II
...Bir
gün Üzeyir bəy bir neçə nəfərlə ayaqüstü söhbət edirmiş. Bu zaman
bir nazənin xanım onların yanından ötüb keçir. Üzeyir bəyin gedən
xanımın ardınca zənnlə baxdığını hiss edən həmsöhbətlərindən biri:
-Bu
nədir, Üzeyir bəy? Özün Məşədi İbadı lağa qoyursan, amma indi gedən
xanımdan gözünü çəkə bilmirsən - deyə zarafat etmək istəyir.
Üzeyir
bəy də zarafatından qalmır:
-Düz
deyirsən, əgər haqq dünyası var isə Məşədi İbad orada mənim atamı
yandıracaq.
* * *
Yaxın dostlarından
biri Üzeyir bəydən soruşur:
-
Üzeyir bəy, axı niyə sən Məşədi İbadı belə rüsvay etdin? 50 yaşlı
kişi üçün cavan qıza evlənmək həvəsi təbii bir şeydir...
Üzeyir
bəy gülümsəyib deyir:
..."Məşədi İbadı" yazan vaxtı mən cavan idim. 25 yaşım vardı və
50 yaş mənə çox qoca görünürdü. Amma indi özün 60-ı haqlamışam və
başa düşürəm ki, kişini çox nahaq incitmişəm.
* * *
...Müharibə
/II cahan/ illəri idi. Bütün xalq kimi opera teatrının solistləri
də ərzaq sarıdan korluq çəkirdilər. Bir gün "Koroğlu" rolunu rusca
ifa edən Azərb.SSR-in xalq artisti A.A.Drozdovun səhnədə taqətsiz
olduğunu hiss edən Üzeyir Hacıbəyov onu yanına çağırtdırır və zəifliyinin
səbəbini soruşur. Cavabında A.Drozdov ac olduğunu və bütün günü
heç nə yemədiyini söyləyir.
Bu
sözlərdən sarsılan Üzeyir bəy Mircəfər Bağırovun qəbuluna gedir,
əhvalatı söyləyib artistlər üçün I kateqoriya ərzaq təchizatı tələb
edir. Üzeyir bəyə həmişə hörmət edən və onun fikrilə razılaşan M.C.Bağırov
bu haqda tezliklə sərəncam verir.
Bu
əhvalatdan bir qədər sonra Üzeyir bəy opera teatrının digər solisti
- Yaqub Rzayevə rast gəlir. Boğazını şərflə sarımış və yazıq görkəm
almış Yaqubdan Üzeyir bəy soruşur ki, nə var, nə olub?
-Üzeyir
bəy, vallah deməyə utanıram, amma deyəsən səsim batır... Həkimə
də getmişdim. Dedi ki, sən gərək çoxlu yumurta içəsən, yoxsa səsin
lap batacaq. Amma yumurtanı hardan tapım, çörəyi güclə tapırıq...
Yaqubun
sözlərində sadəlövh hiylə olduğunu hiss eləyən Üzeyir bəy gülümsəyib
deyir:
-Yaqub,
xətrinə yumurta düşüb, başqa məsələ... bir təhər taparıq səninçün.
Amma səsin batmağı, açılmağı yumurta ilə olsaydı, onda gərək toyuğun
gerisi "Şahnaz" oxusun...
|