Əlaqəli hüquqlar      
      
  N. İsayev           
1   2   3   4  
 
 
make printcopy print copy

Audio və video kassetlər, kompakt-disklər istehsalı sahəsində yüksək texniki tərəqqi də onların istehsalçılarının hüquqlarının qorunması vacibliyinə gətirib çıxarmışdır. Çünki fonoqramların qısa müddətdə yazıla və yayıla bilməsi, həmçinin yazma qurğularının qiymətinin getdikcə aşağı düşməsi bu sahədə piratçılığın artmasına zəmin yaradır. Misal üçün, hər il dünyada həddən artıq sayda qeyri-qanuni audio və video kassetlər, SD-lər istehsal edilir ki, bu da fonoqram istehsalçılarının, ifası fonoqrama yazılmış ifaçıların və fonoqrama yazılmış əsərlərin müəlliflərinin hüquqlarının pozulması ilə müşahidə olunur. Bundan başqa, efir yayımı təşkilatları səsyazmalardan geniş şəkildə istifadə edirlər. Bu, bir tərəfdən ifaçılar və fonoqram istehsalçıları üçün reklam olsa da, digər tərəfdən efir yayımı təşkilatlarının da proqramları onlarsız ötüşə bilmir. Belə halda ifaçıların öz maraqlarının qorunması üçün mübarizə aparması ilə fonoqram istehsalçılarının onlara məxsus mülkiyyətin qeyri-qanuni tirajlanmasına yol verməmək və efir yayımı təşkilatlarından və digər istifadəçilərdən istifadəyə görə qonorar almaq istəyi üst-üstə düşür.

Nəhayət, efir yayımı təşkilatları da haqlı olaraq, özlərinin hazırladığı proqramların qorunmasını, onların digər efir yayımı təşkilatları tərəfindən retranslyasiya edilməməsi tələbini qoydular.

Qeyd edilən tendensiyalar ifaçıların, fonoqram istehsalçılarının və efir yayımı təşkilatlarının xüsusi maraqlar sisteminin sosial mahiyyəti əsasında onların qorunmasını nəzərdə tutan hüquqi bazanın yaradılması zərurətini qarşıya qoydu və həmin hüquqlar sistemi milli qanunvericiliklərdə öz əksini tapmağa başladı. Məsələnin beynəlxalq əhəmiyyət kəsb etməsi həmin hüquq sahiblərinin maraqlarının qorunmasına təminat verən beynəlxalq hüquqi institutların yaradılması ideyasına təkan verdi və nəticədə 1961-ci ildə Roma Konvensiyası təcis edildi.

Milli qanunvericiliklərin sintezindən ibarət olan bir çox beynəlxalq konvensiyalardan fərqli olaraq, Roma Konvensiyasının təsis edilməsinin əsas məqsədi milli qanunvericilikləri təzə formalaşan ölkələri yeni fəaliyyət dairəsini tənzimləyən beynəlxalq normalar sisteminə daxil etmək idi. Konvensiya qəbul ediləndən sonra dövlətlərin bir çoxu (60-dan artıq) Konvensiyanın baxdığı məsələlər üzrə qanunvericilik qəbul etdilər, bir sıra dövlətlər isə bu cür qanunların qəbul edilməsi imkanlarını nəzərdən keçirdilər. Beləliklə, Roma Konvensiyasının qəbul edilməsi nəticəsində əlaqəli hüquqların qorunması da öz beynəlxalq-hüquqi təsdiqini aldı.

N 2. POZULMUŞ HÜQUQLARIN BƏRPASI TƏMİNATLARI

Müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının müxtəlif alətlərinin olmasına və bu sahə üzrə müxtəlif institutların yaradılmasına baxmayaraq, hazırda müəllif-hüquq pozuntularına qarşı mübarizə bütün dünyada bir problem kimi durmaqdadır. Müəllif hüquqlarının pozulması o zaman baş verir ki, digər şəxs tərəfindən əsərə münasibətdə edilən hərəkət xüsusi icazə və razılıq olmadan edilir. Qorunan əsərlərin nüsxələrinin kommersiya məqsədi ilə hazırlanması, həmçinin qanunla nəzərdə tutulmuş icazə olmadan əsərlə bağlı hər hansı kommersiya əməliyyatının aparılması "piratçılıq" adlanır.

Kommersiya məqsədi ilə qanuna zidd hərəkətin həyata keçirilməsi faktı piratçılığın ayrılmaz hissəsidir. Bu o deməkdir ki, piratçılıq, əsasən təşkil olunmuş qaydada həyata keçirilir. Yəni əsərin icazəsiz surətçıxarılmasından sonra onun qeyri-qanuni buraxılmış nüsxələri satılmaqla və ya hər hansı başqa formada yayılır. Bunun üçün müəyyən satış şəbəşkəsinin, yaxud alıcılarla xüsusi əlaqə formasının yaradılması tələb edilir. Bu cür piratçılıqla səmərəli mübarizə vasitəsi kimi nəzərə almaq lazımdır ki, belə qeyri-qanuni tirajlanması və satışın kompleks şəkildə təşkil edən bütöv cinayətkar müəssisə dayanır.

Piratçılığın əvvəllər də mövcud olmasına baxmayaraq, son illər bu pozuntu növü bir az da geniş yayılmış, müəllif hüquqlarının qorunması sisteminin əsasını sarsıtmağa qadir olan bir prosesə çevrilmişdir. Bunun da müəyyən səbəbləri vardır. Bunlardan biri əsərlərin kütləyə çatdırılmasının texniki vasitələrinin tərəqqisi sahəsində əldə edilən böyük nailiyyətlərdir. Adi çap prosesi öz yerini getdikcə daha çox fonoqram, kompakt-kasset, kinofilm, videofilm kimi audio və videoyazmaların texniki vasitələrinə verir. Kompüter bu texniki vasitələrin siyahısını artırmışdır. Rəqəmli texnologiyaların heyrətamiz inkişafı da yaradıcılıq əməyinin nəticəsi olan əsərdən istifadə prosesinə böyük təcir göstərmişdir.

Şübhəsiz, əqli mülkiyyət obyektlərinin yayılması üsullarındakı tərəqqinin nəticələri bütün cəmiyyət üçün faydalıdır və müəllif və onun auditoriyası arasındakı qarşılıqlı münasibətlərin təbiətini zənginləşdirir. Lakin bu nailiyyətlərin müəlliflərin və əlaqəli hüquq sahiblərinin maraqlarına ciddi ziyan vuran piratçılığa geniş imkanlar açması da faktdır.

Müəllif hüquqlarının qorunma sistemi bu cür tendensiyalara tədricən qorunma obyektlərinin (artıq çap olunub) siyahısının artırılması ilə cavab verir. Qanunun 6-cı maddəsinə əsasən müəlliflik hüququnun obyektlərinə aşağıdakılar daxildir:

-ədəbi əsərlər (kitablar, broşuralar, məqalələr, kompüter proqramları və s.)

-dram, musiqili-dram və başqa səhnə əsərləri;

-xoreoqrafiya əsərləri və pantomimlər;

-mətnli və ya mətnsiz musiqi əsərləri;

-audiovizual əsərlər (kino-, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);

-heykəltəraşlıq, rənkkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;

-dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri;


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site