Ə.P.Dilbazinin "İstiqlal" ordeni
ilə təltif
edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin fərmanı
Azərbaycan milli xoreoqrafiya sənətinin
inkişafında böyük xidmətlərinə görə Əminə Paşa qızı Dilbazi "İstiqlal"
ordeni ilə təltif edilsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 dekabr 1999-cu il.
Xalq artisti Əminə xanım DİLBAZİYƏ
Hörmətli Əminə xanım!
Sizi - Azərbaycan xoreoqrafiya məktəbinin
görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi
qəlbdən təbrik edirəm.
Siz milli rəqs sənətimizin inkişafında,
təbliğində və dünya şöhrəti qazanmasında əvəzsiz xidmətlər göstərməklə
xalqın rəğbət və məhəbbətini qazanmış böyük sənətkarlardansınız.
Çoxşaxəli istedadınız həm lirik, həm də qəhrəmanlıq rəqslərini daim
böyük ustalıqla ifa etməyinizə imkan vermişdir. Azərbaycan xalq
rəqsini qoruyub saxlamaqla yanaşı, yüksək ifaçılıq məharəti ilə
yeni həyat verdiyiniz sənət inciləri milli incəsənətimizin qızıl
fonduna həmişəlik daxil olmuşdur.
Siz ölkəmizdə təkcə ifaçı deyil,
həm də bir çox rəqslərin quruluşçusu kimi yaxşı tanınırsınız. Xalq
rəqslərimizin Sizin quruluşunuzda ifası Azərbaycan xalqına xas olan
həyat eşqi, əməksevərlik və coşğunluqla səciyyələnir. Bunu yaratdığınız
və rəhbərlik etdiyiniz rəqs kollektivlərinin, xüsusilə "Çinar" qızlar
ansablının fəaliyyətində görmək olar. Bununla yanaşı, müxtəlif kütləvi
tədbirlərdə xalq rəqslərinə verdiyiniz quruluşlar da diqqətə layiqdir.
Şərəflə keçdiyiniz mənalı həyat
yolu sənət adamlarının hələ neçə-neçə nəsli üçün gözəl bir örnək,
böyük bir məktəb hesab olunur. Zəngin təcrübəyə, mahir pedaqoq qabiliyyətinə
malik böyük rəqs ustadı kimi Siz xalq rəqsləzrimizin incəliklərini
gənc nəslə öyrətməklə milli xoreoqrafiyamızın inkişafı üçün bu gün
də əlinizdən gələni əsirgəmirsiniz. Əminəm ki, qaynar yaradıcılıq
həyatı yaşamış yorulmaz sənət fədaisi kimi milli rəqslərimizin gənc
ifaçılarının yetişdirilməsi üçün bundan sonra da var qüvvənizi sərf
edəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər
arzulayıram.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 dekabr 1999-cu il.
zərbaycan torpağı-rəqs torpağıdır" - Bu, respublikanın xalq artisti,
görkəmli sənətkarımız Əminə xanım Dilbazinin sözləridir. Bəli. Doğrudan
da, təbii sərvətləri ilə bərəkətli olan torpağımızdan tanrı mənəvi
sərvətləri də əsirgəməyib. Azərbaycan torpağı bütün sənət sahələrində
dahilər, görkəmli şəxsiyyətlər yetirdiyi kimi, milli rəqs sənətimizi
bütün dünyaya tanıtmış Əminə Dilbazinin simasında öz rəqqasəsini
də yetişdirdi. Məhz Əminə xanımın ifasında xalq rəqsləri yüksək
sənət səviyyəsinə çatdı. Milli rəqs ifaçılığının bütün xüsusiyyətlərinə
və incəliklərinə dərindən bələd olan Əminə Dilbazi oyun havalarımızı
özünəməxsus şövqlə ifa etmişdir. Onun hər bir rəqsi bu sənətdə deyilmiş
yeni bir sözdür. Əminə xanımın bənzərsiz ifası bir-birindən rəngarəng
olan xalq rəqslərini daha da məzmunlu, daha da mənalı etmişdir.
Bəlkə də, rəqsə əyləncə gözü ilə baxanların, onu yalnız toy məclislərində
oynamaq kimi qiymətləndirənlərin çoxu məhz Əminə Dilbazi səhnəyə
çıxandan sonra rəqsə olan münaisbətlərini dəyişməyə, onu ciddi sənət
kimi qəbul etməyə başladılar. Rəqs sənətinin fədaisi olan Ə.Dilbazi
bütün ömrünü bu sahəyə həsr etmişdir.