Lakin sonra Ə. Bədəlbəylinin xatirəsinə,
Q. Almaszadənin əvəzsiz sənətkarlığına, ilk milli baletimizə və
F. Bədəlbəylinin qeyrətinə hörmətim bütün inamsızlıqlara üstün gəldi
və mən məzuniyyətdən sonra qərara gələ bildim.
İş elə gətirdi ki, sentyabrın 10-da
məşqlərə başladıq. Musiqinin kassetini bizə verdilər və tərbiyəçi-müəllimimiz,
Respublikanın xalq artisti Yusif Qasımovun köməyi ilə ansamblla
hər gün, o cümlədən bazar günləri 4-5 saat gərgin məşq keçirdik.
İstədiyimiz alınırdı. Təkcə balet truppası ilə birgə məşqlərin başlanğıcında
əsəblərim bir qədər pozuldu. Sonrakı məşqlər kollektivimizin baletin
yeni quruluşuna həm marağını, həm də məsuliyyətli yanaşdığını aşkarladı.
Daha sonra orkestrlə məşqlərə başladıqda yenə də çətinliklər ortaya
çıxdı, çünki simfonik səslənməyə öyrəncəlilik lazımdır.
O ki, qaldı xoreoqrafiya baxımından
çətinliklərə, tam arxayınlıqla deyə bilərəm ki, rəqs bizim sənətimizdir
və "bizimkilər" uğurla çıxış etdilər. Mən I pərdədəki "Şalaxo" rəqsini,
III pərdədə isə "Gürcü rəqsi" və "Nəlbəki" rəqsini nəzərdə tuturam.
Bir sözlə, ansamblımızın tamaşada iştirakı ən xırda ünsürlərədək
mükəmməl işlənmişdi. Elə böyük çətinliyimiz olmadı.
Sual: - Mütəxəssislər və
tamaşaçılar arasında biri-birinin əksi olan iki fikir dolaşır. Birincilərə
görə, Dövlət rəqs ansamblının iştirakı tamaşanı daha canlı görməyə
imkan yaratdı, ikincilər isə 40 il öncəki quruluşun toxunulmazlığını
əsas gətirirlər. Sizin fikrinizcə, yeni tamaşada qarşıya qoyulan
bədii məqsədlərə çatmaq üçün daha nələr etmək, hansı dəyişikliklər
aparmaq lazımdır? Yaxud da hər şey yerli-yerindədirmi?
Cavab: - Əks fikirlərin varlığı
təbiidir. Fikirlər həmişə çarpazlaşacaq. Lakin mənim üçün ən başlıcası
mütəxəssis fikri, daha doğrusu, balet aləminin sayımlı ustaları
kimi tanınan Rəfiqə Axundova və Məsud Məmmədovun rəyləri hamıdan,
hər şeydən daha önəmlidir.
İlk tamaşadan sonra Rəfiqə xanım
məni təbrik etdi və bir sıra arzularını bildirdi ki, mən onları
gələcəkdə sözsüz nəzərə alacağam. Burada deməliyəm ki, balet truppası
ilə rəqs ansamblının birgə çıxışı onların bədii tapıntısıdır. Biz
birgə böyük xoreoqrafik süita hazırladıq və o zamanlar Moskvada
bir ay ərzində böyük uğurlar qazandıq. Yəni bu, ilk belə çıxışımız
deyil, lakin balet tamaşası tamamilə ayrı bir məsələdir.
Sual:- "Qız qalası"nda birgə
yaradıcılıq işində Dövlət ansamblı hansı qazanclar əldə etdi? Və
bu təcrübədən Siz gələcəkdə də, başqa tamaşalarda faydalanmaq istərdinizmi?
Cavab:- Əlbəttə ki, bizim
kollektiv üçün bu həvəsləndirici amildir. Daha doğrusu, yaradıcı
həvəsləndirmə. Belə birgə çıxışlar ansamblın üzvlərində məsuliyyət
hissini artırır, ruh rüksəkliyi aşılayır. Və mən çox istərdim ki,
gələcəkdə də, bizim özəl yerimiz olsun, yeni tamaşalar, quruluşlar
görək. Ən başlıcası isə, bu şəkildə əməkdaşlıq təkcə bizə yox, baletə
və hər birimizə lazımlıdır.
Cavanşir CƏFƏROV - Opera və balet
teatrının baş dirijoru.
-Baletin yeni redaksiyası əsərin
yeni variantıdır. Mən məzmunu nəzərdə tuturam. O ki, qaldı orkestrləşmə
məsələsinə, bu tamamilə yeni partituradır. Və çox gözəl işlənib.
Musa Mirzəyev özüllü, "azman" partituralar yaratmağı sevir və onları
sevə-sevə yaradır. Əlbəttə, həmin partituranı hazırlamağın ən başlıca
çətinliyi, onun tutumu, sanballığından savayı, vaxtın azlığı idi.
Mən partituranın köçürülmüş əlyazmasını ancaq sentyabrın ilk günlərində
gördüm. Orkestr partiyaları isə sentyabrın 15-də əldə olunub orkestrə
paylandı. Yəni əslində bircə aya baletin musiqi kəsimini hazırladıq.
Çox ağır, lakin çox maraqlı iş oldu.
Simfonik inkişafın arasıkəsilməzliyi tamaşanın dinamik alınmasına
imkan yaratdı. Orkestr çalarlarının gözəlliyi mənim lap belə özümü
ovsunlamışdı.
Balet truppası və Dövlət rəqs ansamblı
ilə birgə məşqlər isə cəmi on gün çəkdi. Doğrudur, 4, 5, hətta 6
saat məşq edirdik və hamılıqla boynumuza düşən məsuliyyəti başa
düşürdük.
Ümumiyyətlə, dirijor üçün asan-çətin
partitura, fikrimcə, yoxdur və ola da bilməz. Klassik partituralar
nə qədər "duru", "şəffaf" olsalar da, böyük diqqət tələb edir. Bununla
yanaşı, deməliyəm ki, "Qız qalası" baletinin yeni redaksiyasını,
tutumuna görə, ancaq hazırda dirijorluq etdiyim "Min bir gecə" baletinin
partiturası ilə tutuşdura bilərəm. Və bu baxımdan, qazandığımız
uğur şəxsən məni arxayın salmır. Əksinə, belə düşünürəm ki, hər
tamaşa bu partitura üzərində yaradıcılıq işinin davamıdır.
Musa MİRZƏYEV, bəstəkar, Azərbaycan
Respublikası əməkdar incəsənət xadimi.
-Əfrasiyab Bədəlbəyli ilə məni yaşamımızın
istər yaradıcılıq, istər təşkilati, istərsə də, insani münasibətlər
kəsimlərində çoxsaylı qırılmaz tellər biri-birimizə bağlayırdı.
O, uzun zaman operamızın baş dirijoru və SSRİ musiqi fondu Azərbaycan
şöbəsinin sədri vəzifələrində çalışmaqla yanaşı, fəal ictimai xadim
idi. Və bəstəkarlar ittifaqı xətti ilə iş birliyimiz tez bir zamanda
səmimi dostluğa çevrilmişdi. Elə gün olmazdı ki, biz telefonla hal-əhval
tutmayaq. Məhz bütün deyilənlərin sonucundan mən ilk Azərbaycan
milli baletimizin yaranması tarixçəsində bizim musiqi tarixçilərimiz
- musiqişünaslarımızdan daha geniş bilgiliyəm.
1937-ci il "Koroğlu" operasının
tamaşaya qoyulduğu, 1940-cı il isə ilk milli baletimizin - "Qız
qalası"nın yaranışı illəri sayılır. Üzeyirbəylə bir yöndə, bir axarda
üzmək, - özü də bir gəmidə üzmək,- həm ozaman üçün, həm də bugünkü
baxımdan, sözsüz ki, böyük yaradıcı qoçaqlıq, sənət igidliyi sayılmalıdır.
Və ilk milli janr yaradıcısı təşəbbüsündə bulunmaq da o cümlədən.
Deyilənlərlə yanaşı, "Qız qalası"nın meydana gəlişi tamamilə qanunauyğundur.
Ə. Bədəlbəylinin söylədiyindən mən
dəqiq bilirəm ki, artıq 1938-ci ilin başlanğıcında, Moskvada keçiriləcək
"Azərbaycan mədəniyyəti ongünlüyü" astanasında əsərin partiturası
hazır imiş, lakin, göstəriləcək tamaşaların siyahısı təsdiqləndiyindən,
baletin tamaşaya qoyulması məsələsi sonraya saxlanıldı. Burada o
zamankı yerli hakimiyyətin milli kadrlara şübhə ilə yanaşması da
öz işini görmüşdü. Yalnız 1940-cı ildə "Qız qalası", nəhayət, böyük
çətinliklərdən sonra işıq üzü görmüşdü. Və ayrıca vurğulamalıyam
ki, əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı bəstəkarın həyat
yoldaşı, ilk Azərbaycanlı balerina və daha sonra quruluşcu baletmeyster,
füsünkar Qəmər Almaszadə idi.
O zamanlar müəllifin özü gənc dirijor
olsa da, sonrakı illərdə opera və balet teatrımızın demək olar ki,
bütün repertuarını,- tamaşalar toplumunu öz gənc çiyinlərində "daşımalı",
daha doğrusu, yaşatmalı idi. Burada yada salmaq yerinə düşərdi ki,
Ə. Bədəlbəyli cavanlığında çox fəal təfsirçi dirijorluğu ilə seçilirdi.
Onun dirijor çubuğu D. Şostakoviçin I, P. İ. Çaykovskinin VI, N.
Myaskovskinin XVIII simfoniyalarının, F. Əmirovun "Şur" simfonik
muğamının və çox-çox digər şah əsərlərin öhdəsindən gəlibmiş.
Ə. Bədəlbəyli çox savadlı və geniş
dünyagörüşü olan sənətkar, iti qələmli publisist və hətta alim idi
desək, yanılmarıq. Məhz onun çox yetkin etnoqrafik bilikləri və
bilgiləri sonucunda baletin ilk redaksiyasının quruluşundakı bütövlük
aydın nəzərə çarpırdı. Baletin librettosu ədəbiyyatçı və siravi
librettoçuların yazdıqlarından köklü seçilirdi. Bu məzmunun bütün
xırdalıqları, ifaçılıq ünsürlərinin aydın, geniş açıqlandığı əsil
quruluşçu baletmeyster librettosu idi.
Baletin ilk tamaşasınadək çox böyük
təşkilatı və psixoloji çətinlikləri aradan qaldırmaq lazım gəlmişdi.
Və belə ağır məqamda dahi Üzeyir bəy öz köməyini əsirgəməmişdi.
İlk tamaşadan sonra Üzeyir bəy Hacıbəyov "Pravda" qəzetindəki çıxışında
"Qız qalası"nı yüksək qiymətləndi-rərək, baletin gələcək taleyinə
irəlicədən xeyir-dua vermişdi. Yeri gəlmişkən deməliyəm ki, müəllifin
özü əsərin 300-dən artıq tamaşasına şəxsən dirijorluq edibmiş.