Balaban
- Qədim zamanlardan bəri Azərbaycanda çox geniş yayılmış nəfəsli
musiqi alətidir. El arasında ona "yastı balaban", "balaman", "mey"
də deyilir. "Dədə Qorqud" dastanında balabanın adına təsadüf edirik.
Balaban yalnız Azərbaycanda deyil, bir sıra başqa Qafqaz xalqlarının
musiqi alətləri içərisində mühüm yer tutur.
Balabandan
çox zaman ansamblda və balaban duetində istifadə edilir. Balaban
duetində müəyyən bir musiqi əsərini ifa edən usta balabançının yanında
ona dəm tutan ikinci balabançı olur. O, ustanı müşayiət edərək,
xalq arasında deyildiyi kimi, balabançıya "dəm" tutur. Balabanlar
duetində çox vaxt zərb musiqi alətlərindən - nağaradan, dəfdən və
s. istifadə olunur.
Balabanın
ifa imkanları çox genişdir. Bu alətdə muğamları, xalq mahnılarını,
rəqsləri və instrumental pyesləri çalmaq mümkündür. Balabandan aşıq
sənətində də geniş istifadə edilir. Balaban özünəməxsus gözəl və
yumşaq səs tembrinə malikdir.
Balabanın
uzunluğu 280-370 mm.-dək müştüyünün uzunluğu 9-10 mm.-dir. Müştüyün
təxminən ortasına sıxac geydirilir ki, onu hərəkət etdirməklə alətin
səs tonu dəyişilir. Balabanın üst tərəfdən 8, alt tərəfdən isə 1
dəliyi var. Adətən, tut, qoz, ən çox isə ərik ağacından hazırlanır.
Balabanın diapazonu kiçik oktavanın "sol" səsindən ikinci oktavanın
"do" səsindək davam edir. Qeyd etmək lazımdır ki, bu diapozonda
kiçik oktavanın "lya" və "lyab" səslərini çalmaq mümkün deyildi.
Sonralar usta çalğıçıların balabanı təkmilləşdirməsi nəticəsində
bu səslər, eləcə də ikinci oktavanın "reb", "re", "mi" və "mib"
səslərini çalmaq mümkün olmuşdur. Tanınmış milli nəfəs alətləri
ifaçısı və bərpaçısı Usta Əlicavad (İsmayıllı r-nu) milli səslənmə
xüsusiyyətlərini nəzərə alaraq 4 yeni balaban növü yaratmışdır.
Həmin alətlər özünün qeyri-adi zəngin temb keyfiyyətlərinə görə
hazırda xalq çalğı alətləri orkestrinin tərkibini daha da zənginləşdirə
bilərlər. Orkestrdə balaban həm solo, həm də müşayiətçi alət kimi
özünə layiqli yer tutur. Orkestrdə balabanlar üçün dörd növ partiya
yazılır və onlar iki qrupa bölünür: I və II balabanlar əsas melodiyanı
ifa edirlər, III, IV balabanlar isə harmonik fonu saxlayırlar.
Balabanın
fərdi ifaçılıq xüsusiyyətlərinə böyük diqqət yetirərək, Azərbaycan
bəstəkarları orkestr üçün yazdıqları əsərlərdə balabanın solo imkanlarından
məharətlə istifadə etmişlər. Ü.Hacıbəyovun "İkinci fantaziya", M.Maqomayevin
"Azərbaycan çöllərində", H.Xanməmmədovun "Simfonietta"sı və b. əsərlərdə
balabanın solosuna geniş yer verilmişdir.
Azərbaycan
və xarici ölkə bəstəkarlarının əsərlərinin köçürməsi balaban duetinin
ifasında çox gözəl səslənir. Məsələn: F.Şubertin "Serenada", A.K.Küinin
"Oriyental", P.Çaykovskinin "Payız nəğməsi", Ü.Hacıbəyovun "Sevgili
canan", "Sənsiz", F.Əmirovun "Gözəlim sənsən", S.Rüstəmovun "Sərhədçilər
marşı", "Sənindir" və s. əsərləri göstərmək olar.
Balalayka
- Elə musiqi alətləri var ki, onlar hər hansı bir xalqın musiqi
simvoluna çevrilmişlər. Belə ki, ispanları gitarasız, italyanları
mandolinasız, ukraynalıları bandurasız, eləcə də rusları və tatarları
balalaykasız təsəvvür etmək mümkün deyil. Rusiyada balalayka hələ
qədim zamanlardan mövcud olmuşdur. Bu alət haqqında ilk tarixi məlumat
1688-cı ilə təsadüf edir. XVIII-XIX əsrlərdə balalayka Rusiyada
ən geniş yayılmış xalq çalğı aləti idi.
Balalayka
- simli-dartımlı musiqi alətidir. Onun üçbucaq şəkilli çanağı, uzun
qolu və bu qolun yuxarı hissəsinə birləşdirilmiş 3 simi var. Qolun
üzərinə bir-birindən aralı bağlanmış damarlar pərdələri (diatonik
səsdüzümünü) əmələ gətirir. Alət sağ əlin şəhadət barmağı ilə simləri
dartmaq və bütün simləri birgə vurmaqla çalınır.
Qədim balalayka
heç də həmişə üçbucaqlı şəklində olmamışdır. O, oval, yarımdairə
formasında, iki, bəzən isə dörd simdən ibarət olmuşdur.
XIX əsrin
sonunda ilk rus xalq çalğı alətləri orkestrinin yaradıcısı olan
məşhur balalaykaçı V.V.Andreyevin göstərişi ilə mahir ustalar F.S.Paserbski
və S.İ.Nalimov tərəfindən balalayka xeyli təkmilləşdirilmişdir.
Onun qoluna bağlanmış damar pərdələr metal və ya sümük ilə əvəz
edilmiş, onların sayı 12-yə (xromatik səsdüzümünün pillələri üzrə)
çatdırılmışdır.
1887-ci
ildə V.V.Andreyevin eskizləri üzrə bir sıra balalayka növləri hazırlanmışdır.
Bu alətlər ölçüsünə və diapozonuna görə bir-birindən fərqlənərək
müxtəlif adlar daşıyır: pikkolo, prima, sekunda, alt, bas və kontrabas.
V.V.Andreyev
balalaykada ifaçılıq texnikasını inkişaf etdirərək, onu solo-konsert
alətinə çevirmişdir. 1887-ci ildə o, Peterburqda "Həvəskar balalayka
çalanlar dərnəyi" təşkil etmiş və bu dərnəyin əsasında sonralar
Rus xalq çalğı alətləri orkestri yaradılmışdır. Bu orkestr hal-hazırda
fəaliyyət göstərir və V.V.Andreyevin adını daşıyır.
Balet
- Fransız sözü olan "ballet", italyanca "balletto" sözündən olub,
"rəqs" deməkdir. Artıq üç əsrdir ki, bu söz özündə musiqi, rəqs,
dramatik və təsviri incəsənət ünsürlərini birləşdirən teatr tamaşası
kimi anlaşılır. Sintetik janr kimi baletin kökləri qədim dövrlərə
aiddir. Qədim Yunanıstanda, Misirdə, Hindistanda tapılmış mədəniyyət
abidələri həmin sənət növünün ibtidai-icma və quldarlıq dövründə
cəmiyyətin həyatında mühüm rol oynadığını sübut edir. Lakin bu sözün
müasir məvhumda anlamı yalnız İtaliyada -Dirçəliş dövründə başlanmışdır.
Hələ qədimdən burada xalq şənliklərində - karnavallarda şən rəqs
səhnəcikləri ifa edilirdi. Tədricən səhnəciklər müstəqil rəqs tamaşalarına
çevrilməyə başladı.
Fransada
absolyutizm dövründə "saray baleti" - kral, kraliça və saray əyanlarının
iştirak etdiyi təntənəli, təmtəraqlı tamaşalar çox geniş yayılır.
Lakin bu da hələ müasir baletdən çox uzaq idi. Çünki tamaşalardakı
ifaçılar hələ professional rəqqaslar deyildi.
XVII əsrin
II yarısında dahi fransız komediyaçısı Molyer bir neçə balet-komediya
yazır - "Məcburi nigah" ("Brak ponevole"), "Zadəganlıqda meşşan"
("Mehanin vo dvorənstve") və b. Görkəmli fransız bəstəkarı Lülli
isə həmin əsərlərə musiqi bəstələmişdir. O, həm də baletmeyster
kimi rəqslərin quruluşçusu idi. Bu komediya-baletləri Molyerin teatr
truppasının aktyorları ifa edirdilər. Onlar hələ professional rəqqaslar
olmasalar da, bir aktyor kimi təcrübələri var idi. Sonralar bir
çox görkəmli fransız baletmeysterləri (P.Boşan, Feye, J.Nover, K.Blazis)
xüsusi klassik rəqs terminləri işləyib hazırlamışlar ki, bu terminlərdən
müasir baletdə istifadə edilir.
Rusiyada
balet XVIII əsrdə yayılmağa başlamışdır. Saray teatrlarında və təhkimçi
teatrlarda tez-tez məşhur rəqqaslar çıxış edirdi. XIX əsrdə klassik
rus baletinin reformatoru sayılan P.İ.Çaykovski "Qu gölü" və "Yatmış
gözəl" baletlərində musiqili - xareoqrafik dramaturgiyanın əsasını
yaratmaqla balet incəsənətinin inkişaf perspektivlərini müəyyən
etmişdir.
XIX əsrin
sonu və XX əsrdə Rusiyada - balet incəsənəti öz yüksək inkişaf səviyyəsinə
çatmışdır. Artıq bu dövrdə bütün dünyada məşhurlaşmış bir sıra balet
truppaları fəaliyyət göstərməyə başlayır. Bu truppalar P.Çaykovski,
A.Qlazunov, İ.Stravinski, S.Prokofyev, D.Şostakoviç, R.Şedrin, Q.Qarayev
və b. bəstəkarların baletlərini ifa edirlər.
XX əsrin
əvvəllərində Azərbaycanda da balet janrı yaranır və inkişafa başlayır.
1940-cı ildə Ə.Bədəlbəyli ilk milli Azərbaycan baletini - "Qız qalası"nı
yazır. Bu dövrdən başlayaraq bir-birinin ardınca bir sıra görkəmli
balet əsərləri yaranır: S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "Yeddi
gözəl" və "İldırımlı yollarlla", F.Əmirovun "Min bir gecə", A.Məlikovun
"Məhəbbət əfsanəsi" və "İki qəlbin poeması", N.Məmmədovun "Humay",
A.Əlizadənin "Babək", F.Qarayevin "Qobustan kölgələri", F.Əlizadənin
"Boş beşik" və s.
Beləliklə,
uzun-təkamül (evolyusiya) yolu keçmiş balet -musiqili səhnə əsərlərinin
mürəkkəb bir növü kimi formalaşmışdır. Onun əsas tərkib hissələri
musiqi, müxtəlif rəqs növləri və pantomimanı özündə birləşdirən
xareoqrafiya, bədii məzmunu izah edən ssenari (libretto) və bədii
tərtibatdan (dekorasiya, kostyumlar) ibarətdir.
Balet bir
pərdəli və ya çox pərdəli geniş süjetli balet-pyes, balet simfoniya
və ya süjetsiz xoreoqrafik miniatür kimi müxtəlif növlərdə ola bilər.
İfadəli
rəqs hərəkətləri, jest və mimikalar vasitəsilə bədii surətlər aləmi
yaradan baletdə üç əsas rəqs forması üzvi surətdə birləşmişdir:
klassik rəqs, xarakter rəqs və pantomima.
Əsası hələ
XVII əsrdə Fransada yaranan klassik rəqs çox incə və zərif hərəkətlərdən
ibarətdir. Bu rəqsi baletdə adətən, iki ifaçı birlikdə ifa edir.
Onların dueti "pa-de-de" adlanır. Solo rəqs nömrələri isə "variasiya"
adlanır. Opera ariyaları kimi balet variasiyaları da əsərin əsas
qəhrəmanının portretini yaradır, onun xasiyyətini açıqlamağa kömək
edir.
Solo ifaçılarından
başqa, baletdə "kordebalet" adlanan böyük ifaçılar qrupu iştirak
edir. Kordebaletin baletdəki rolu, xorun operadakı rolu ilə müqayisə
edilə bilər. Kordebaletin ifa etdiyi rəqslər heç də həmişə klassik
rəqslər olmur. Əsərin məzmunundan asılı olaraq çox zaman xarakter
rəqslər ifa edilir.Xarakter rəqslərdə müxtəlif xalqların rəqsləri
və musiqisindən istifadə olunur.
Nəhayət,
baletin ən vacib tərkib hissələrindən biri-pantomimadır. "Pantomima"
- yunan sözü olub "təqlid etmə yolu ilə təsəvvür etmək" deməkdir.
Bu hərəkətlər, jestlər vasitəsilə aktyorlar sanki bir-biri ilə "sözsüz"
danışırlar. Pantomimalar tamaşanın məzmununun açılmasına, onun süjetinin
inkişaf etməsinə kömək edir.
Müasir
baletdə klassik rəqs elementləri ilə yanaşı gimnastika və akrobatika
sahələrində tətbiq edilən hərəkətlərdən də geniş istifadə edilir.
|