u bölmədə baxılan hüquqlar müəllif hüququ ilə bağlı olan, yaxud
onunla "əlaqəli" hüquqlardır. Bu hüquqlar ona görə əlaqəli hüquqlar
adlanırlar ki, onların tətbiqi əksər hallarda müəllif hüququnun
tətbiqi ilə bağlıdır. Əlaqəli hüquqların üç müxtəlif növü vardır:
1.İfaçıların öz ifalarına olan hüquqları,
2.Fonoqram istehsalçılarının öz fonoqramlarına olan hüquqları.
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun (bundan
sonra "Qanun") 32, 33, 34 və 35-ci maddələri bütünlüklə əlaqəli
hüquqlara həsr edilmişdir.
Əlaqəli hüquqların qorunması deyilərkən müəllifin yaradıcılıq nəticələrinin
müxtəlif üsullarla geniş auditoriyanın nəzərinə çatdırılmasında
bilavasitə iştirak edən adamların hüquqlarının qornuması başa düşülür.
Bəs əlaqəli hüquqların qorunması vacibliyi necə yaranmışdır?
Məlumdur ki, yaradıcı adamlar həmişə öz əsərlərinin geniş dairədə
yayılmasında maraqlıdırlar və buna çalışırlar. Pyes səhnədə oynanmaq,
mahnı müğənni və digər profesionalların ifası, yaxud yazılmaq və
ya efirə verilmək üçün yazılır. Lakin müəlliflərin bunları müstəqil
etmək imkanları məhdud olduğundan əsərin müvafiq formada və üsullarla
təqdim edilməsi prosesində vasitəçi profesionalların iştirakına
zərurət yaranır. Təbii ki, belə vəziyyətdə əsərlərin nəticələrindən
istifadəyə hüquqlar sistemi formalaşır.
Son onilliklər ərzində texniki tərəqqinin sürətinin artması müəllif
və auditoriya arasındakı vasitəçilərin bu kateqoriyasının maraqlarının
qorunması problemlərini getdikcə daha çox ön plana çıxarmışdır.
Əsrin əvvəllərində aktyorun ifası teatr tamaşası ilə, musiqiçi
- ifaçının işi isə konsertin qurtarması ilə başa çatırdısa, bu gün
fonoqramın, kinematoqrafın, radionun, televiziyanın, peyk rabitəsinin
və videomaqnitafonların ixtira edilməsi ilə vəziyyət tamamilə dəyişmişdir.
Səs yazılmasının ixtirası ifaçılıq sənətinə böyük təsir göstərmiş,
fonoqram, radio, televiziya və kinematoqraf ifanın ən müxtəlif daşıyıcılarda
- qramplastinkalarda, kasetlərdə, maqnit lentlərində, kino lentlərində
və s. fiksə edilməsinə imkan vermişdir. Əvvəllər məhdud auditoriya
qarşısında qısamüddətli ifa üçün nəzərdə tutulan əsər indi hətta
milli sərhədlərdən kənarda belə qeyri-məhdud auditoriya qarşısında
dəfələrlə təqdim edilə bilən əsərə çevrilmişdir. Səslərin yazılması
və saxlanması kimi onların istənilən vaxt qeyri-məhdud sayda tirajlanması
da artıq adi hala çevrilmişdir. ideoyazılmanın ixtira edilməsi isə
səslərlə birlikdə obrazların da maddi daşıyıcıda əks olunmasına
və saxlanmasına imkan yaratmışdır.
Beləliklə, ifaçının əməyinin nəticələrinin maddi daşıyıcılarda
yazılması, saxlanması, təkrar istifadəsi və tirajlanması bir sıra
əlavə hüquqların yaranmasına əsas verdi.
Elə bu qaydada da efir yayımı sahəsində tərəqqi əsərdən istifadəyə
öz təcirini göstərdi. Ədəbi və bədii əsərlər səslərə və obrazlara
çevriləndən sonra ifaçı olduğu ölkənin sərhədlərindən kənarda belə
auditoriya üçün əlçatan oldu. İfaçıların əməyinin nəticələrinin
tirajlanmasına və bəzi hallarda ifaçıların özünün iştirakı olmadan
istifadəsinə imkan verən bu texniki nailiyyətlər son nəticədə ifaçıların
maraqlarının qorunması zərurətini yaratmışdır.