«Milli rəqs       
sənətimizin ilduzu»
      
S. Əzizova           
1   2   3   4  
  S. Əzizova
«Milli rəqs sənətimizin ilduzu»

Ş. Mahmudova
Milli ənənələri yaşadan bəstəkar
 
 
 
make printcopy print copy
        
Video: First
Audio: Clip 1
Audio: Clip 2
Audio: Clip 3

-"Biz Cövdətlə bir musiqi məktəbində oxumuşuq. A.Zeynallının dərsində şəklimiz də var. Kiçik olduğumuza görə bizi qabaqda oturtmuşdular. Cövdət müəllim mənim sağ tərəfimdə əyləşib. Bu şəkildə T.Quliyev və başqa sənətkarlarımız da var. Taleyin qismətinə baxın ki, mən Cövdət müəllimlə bir də filarmoniyada rastlaşdım. Cövdət müəllim Qarayevlə birgə filarmoniyaya bədii rəhbər təyin olundular. Müharibə vaxtı Qarayev bizim rəqs ansamblı ilə yaman maraqlanırdı. Cövdət isə xasiyyəti tünd olduğundan məşqlərimizə gəlmirdi. Nəhayət, bir dəfə Qara onu məşqə baxmağa məcbur edir. Deyir "orda bir qırmızı uzunboğaz çəkməli bir qız var, bilirsən necə oynayır!" Ə.Dilbazi və C.Hacıyev münasibətləri, beləcə yaranır".

Maraqlıdır, coşğun yaradıcılıq yolu keçmiş iki görkəmli şəxsiyyətin bir ailəyə bağlı olması ailə münasibətlərinə mane olub, yoxsa əksinə?...

-"Mən həmişə Cövdət müəllimə dayaq olmağa çalışmışam. Onun oxumağına, inkişafına şərait yaratmışam. Əsərlərinin ilk dinləyicisi də mən idim. Bizim çətin günlərimiz çox olub. Cövdət Moskvada oxuyanda mənə teleqram vurdu ki, vəziyyətim gərgindir, qayıdıram. Mən də filarmoniyadan başqa 4 yerdə işləyirdim. Hətta 1945-ci ildə Azərbaycan sirkində də işə girdim. Cövdət müəllimə pul göndərirdim. O da oxuyub qurtardıqdan sonra Bakıya qayıtdı. O zamanlar onu çox incidirdilər. 1951-ci ildə Moskvada qurultay keçirilirdi. Cövdəti bu qurultaya aparmadılar. O zaman o, "Sülh uğrunda" simfonik poemasını yenicə bəstələmişdi. Şostakoviç isə bu əsərin qurultayda səslənmədiyini görəndə bizim Bəstəkarlar İttifaqına teleqram vuraraq öz narazılığını bildirdi. Mən bu teleqramı əlimə alan kimi heç kimə bir kəlmə söyləmədən Moskvaya bilet aldım, Musiqi fondundan da əsəri götürdüm. Axşam Cövdət evə gələndə əhvalatı ona danışdım və dedim ki, şeylərin hazırdır, əsərini götürmüşəm, biletini də almışam. O çox sevindi. Əsər Moskvada böyük uğur qazandı. "

Hər iki sənətkarın sənət yollarında qarşılaşdıqları çətinliklərə sinə gərməsi bir çoxları üçün örnək ola bilər. Ə.Dilbazi xalq artisti adını da aldı, sənət ustası adını da. Lakin özünün dediyi kimi:

-"Bircə mənimlə iş bitmir axı. Mən gənc nəslə tərbiyə verirəm. Mənim "Çinar"ım respublikanın başını ucalara qaldırıb. Mən istərdim ki, rəqsi sənət kimi qiymətləndirsinlər. Bu çox çətin sənətdir, ömrü də azdır - 20 il. Mən səhnədə 40 ildən artıq oynamağıma peşman deyiləm. Yeri gələndə, indi də oynayıram. Mən sənətimin vurğunuyam. Mənim pərəstişkarlarım indi öz övladlarını rəqsə qoyurlar. Mən isə çox şadam ki, rəqsi xalqıma bir sənət kimi sevdirə bilmişəm."

Biz isə öz növbəmizdə Əminə xanımı qarşıdan gələn yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və bol-bol sənət sevincləri arzulayırıq.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site