Sadaladığımız muxtəlif tematikalı
bu disklərin bir qismi (1970-cı illərədək) "Melodiya" Ümumittifaq
qrammofon valları firması, digər hissəsi (70-ci illərdən sonra)
onun Gürcüstandakı filialı tərəfindən yazılıb. Ümumiyyətlə 70-90-cı
illərin əvvəlinədək yazılmış disklərin çoxu məhz Tbilisi qrammofon
yazı studiyasının sayəsində həyata keçirilib. O zamanlar, həmin
studiyanın əməkdaşları ildə iki dəfə Bakıya gələr, indi Şəhriyar
adına mədəniyyət mərkəzi adlandırılan klubda bir çox musiqiçi və
aktyorlarımızın ifasında muxtəlif disklər yazardılar. Tbilisi qrammofon
yazı studiyasının ən fəal əməkdaşlarından səs rejissoru Georq Qvişiani,
onun köməkçisi Xaqani Məmmədov və mühəndis Valeri Şvetsovun adları
çəkilməlidir. Disklərin annotasiya müəllifləri isə bizim bir çox
musiqişünaslar - R. Zöhrabov, R. Fərhadova, Z. Qafarova, T. Məmmədov,
A. Əmrahova, M.Şahbazbəyova və başqaları olub.
Qrammofon Valları Evinin səmərəli
fəaliyyətində vacib məqamlardan biri də Azərbaycan milli musiqisinin
audio-video vasitələrlə təbliği, öyrədilməsi məqsədilə yaradılan
ilk komplektli proyektlərin yayılmasıdır. Belə proyektlər hər hansı
bir milli musiqi janrını təqdim edən kitablarla yanaşı onlardakı
musiqi nümunələrini canlandıran səs yazıları, vallar və onlar barədə
muxtəlif dillərdə məlumat verən annotasiyalardan ibarət komplektlərdən
təşkil edilirdi. Buna misal kimi, 1988-ci ildə C. Qaryağdıoğlunun
anadan olmasının 127-ci ildönümü münasibətilə keçirilmiş müsabiqəni
səsləndirən iki vallı komplekt, 1991-ci ildə buraxılmış beş valdan
ibarət "Azərbaycan dilini öyrənirik" (tərtib edənlər Y. Seyidov,
T. Məmmədov, R. Cəfərova) yaxud həmin ildə musiqişünas T. Məmmədovun
"Azərbaycan aşıqlarının ənənəvi havaları" kitabına musiqi əlavəsi
kimi buraxılmış yeddi vallı "Azərbaycan aşıq havaları" silsiləsini
göstərmək olar.
Yeri gəlmişkən Qrammofon Valları
Evinin fəaliyyətinə çox böyük köməklik göstərmiş, onun çətin anlarda
taleyini həll edən direktoru Eyvaz Məmmədov, habelə o zamanlar Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin bəzi məsul işçilərinin həlledici
rolunu qeyd etməliyik. Xüsusilə Davud Qədimov, nazir Zakir Bağırov,
onun müavinləri Teymur Əliyev, Məmməd Ziyadov, sonralar Tariyel
Məmmədov, Polad Bülbüloğlunun adını çəkməliyik. Belə ki, azərbaycan
milli musiqisini təqdim edən bir sıra disklərin yaranmasında, taleyində
onların sözü bütün çətinliklərin qarşısını ala bilmişdir.