«Qız Qalası»:       
III miniliyə vəsiqə 
     
  L. Həsənova            
1   2   3   4   5  
make printcopy print copy
        
Video: First
Audio: Clip 1
Audio: Clip 2
Audio: Clip 3

Toyun ən qızğın yerində xan öz adamları ilə qasırğa kimi kəndlilərin üstünü alır. Qızın gözəlliyi və vaxtı ilə sevdiyi keçmiş arvadı ilə oxşarlığı onu heyrətə salır. Xan qərar verir ki, Gülyanaq onun arvadı olmalıdır. Lakin Polad sevgilisindən əl çəkə bilməz və onun uğrunda zülmkarla mübarizəyə hazırdır. Cahangir xanın əmri ilə Polad ölməlidir. Öz sevgilisinin həyatını xilas etmək üçün Gülyanaq xanın arzusunu yerinə yetirməyə razılaşır, lakin şərt qoyur: xan onun üçün dənizlə dövrələnən hündür qala tikdirməlidir. Cahangir xan razılaşır və onun əmri ilə kəndlilər hər yerdən qovulub tikintiyə gətirilirlər.

Nəhayət, qala tikilib qurtarır. Xan toyu başlamağı əmr edir. Hətta Gülyanağın onun doğma qızı olduğunu öyrənsə də, ondan əl çəkmək istəmir. Poladla xanın döyüşü sonuncunun ölümü ilə qurtarır. Cahangir xan üçün onun məhəbbəti rəmzi olan qala, Gülyanaq üçün ölüm qülləsinə çevrilir: ümidzisliyindən o özünü dənizə atır...

1959-cu ilin mayında Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə hazırlıq dövründə "Qız qalası" baleti bəstəkar tərəfindən yenidən işlənmişdi. Dəyişmələr aşağıdakılardan ibarət idi:

İlk libretto və redaktədə xanın öz adamları ilə kəndə soxulması öz hərəmxanasını genişləndirmək məqsədi güdürdü. Gülyanağın gözəlliyinə valeh olan hökmdar onunla evlənmək qərarına gəlir. Və, Gülyanağın onun doğmaca qızı olduğunu biləndə belə, qərarını dəyişmir.

1959-cu ilin yeni redaktəsində Cahangir xan Gülyanağın keçmiş arvadı ilə qəribə oxşarlığından heyrətə gəlir, lakin onun özünün doğma qızı olduğunu son məqamda öyrənir. Milli çaları gücləndirmək üçün elçi qadın surəti də artırmalardan biridir.

2-ci redaktədə tikinti səhnəsinə yenidən baxılmış, daha sonra isə həmin səhnə qısaldılmışdı. Tikinti səhnəsindən sonrakı "Xanın xəyalları" şəkil-bölməsi "Poladın xəyalları" şəkil-bölməsi ilə əvəzlənmişdi. Həmin şəkil - bölmə qaranlıq məhbəsə salınmış Poladın sevgilisi haqqında düşüncələri, onun yuxusunda Gülyanağa qovuşmağı (İrəm bağında) və şərlə zorakılıq rəmzi Şəddadla qarşıdurması səhnələrindən ibarət idi.

1959-cu ildə Moskva ongünlüyü üçün Aypərinin Gülyanaq haqqında söylədikləri (xanın doğma qızı olduğu haqqında!) I pərdədən III pərdəyə keçirilmişdi. Sonrakı dövrdə daha bir sıra dəyişikliklər aparılmışdı. Məsələn, II pərdə - "Poladın yuxusu", "Gülyanağın yuxusu" ilə əvəzlənmiş, lakin sonrakı məzmun olduğu kimi saxlanmışdı.

Bugünkü redaktə və quruluşda baletin dramaturji xətti köklü dəyişdirilib. İlk növbədə, uzaq keçmişdə xan qızının dünyaya gəlişinin sonralar sirrə çevrilməsini açıqlayan Proloq tamaşadan çıxarılıb.

Balet I pərdədən başlayır və burada öz gənc dostlarının dövrəsində Poladla Gülyanaq toylarına hazırlaşırlar. "Aypərinin xatirələri" səhnəsində, - öncəki redaktələrdə, Gülyanaq (atasının bağışladığı) bilərziyi yerə salır və heyrətlə belə bahalı bilərziyin hansı yolla əldə edildiyini soruşur. Aypəri düşüncələrində uzaq keçmişə qayıtsa da, belə əziz gündə qanqaralıq salmamaq üçün bilərziyi özünün bağışladığını bildirir.

Bugünkü, sonuncu quruluşda həmin səhnə köklü dəyişdirilib: Aypəri Gülyanağın toya hazırlığını tələsdirir.

Öncəki redaktə və quruluşun III pərdəsində, o zamanki tamaşaçıların səbirsizliklə gözlədikləri "Aypərinin sirri açması" səhnəsində həmçinin. Yeni quruluşda Aypərinin saraya gəlişi ancaq xana yalvararaq qızın nişanlı olduğunu bildirməsi və ona rəhm edərək taleyi ilə oynamamaq xahişi ilə bağlıdır. Əlbəttə, bütün məzmun dəyişmələri də, öz növbəsində, yeni libretto ilə bağlıdır.

Sevindirici haldır ki, bu gün Gülyanaq surəti Azərbaycan Respublikasının əməkdar artisti Mədinə Əliyevaya tapşırılıb. Artıq 60 il ərzində unudulmaz gülyanaqlarımız olub və yəqin ki, gələcəkdə yenilərini görəcəyik. Lakin Mədinə xanımın ifasının öz oxşarsız özəllikləri var. Biz onu biri-birindən köklü seçilən öncəki və sonuncu quruluşlarda görmüşük. Və bizim fikrimizcə, əsərdə qeyri-səmimilik və qondarmaçılıqdan uzaq, tamaşaçının yaşantılarını oyadan və tamaşadan sonra düşündürən başlıca qəhrəman surəti yaratmaq üçün şəxsiyyətin bütövlüyü gərəkdir. Mədinə xanımın yaratdığı Gülyanaqda oynaqlıq, şuxluqla yanaşı, sədaqət və yüksək mənəviyyat görürük və duyuruq. Əlbəttə, dediklərimiz səbəbsiz deyil, lakin həmin səbəbləri açıqlamaqdan ötrü çağdaş Gülyanaq - Mədinə Əliyevaya müraciət etməyə üstünlük veririk.

Sual: Öncəki quruluşda Siz proloqda ana, I pərdədən başlayaraq Gülyanaq surətini "canlandırırdınız". İki taleyin eyni tamaşada təfsiri nə dərəcədə sonrakı redaktədə Sizə kömək edib? Yaxud da çətinliklər yaradıb?

Mədinə Əliyeva: Yeni quruluş tamamilə yeni məzmun və yeni libretto deməkdir. Və, təbii ki, Gülyanağı dəyişdirmək və üzərində cərrahiyyə işi aparmaq yox, yeni Gülyanaq yaratmaq lazım gəldi. Librettoda "ata-qız" xətti artıq yoxdur, sevgililəri biri-birindən ayırıblar, lakin hər ikisi ilqarından dönmür. Və tamaşanın faciəli sonluğuna baxmayaraq, onların məhəbbəti mənəvi saflıq və yenilməzlik rəmzi kimi ucadan da ucadır.

Sual: "Qız qalası" şəxsən Sizin üçün nə deməkdir? Bizim o zamankı nəsil, - mən Qəmər xanımın şagirdləri olan qızları nəzərdə tuturam, - hər tamaşanı səbirsizliklə gözləyirdik. Biz həmin tamaşaların kordebaletində ilk sənət təcrübəmizi keçmişik. Elçi qadınla səhnə, toy rəqsləri və daha nələr, nələr...


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site