T.M.: Ən başlıcası odur ki,
"Musiqi dünyası" INTERNET-lə yayımlanır və onun öz "saytı" var.
İşimizin qarşıdakı mərhələsində jurnalımızı INTERNET-də ingilis
dilli variantını da yayımlamağı nəzərdə tutmuşuq.
K.B.: Əlbəttə, çox yaxşı
olardı ki, çox-çox ölkələr və xalqlar sizi oxumaq və dinləmək imkanı
qazansınlar...
T.M.: Bəli, nəinki oxumaq,
eyni zamanda bizim musiqini dinləmək imkanı. Əgər bizim "sayta"
"girsəniz", orada özəl işarə görəcəksiniz. Onun vasitəsilə 2 dəqiqəlik
musiqi parçalarını dinləmək olar. Məhz Azərbaycan musiqi parçalarını.
Burada təkcə bizim bəstəkarlarımız deyil, ənənəvi musiqimiz də geniş
çeşiddə təmsil olunub.
Cənab Berqholm, mən istərdim ki,
Siz CIOFF təşkilatının prezidenti kimi "Musiqi dünyası" jurnalının
oxucularını təşkilatın yaranıb-biçimlənmə tarixçəsi və şəxsən özünüzün
fəaliyyəti ilə tanış edəsiniz.
K.B.: CIOFF beynəlxalq mədəniyyətşünaslıq
yönlü təşkilatdır ki, öz başlıca vəzifələrini beynəlxalq folklor
festivallarının təşkili və keçirilməsində, eləcə də milli ənənəvi
incəsənət və sənət növlərinin inkişafında görür. Bizim fəaliyyət
çərçivəmizə musiqi, rəqs, tətbiqi sənətlər və i.a. daxildirlər.
Yeri gəlmişkən, Azərbaycanın nümayəndələri də bizim üzvlərimiz arasındadır.
CIOFF bir qurum kimi 1970-ci ildə yaranıb. Başlıca məqsəd folklor
festivallarını əlaqələndirmək olub. Belə əlaqələndirmə festivallara
ən yaxşı, ən özəl qrupları seçmək imkanı verirdi. Və indiyədək "ən
yaxşıların seçimi" işimizin ən başlıca məqsədi və prinsipi olaraq
qalır.
Hazırda bizim fəaliyyətimiz daha
da genişlənib və genişlənməkdədir. 2 il öncə CIOFF öz yeni mədəniyyət
proqramını hazırlayıb. Bu proqram əslində bütün ölkələrə aiddir
və ənənəvi milli-mədəni tədbirlərin keçirilməsi üçün tövsiyyələrdən
ibarətdir. Bundan savayı folklor yönlü konqres, simpozium və seminarların
keçirilməsi nəzərdə tutulur. Lakin bu ayrıca mövzudur. Daha bir
proqramımız uşaqlar və gənclər üçündür.
CIOFF lap öncədən öz işini UNESKO
ilə əlaqələndirir.
T.M.: Məgər Siz UNESKO-nun
tərkibindəsiniz?
K.B.: UNESKO ilə "məsləhətləşmə
sazişimiz" var.