"Qız qalası" baletinin o zamankı M. F. Axundov adını Azərbaycan
Dövlət opera və balet teatrı səhnəsində ilk quruluşu respublikanın
xalq artisti, rejissor İ. Hidayətzadə və baletmeyster V. İ. Vronski
tərəfindən həyata keçirilmişdi. Tərtibatçı rəssam, respublikanın
əməkdar incəsənət xadimi F.Qusak idi. Həm rejissor, Həm baletmeysterin
quruluşda cəsarətli addımları başlıca məqsədə çatmaq, - xalq rəqsləri
ilə Avropa rəqs texnikasını çarpazlaşdırmaq yönündə atılmışdı. Yəni
milli çalarlar mütləq saxlanmalı idi. Və baletin musiqisi də həmin
məqsədə imkan verirdi. Baletin məzmunundan irəli gələn "divertismentli"
səhnələşdirmələrə baxmayaraq, burada maraqlı və kəskin-dramatik
səhnələrə də yer verilmişdi. Lakin quruluşda əsas vurğulanma Poladla
Gülyanağın alovlu və mətin sevgisi çevrəsinə düşürdü.
Tamaşada məzmunun açıqlanması yönündə pantomimadan geniş faydalanmışdılar.
Eyni zamanda baletin quruluşunda "variasiya" və "adajio"-lar, "Sonalar
gölü", "Raymonda", "Don Kixot" baletlərində olduğu kimi, klassik
ənənələrə uyğunlaşdırılmışdı.
Gülyanağın ilk ifaçısı - ilk azərbaycanlı balerina Qəmər Almaszadənin
çıxışı çox yüksək dəyərləndirmişdi. Onun ilhamla, şövqlə Gülyanaq
surətini rəqslə təfsiri (açması), gənclik təravəti ilə dramatik
yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən, biri-biri
ilə səsləşən, coşğun heyranlıqla qarşılanmışdı. 25 aprel 1940-cı
il tarixli "Pravda" qəzetində Ü. Hacıbəyov baletin tamaşaya qoyulması
ilə bağlı çıxış edərək yazırdı:
"İstedadlı balerina Q. Almaszadə ayrıca vurğulanmalıdır. Öz ifasında
o, xoreoqrafiya sənətinin çağdaş texnikası ilə xalq rəqsini yaradıcı
şəkildə birləşdirə bilmişdir. Onun yaratdığı Gülyanaq surəti inandırıcılığı,
dolğunluğu, bütövlüyü ilə seçilir və uzaq keçmişdən bizlərə xatirə
kimi görünən "azərbaycanlı qadının faciəsinin ifadəsi kimi bizi
həyəcanlandırır. "
Baletin ilk quruluşunda Cahangir xanın surəti sırf pantymima kimi
düşünülmüşdü və A. Urvantsevin ifasında olduqca yaddaqalan surət
kimi tanınırdı. Poladın igid, barışmaz surəti isə sonralar respublikanın
xalq artisti adı qazanmış, o zaman gənc Konstantin Bataşova tapşırılmışdı.
"Qız qalası"nın 1959-cu ildə daha yeni, - ikinci quruluşunun baletmeysteri,
sonralar SSRİ xalq artisti və professor adına layiq görülmüş Q.
Almaszadə idi. Onun qardaşı Ənvər Almaszadə tamaşaya yeni bədii
tərtibat vermişdi. 1959-cu ilin yeni redaksiyasında Poladla Gülyanağın
faciəsi, Cahangir xanın zalım yaramazlığı daha kəskin vurğulanmışdı.
Bununla bağlı "Sovetskaə kulğtura" qəzetinin 28 may 1959-cu il tarixli
sayında çap olunmuş tənqidçi - sənətşünas N. Elyaşın "Azərbaycan
baletinin tamaşaları" başlıqlı məqaləsində oxuyuruq:
..."Baletmeyster əfsanəvi surətləri genişmiqyaslı, el gücünü əks
etdirən, onun daşıyıcıları olan qəhrəman surətlər kimi təfsir edir.
Səmimi, coşğun gənc Poladın da, zərif, həyəcanlı Gülyanağın da səhnə
yaşamında biz lap öncədən yenilməzliyi, barışmazlığı duyuruq. Və
əsərin faciəli sonluqla bitməsinə baxmayaraq, məhz belə təfsir sayəsində
"Qız qalası" qəhrəmanlıq ruhunda, olduqca nikbin səslənir. "
1959-cu il quruluşunda xan surətinin tamamilə yeni təfsiri ilə
rastlaşırıq ki, bu da əsərin bədii kəsərini qat-qat artırır. 2-ci
redaktənin uğurlarından elçilik edən qadın surətini göstərmək olar.
Xumar xanım Zülfüqarovanın ifasında həmin surət də olduqca bədii
kəsərli və yaddaqalan idi. Baletin ən gərgin dramatik məqamları
hadisələrin gedişində rəqs yolları ilə öz həllini tapırdı. Əlbəttə,
belə tapıntılar ilk növbədə baletmeyster istedadından irəli gəlirdi.
"Qız qalası"nın 2-ci redaktəsinin ifaçıları arasında SSRİ xalq
artisti Leyla Vəkilovanı ayrıca vurğulamaq lazımdır. Onun səmimiyyət
və ilhamla yaratdığı Gülyanaq surəti sevgilisi Poladla səhnələrdə
şairanəliyi, Cahangir xanla səhnələrdə isə yenilməzliyi ilə seçilirdi.
Əsərin proloqunda bədbəxt ananın ümidsizliyini də, sonrakı səhnələrdə
gənc qızın düşdüyü çıxılmaz vəziyyəti də Leyla Vəkilova rəqs dili
ilə tamaşaçılara inandırıcı çatdıra bilirdi. "
L. Vəkilovanın oyundaşları arasında Cahangir xanın öz qəddarlığı
qədər parlaq surətini yaratmış K. Bataşovun və öz sevgisini xanın
pəncələrindən igidliklə qorumağa çalışan Polad surətinin yaradıcısı,
respublikanın xalq artisti Məsud Məmmədovun adları balet tariximizdə
silinməz izlər qoymuşlar.
Beləliklə, "Qız qalası" baleti 60 illik səhnə ömrü sürdü və yüzilliklərin,
daha doğrusu, minilliklərin keçidində... . tamamilə yeni libretto
ilə yeni quruluşda, yeni orkestr çalarları və yeni bədii tərtibatla
səhnə ömrünə yenidən başladı... .
...Baletin ilk librettosu onun müəllifi Əfrasiyab Bədəlbəylinin
qələmindən çıxan bütün ədəbi, publisistik və elmi əsərlərə xas olan
düzgün biçimliliyi ilə seçilirdi. Gəlin qısaca da olsa, yada salaq.
Proloq. Qəddarlığı ilə tanınmış Bakı hökmdarı Cahangir xan, oğlu
- varisi doğulacağını səbirsizliklə gözlədiyi halda, qızının dünyaya
gəlişini qəzəblə qarşılayır. O uşağı öldürməyi, anasını isə köləyə
çevirməyi əmr edir. Lakin vəzirin uşağa yazığı gəldiyindən, onu
dayəsinə verib, saraydan gizlicə çıxmalarına kömək edir...
...Artıq 18 il keçmiş və körpə qızcığaz füsunkar gözələ çevrilmişdir.
Həmişə şən, gülərüzlü Gülyanaq xoşbəxtdir, çünki onun sevib-seçdiyi
Polad adında igid var. Və talelərinin birləşəcəyi gün artıq yaxınlaşıb.