Xatırlayıram ki, toy adətlərimizin
bəzilərini biz həmin baletin gedişindən öyrənmişik. Məsələn, gəlinin
başına noğul və başqa şirniyyat səpələmək adəti və çox-çox başqaları.
Və unudulmaz Leyla Vəkilova, Konstantin Bataşov, Məsud Məmmədov
indi də gözlərimiz önündədirlər. Təbii ki, Sizin keçmişin xoreoqrafiyası
və ifaçılarına öz baxımınız və görüntüləriniz var?...
Mədinə Əliyeva: - Xoreoqrafik mətnə
gəlincə, deyə bilərəm ki, imkan daxilində istər klassik rəqs səhnələrini,
istərsə də milli çalarlı rəqsləri qoruyub saxlamağa çalışmışıq.
Çünki, "Qız qalası" baleti necə olursa-olsun, - səhnədə yaşamalıdır
və biz onu yaşatmalıyıq. "İlk milli baletimiz" deyimi ilə kifayətlənmək
çox azdır, bu əsər Azərbaycan klassik irsinin incilərindən biridir.
Bu balet milliliyi ilə özündən sonra yaradılan bütün baletlərdən,
mənim fikrimcə, çox fərqlənir. Azərbaycan baletinin başlanğıc nöqtəsi,
milli xoreoqrafiyanın örnəyi "Qız qalası"dır. Və bu gün də həmin
əsər öz əhəmiyyətini, bədii dəyərini nəinki itirməyib, əksinə, bu
dəyər getdikcə böyüyür, artır. "Qız qalası" Azərbaycan balet ustalarının
korifeylər qalereyası, milli mədəniyyətimizin ölməz yaddaşıdır.
...Belə bir teatr deyimi var ki,
"ifaçı-son nəticədir". Və belə deyimdən irəli gedərək, sənət dalğıcı
kimi bir az "dərinə baş vurmağı" qarşıya məqsəd qoyduq. Sözü, arxadan
başlamaq şərtilə, yaradıcı qrupun iştirakçılarına veririk.
Yulana Əlikişizadə - Balet truppasının
bədii rəhbəri.
Sual: Yeni redaktə üzərində
yaradıcılıq işinin çətinlikləri, həyəcan və sevincləri, yəqin ki,
olub?
Cavab: Librettonun yeniliyi
özünü doğruldur, tamaşanın mahiyyətcə uduşu göz qabağındadır. "Qız
qalası" çox uzun səhnə ömrü sürüb, tamaşaçı alqışları qazanıb. Lakin
məzmunda "ata-qız" xətti həmişə təəccüb doğurur, milli mənəviyyata
heç cür uyğun gəlmirdi. Hazırki baletin başlıca ideyası isə zülmkar
hökmdarın məhəbbət, sədaqət və mənəviyyatla, saflıqla mübarizədə
məğlubiyyətidir.
Baletin xoreoqrafiyasına gəldikdə
isə, Qəmər xanım Almaszadənin quruluşundan mümkün olanı saxlamışıq.
Yeni partitura və libretto ilə bağlı bir sıra lazımsız bölümləri
çıxarmaq şərtilə.
Bir sıra rəqs bölümləri, mən deyərdim,
uğurlu alınıb. Məsələn, I və III pərdələrdə. Dövlət rəqs ansamblının
iştirakına gəldikdə isə, milli baletdə belə rəqqasların çıxışları
maraqlıdır və lazımdır.
Uğurlarımızdan biri də budur ki,
biz çox qısa zamanda, Polad və Cahangir xan surətlərinin yaradıcıları
olmuş iki cəngi - Gülağası Mirzəyev və Yuri Lobaçovu hazırlaya bilmişik.
Onlar üçün belə böyük yaradıcılıq işi çox böyük peşəkarlıq imtahanıdır.
Burada hər iki gəncin inadcıllığı və ruh yüksəkliyi ilə Azərbaycan
Respublikasının əməkdar artisti Mədinə Əliyevanın təcrübəsini və
köməyini əsirgəmədiyini ayrıca vurğulamalıyam. Əlbəttə, tamaşadan-tamaşaya
qazanclarımızı, bir növ, cilalamağa çalışırıq.
Sual: Yeni tamaşa və onun
hazırlığı ümumilikdə teatra, eləcə də balet truppasına nə verdi?
Və deyilənlərlə bağlı hansı planların işartıları görünür?
Cavab: Bu günkü günümüzdə
hər bir yeni tamaşa çox sayımlı hadisədir. Lakin "Qız qalası" qeyri-adi
hadisədir. Bir tərəfdən, uşaqlıqdan tanıdığımız və sevdiyimiz, digər
tərəfdən tamamilə yeni balet. Truppa böyük ruh yüksəkliyi ilə, maraq
və tam qüvvəsilə çıxış edir. Və belə qeyri-adilik gələcək üçün ilhamlandırıcı,
həvəsləndirici amildir. Gələcəkdə isə Q. Qarayevin "Yeddi gözəl"
və F. Əmirovun "Min bir gecə" baletlərini bərpa etmək əzmindəyik.
Əlbəttə, maliyyə çətinlikləri aradan qalxsa, çünki dekorlar və kostyumlar
teatrın səviyyəsinə uyğun deyil. Qısası, teatrın rəhbərliyi və daha
"yuxarıların" köməyinə ümid edirik. Son hökumət qərarı belə ümidlərin
hazırda əsaslı olduğunu göstərir.
Afaq MƏLİKOVA - Azərbaycan Dövlət
rəqs
ansamblının bədii rəhbəri, respublikanın xalq artisti.
Sual: - Afaq xanım, Sizin
ansambl ilə gərgin məşqləriniz, rəqslərin yeni quruluşu və Qəmər
Almaszadədən sonra belə böyük məsuliyyəti öz üzərinizə götürməyiniz,
tamaşaya, xüsusilə də xoreoqrafiya məktəbi divarları arasında belə
böyük maraq, - bütün bunlar bütövlükdə bizi olduqca həyəcanlandırdı.
Bilmək istərdik ki, belə məqamda hansı çətinliklərlə ilk növbədə
qarşılaşdınız: xoreoqrafiya baxımından, yaxud psixoloji baxımdan?
Cavab: - Bu ilin (1999!)
may ayında professor Fərhad Bədəlbəyli mənə müraciət edib, öz ideyası
ilə bölüşdü. İdeyanın mahiyyəti belə idi ki, Dövlət rəqs ansamblı
yeni quruluşda iştirak etsin. Təklif çox gözlənilməz idi və məndə
çaşqınlıq hissi yaratdı. Öncədən razılaşmadım, çünki:
1) balet tamaşası qarşısında böyük
məsuliyyət; 2) klassik balet truppası ilə birgə çıxışın öz çətinlikləri;
3) simfonik orkestrlə uyuşmağın çətinlikləri razılaşmağa imkan vermirdi.
Baxmayaraq ki, kollektivimizdə hər bir rəqqas və rəqqasə ixtisasçı,
- sənətçidirlər və xoreoqrafiya məktəbi bitiriblər.