«Qız Qalası»:       
III miniliyə vəsiqə 
     
  L. Həsənova             
1   2   3   4   5  
make printcopy print copy
        
Video: First
Audio: Clip 1
Audio: Clip 2
Audio: Clip 3

Bir neçə söz də baletin klaviri haqqında.

1959-cu ildə Moskvada keçiriləcək mədəniyyət ongünlüyümüzlə bağlı klavir çap olunmalıydı. Lakin çiyninə düşən işin çoxluğundan müəllif klavirin çapa hazırlığını daim gecikdirirdi. Əslində, əsərin əsil klaviri yox dərəcəsində idi, çünki Ə. Bədəlbəyli ilə çoxillik dostluğumuz sayəsində dəqiq bilirdim ki, bəstəkar əsəri klavirsiz, birbaşa partitura şəklində yazmışdı. Bunun oxşarlarını Q. Qarayevin baletlərindən misal gətirmək olar. Klavirlər çox sonralar, partituralar əsasında "biçimlənir", yaxud "işlənirdilər".

Sözün qısası, mənə müraciət etdilər, çünki yaxın olduğumuzu hamı bilirdi. Lakin mən nəşriyyata məsləhət gördüm ki, bəstəkarın müəllimi və köhnə dostu, professor B. İ. Zeydmanı bu işə qoşsunlar. Doğrudan da, bu iş alındı. Lakin burada ayrıca vurğulamalıyam ki, - (professionalizm öz yerində!) - klavir partituranın bütün incəliklərini əks etdirə bilməyib, "rəqs üçün yararlı" səpgidə hazırlanıb.

Əlbəttə, hər bir dövrün öz tələbləri, öz görüntüləri var. Və məhz bu baxımdan və bu səbəbə Fərhad Bədəlbəyli artıq 16 ildir ki, məni ələ alaraq, baletin yeni redaktəsi işinə həvəsləndirməyə çalışırdı. Nəhayət, o arzusuna çatdı. Lakin deməliyəm ki, mən uzun zaman, bu arzuya hörmət bəsləsəm də, baletin partiturasına əl gəzdirməyə girişmək istəmirdim. Çünki Ə. Bədəlbəylinin xatirəsi mənimçün olduqca əzizdi. Nə isə, Fərhad məni dilə tuta bildi.

Bildiyiniz kimi, atanın öz qızına evlənməyi əfsanəsi kommunist rejiminin bizə, mədəniyyətimizə "sırıdığı" qondarmadan başqa bir şey deyil. Belə məzmun bizim mənəviyyatımıza yaddır, hətta ən əski folklorumuzda onun oxşarlarına rast gəlmirik. Beləliklə, yeni librettoya görə, əsərin proloqu tamamilə aradan qaldırılmalı, yəni həmin proloqun musiqisi də həmçinin. Lakin mən musiqini "qoruyub saxlamaq" qərarına gəldim. Bütövlükdə götürsək, yeni ikipərdəli balet biçimləndi ki, onun artıq proloqu yox, yeni epiloqu - sonluğu var. II və III pərdələrin birləşdirilməsi, yaxud arasıkəsilməz ifası beynəlxalq standartlara yaxud qəliblərə uyğun yeni tamaşanın başlıca cəhətlərindən biridir. Üçpərdəlilik ancaq sovet dövrünə xas idi.

Əsərin musiqisində ciddi yığcamlamalar, ixtisarlar yeni librettodan, - F. Bədəlbəylinin redaktəsindən irəli gəlir. Bir sıra, sözün əsil mənasında, "dramatik balet" bölümləri aradan götürülüb. Məzmun dəyişikliyi pantomimalar üçün yazılmış musiqi bölümlərini lazımsız etdi. Yeni redaktəli I pərdədə arasıkəsilməz simfonik-rəqsi inkişaf gedir. Və tam məsuliyyətlə deyə bilərəm ki, yeni redaktənin bir sıra bölümləri simfonik konsertlərdə ifa oluna bilər və inanıram ki, gələcəkdə biz onları eşidəcəyik. Musiqinin parlaq, əvəzsiz milli çaları belə deməyə əsas verir. Məhz uvertüranın materialının belə əvəzsizliyi onun əsasında yeni sonluq (epiloq) bəstələməyimə imkan verib.

Burada vurğulamaq lazım gəlir ki, Ə. Bədəlbəylinin musiqi mövzuları onu Ü. Hacıbəyovun ləyaqətli şagirdi kimi dəyərləndirir. Müəllifin musiqi mövzularına xas olan "üslub təmizliyi", "zövqi naqislik və xətaların" yoxluğu onu bir sıra bəstəkarlardan, o cümlədən, istedadlardan daha seçimli görməyə imkan yaradır.

I pərdədə məzmun birbaşa toya hazırlıqdan başlayır. Bu səbəbdən ananın qızı ilə III pərdədəki görüşü başqa məna daşıyır. Yeni redaktədə qonaqların gəlişi genişləndirilib. Yeni librettoya görə yerdəyişmələr çoxdur. Təkrarlamalara yol verilmir. Cəmi bir təkrar var ki, onun da orkestr çalarları öncəkindən tamamilə seçilir, - mən xanın çıxışını (III pərdədəki) nəzərdə tuturam. Vaxtı ilə xanın mövzusu dəfələrlə səslənirdi. Sevgililərin "Adajio"-su genişləndirilib və konsertlərdə ayrıca ifa oluna bilər.

Əsərin orkestrləşməsinə gəldikdə, redaktənin istər harmonik, istər polifonik, istərsə də orkestr çalarları baxımlarından ölçüyəgəlməz zənginliyi "gün kimi aydındır. " Orkestr dolğun səslənir. Məsələn, əski partiturada "pedallıq" anlamı yox dərəcəsində idi. Yeni redaktə "pedallıq"ların geniş çeşidli toplumundan faydalanır. Hətta çalğıçılar üçün əlverişsiz tonallıqlar əlverişliləri ilə əvəzlənib.

Burada tamamilə yeni harmonik dil və yeni orkestrləşmədən danışmaq daha düzgün olardı. Məsələn, valtornaların yeri və vəzifələri ən böyük bəstəkarların yaradıcılığı səviyyəsində ən yüksək və ən nəfis tələblərə cavab verir. Digər tərəfdən, "Gülyanağın rəqsi"ndə mis alətlər susur, simlilər çox tutumlu səslənir, və rəqs daha yaddaqalan, daha yaşantılı görünür. Əslində bütün toy rəqsləri tamamilə yenidən bəstələnib.

Düzünü desəm, bu əsər üzərində mən əski partitura, yaxud çap olunmuş klavir üzrə və əsasında deyil, bir elmi-yaradıcılıqla məşğul olan araşdırıcı kimi işləmişəm. Qarşımda böyük, uzun ifaçılıq yolu keçmiş, çoxsaylı dirijorlara xidmət etmiş partitura dururdu. Və mən musiqi mövzularını imkanım çatanadək saxlayaraq, Ə. Bədəlbəyli mövzuları əsasında tamamilə yeni partitura yarada bildim. Olduqca çətin iş oldu, bəstəkarın adı, onun nurlu siması lap başlanğıcdan axıradək məni tərk etmir, bütün ağırlıqlara, çətinliklərə sinə gərməyə çağırırdı. Musiqinin ən əskidən indiyədək keçdiyi çoxminillik tarixdə görünməmiş işdir ki, əldə olan partitura əsasında yeni, beynəlxalq, dünya səviyyəli partitura yaradasan.

Mən dedim ki, partitura ən yüksək ümumdünya tələblərinə cavab verir. Və doğrudan da, bir sıra xarici səfirliklər əsərlə maraqlanmağa başlayıblar. Hətta, Norveçin səfiri baletin öz ölkəsində tamaşaya qoyulmasını arzuladığını bildirdi.

FƏRHAD BƏDƏLBƏYLİ, Azərbaycan Respublikası xalq artisti, professor, tamaşanın bədii rəhbəri və librettoçusu.

- Baletin yeni redaksiyası ideyası uzun illərdir ki, məni düşündürürdü. Əlbəttə, köhnə libretto çox gözəl yazılmışdı, mən deyərdim ki, çox "intriqalı" libretto idi. Hamı böyük maraq və gərginliklə izləyirdi ki, "görəsən tamaşanın axırı nə ilə qurtaracaq?". Lakin milli mənaviyyata bu bir növ sataşmaq deməkdi. Sovet dövrünün məhsulu idi.

Əfrasiyab əmim özü deyərdi ki, ədəbiyyatçılar, tarixçilər, tənqidçilər bizim tarixdə, folklorda belə məzmuna rast gəlinmədiyini, yad ünsür olduğunu tez-tez onun nəzərinə çatdırardılar. Aydındır ki, kommunist sinfi mübarizə ideologiyası xanı lap binamus etmək üçün dəridən qabıqdan-çıxmalıydı. Gəlin düzünü deyək. 50 yaşında xan cavan bir qıza aşiq olub, onu alsaydı, yaxud hərəmxana saxlasaydı, böyük günah işlətməzdi. Təbii bir şey olardı... Lakin atanın öz doğma övladına ehtirası..., yolverilməzdir. Və belə məzmun, açığını deyim məni çox-çox illərdir ki, incidirdi. Hazırda milli dövlətimizi qururuqsa, milli mənəviyyatı bərpa etməli və qorumalıyıq.

Digər tərəfdən, əsərin orkestr səslənməsi. "Qız qalası" baleti Əfrasiyab Bədəlbəylinin ilk böyük əsəri və tələbə ikən yazdığı diplom işi idi. Sonrakı operalarında orkestr tamamilə başqa cür, daha dolğun səslənir. Dövr dəyişdikcə, bədii tələblər də dəyişir. Özünüz bilirsiniz ki, hətta İ. Stravinski kimi böyük bəstəkar da öz əsərlərini neçə dəfə redaktə edib, hətta əldə olan musiqi materialını saxlamaqla köklü dəyişikliklər aparıb. M. Musorqskinin "Boris Qodunov" operasının 2 redaktəsi var: N. Rimski-Korsakovun və D. Şostakoviçin. Buna oxşar misallar çoxdur.

Mənim məhz Musa Mirzəyevə müraciət etməyimin səbəbi onun çox yüksək zövqü və dərin orkestr bilicisi kimi tanınmağındadır. Ən nəhayət, o, Əfrasiyabın dostu idi, bu isə çox vacibdir.

Bu baletin çox maraqlı taleyi var. Nəinki 1938-ci ildə, hətta 1959-cu ildə Moskvada mədəniyyət ongünlüyünə hazırlıq zamanı çoxları istəməyib ki, baleti Böyük teatrda göstərsinlər. Sonra qəsdən günorta vaxtına salmışdılar ki, gedən az olsun. Lakin görəndə ki, günorta tamaşasında camaat bashabas salıb, axşam baleti bir daha təkrarlamalı olublar.

Ümumiyyətlə, Ə. Bədəlbəyli ömrü boyu belə ədalətsizliklərin ağrısını çox çəkib. Məsələn, konservatoriyaya onu yaxın buraxmırdılar. Baxmayaraq ki, çox gözəl alim və musiqişünas idi. Fəxri ad məsələsində və çox-çox başqa məsələlərdə də həmçinin böyük ədalətsizliklər görüb.

Nə isə, bir il öncə fikrimi, səbrimi bir yerə yığıb, özüm oturdum və yeni libretto yazdım. Yəqin ki, köhnə tamaşanı görənlər bilir: proloqda baletdən çox pantomima var idi. Və proloqsuz balet nə musiqi, nə rəqs baxımından heç nə itirmədi. Əksinə, birbaşa musiqili-xoreoqrafik inkişafın gedişinə yol açdıq. Yadınızdadırmı, vaxtı ilə 10 dəqiqə gözləyirdik ki, Qız qalası səhnədə haçan tikilib qurtaracaq?

Klaviri gözdən keçirdikdə də görünür ki, xanə-xanə, - dram əsərinə yazılmış musiqini xatırladırdı "Qız qalası". Bütövlük çatmırdı. İndi isə baleti hər yerdə, istənilən ölkədə göstərmək, tamaşaya qoymaq olar. Çünki dinamiklik artıq var. Lakin nə dərəcədə var, - onu mütəxəssislər və tamaşaçılar deyə bilər. Hələ ki. tamaşaçılardan razılıq edənlər daha çoxdur.

Burada bir məsələni açıqlamaq istərdim. Bizim opera və balet teatrımızın bu günü böyük çətinliklər dövrüdür. Əlbəttə, tənqid edirik və lazımdır da. Ümumiyyətlə, hər şeyi tənqid etmək olar. Mənim dahi müəllimim Yakov Zak həmişə deyərdi ki, "Konsertdən sonra mütləq səni tənqid edənlərə qulaq as və mütləq tərifləyənlərə qulaq asma. Çünki tənqidçilərin sənə xeyri var və bu xeyir sənə lazımdır. "

İndi biz də tənqid edə bilərik, lakin təhqir və hədyanlara yol vermək olmaz. Teatrın belə çətin, ağır günündə direktordan tutmuş qapıçıyadək hamı tamaşanın uğuru üçün bacardığı qədər çalışıb. Maliyyə cəhətdən böyük sıxıntıları aradan qaldırmaq lazım gəldi.

Mənim özümü də tənqid etdilər ki, "niyə xalq rəqs ansamblını tamaşaya salmısan?... "Axı milli və "xarakter" rəqslərin, necə deyərlər, "şirinliyi", "şirin çıxması" üçün niyə biz rəqqaslarımızdan faydalanmayaq? Digər tərəfdən də, mən balet truppasındakı kişilərin sayca azlığını nəzərə alaraq belə qərara gəldim. Və yanılmadım. İlk tamaşadan sonra tənqidçilərim də haqlı olduğumu boyunlarına aldılar.

Partitura dirijor Cavanşir Cəfərovun böyük əməyi sayəsində səsləndirilib. Orkestr köhnə partituraya öyrəşmişdi, köhnə basmaqəliblər 40 ildir ki, orkestri sanki "ovsunlayıb". Bütün bunları aradan qaldırıb, simfonik səslənmə səviyyəsinə qalxmaq heç kimə asan görünməsin.

Artıq üç tamaşa gedib və həmin tamaşalara maraq getdikcə artır. Beynəlxalq təşkilat və şirkətlərin, xarici ölkə səfirliklərinin fəal iştirakı göz qabağındadır. Yazıqlar olsun ki, həmin günlərdə bəstəkarlarımızı az görürəm. Əlbəttə, belə səviyyədə bədxahlıq və, hətta, düşmənçilik bizlərə yaraşmaz. Lazımsızdır.

Sovet dövründə çox məsələlər daha asan idi və mən bəstəkarlarımızı başa düşürəm. İndi yaşamaq da, işləmək də əzab və əziyyətdir. Sifarişlər var idi, indi isə yoxdur. Rəqabət, qoy lap yaradıcı paxıllıq olsun!... Amma qoy gözü götürməməzlik, düşmənçilik olmasın. Bunlar insanın özünü içəridən "gəmirir". Dağıdıcı yaşantıları insan özündən uzaq etsə, ancaq qazanar...

Mən istərdim ki, yeni-yeni işlərimiz, əsərlərimiz işıq üzü görsün. Keçən il F. Əmirovun "Sevili" yeni quruluşda səhnəyə qayıtdı. Mən hətta istərdim ki, "Sevili" lap bizim günlərə gətirib çıxarım, lakin oradakı çadra əhvalatı imkan vermədi. Amma əslində "Sevil" hər bir dövr, o cümlədən, bizim dövr üçün də aktualdır, bugünümüzlə səsləşir. Özünüz fikirləşsin, bankir yaxud biznesmen kredit götürür, hansısa cavan qıza, yaxud pozğun qadına "ilişir" və ailəsini dağıdır və unudur. Bu çox çağdaş mövzudur və biz sənətlə insanları tərbiyələndirməliyik.

Hər halda mən çox xoşbəxtəm ki, "Sevil" və "Qız qalası" tamaşalarının yeni quruluşunda bədii rəhbər olmuşam və bu tamaşalar "yaşayır və nəfəs alır. "Çox istərdim, bu mənim şəxsi, böyük arzumdur ki, opera və balet teatrımızda "Koroğlu"da, "İldırımlı yollarla"da, "Yeddi gözəl"də həyata yeni vəsiqə alsınlar. Allah qoysa, "Koroğlu"dan başlamaq istəyirəm, özü də cavan solistlərin ifasında. Həsən Enamiyə tapşırmışam ki, Koroğlunu hazırlasın. Və əgər bəyənsəm... bu tamaşanı səhnəyə çıxarmağa çalışacağam. Teatra kömək etmək hamının borcudur. Və mən də hamını bu işə, - xeyir işlərə dəvət edirəm...


Biz də öz növbəmizdə, 2000-ci ildə professor Fərhad Bədəlbəyliyə onun böyük, xeyirli işlərində daha böyük uğurlar arzulayırıq.


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site