araşdırılması kimi çox gərəkli bir iş çevrəsinin, maraq dairəsinin yaranması özünü böyük bir sıçrayışda aşkarlayır. Lakin bu aşkarlanmanın özəllikləri arasında naşılıqların da yeri görünməkdədir. Sual oluna bilər ki, "niyə?", "nə üçün?".

Şəxsən, mənim nəzərimcə, ədəbiyyatçı folklorçuların (jurnalistlər haqqında heç danışılası deyil!) ən böyük çatışmazlığı sinkretik sənətin mahiyyətini lazımınca dərk etməmələrindədir. Əski sinkretik sənətdə, o cümlədən ən əski ozan sənətində özünün ilk yaranışından musiqi və plastikanın (rəqsin) aparıcı, poeziyanın (sözün, şerin) isə birincilərdən asılı ünsür kimi biçimlənməsi artıq danılmaz elmi həqiqətdir1 . Tam yəqinliklə demək olar ki, məhz musiqi və plastikanın ritmi (yaxud vəzni) çoxçeşidli şer vəzni və ölçülərinin yaranması ilə sonuclanıb. Və musiqiylə plastikada ayrı-ayrı ünsürlərin təkrarı, - o cümlədən, çoxçeşidli, şəklidəyişmiş təkrarı (variantlılığı), - sonucda şerdə qafiyə və rədifin yaranmasına, onun quruluş və estetik çevrələrdə gərəkli amil və ünsür kimi təsdiqlənməsinə imkan verib2 .

Musiqi, təsviri sənət və plastikaya saymazyanalıq, qısqanclıq artıq düşüncə tərzinə çevrilib desək, yanılmarıq. Məhz həmin baxımdan çox dayaz "aşıq mühiti" anlamı ayaq açıb yeriyir və "aşıq məktəbi" anlamı bəyənilmir. Halbuki mühit anlamı çox genişdir və təkcə sənətkarları deyil, onlarla birlikdə dinləyici-tamaşaçı kütləsini də çevrələyir. Digər tərəfdən, poeziya və eposun geniş yayımı onun bölgə özəlliyində yaxud ayrıca təlimdən asılı olmadığına başlıca tutalqadır. Aşıq saz-söz sənəti nə dərəcədə əski olursa-olsun, onun musiqi kəsimi ümumbəşəri musiqi təlim-tədrisi qayda-qanunları ilə sıx bağlıdır. Əsil, yetkin sənətkar hazırlığı üçün yetkin ustad, gərgin əmək və uzun zaman lazımdır. Və belə musiqi ifaçılığı "məktəb" adlanır. Bütün dünyada belədir və velosipedi yenidən kəşf etmək gərək deyil. Əgər ensiklopedik bilgilər baxımından yanaşsaq, "məktəb" üç anlamda işlədilir:

1) Tədris-təlim müəssisəsi yaxud təhsil ocağı;

2) Təhsil (və təlim) sistemi, öyrənmə, qazanılan bacarıq;

3) Elm, ədəbiyyat və incəsənətdə, eləcə də fəlsəfə və idmanda başlıca peşəkar görüşlərin eyniliyi, əsasların və üsulların (yolların) ümumiliyi yaxud ardıcıl ötürülməsi (vərəsəliyi) ilə çevrələnən cərəyan (axar)3.

Birinci anlamda müəssisə yaxud təhsil ocağı heç kimi çaşdırmasın. Əgər əski baxımdan yanaşsaq, onların özülündə "mürid-mürşid" yaxud "ustad-şagird" münasibətləri durur. Daha doğrusu, hər bir böyük ustadla şagirdləri və onların çoxsaylı, şaxələnmiş davamçıları qırılmaz, zəncirvari ənənələrə söykənən tədris-təlim ocağını xatırladır və eyni zamanda "məktəb"in həm 2-ci, həm də 3-cü anlamlarında da öz əksini tapır4.

Əlbəttə, yerli ənənələrə söykənən aşıq məktəbləri siyasi tarixi gəlişmə ilə sıx bağlı olub, eyni zamanda sənət yaşamının tarixi özəlliklərindən biridirlər. Məhz yerli ifaçılıq ənənələri sayəsində saz havacatı saxlancı (repertuarı) çoxdönümlü gəlişmə yolu keçmiş, istər çalğı və oxumada, istərsə də yerli şəklidəyişmələrdə yaradıcılıq qazancları əldə edilmişdir. Havacat saxlancının yerli ifaçılıq ənənələri - aşıq məktəbləri baxımından öyrənilməsi ümumazərbaycan havacat saxlancı, ənənələrin özəllikləri, ifaçılıq ünsürlərinin vəzifədaşıyıcılığı, aşıq ifaçılığı gedişatında yaradıcılığın arasıkəsilməzliyinin mahiyyəti və qanunauyğunluqları kimi özül problemlərin həllinə kömək edərdi.

İTİRİLMİŞ OCAQ

Əgər məndən bir araşdırıcı kimi soruşsalar ki, "XX yüzillikdə Azərbaycan mədəniyyətinin ən böyük, ən dəyərli qazancları və itkiləri hansılardır?", mən sualın birinci yarasına cavab verməkdə, bəlkə də, çətinlik çəkərdim. Lakin "Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixi coğrafiyasının, Azərbaycan yaşamının ən böyük itkisi Göyçədir!" - deməkdə heç bir çətinliyim ola da bilməz. Çünki Göyçə mühiti, Göyçə yaşamı Oğuz ənənələrinin bizə gəlib çatan, bəlkə də, sonuncu yadigarları idilər. Çünki Göyçə aşıq mühiti özü-özlüyündə Göyçə aşıq məktəbi və onun özəl ifaçılıq ənənələri ilə söz, dastan və havacatda digər bölgələrin orta səviyyəli aşıqları qədər, onlara bərabər, bəlkə də artıq savadı, biliyi olan göyçəli tamaşaçı-dinləyici kütləsinin bütövlüyünü bölünməz şəkildə çevrələyirdi. Çünki Göyçə əməkçiliyi, Göyçə torpaqsevərliyi, Göyçə maldarlığı bütün Azərbaycan xalqı üçün örnək ola bilərdi və olmalıydı da. Çünki Göyçə xalq təbabəti, göyçəlilərin təbiətə qayğısı əsrlərin qan yaddaşıydı, bu bilgilər yerli insanların mənəviyyatı ilə sıx bağlıydı: daha gedib ekoloji təhsil almaq da gərəksizdi. Nəhayət, Göyçə qonaqsevərliyi hamımıza yaxşı görk idi və gələcəkdə də görüb-götürməyə dəyərdi.

Göyçə təbiətinin gözəlliyi haqqında çox təriflər-gözəlləmələr yazılıb. Ancaq, - bu mənim şəxsi düşüncəmdir, - nə Göyçənin oxşarsız, sərt gözəlliyi; nə başı qarlı Ağmanqan, Ağzıbir və Şişpilləkən dağları; nə bu dağların incisi, üzük qaşı olan Göyçə gölü; nə dişgöynədən bulaqları; nə xalq təbabətinin ən dəyərli saxlancı, - bitki aləmi o diyarın ən qiymətli, ölçüyəgəlməz varlığı, ən əski Oğuz ruhunun daşıyıcıları, - göyçəlilərsiz xülyadır, nağıldır, ən cansız əfsanədir. Bu haqda saatlarla, günlərlə, illərlə danışmaq olar, amma Göyçəni göyçəlisiz anlamaq, duymaq və yozmaq mümkünsüzdür. Və dediklərimə başlıca tutalqa kimi Göyçə gözəlləmələrində həmin Oğuz yurdu saz-söz sənətkarlarının əvəzsizliyini gətirə bilərəm. Ağ Aşıqdan, Aşıq Alı və Aşıq Ələsgərdən bizim günlərədək Göyçə göyçəlilərin söz yaradıcılığında tükənməz çalarlarda yaşayıb və yaşadılıb. Və Ulu Göyçənin coğrafiyası haqqında bilgi üçün mən kitaba-dərsliyə yox, çağdaş göyçəli şair Hacı Zəki İslama üz tuturam5 :

"Sən Göyçənin ellərinə
Zimistanı çıxanda gəl.
Yamacda tütək səsinə
Maral dönüb baxanda gəl.

Təkağacdan, Toğlucadan
Ləzzət alır sökülən dan.
Yaşıl çəmən Ağbulaqdan
Döşlərə gül taxanda gəl.

Ensən Şorcanın başına,
Asta sürət ver maşına.
Ürəkaçan Üçdaşına
Gecikmə, gün çıxanda gəl.

Adatəpə, Uca yalnan,
Doyunca gəz, ləzzət alnan.
Təzə işqın kababınnan
Çəkib şişə taxanda gəl.

Göyçə gözəllik diyarı,
Ardanışda dayan barı.
Addımlasan Cilə sarı
Söz sinənə axanda gəl.

Arxa verib Şah dağına
Nəzər sal bağça-bağına
Cilin Pəri bulağına
Duman dağdan qalxanda gəl.

En aşağı Babacana,
Bax qonağa canhacana.
Pəmbək, Dərə hər zamana
Dost əlini sıxanda gəl.

Keç Güneydən Sarınərə,
Şişqayadı xoş mənzərə.
Səcdə qılnan Ələsgərə,
Ustad Kamal baxanda gəl.


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site