Əminə xanım 1919-cu ildə aşıq musiqisinin,
saz havalarının vətəni, şer-sənət ocağı olan Qazax mahalında dünyaya
göz açmışdır. Lakin qardaşının xəstəliyi ilə əlaqədar onun ailəsi
1924-cü ildə Bakıya köçməli olur. Hələ 1928-ci ildə tale Əminə xanımı
Üzeyir bəylə qörüşdürür. O illəri yada salan Əminə xanım həmin görüşü
böyük qürur hissi ilə xatırlayır: "Xoşbəxtlikdən mən dahi sənətkarlar
yaşayan bir dövrdə yetişmişəm, onların yanında böyüyüb boya-başa
çatmışam. Üzeyir bəylə ilk dəfə görüşəndə mənim 9 yaşım var idi.
Anam məni və bacımı Üzeyir bəyin yanına gətirdi ki, bizi fortepiano
şöbəsinə qəbul etsinlər. İndiki kimi yadımdadır. Biz içəri daxil
olanda Üzeyir bəy masa arxasında əyləşmişdi. Anam Üzeyir bəyə dedi
ki, mən bu iki qızımı Sizə tapşırıram. Anamın sözləri Üzeyir bəyi
çox sevindirdi. Çünki o zaman azərbaycanlı uşaqlarından musiqi sənətinə
gələn az idi. Bir neçə il biz fortepiano sinfində oxuduq. Lakin
1932-ci ildə atamın vəfatından sonra ailəmizin vəziyyəti çətinləşdiyindən
biz musiqini atmalı olduq. Sonradan isə mən Üzeyir bəylə 1938-ci
ildə filarmoniyada rastlaşdım."
Əminə xanımın rəqsə gəlişinin qəribə
bir tarixçəsi var. Məktəbdə oxuduğu illərdə o, idmanla məşğul olur,
yarışlarda uğurlar qazanırdı. Bir gün məktəb direktorunun yanına
bir nəfər gəlir və rəqs ansamblının təşkili ilə əlaqədar keçirilən
müsabiqədə iştirak etmək üçün ona gənc qız və oğlanların lazım olduğunu
bildirir. Direktor isə Ə.Dilbazini məsləhət görür.
-Məni "26-lar" bağı yanındakı gürcü
məktəbinə apardılar. İçəri girəndə gördüm ki, hamı rəqs edir. Fikirləşdim
ki, məni bura səhvən gətiriblər. Aradan çıxmaq istəyəndə məni gətirən
adam saxladı. Nə qədər and-aman etdimsə ki, mən rəqqasə deyiləm,
idmançıyam, məni eşidən olmadı. Nəhayət, növbə çatdı mənə. Kommissiya
üzvləri oynayacağım rəqs havasını soruşdular. Mən də bildirdim ki,
oynayan olmadığım üçün havam da yoxdur. Əl çəkmədilər. Əlacsız qalıb
dedim ki, mən "hopsa" mahnısı oynayıram. Musiqiçilər heyrətlə mənə
baxıb dedilər ki, axı belə rəqs yoxdur. Mən öz-özümə sevinməyə başladım
ki, "deyəsən yaxamı qurtara bildim". Elə bu vaxt komissiya üzvlərindən
biri təklif etdi ki, özüm oxuyum, həm də oynayım. Gördüm daha çıxış
yolum yoxdur. Düşdüm ortaya, necə deyərlər, dədəm mənə kor dedi,
gələnə-gedənə vur dedi". "Hopsa" deyə-deyə, əslində isə "Ləzgi hənği"nı
çalıb oynamağa başladım. Musiqiçilər bunu eşidən kimi mənə qoşuldular.
Ayaqlarımla bir oyun çıxardım ki, gəl görəsən. Başımı qaldıranda
gördüm ki, gülməkdən komissiyanın gözləri yaşarıb. Tez paltomu götürüb
qaçdım. Evdə isə anama heç bir söz demədim. Üstündən bir həftə keçəndən
sonra həmin adam yenə gəlib məni özü ilə apardı. O, rəqs ansamblını
təşkil edən rəhmətlik Əşrəf Səfərov idi. İçəri daxil olan kimi hamı
bir ağızdan dedilər: "Hopsa, salam!" Mənə bildirdilər ki, ansambla
qəbul olunmuşam, 200 rubl da təqaüd alacağam. Pul deyəndə, sevindim.
Çünki atamın vəfatından sonra bütün ailənin ağırlığı anamın üzərinə
düşmüşdü. Bu pulun isə ona xeyli köməyi dəyə bilərdi. Əhvalatı anama
danışanda sevindi və razılıq verdi.
Əminə Dilbazinin sənətə qoşulduğu
dövr Azərbaycan mədəniyyəti və incəsənətinin gur çiçəkləndiyi bir
dövr idi. "Mən dahi sənətkarlarımızn yaradıcılığını izləməyi çox
xoşlayırdım. Onların konsert qabağı məşqləri xüsusilə maraqlı idi.
Bülbülün öz sənətinə olan münasibəti məni heyran edirdi. Mövsüm
Sənaniyə xüsusi fikir verirdim. Onun səhnədə odlu-alovlu oynamağı,
zarafatı mənim çox xoşuma gəlirdi. Mən onların hər birindən nə isə
götürürdüm." (Ə.D.)
1935-1936-cı illərdə yaranmış Azərbaycan
Dövlət rəqs ansamblının tərkibində bir sıra tanınmış rəqqaslar fəaliyyət
göstərirdi. Ümumiyyətlə, Ə.Dilbazi tezliklə tanınaraq xalqın qəlbinə
yol tapa bildı. Görəsən, bunun sirri nədə idi?