Daşkəndli Şair Məmmədhüseyn el şairi kimi tanınsa da, onun aşıqlıq
edib-etməməsi haqqında bilgi yoxdur. Bununla yanaşı, Şair Məmmədhüseynin
aşıq şerində yeri olduqca sayımlıdır18. 1800-1880-ci illərdə yaşadığı
güman edilsə də15, s. 14-15), nəzərimcə bu tarixlərə ciddi yanaşmaq
çətindir.
Öysüzlü Aşıq Səməd (1838 yaxud 1840-1918) Tovuz aşıq məktəbinin
ən azman ustadlarından olub, Qaraçıoğlu Aşıq İrvaham (1860 və 1973-cü
illər arası - 1967), Əlibəyli Aşıq İsmayıl (1877-1952), Öysüzlü
Aşıq Ələsgər (1891-1936), Zəyəmli Aşıq Qənbər (1870-ə yaxın - 1952),
Hacıalılı Aşıq Qəhrəman (1896/97-1968) kimi sayımlı ustad aşıqlar
yetişdirmişdir. Mikayıl Azaflı söyləyirdi ki, Öysüzlü Səmədlə Aşıq
Alı qohum imişlər.
İnəkdağlı Aşıq Qəhrəman da, araşdırmamıza görə, Ağ Aşığın şagirdlərindəndir.
Bu həmin Aşıq Qəhrəmandır ki, Aşıq Ələsgərdən öncə hələ yeniyetmə
Əsədi, - gələcəkdə səsi də, özü də dağları titrədən Aşıq Əsədi (1874-1951,
Rzayev) şagirdliyə götürmək istəməyib. Lakin vurğulamaq istərdim
ki, Aşıq Qəhrəmanı heç cür kiçiltmək olmaz. İslam Ələsgəroğlunun
söylədiyinə görə, o, söz qoşmasa da, sənətin çox dərin bilicisi
və gözəl ifaçısı imiş, Aşıq Ələsgərlə aralarında dostluq və qarşılıqlı
hörmət olub.
İnəkdağlı Aşıq Nurəddinin (1916-1994) söylədiyinə görə, Aşıq Qəhrəman
1920-1922-ci illərdə Göyçədə dünyasını dəyişib və yaşı 80-lə 85
arasında imiş. Aldığımız bilgiyə görə, onun bir neçə şagirdi olub,
onlardan üçünün adı dəqiqdir:
1. İnəkdağlı Aşıq Kazım həm də ustadının qohumu imiş. Çox zil səsi
varıymış, lakin yetər qədər sənəti öyrənə bilmədiyindən, 1925-ci
ildə Gəncəyə köçərək, Bala Məzrəli Aşıq Qarayla (Mövlayev, 1893
- 1974) yoldaşlıq edirmiş. Daha sonra Qazaxlı Telli Məhəmmədlə məclislər
keçirən Aşıq Kazım Goranboyun Faxralı kəndində yaşayıb və 1930-cu
illərin sonunda orada dünyasını dəyişib. Deyilənə görə, onu zəhərləyiblərmiş.
2. İnəkdağlı Aşıq Qənbərin 1988-ci ildə yaşı 90-ı keçsə də, hələ
də sağ imiş. Aşıq Nurəddin 1934-35-ci illərdə ona qulluq edibmiş.
3. İnəkdağlı Aşıq İsrail (İsmayılov) II dünya savaşından qayıtmayıb.
Dünyaya gəlişi 1895-ci ilə yaxındır. Aşıq Nurəddin 1935-1941-ci
illərdə ona şagirdlik edib. Deyirdi ki, ustadı havacatda ancaq Aşıq
Talıb və Aşıq İslamdan (Yusifov, 1893-1968) geri qalardı.
(Ardı
var.)