Şerli-xəritəli belə geniş coğrafi
bilgidən sonra bircə onu əlavə edərdim ki, Ulu Göyçənin yuxarıda
adı çəkilən (və çəkilməyən!) hər bir elatı, hər bir yurd yeri Azərbaycana
elmin bütün sahələri üzrə ucsuz-bucaqsız, tükənməz sıralarla sayımlı
alimlər, mütəxəssislər, təsərrüfatçılar, ictimai və hətta incəsənət
xadimləri verib və verməkdədir. Bu mövzu şair-jurnalist Eldar İsmayılın
çox gərəkli və dolğun araşdırmasında öz əksini tapıb6. Utansam da,
boynuma almalıyam ki, bəstəkar və alovlu insan Rəşid Nəsiboğlunun
əslən göyçəli olduğunu onun sağlığında bilməmişəm7. Halbuki, bu
gün tam yəqinliklə deyə bilərik ki, xalq şerinin, saz havacatının
XX yüzilliyədək qorunub saxlanması üçün biz hamılıqla Göyçəyə və
göyçəlilərə borcluyuq. Üzeyirin "Koroğlu"su və "Arazbarı"sı, Qaranın
III simfoniyasının II hissəsi, Fikrətin "Ovşarı"sı və "Şur"u, Soltanın
orkestr üçün "Konserti" deyilənlərə ən aşkar, ən aydın tutalqadır.
Lakin bütün bu "qazanclar" tarixi
baxımdan adları bəlli iki şəxsiyyətdən qaynaqlanır: Miskin Abdal
və Ağ Aşıq (Allahverdi) . Öncəki ustadların varlığı məntiqi baxımdan
danılmaz olsa da, bizim üçün onlar artıq əsatir və əfsanələrə çevrilmişlər8.
MİSKİN ABDAL
Miskin Abdal tarixdə azman ruhlu
şəxsiyyət və sufi-dərviş ocağının mürşüdü kimi yaşasa da, haqqında
yayılan əfsanələr və yayımlanan uydurmaqondarmalar da, demək olar
ki, sonsuz saydadır. Ən acınacaqlısı odur ki, hələ 30-cu illərdən
başlayaraq Göyçəyə ayaq açan ədəbiyyatçı-folklorçular, oradan bol-bol
materiallarla, - söz inciləri ilə qayıdaraq, topladıqlarından bol-bol
faydalandıqları halda, Göyçə şöhrətinin, o cümlədən Miskin Abdal
şöhrətinin qeyrətini, az da olsa, çəkməmişlər. Bunu mənim öz gözlərimlə
gördüyüm azman oğuz qəbirlərinin araşdırılmamış yazıları deyirdi.
Göyçə şöhrətinə belə saymazyanalıq
Miskin Abdalı "özəlləşdirmək" istəyənləri, gec-tez, şirnikləşdirməli
idi. Və bu şirniklənmənin gedişində Göyçə ziyalılarının pərakəndəliyi,
"əl-qollarının bağlılığı", öz sözünü geniş yayımlamaq imkanlarının,
demək olar ki, yoxluğu sayəsində ustadlar ustadı, Miskin Abdal adı
ilə tanınan Hüseyn Məhəmməd oğlu Zərgərli gah qazaxlı, gah gədəbəyli,
nəhayət ərdəbilli, ən nəhayət isə, Şah İsmayıl Xətainin əmisi oğlu
kimi hallanmağa başladı. Bir sözlə, haralı və kim olursansa ol,
təki Ulu Göyçəli olmayasan!
Lakin dəridən-qabıqdan çıxanlar
bircə şeyi anlamaq istəmirlər ki, əlimizdə olan sənədlərin, hətta,
tam yoxluğunda belə, hər bir insanın, özü də şəxsiyyətin, - o ki,
olsun Miskin Abdal! - soykökü, törəmələri var. Və onların verdiyi
bilgiləri danmaq heç bir əxlaqa sığmır. Son söz onlarındır.
Miskin Abdalın oğul törəməsi Tofiq
Hüzeynzadənin dərin, qeyrətli çalışmaları və filoloji elmlər namizədi
Hüseyn İsmayılovun "Miskin Abdalın şəxsiyyəti və taleyi" başlıqlı
araşdırması9, nəhayət ki, siyasi və saz-söz mədəniyyəti tariximizdə
ən böyük qondarmaçılıqlardan birinə son qoydu. Bu yöndə Hacı Zəki
İslamın "Yeni sənəd və yeni rəsm" başlıqlı araşdırma yazısını ("Günaydın"
qəzeti, N126(222), 15-17/XII-1999, c. 5)10 və Abbas Mazanovun "Sarıyaqubdan
başlanan yol məqaləsini (Abbas Vəfadağlı. "Göyçə kimi intizarda
elim var. "Bakı, Gənclik, 1999, s. 108-114) vurğulamaqla yanaşı,
adı çəkilən ilk araşdırmadakılar haqqında öz araşdırıcı düşüncələrimi
və araşdırmalarımı açıqlamağı lazım bilirəm. Və lap sondan başlamağı
daha məqsədəuyğun sayıram:
1. H. İsmayılov yazır: "Miskin Abdal
ömrünün ahıl çağlarını məktəbdarlıqla keçirir. Onun Sarıyaqubda
açdığı ilk məktəb Göyçənin elm, irfan və sənət dünyasında qazandığı
uğurlarda çox mühüm və həlledici rol oynamışdır" 9.,s. 118) .
Bəli, bu ən böyük həqiqətlərdən
biridir! Hazırda "Ermənistan" adlandırılan Qərbi Azərbaycanda xalqın
savadlılıq səviyyəsi 1920-ci ilədək Şərqi Azərbaycandakından daha
yüksək olub. Və ilk növbədə də Göyçədə! Şəxsən özümün araşdırmalarıma
görə, əgər başqa aşıq bölgələrində saz-söz sənətkarlarının çoxluğu
ancaq öz yaddaşlarına güvənmişlərsə, Göyçəli ustadların çoxluğu,
bəlkə də, Allah vergili Dədə Ələsgəri çıxmaq şərtilə, hamılıqla
öz iti yaddaşları ilə kifayətlənməyərək, həmişə az-çox savadlanmağa
çalışırmışlar. Əski mədəni irsi toplayıb yazıya almaq dini-fəlsəfi
kitabları öyrənib gözəl xəttlə göçürmək Göyçədə təkcə aşıqların
və din xadimlərinin işi deyildi. Həmin şərəfli işin sadə xalq arasından
çıxmış çoxsaylı həvəskarları varıydı. Məgər belə sayımlı olay, özülü
Miskin Abdal tərəfindən biçimlənən ənənənin davamı deyildimi?! Məgər
Aşıq Ələsgərə qulluq etmiş Dərəçiçəkli Aşıq Alının bacısı oğlu və
şagirdi, təkcə azman sənətkarlığı ilə deyil, Quranın və hədislərin
biliciliyi ilə də bütün Borçalı və Tiflis aşıqlarından seçilən Aşıq
Sadıq (Sultanov, ) öz özəlliyi ilə Miskin-Abdal-Göyçə ənənələri
daşıyıcılığını aşkarlamırdımı?!
2. Miskin Abdalın havacat yaradıcılığına
gəlincə, deyə bilərəm ki, "Baş divanı" yaxud da "Şah Xətai divanısı",
eləcə də "Şah Xətai gəraylısı"nın onun adı ilə bağlamaq məntiqə
uyğundur. "Baş divanı"nın bir sıra özəl şəklidəyişmələri də var.
Məsələn, "Çıldır divanısı". Lakin həmin havanın dastana giriş şəklində,
şövqlə xunması ancaq Göyçə ifaçılığının özəlliyidir. "Şah Xətai
gəraylısı" sovet dövründə "Şaqayı gəraylı" adlandırılırdı ki, bu
qondarmaçılıqdan başqa bir şey deyil. Yeri gəlmişkən, bildirməliyəm
ki, həmin havanın hər bir bəndini "qaytarma" ilə bitirmək də Göyçə
ifaçılıq ənənələrindən irəli gəlir. Başlıca elmi məntiqə görə, sinkretik
sənətdə şer quruluşunun yaranması üçün havacatın varlığı əsas şərt
idi. Və, əgər Miskin Abdal divanı şeri qoşurdusa, deməli artıq "Baş
divanı"nı öncədən yaratmalıydı.
H. İsmayılovun araşdırmasında adı
çəkilən "Şahqalxdı" havası haqqında mən tərəfdən heç bir bilgi yoxdur.
Lakin, çox güman ki, burada "Şahsarayı" nəzərdə tutulur. Həmin hava
1920-ci-1930-cu illərdə Gəncəbasara köçmüş Göyçə aşıqları tərəfindən
yayımlanmışdı. Hazırda çox az ifa olunur.
3. Miskin Abdalın göyçəli olmasına
başlıca tutalqa Göyçə yaşamını özəlliyidir. Tez-tez çap olunan yazılarda
Göyçə vaxtı ilə, Qazax, Tovuz və başqa bölgələrin yaylaq yeri kimi
hallandırılır. Lakin həmin yaylaqlar ancaq 3 yay aylarını, özü də
ancaq dağların yüksəkliklərini çevrələyirdi. Yaylağa gələn
Sarıyaqubda, Ağkilsədə, Zodda, Cildə,
Ağbulaqda yaşaya bilməzdi. Göyçə elatlarının lap əskidən yarıköçəri
həyatı onun "pir" elan olunması9, s. 114) və məktəbdardlığı ilə
heç cür uyuşmur.
Yuxarıda sadalanan araşdırma və
publisist yazılarda Miskin Abdal haqqında bilgilər yetərincədir.
Göyçə aşıq məktəbi üçün ən gərəkli bilgiləri isə qısa şəkildə oxucuya
çatdırmaq istərdim:
O, 1430-cu ildə Göyçənin Sarıyaqub
kəndində Zərgərli tayfasından Cəfər oğlu Məhəmmədin ailəsində dünyaya
göz açıb, çox gözəl və hərtərəfli təhsil görüb. Sonralar Ərdəbilli
Şeyx Heydərin mürşidi və yaxın dostu olmuşdur. 1500-cü ildə Miskin
Abdal gənc Şah İsmayılı Göyçədə böyük hörmətlə qarşılayıb, ona saz
bağışlayır. Həmin andan onların ömürlük dostluğu başlayır. 1501-ci
ildə Miskin Abdal Şah Xətainin dəvəti ilə Təbrizə gəlir və gənc
hökmdarın müşaviri vəzifəsini yerinə yetirməyə başlayır. Eyni zamanda
onun sarayda aşıqlar məclisinə başçılıq etməsi, Şah Xətai ilə deyişmələri
haqqında bilgilər də var.
Miskin Abdal 1514-cü ilədək qonşu
ölkələrdə çoxsaylı diplomatik tapşırıqlar yerinə yetirmiş, Çaldıran
döyüşündə Şah İsmayılla çiyin-çiyinə vuruşmuşdur. Şah Xətai Sarıyaqub
kəndini vergidən azad edərək, daha beş kəndin vergisinin Miskin
Abdal nəslinə çatacağı haqqında fərman imzalayır.9.,s. 109)
Miskin Abdal Şah İsmayıl dünyasını
dəyişdikdən sonra birdəfəlik Göyçəyə qayıdaraq, 1535-ci ildə Sarıyaqubda
105 yaşında dünyadan köçmüşdür. "Miskin Abdal ocağı" isə ən sınanmış
pir kimi indiyədək göyçəlilərin and və inam yeridir. 1988-ci ildə
azərbaycanlılar "Ermənistan" adlanan Qərbi Azərbaycandan zorla qovulduqdan
sonra, həmin ocaq Goranboy rayonunun Qaradağlı kəndinə köçürülüb.
Miskin Abdal tariximizdə Dədə Qorqud
səviyyəli azman şəxsiyyətlərdən biridir. Və, bəlkə də, ondan üstündür.
Çünki haqqında yayılan əfsanələrə baxmayaraq, kimliyini, haralılığını,
əslini-soyunu, yaşadığı illəri dəqiq-düzgün bilirik. Çünki o, saz-söz
yaradıcılığından, lap az olsa belə, bizə öz adı ilə möhürlədiyi
pay qoyub gedib. Onun haqqında araşdırmalar, sözsüz ki, yetərincə
deyil. Lakin, hər balda biz Miskin Abdalı çağdaş anlamda professional,
yüksək səviyyəli Göyçə aşıq məktəbinin (Göyçə saz-söz sənətinin
yox!) ilki, bir növ mürşüdü, xeyir-dua verəni, ustadlar ustadı saya
bilərik. Və əgər 9 qabırğalı, 9 telli və 9 pərdəli sazım, eləcə
də başlıca havacat saxlancının Şah İsmayıl dövrünə yaxın başlıca
əsas, prinsip kimi götürsək, gəldi bu sonucda yanılmarıq11, s.171)
.
İndi isə keçək Ağ Aşığa.