Ümumiyyətlə, 1917-25-ci
illər Üzeyir Hacıbəyovun musiqi yaradıcılığında nisbətən az məhsuldar
dövr kimi qiymətləndirilir. Lakin əslində bu dövr Üzeyir bəyin bir
publisist, maarifçi, pedaqoq və ən nəhayət yetkin ictimai və siyasi
xadim kimi yüksəlişi dövrüdür. 1918-20-ci illər Ü.Hacıbəyov həyatında
xüsusilə əlamətdardır. Mə'lumdur ki, hələ 1918-ci ilin martında
Bakıda bolşeviklərlə erməni daşnaklarının birgə sə'yi nəticəsində
dinc əhaliyə qarşı cinayətkar soyqırımı həyata keçirilirdi. Vəziyyət
günü-gündən pisləşirdi. Bunları görən və milli ziyalılarımızı, mədəniyyət,
incəsənət xadimlərindən bir qrupunu gözlənilən faciələrdən qurtarmaq
üçün N.Nərimanov Ü.Hacıbəyova və onun rəhbərlik etdiyi teatr truppasına
müvəqqəti İrana köçməyi israr etdi. Doğrudan da, 1918-ci il iyun-sentyabr
ayları İranda olduğu zaman Bakıda Üzeyir bəyin yaşadığı məhəllədə
növbəti erməni gülləbaranında bəstəkarın evi də yandırıldı və külli
miqdarda əlyazması, əsərləri və qiymətli sənədlər məhv oldu. Bəlkə
bu gün sorağında olduğumuz neçə-neçə opera, operetta və s. əsərlərin
nişanələri həmən mənfur erməni gülləbaranında güdaza getdi.
Bütün bunlara baxmayaraq
o dövrün mətbuatından mə'lum olur ki, Ü.Hacıbəyov 1918-20-ci illərdə
bir neçə diqqətəşayan əsərlər yaradıb. Pantürkist ruhlu "Milli marş",
"Azərbaycan marşı", "Azərbaycan" və "Dağıstan" balet miniatürləri
o dövrün məhsullarıdır. Lakin bu əsərlərdən də bu günümüzə ayrı-ayrı
parçalar, variantlar gəlib çıxmışdır. Doğrusu, 10 il əvvəl Azərbaycanın
musiqi ictimaiyyəti "Milli marş", "Azərbaycan marşı", "Çırpınarkən
qara dəniz" əsərlərindən xəbərsiz olduğu halda, qardaş Türkiyədə
bunlar nəşr edilir, ifa olunurdu. Bu əsərlərin 70-80-il öncə hansı
vasitə ilə Türkiyəyə gedib-çıxması, bu günümüzə qədər yaşaması,
əlbəttə, başqa bir yazının mövzusu ola bilər.
Çox az oxuculara
mə'lumdur ki, hələ 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının
rəsmi dövlət himni üçün keçirilən müsabiqədə Ü.Hacıbəyovun "Milli
marş"ı I mükafata layiq görülərək 15000 rubl məbləğində pul ilə
təltif olunmuşdu. əsər ilk dəfə səslənərkən hökumət ərkanı ayaqüstü
onu dinləmişdir. /"Azərbaycan" qəzeti, 14 noyabr 1919/. 1920-ci
il aprel çevrilişindən sonra "Milli marş" qadağan olunmuş, not materialları
itirilmişdi. Bu əsər haqda ilkin variant 1966-cı ildə türk musiqişünası
Etem Üngörün Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabından
aşkar olunmuşdur. Lakin sonradan Ramazan Xəlilovun sə'yi ilə əsərin
ilkin klaviri və bə'zi orkestr səsləri əldə edilmişdi. əlbəttə,
bu böyük qələbə idi, çünki artıq unudulmuş, yaddaşlardan silinmiş,
lakin özündə dərin ictimai, siyasi, mə'nəvi mə'na və əhəmiyyət yaşadan
tarixin parlaq bir səhifəsi yenidən oxundu. Bu gün respublikamızın
himni e'lan edilmiş "Azərbaycan marşı" da 1919-cu ildə Ü.Hacıbəyovun
bəstələdiyi və o illər hər səhər məktəblərdə, hərbi hissələrdə gənclərin
şövqlə oxuduğu daha parlaq bir əsərdir. Bu iki marş haqda bu sətirlərin
müəllifi hələ 1989-cu il 14 iyul tarixli "ədəbiyyat və incəsənət"
qəzetində daha müfəssəl olaraq "Üzeyir Hacıbəyovun iki marşı" məqaləsində
yazmışdır.
Bu günə kimi mübahisə,
ehtimal, tərəddüd doğuran məsələlərdən biri də Üzeyir bəyin "Koroğlu"
operasından sonra neçə opera üzərində işləməsi ilə bağlıdır. Yadımıza
salaq ki, Ü.Hacıbəyov "Koroğlu"dan əvvəl "Şahnamə" mövzusunda "Dəmirçi
Gavə" adlı opera yazmaq niyyətində idi. Hətta M.S.Ordubadiyə operanın
librettosunu yazmağı xahiş edir və müəyyən müddət birgə çalışırlar.
Lakin Heydər İsmayılovun
"Koroğlu" dramı ilə tanış olduqdan sonra, əsil milli qəhrəman kimi
Koroğlu obrazının opera mövzusuna daha yaxın, daha layiq olduğunu
dərk edir və yenə M.S.Ordubadi ilə bu mövzunu işləməyə başlayır.