Azərbaycan muğam ifaçılığının xanəndə
təfsirinin Z.Adıgözəlovun sənət şəxsiyyəti statusu və musiqi mədəniyyətimizin
nəinki emosional-psixoloji, eyni zamanda rasional çatlarında yaşamasının
reallığı bu gün öz aktuallığı ilə maraq doğurur.
Z.Adıgözəlovun anadan olmasının
100 illiyi ilə Bakının Nardaran qəsəbəsində və S.Hacıbəyov adına
Sumqayıt musiqi texnikumunda bu günlərdə xatirə tədbirlərinin keçirilməsi
muğamsevərlərin yaddaşında xanəndənin sənətinə dərin rəğbət və hörmətin
bariz real təzahürü kimi səciyyələndirilməsidir.
Nardaran qəsəbəsində keçirilən xatirə
tədbirinin özünəməxsus əlaməti vardır: muğam sənətinin sərrafı olan
bu qəsəbə sakinləri tarixən hər xanəndəni toy və digər şənlik məclislərinə
dəvət etməzlər; Z.Adıgözəlov bu qəsəbənin muğamsevərlərinin estetik
zövqlərini oxşayan nadir xanəndələrdən olmuşdur.
Xatirə tədbirə Azteleradionun diktoru
Rafiq Haşımovun aparıcılığı ilə respublika televiziyası ilə də göstərilmişdir.
Tədbirdə respublikanın xalq artisti Əlibaba Məmmədov klassik muğam
ustası Z.Adıgözəlovun ifaçılıq məktəbinin xüsusiyyətlərini və onun
məktəbinin Əbülfət Əliyev, Hacıbaba Hüseynov, İldırım Həsənov və
b. davamçılarını xüsusi vurğuladı. Xanəndə Tələt Qasımov XX əsrdə
muğam ifaçıları kimi üç böyük xanəndənin Seyid Şuşinski, Xan Şuşinski
və Zülfi Adıgözəlovu xatırlatdı.
Nardaran ağsaqqalları Hacı Zəki
və Arif Muxtaroğlu xatirələr söylədilər. Nardaranlı, respublikanın
əməkdar artisti Məmmədbağır Bağırov böyük xanəndə haqqında uşaqlıq
xatirələrini danışdı, onun "şikəsteyi-fars" muğamının ifa variantını
təsirli bir ovqatla yamsıladı.
Tarix elmləri doktoru, Sovet İttifaqı
qəhrəmanı Məzahir Abbasov xatirələrindən danışdı.
Sənətşünaslıq doktoru E.Babayev,
xalq artisti C.Əkbərov, Həkim Qəni, xalq artisti A.Qasımov və V.Abdullayev,
tarzən S.İbrahimov, sənətşünaslıq doktoru R.Zöhrabov, sazəndə dəstələri
(M.Müslümov, F.Dadaşov, N.Abdullayev və M.N.Əsədullayev) tədbirin
fəal iştirakçılrı kimi çıxış edirlər.
Sumqayıtda S.Hacıbəyov adına musiqi
texikumunun direktoru Malik Quliyevin və şəhər icra hakiiyyətinin
başçısı Şakir Abışovun fəal iştirakı ilə keçirilən tədbirdə respublikaının
adlı-sanlı sənət adamları, musiqiçilər, bəstəkarlar Z.Adıgözəlovun
haqqında öz ürək sözlərini söylədilər. Respublikanın xalq artistləri
R.Mustafayev, Arif Babayev, Nəriman Əzimov, əməkdar artist M.B.Bağırov,
müğənni Aygün Hümbətova Z.Adıgözəlovun yubileyi ilə bağlı çıxış
və ifalarında onun sənətini yüksək qiymətləndirdilər. Ağsaqqallardan
Zülfi kişi, Saray və Corat kəndlərinin sakinləri xanəndə haqında
xatirələrini söylədilər.
Böyük xanəndəmiz Z.Adıgözəlov xatirə
və yaddaşlarda yaşayır. Çünki böyük sənətkarlar mənəvi baxımdan
heç vaxt ölmürlər.