«Böyük həqiqətin sorağında»      
      
  Ş. Mahmudova           
1   2  
 X. Həsənzadə
Anton Rubinşteyn

Ş. Mahmudova
«Böyük həqiqətin sorağında»

A. Əmraxova
A. Şonberq və XX əsr dunya mədəniyyati

O. Rəcəbov
Dmitri Kabalevski və Azərbaycan

V. Mehdiyev
Ustad
 

 

 

 

 

make printcopy print copy

Xalqı həyatın rəmzi və təcəssümü kimi qavrayan Musorqski onu bəstələdiyi musiqi dramlarının əsas qəhrəmanına çevirib, opera səhnəsində bu surətin hərtərəfli, dolğun, inandırıcı musiqi səciyyəsini yaratmaqla, özünün "mən xalqı vahid ideya ilə ruhlanmış qüdrətli bir şəxsiyyət kimi başa düşürəm" fikrini böyük bir bədii qüvvə ilə reallaşdırmışdır. Böyük musiqiçinin vaxtilə dediyi bu sözlərin mənası sonrakı inkişaf prosesində dəfələrlə təsdiq olunmuş, müxtəlif xalqların tarixi, bu gün dünyanın müxtəlif regionlarında baş verən milli fəlakətlər bir daha göstərmişdir ki, həqiqətən də hər bir milləti yaşadan, onu bəlalardan, dağılmaqdan qurtara biləcək birlik, mənəvi əsaslar yoxdursa, o millət məhv olmağa məhkumdur.

Tarixi mövzulara müraciət edən Musorqski qədim keçmişi sadəcə seyr etmək məqsədindən çox uzaq idi. O. sanki tarixi imtahana çəkərək, onu sorğu-suala tutur, bəzən də əsrlərin yaratdığı zaman səddinin arxasından onu cavabdehliyə çağıraraq, mühakimə edirdi. Bir sənətkar kimi Musorqski tarixi faktlardan çox yüksəkdə dayanaraq, bunların dini, milli, ictimai səbəblərini araşdırır və müxtəlif dövrlərdə xalqın taleyindəki oxşar məqamları müqayisə etməklə sanki mürəkkəb vəziyyətdən çıxış yolunu göstərməyə çalışırdı. Dövrünün problemlərinə münasibətini dolayı yolla bildirmək məcburiyyətində qalan bəstəkar ölməz əsərlərində tarixin faciəli hadisələrini canlandıraraq, bunları öz zəmanəsinin müsibətləri ilə səsləşdirirdi. Xalqın əzablı həyatının ən gərgin anlarında, onun səbr kasasının dolub daşdığı məqamlarda qarşısıalınmaz bir qüvvəyə çevrilməsi, zülm və nahaq qanlar üzərində qurulmuş hər cür hakimiyyətin gec-tez dağılmağa məhkum olması fikrini açmağa can atan sənətkar, "keçmişin vasitəsilə bu günü" əks etdirmək istəyirdi. Musorqskinin xalqa olan bu məhəbbəti yalnız millətin halına acımaq hissindən deyil, onun yaradıcı gücünə, qüdrətinə, istedadına olan böyük inamından irəli gəlirdi. O, xalqın həyatını, məişətini, incəsənətini, danışıq tərzini dönə-dönə, həvəslə öyrənir və musiqiyə köçürürdü. Onun musiqiyə gətirdiyi novator dəyişikliklərinin əsasını da insan danışığı ilə bağlı olan canlı intonasiya məfhumu təşkil edirdi. İntonasiyanı eşitmə, duyma cəhətdən fövqəladə istedada malik olan bəstəkar musiqi nitqinin və musiqi dramaturgiyasının yeni ifadə imkanlarını mənimsəyirdi. "Musiqi canlı müşahidələrin təcəssümü olmalı və əsil,həqiqi insanların yaşantılarını təsvir etməlidir" deyən Musorqski tarixə musiqi portretinin mahir sənətkarı kimi daxil olur, rəngarəng, parlaq səs boyalarıyla işlənmiş surətlər sırasını təqdim edir. İnsan nitqinin canlı intonasiyalarını musiqiyə gətirməklə o, bir-birindən fərqli, yaddaqalan tiplər, obrazlar yaradır. Və maraqlıdır ki, əsil sənətkar, yaradıcı şəxsiyyət mövqeyindən çıxış edərək, həyatda müşahidə etdiyi insan tiplərini olduğu kimi musiqiyə köçürməyi deyil, bunlara öz münasibətini açıqca bildirməyi üstün tutur. Cəmiyyətin eybəcərliklərini, iç üzünü cəsarətlə açıb göstərən bəstəkar çox zaman acı gülüşdən, istehzadan, satiradan güclü bir vasitə kimi istifadə edir. "Seminarist", "Keçi", "Birə" kimi vokal incilər buna parlaq misaldır. "Unudulmuş" adlı vokal ballada, "Ölüm mahnıları və rəqsləri" silsiləsindən olan "Serenada", "Trepak" kimi romanslar, "Kalistrat", "Yeryomuşkanın laylası" - bəstəkarın sanki xalq içərisindən seçib götürdüyü ayrı-ayrı insanların acı taleyini, düçar olduğu bəlaları böyük bədii qüvvə ilə, inandırıcı şəkildə açır. Musorqskinin dahiyanə musiqi dramlarında təqdim etdiyi Boris, Marfa kimi mürəkkəb xarakterlər, həmçinin "Günəşsiz" silsiləsinin romansları bəstəkarın insan qəlbinin ən gizli qatlarına varmaq qabiliyyətini, psixoloji dərinliyi ilə seçilən faciəvi obrazlar yaratmaq məharətini nümayiş etdirir.

Musorqskinin musiqili-dramaturji təfəkkürü, onun yaratdığı melos musiqi dilinin qəbul olunmuş qayda-qanunları çərçivəsinə sığmayaraq, lad, harmoniya, ritmika,tembr kimi ifadə vasitələrinin yeniləşməsini şərtləndirirdi. Lakin hər bir böyük sənətkar kimi bunlardan məqsəd deyil, məhz vasitə kimi istifadə edən Musorqski həmişə saxta "novatorluq"dan uzaq olmuşdur. Onun ifadə vasitələri, musiqi dilindəki nadir tapıntıları təkcə keçən əsrin deyil, XX yüzilliyin incəsənətində də müxtəlif milli məktəbləri, üslub və cərəyanları təmsil edən, bir-birindən yerlə göy qədər fərqli ideya-estetik mövqedən çıxış edən sənətkarların dəst-xəttinə sirayət edərək, yeni məna kəsb etmişdir. Tamamilə başqa estetik platformaya malik impressionizm cərəyanında, xüsusilə Debüssi yaradıcılığında Musorqskinin harmonik dilindən gələn cəhətlər, sonradan əsrin səddini aşaraq, yeni yüzilliyin musiqisində də özünü büruzə vermişdir XX əsr musiqisinin nəhəng simalarından biri olan D. Şostakoviçin yaradıcılığına Musorqskinin təsirini qeyd etmək kifayətdir. Şostakoviçin əbədi mövzulara üstünlük verməsində, bütün zamanlarda aktual olan problemlərə toxunaraq, bəşəri suallara cavab axtarmasında, əsərlərində verdiyi möhtəşəm xalq səhnələrində, musiqisinin faciəvi vüsətində və psixoloji dərinliyində, eləcə də musiqi dilinin bir sıra xüsusiyyətlərində şübhəsiz ki, Musorqski yaradıcılığı ilə irsi bağlılıq vardır.

Ölməz "Koroğlu"nun müəllifi dahi Ü. Hacıbəyov da bu şah əsərində xalqın musiqi səciyyəsini yaradarkən, bu surətin operadakı inkişaf dinamikası barədə düşünüb daşındığı zaman, "Boris Qodunov" kimi gözəl nümunəyə arxalana bilərdi. Musiqi klassikimizin həll etməli olduğu məsələlərin tamamilə başqa məcrada, Azərbaycan musiqisi zəminində həyata keçirildiyini və onun Şərq ilə Qərbin kəsişdiyi nöqtədə keyfiyyətcə tamamilə yeni musiqi yaradıcılığının banisi olduğunu nəzərə alsaq da, gətirdiyim analoji müqayisə, zənnimcə əsassız deyil. Ü. Hacıbəyovun rus klassiklərindən bəhrələnərək, bu məktəbin ən mütərəqqi cəhətlərini yaşatmağı tövsiyə etməsi də bu mülahizənin mümkün-lüyünü təsdiqləyir.

Böyük həqiqətin sorağıyla sənətə gələn Musorqski sənətkar və vətəndaş kimi tutduğu mövqeyi ilə, irəli sürdüyü cəsarətli ideyalarla, novatorluğunun vüsəti etibarilə, öz missiyasına sədaqəti ilə adını tarixdə əbədiləşdirmiş, onun yaratdığı əsərlər isə ümum-dünya mədəniyyətinin heç vaxt əhəmiyyətini itirməyən, daim müasir səslənən musiqi inciləri sırasına daxil olmuşdur.


 
1   2  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site