|
|
|
AG AŞIQ ALLAHVERDİ
Yazıqlar olsun ki, Ağ Aşıq kimi
tanınmış Aşıq Allahverdi haqqında bilgilər də biri-birinin əksidir.
Miskin Abdal kimi onu da Arazın o tayına bağlamaq həvəsində olanlar
var12. Şəxsən buna qarşı olmasam da, araşdırıcı üçün arxiv bilgilərinin
yoxluğu durumunda sənətkarın öz nəslindən, ən yaxın qohumlarından
faydalanmağı daha üstün sayıram. Ağ Aşığın kötükcəsi, hazırda Bakıda
yaşayan Əhmədov Əziz, nəzərimcə və hər halda daha etibarlı bilgi
qaynağıdır. Və onun söylədiklərindən sonucda aydınlaşdırdıqlarımız
aşağıdakılardır:
I. Ağ Aşığın, - Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin
mürşüdü imiş və müridləri ilə quzeydən, - çox güman, Qazax-Şəmşədil
yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın
qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam
ki, Arazın güneyində və Naxçıvanda, - qatı fanatik şiə mühitində
Osman adı mümkünsüz idi və indi də belədir.
II. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar da, gözəl
saz çalıb oxuyurmuşlar. Yəni onların "... aşıqlığı...təkkə mərasimi
çevrəsindən kənara çıxmayıbmış13 ". Lakin Allahverdi "coşub-daşdığından",
xalq yığnaqlarına can atdığından, dindar çərçivəyə sığmadığından
təkkədən, atasından, babasından üz döndərir, - bir sözlə, onların
üzünə ağ olur. Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi ağ Allahverdinin
xalq arasında Ağ Aşıq adı ilə tanınmasını "böyüyün üzünə ağ olmağı"
ilə bağlamaq daha düzgün olardı. Yeri gəlmişkən deməliyəm ki, Əziz
Əhmədovla tanışlıqdan çox-çox öncə, Ağ Aşığın "ata-babasının üzünə
ağ olmağını" mənə dünyalarını dəyişmiş Aşıq Əkbər və Mikayıl Azaflı
söyləmişdilər) .
III. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx Osmanın
söz deməyi var imişsə də, heç bir nümunəsi bizlərə gəlib çatmayıb.
hər üçü gözəl təhsil görüblərmiş. Ağ Aşığın bacısı da saz-söz sənətinin
bilicisiymiş və Kosacanda gəlin olduğuna baxmayaraq, ölənədək sazı
yerə qoymayıb.
IV. Ağ Aşığın iki oğlu olub: İsmayıl və Məhərrəm. Həyat yoldaşı
Arazın o biri tayından, Telli Cəfərin qızı Süsənbər xanım imiş ki,
"Süsənbəri" havasını onun adıyla bağlayırlar. Məhərrəm lap gənc
ikən dünyadan köçür. İsmayılın (Əziz Əhmədovun anasının babası)
oğlunun adını Allahverdi qoyurlar. Onun da iki oğlu 1914-cü ildə
13-14 yaşlarında dünyalarını dəyişirlər. Beləliklə, Allahverdinin
qız nəvələrinin törəmələri 1988-ci ilədək Göyçənin Qanlı və Kərkibaş
kəndlərində, hətta Tiflis şəhərində yaşayırmışlar. Bacılarının törəmələri
isə Bala Məzrə, Sətənəxaç kəndlərində və İrəvanda məskən salıblarmış.
V. Aşıq Allahverdinin Göyçəyə köçməyinin iki səbəbi olub: 1) atasının
ölümündən sonra üzərinə düşən ailə ağırlığı; 2) Qacarların İranda
və Qafqazda tüğyan etməsi.
VI. Allahverdiyə Allah vergisi verildiyindən, çalıb-çağırmağı xəstələri
sağaldırmış. Həmin xəbər Şərqi Anadolu hakimlərindən Sərdar Hüseyn
paşaya çatır. Yuxusuzluqdan əzab çəkən Sərdar Hüseyn paşa əmr edir
ki, aşığı, nəyin bahasına olursa-olsun, tapıb gətirsinlər. Göndərilən
silahlı dəstə onu Şərurda (Şərildə) çox axtarır, sonra Göyçəyə keçib
tapır və Ruma aparırlar.
Ağ Aşıq 5 ilə yaxın Rumda qalır. Deyilənlərə görə, ilk çalıb-çağırmağı
ilə Sərdar Hüseyn yuxuya gedibmiş. Yaxın adamları onu ölmüş bilib,
Allahverdini öldürmək istəyirlər, lakin çağrılan həkim paşanın nəbzini
yoxlayıb, yuxuya getdiyini bildirir. Sərdar Hüseyn 2 gün 2 gecə
yatıb oyanır və həmin andan Ağ Aşığı yanından buraxmır; hara getsə,
onu da özüynən aparırmış.
Günlərin birində Sərdar Hüseyn paşa böyük bir məclis yığır. Qonaqlar
soruşurlar ki, "bu aşığı haradan tapmısan?" Sərdar Hüseyn deyir:
"Mən onu Göyçə mahalından gətirtmişəm. Yuxum tamam çəkilmişdi, o
isə sağaldıb. İndi 5 ilə yaxındır ki, yanımdadır". Qonaqlar deyirlər:
"Yazıqdır, onun da ailəsi var. Burax getsin". Sərdar Hüseyn Allahverdiyə
qızıl yəhər-yüyənli at və çoxlu pul bağışlayıb, yola salır. Ağ Aşıq
Göyçəyə üz tutur. Onun yolda dediyi:
"Durnam,
gedər olsan bizim ellərə,
Qatıq söylə, qaymaq söylə, yağ söylə.
Əgər soruşsalar Ağ Aşığın halını,
Boynu armud saplaq, canın sağ söylə"
- bəndi ilə başlanan şeri bizlərə
gəlib çatıb.
VII. Əziz Əhmədov Kərkibaşda yaşı
100-ü haqlamış ağsaqqalları öz ulu babası haqqında çox-çox sorğu-suala
tutub. Onların söylədiyinə görə, "Ağ Aşıq başdan ayağadək ağ tük
rəngində idi. Papağı gözünün üstünə çəkərdi. Tük, sifət, barmaqlar,
- hamısı ağappaq idi. Çuxa, buxara papaq və İran məsti ("əcəmi çarıq"
da deyərdilər o zaman!) geyərdi. Geydiyi çuxa həmişə şabalıdı rəngdəydi.
Kim olursa-olsun, heç zaman hərcayı-hədyan sözlərə baş qoşmazdı.
Çox ağır dolanan, "şair yolu gözləyən, usta yanında hərəkət eləyəndi".
Ağzından bircə ağır söz belə qaçırmazdı. Heç kim və heç nə qarşısında
əyilməzdi. Çox zilnən oxuyardı". Ağ Aşıq ömrünün son 15 ilini çalıb-oxumazmış,
lakin söz qoşurmuş. Əziz Əhmədovun ata-babası onu beləcə görüb.
VIII. Yaşadığı illər haqqında əks
fikirlər var. Məsələn, tanınmış filoloq-araşdırıcı Mürsəl Həkimov
onun ömrünü 1754-1860 arası(14), Ziyəddin Məhərrəmov isə XVIII yüzilliyin
sonu - XIX yüzilliyin əvvəli (15) kimi göstərirlər. Mənim araşdırmama
görə, Ağ Aşığın ömrünü 20 il öncəyə çəkiblər və bu sonuca onun kötükcəsinin
verdiyi bilgilər əsasında gəlmişəm. Həmin bilgilərə üz tutaq:
a) Ağ Aşıq Alını 17 yaşında, özü
də Türkiyədən qayıtdıqdan sonra şagirdliyə götürüb. Deməli, Aşıq
Alının şagirdliyə başlaması, haradasa, 1818-ci ilə düşür. Digər
tərəfdən, Ağ Aşıq doğma yurd-yuvasına 40-45 yaşlarında qayıdıb.
Deməli, o, haradasa, 1770-1775-ci illərdə dünyaya göz açıb.
b) Əziz Əhmədovun 1977-ci ildə dünyadan
köçmüş ata babası Babaşov Əhməd söyləyirmiş ki, "mən 1870-ci ildə
dünyaya göz açmışam və öz gözümlə Ağ Aşığı görmüşəm. O, bir sinirli
kişiydi, artıq saz çalmırdı. 10 yaşım olanda həmin kişi rəhmətə
getdi".
c) Nəhayət, əldə olan bilgiyə görə,
tanınmış Tovuz-Şəmşədil ustadı Öysüzlü Səməd 7 il Ağ Aşığa "qulluq"
edibmiş. Əgər Aşıq Səmədin 1918-ci ildə 70, yaxud bir qədər artıq
yaşında dünyadan köçdüyünü nəzərə alsaq, onun şagirdliyinin haradasa
1865-1870-ci illərə düşdüyü aşkarlanacaq. Lakin bircə çətinliyimiz
ondadır ki, Ağ Aşıq son 10-15 ilini çalıb-çağırmırmış. Bəlkə də,
ancaq öyrədirmiş?!
Hər halda Ağ Aşığın 1775-1880-ci
illərdə yaşaması daha ağlabatandır.
IX. Əziz Əhmədovun söylədiyinə görə,
Keşişoğlu adlı üç aşıq yaxud şair Ağ Aşığın çağdaşı olub və hətta
onunla deyişib: I - Borçalıdakı Keşişoğlu; II Naxçıvanlı Keşişoğlu
və III Bala Məzrəli Keşişoğlu. Deyişmələrdən ancaq biri bizlərə
gəlib çatıb16.
X. Ağ Aşığın gəzib-dolaşdığı, çalıb-çağırdığı
coğrafi çevrə özündən sonrakılarla tutuşdurula bilməz. Misirdən
Şərqi Türküstana kimi gəzib dolaşdığı güman olunur və bir təcnisində
özü buna işarə edir17. Lakin Məkkəni ziyarət etdiyi haqda heç bir
bilgi yoxdur.
XI. Əziz Əhmədovun söylədiyinə görə,
Aşıq Alı da öz ustadı kimi, savadlı imiş və Ağ Aşığın qoşduğu bütün
sözləri bir əlyazmaya toplayıbmış. Kəlbəcərə köçərkən həm öz sözləri,
həm ustadı qoşduqları əlyazmaları yerli şagirdlərdən birinə bağışlayır.
1937-ci ildə əski ərəb əlifbası ilə yazılmış əlyazmalar (oxuya bilmirlərmiş!)
cəzalanma qorxusu altında yandırılır.
XII. Kötükcəsinin dediyinə görə,
Babacanlı Aşıq Qədir (onun haqqında sonra söhbət açacağıq!) dünyasını
dəyişənədək Ağ Aşıqdan bildiklərini M. Həkimova tam şəkildə verməyib
və qalanları onun oğlanlarındadır. Aşıq Alının törəmələrində, məsələn,
Gədəbəyin Slavyanka kəndində Qaytaran adlı iqtisadçıda və vaxtı
ilə Kəsəmən kəndində yaşamış Molla Muxtarın oğlanlarında Ağ Aşığın
şerləri və hekayətləri toplanıb. Kötükcəsinin özü də az-çox topladığını
qoruyub saxlayır.
Ağ Aşıqdan əldə etdiyim bilgilərin
çoxunu açıqlasam da, araşdırmanın ən başlıca məqsədinə yaxınlaşıram.
Ulu Göyçə yüzilliklər boyu onlarla, yüzlərlə saz-söz sənətkarı yetişdirib
ki, onların sayəsində öz ənənələrini XX yüzilliyin sonunadək, çox
böyük çətinliklər və qurbanlar hesabına qoruyub saxlasa da, bütöv
Azərbaycan çevrəsində ən tanınmış, ən öncül ustadın xalqımıza verdiyi
ən ölçüyəgəlməz faydaya, - onun ləyaqətli yetirmələrinə üz tuturuq.
Çünki Ağ Aşıq nə dərəcədə Ağ olsa da və hətta bütün bəşəriyyətin
üzünə ağ olsa da (əlbəttə, əfsanələrdə!) onun üzünü tariximiz və
milli mədəniyyətimiz qarşısında daim ağardan yetişdirdiyi sənətkarlar
olub. Burada "İman Əlisi" kimi tanınmış Zərzibilli Aşıq Əlinin dediklərini
(maqnit lentə yazılıb!) olduğu kimi çatdırmağı özümə borc bilirəm:
"Sən bir Aşıq Allahverdinin böyüklüyünə
bax ki, ustadlar Ustadı Ələsgər kimi nəhəngin Ustadı Aşıq Alını
ərsəyə çatdırıb".
|
|
|