Barkarolla - İtalyan sözü
olan "barka" - "qayıq" deməkdir. Bu sözdən yaranmış "barkarola"
isə "qayıqçının mahnısı" kimi işlənir.
Barkarola İtaliyanın ecazkar
şəhəri Venetsiyada yaranmışdır. Çoxsaylı adalar üzərində tikilmiş
Venetsiyada demək olar ki, küçə yoxdur. Onu bir-biri ilə kəsişən
kanallar əvəz edir. Evlərin qapıları bir-başa bu kanallara açılır.
Hər qapının kandarına uzun qara qayıqlar - qondola - bağlanır. Şəhərin
içərisində yalnız bu qayıqlar vasitəsilə hərəkət etmək mümkündür.
Sonsuz lent kimi uzanan kanallar boyunca səssiz süzən bu qayıqlarda
yaranan barkarola - qayıqçıların (qandolaçıların) mahnısı öz axıcı
lirik melodiyası, özünəməxsus dalğavari ritmi ilə fərqlənir. Bəstəkarlar
barkarolanın ritmini çox zaman "qondolyera" adlandırırlar. Qayığın
dalğalarda yırğalanmasını xatırladan monoton ritmli müşayiət, minor
ladı və 6/8 ölçü enetsiya barkarolasına xas olan əsas xüsusiyyətlərdir.
enetsiya xalq mahnıları kimi yaranan
barkarolalardan sonra müxtəlif ölkə bəstəkarlarının yaradıcılığında
vokal və fortepiano barkarolaları geniş yer tutmağa başladı. Professional
musiqidə barkarola XVIII əsrdə əvvəl operaların daxilində, sonralar
isə müstəqil vokal, xor və fortepiano əsərləri kimi yaranmışdır.
Mendelsonun "Sözsüz mahnı" fortepiano
məcmuəsində, Çaykovskinin "İlin fəsilləri" fortepiano silsiləsində
barkarola janrından istifadə edilmişdir. Şubert, Şopen, Qlinka,
Lyadov, Raxmaninov və b. bəstəkarların yaradıcılığında barkarolaya
rast gəlmək olar.
Rimski-Korsakovun "Sadko" operasından
"Vedenets qonağının mahnısı" vokal barkarolaya parlaq misaldır.
Qədim zamanlarda Rusiyada Venetsiyanı Vedenets adlandırırdılar.
Bəstəkarın bəstələdiyi ariya - Vedenets tacirinin oxuduğu mahnı
barkarola ritmində yazılmışdır.
Barroko - Bu terminin italyancadan
tərcümədə hərfi mənası - "qəribə", "əcaib", "təmtəraqlı" deməkdir.
Bu sözə hər şeydən əvvəl, plastik incəsənət növündə - barokkonun
möhtəşəmli, təmtəraqlı, dekorativ sinonimi kimi işləndiyi memarlıqda
rast gəlmək olar.
XVII əsr - XVIII əsrin ortalarında
Avropa incəsənətində üstünlük təşkil edən bədii üslub kimi barokko
- klassizm və rokoko üslubundan fərqli olaraq, dövrün dərin daxili
ziddiyyətlərini daha aydın əks etdirirdi. Mütərəqqi fikirlərin fəal
inkişafı, mənəvi insani keyfiyyətlərin yüksəlməsi ilə səciyyələnən
bu dövrdə Q.Qaliley, B.Paskal, İ.Nyuton, J.B.Molyer, C.Svift, Rembrandt,
Velaskes kimi dahi şəxsiyyətlər yaşayıb-yaratmışdır.
Barokko üslubuna xas olan zidiyyət,
dinamizm musiqi incəsənətində də öz parlaq əksini tapmışdır. Musiqidə
uzun əsrlər hökmranlıq edən polifonik yazı üslubu bu dövrdə öz yüksək
inkişaf zirvəsinə çatır. Digər tərəfdən, Dirçəliş dövründən başlayaraq,
insanın daxili aləminin zənginliklərini dərindən əks etdirmək cəhdi
musiqidə tamamilə yeni tip yazı üslubunun - homofoniyanın geniş
yayılmasına zəmin yaradırdı. Homofoniyada müşayiətedici səslərin
üzərində səslənən həyəcanlı, dinamik melodiya üstünlük təşkil edir.
Tədricən homofoniya və onun major-minor
quruluşlu harmonik sistemi qədim ladları əvəz edərək musiqi incəsənətinin
bütün sahələrinə yayılır, müxtəlif musiqi janrlarının (opera, oratoriya,
kantata, süita, solo və ansambl sonataları, konsert və s.) yaranmasına
təkan verir.
Barokkonun mühüm fərqləndirici cəhətlərindən
biri də bu və ya digər janrın şərhində məhdud çərçivədən kənara
çıxan improvizasiya sərbəstliyi idi. Təbii ki, belə olan surətdə
virtuoz (mahir ifaçı) musiqiçiyə daha kamil bir alət lazım idi.
Bu dövrdə məharətli italyan ustaları A.Amati, C.Qvarneri, A.Stradivarinin
yaratdıqları skripka, alt, violençel kimi kamil musiqi alətləri
öz incə məlahətli səsi ilə bu gün də bizi valeh edir.
Barokko incəsənəti o dövrün bir
sıra görkəmli bəstəkarları - K.Monteverdi, H.Pörsell, A.Korrelli,
A.Vivaldi, H.F.Hendel və xüsusilə də İ.S.Baxın yaradıcılığında yüksək
bədii zirvəyə çatmış, sonrakı dövrlərin musiqi incəsənətinin inkişafı
üçün zəngin zəmin yaratmışdır.
Bas - İtalyan sözü olan "basso"
- "alçaq", "bəm" kimi tərcümə edilərək, vokal səsləri içərisində
ən qalın kişi səsinə deyilir. Bas səsinin diapozonu böyük oktavanın
"fa" səsindən birinci oktavanın "fa" səsinədək davam edir.
Bir çox məşhur opera partiyaları
bu səs üçün yazılmışdır: M.Qlinkanın "İvan Susanin" operasından
- Susanin, Borodinin "Knyaz İqor" operasından - Vladimir Qalitski
və Konçak, Qlinkanın "Ruslan və Lüdmila" operasından - Farlaf, Rossininin
"Sevilya bərbəri" operasından - Bazilio, Ş.Qunonun "Faust" operasından
- Mefistofel, Prakofyevin "Müharibə və sülh" operasıqndan - Kutuzov
və s.
Bas səsi olan məşhur opera müğənnilərindən
F.İ.Şalyapin, A.Piroqov, M.Mixaylov, İ.Petrov, B.Qmırya, Y.Nesterenko
və b. misal göstərmək olar.
"Bas" səsinin yalnız rus xor musiqisində
rast gələn ən qalın səsli "bas-oktavist" adlanan növü də mövcuddur.
Bayatı - "Bayat" adlı qədim
Azərbaycan qəbilələrinin adından götürülmüşdür. Şifahi xalq yaradıcılığında
hər bəndi dörd misradan ibarət olan lirik xasiyyətli şer forması,
eləcə də vokal musiqi janrı "bayatı" adlanır. Bayatının dörd misradan
ibarət qısa olmasına baxmayaraq, onun hər bir misrasında dərin fikir,
müəyyən bir fəlsəfi yozum ifadə olunur.
Bayatı-şiraz (məqam) - Azərbaycan
milli musiqisinin əsasında duran 7 başlıca məqamlardan (ladlardan)
biri.