"Musiqi dünyası" № 3 (100) 2024
Article №16; 9751-9763 pр.
Nəsibə CƏFƏROVA. AZƏRBAYCANIN ŞİMAL-QƏRB BÖLGƏSİNDƏ NEHRƏ HAVALARININ TOPLANMASINA VƏ TƏHLİLİNƏ DAİR
Text PDFGiriş.
Azərbaycanın Şimal-Qərb (Şəki, Qax, Zaqatala) bölgəsi əlverişli coğrafi şəraiti, əsrarəngiz təbiəti, mədəniyyət abidələrinin zənginliyi, mədəni irsin qədimliyi, janr müxtəlifliyi ilə seçilən xalq yaradıcılığına, musiqi folkloruna malikdir. Bununla belə, bu bölgə Azərbaycan etnomusiqişünasları tərəfindən daha az öyrənilmiş və tədqiq edilmiş bölgələrdən biridir. Xüsusilə, əmək folkloru və onun mühüm hissəsini təşkil edən nehrə havalarının toplanılması, notlaşdırılması və müqayisəli təhlillər aparılması məsələsi hələ də öz həllini gözləyən mövzular sırasında yer alır. Nümunələrin məqam, ritm, melodik, forma baxımdan öyrənilməsi maraq doğurur. Bu fakt təqdim edilən araşdırmanın mövzusunu sistemli şəkildə tədqiq etməyə zəmin yaradır. Sadalanan məsələlər məqalədə diqqət mərkəzinə çəkilərək mövzunun aktuallığını bir daha ortaya qoymuş olur.
Musiqi nümunələrinin təhlilinə keçməzdən öncə nehrə havalarının yaranmasında rol oynayan əmək şəraiti haqqında məlumat verməyi məqsədəuyğun hesab edirik. Qədim zamanlardan yağ hazırlamaq üçün əməksevər qadınlarımız nehrə çalxalayardılar [2].
Şəkil 1. Nehrə.
Şimal-Qərb bölgəsində alim və tədqiqatçılar tərəfindən nehrə havalarının toplanması və notlaşdırılması.
Müasir etnomusiqişünaslıqda öz sözünü demiş alimlərdən biri olan müəllimim, Əməkdar incəsənət xadimi, professor Fəttah Xalıqzadə Azərbaycanın demək olar ki, bütün şəhər və rayonlarında ekspedisiyalarda olmuş, milli mənəvi sərvətimiz hesab olunan dəyərli folklor nümunələri toplamışdır. 2002-ci ildə Qax [3], 2006-cı ildə Şəki rayonunda keçirdiyi ekspedisiyalarda topladığı folklor nümunələri haqqında məqalə [7] nəşr etdirmişdir. Məqalədə [6] əmək prosesi ilə bağlı bir neçə not nümunəsini, o cümlədən, “Nehrə havası” nı notlaşdırmışdır. [7, s.50]
(Nümunə №1)
Təhlil etdiyimiz nehrə nəğməsinin semantik məzmununda oxşama, yalvarış və s. emosiyalar öz ifadəsini tapmışdır. Digər tərəfdən həmin nəğmələrin metro-ritmik quruluşunda nehrənin çalxalanma hərəkəti təsvir olunmuşdur. Musiqi quruluşu kiçik məqam-intonasiya və ritm-intonasiya formulları baxımından bir-birinə oxşayır. Təhlil etdiyimiz “Nehrə havası” “fa diyez” mayəli segah üzərində qurulmuşdur.
Nehrə havası “nehrəm ol, nehrəm ol” sözləri ilə sanki, nehrədə yağın hazırlanmasını sürətləndirir. Melodiya mayə pərdəsində “at başıcan yağım ol, göz yaşıcan ayranım” sözləri ilə tamamlanır.
Folklorun qorunması və yaşadılması sahəsində əslən macar olan etnomusiqişünas və türkoloq alim Yanoş Şipoş Fəttah Xalıqzadə ilə birlikdə Azərbaycanın bir çox rayonlarında ekspedisiyalarda o cümlədən, Zaqatalada olmuş, çoxlu sayda folklor nümunələri toplayıb notlaşdırmışdır (“Azərbaycan el havaları” [6]. Həmin folklor nümunələri arasında Zaqatala rayonundan əldə edilmiş nehrə havalarının not nümunələrinə də rast gəlinir. (Nümunə №2,3) [6, s. 269-270].
Nümunə №2
Nehrə havası
Havanın poetik mətnində nehrə çalxalayan qadın ayranın az, yağın isə mümkün olduğu qədər bol olmasını arzulayır.
Melodiyanın (Nümunə №2) ölçüsü dəyişkəndir: 6/8, 3/8. Orta tempdə ifa olunmasına baxmayaraq dəyişkən ölçüdə səslənməsi, qruplaşmadakı səkkizlik və çərək notların bir-birini əvəz etməsi, melodiyaya sanki bir sürət gətirir. Nehrə havası iki melosətirdən ibarətdir: (6x+8x). Cümlələrdəki xanələr arasında kəskin fərq yoxdur. Bu da nehrə havasının arxaikliyindən xəbər verir. Diapzonu çox kiçik olan (K3) nehrə havası “si” mayəli segah məqamındadır.
Melodiya VI (“re” notunda yəni) pərdədə əsas tonun kvintasından başlayır [8] və yuxarıdan aşağıya doğru rəvan hərəkət edərək mayədə tamamlanır.
Yanoş Şipoşun “Azərbaycan el havaları” kitabından digər not nümunəsini təqdim edirik [6, s. 320].
(Nümunə №3)
Nehrə havası
Diapazonu kiçik olan (X4) nehrə havasının (Nümunə №2) ölçüsü 6/8-dır. Təhlil etdiyimiz nümunə “si” mayəli segah məqamındadır.
Nehrə havası iki melosətirdən ibarətdir. Cümlələr həm ritmik, həm də melodiya baxımdan bir-birini demək olar ki, tamamlayır. Hər iki cümlədə təkrarlanan “nehrə, bol, nehrə, bol” bir növ yağın tez hazır olmasına sanki kömək məqsədilə söylənir.
Azərbaycanın Şimal Qərbində apardığımız ekspedisiya zamanı topladığımız nehrə havalarının notlaşdırılması və təhlili.
Azərbaycanın Şimal-Qərb bölgəsindən alim və tədqiqatçılarımız nehrə havaları toplasada, bu nümunələr tam şəkildə araşdırılmamışdır.
Bu bölgəyə dəfələrlə ekspedisiya edib, çoxlu sayda nümunələr topladıq. Nümunələr o qədər zəngin və rəngarəngdir ki, onları bir xəzinəyə bənzətmək olar. Nümunələrdən bir neçəsi nehrə havalarıdır. Şəki rayonundan əldə etdiyimiz beş nehrə havasından ikisi haqqında konfrans məruzəsində məlumat vermişdik. [3] Qeyd edək ki, bu nümunələti Baş Göynük kəndində Almaz Hacıyeva və Babaratma kəndində Şərafət Salamova oxumuşdur.
Digər nehrə havasını bizə Şəkidə Baş Göynük kəndindən olan və hal-hazırda Aşağı Göynük kəndində yaşayan Məcidova Məkkədən (2019-cu il avqustun 5-i tarixində apardığımız ekspedisiyanın informatlarından biri ) eşitdik və nota aldıq:
Nümunə №4
Nehrə havasının poetik mətnində (Nümunə №6) övladına yemək vermək üçün, yağın tez gəlməsini arzulayan ananın narahatlığı ifadə olunur. Melodiya dəyişkən ölçülü, “si” mayəli segah məqamında, 2 cümləli period formasında yazılmışdır. 3 xanə+2 xanə. Birinci cümlə VIII pərdədən (əsas tonun kvintasının üst aparıcı tonu) mayəyə doğru hərəkəti edərək melodiyanı əmələ gətirir [8].
Nehrə havasının diapzonu xalis kvinta həcmindədir
Qax rayonuna dəfələrlə ekspedisiya keçirirək, folklor nümunələri toplasaq da əmək musiqisi say azlığı ilə seçilir. Bu rayondan 2022-ci il sentyabr ayında Ruqiyyət Babayeva ilə söhbətimiz zamanı bizə bir “nehrə havası” oxudu:
Nümunə №5
Nümunə №5 “si” mayəli segah məqamındadır. Trellərdən istifadə olunur ki, bu da melodiyanın daha maraqlı səslənməsinə gətirib çıxarır. 6/8 ölçüdə olan hava 4 xanədən ibarətdir. Dördüncü xanə birinci xanəni təkrarlayır. İkinci və üçüncü xanədə yuxarıdan aşağıya doğru onaltılıq notların ifası sanki, tez-tez calxalanan nehrənin ritmini və sürətini əks etdirir. Ariz Abduləliyev məqaləsində belə qeyd edir: “Nehrənin ardıcıl olaraq müəyyən istiqamətlərlə çalxalanması hərəkətin ritmik əsasını təşkil edir. Hava da məhz həmin ritmlə oxunur. Nehrə havaları hərəkətin iki istiqamətinə uyğun olan ikipaylı vəznlə - ölçü ilə oxunur. Nehrənin birinci istiqamətdə hərəkəti zamanı xanənin 1-ci, yəni güclü hissəsi, ikinci istiqamətdə hərəkəti zamanı xanənin 2-ci, zəif hissəsi oxunur” [1, s. 29].
Melodiyanın inkişaf xətti X4 intervalı üzərində qurulmuşdur.
Yuxarıdan aşağıya doğru hərəkət hər bir xanə üçün xarakterikdir. Bu nümunədə segah məqamının çalarları özünü parlaq göstərir. İkinci cümlədə segah məqamına uyğun sıçrayışlar da baş verir.
Təhlilə cəlb olunan nehrə nəğməsinin heca-ritmik quruluşu aşağıdakı sxemdə öz əksini tapır:
Zaqatala rayonunda ekspediyasada olarkən xeyli sayda folklor nümunələri topladıq. Belə folklor nümunələri arasında nehrə havasına da rast gəlinir.
Nümunə №6
İnformator Tahirova Nərminə tərəfindən ifa olunan nehrə havası əmək mahnılarının bu janrının səciyyəvi xüsusiyyətləri baxımından xüsusi maraq kəsb edir. Təhlil etdiyimiz nehrə havası iki melosətirdən ibarətdir. Musiqi, cümlələrinin eyni intonasiya məzmununa malik olması, təhlil etdiyimiz nümunədə də təkrarlılıq prinsipinin əsas rol oynadığını göstərir. Folklor nümunəsi “si” mayəli segah məqamındadır.
Musiqi nümunəsində cümlələr eyni ilə bir-birini təkrarlayır. 3 xanə+3 xanə+4 xanə. Fərq yalnız üçüncü cümlədə dördüncü xanənin əlavə olunmasındadır. Həmin xanə də ilk xanənin təkrarından ibarətdir. Təhlilə cəlb etdiyimiz nümunənin məqam-intonasiya inkişafı K3 həcmində cərəyan edir.
A.Abduləliyev “Nehrə haqqında havalar” adlı məqaləsində janrın tipoloji xüsusiyyətlərindən, onun melopoetikasından ətraflı məlumat verir. Məsələn, müəllifin aşağıda göstərilən fikirləri bizim müşahidələrimizlə üst-üstə düşür. O qeyd edir ki, nуркэ havalarının melodiyası sakit, nəvazişkar təbiətlidir. Havalar əzizləmə, ovundurma, xahiş, dilə tutma intonasiyaları ilə oxunur. Havaların melodiyası laylay və oxşamalara yaxındır [1]
Daha sonra onu deyə bilərik ki, 2022-ci ilin aprel ayının ortalarında Azərbaycan Milli Konservatoriyasında dissertasiya işimlə əlaqədar olaraq dəfələrlə söhbət etdiyim və dəyərli məlumatlar aldığım Fəttah Xalıqzadə ilə söhbət əsnasında o, bizə Şəki rayonunda ekspedisiya zamanı bir informantdan eşitdiyi nehrə havasını (Nümunə №7) oxudu.
Aərbaycanın Şimal Qərbindən toplanan nehrə havalarının müqayisəli təhlili.
Göründüyü kimi, təhlil etdiyimiz nehrə havalarının çox hissəsi segah məqamına əsaslanır. Demək olar ki, havaların hamısında melodiyanın yuxarıdan aşağıya doğru rəvan hərəkəti özünü göstərir. Bu, Azərbaycan xalq musiqisinə xas olan xüsusiyyətlərdən biridir. Təhlil etdiyimiz nümunələrin melodiyasında demək olar ki, sıçrayışlara rast gəlinmir. Nümunə №1 və Nümunə №4 X4 sıçrayışı müşahidə olunur ki, bu da melodiyanın məqam əsası ilə bağlıdır. Hər iki nümunənin Şəki rayonundan əldə edilməsi nehrə havalarının Qax və Zaqatala rayonlarından topladığımız nümunələrə nisbətən daha çox olduğuna dəlalət edir.
Ümumiyyətlə götürsək, təhlilə cəlb olunan nehrə havalarının diapazonu X4 həcmini aşmır. Daha çox 6/8 ölçüsü təsadüf olunur. F.Xalıqzadənin bizə oxuduğu (Nümunə №7) həmin nehrə havası digərlərindən cümlənin, fikrin sonunun bəm registrə düşməsi ilə seçilir.
Nehrə havalarının müxtəlif ifaçılar tərəfindən təqdim olunmuş, ayrı-ayrı illərdə etnomusiqişünasların və bizim ekspedisiya zamanı nota yazdığımız nümunələrin təhlilindən əldə edilən nəticələr aşağıdakı cədvəldə müəyyən məlumat toplanmışdır.
Folklor nümunəsi Nota alanın adı Məqam Musiqi ölçüsü
Forması Formanın hissəsi Diapazonu Nümunə №1 Fəttah Xalıqzalə Fa diyez Segah 2/4 Period 3 cümləli period formasındadır. 4 xanə+ 4xanə+4 xanə
Xalis kvarta (X4) Nümunə №2 Yanoş Şipoş Si mayəli segah 6/8, 3/8 Period 2 cümləli period formasında yazılmışdır.
7 xanə+7 xanəKiçik tersiya (K3) Nümunə №3 Yanoş Şipoş Si mayəli segah 6/8 Period 2 cümləli period formasında yazılmışdır.
II cümlə I cümlədən nisbətən böyükdür 6 xanə+8 xanəXalis kvarta
(X4)Nümunə №4 Cəfərova Nəsibə
Si mayəli segah Ölçüsü haqqında dəqiq bir söz demək olmur. Period 2 cümləli period formasında yazılmışdır.
3 xanə+2 xanəXalis kvarta
(X4)Nümunə №5 Cəfərova Nəsibə
Si mayəli segah 6/8 Period 2 cümləli period formasında yazılmışdır. Xalis kvarta
(X4)Nümunə №6 Cəfərova Nəsibə
Si mayəli segah 6/8 Period 3 cümləli period formasında yazılmışdır.
3 xanə+3 xanə+4 xanəKiçik tersiya (K3)
Yuxarıdakı cədvəldən göründüyü kimi, nehrə havalarının əksəriyyəti iki cümlədən ibarətdir. Variantlar arasında melodiyaların məqam pillələrinə istinadı, hərəkət formaları, inkişaf etdirilmə üsulları, səs sırasının diapazonu fərqli olan nümunələr maraq doğurur. Bütün bunlar milli sərvətimiz olan nehrə havalarının qədim köklərə bağlandığından irəli gəlir. Aparılan müqayisəli təhlillər nehrə havalarının müxtəlifliyini və zənginliyini müşahidə etməyə imkan verir.
Nehrə havalarının forma xüsusiyyətlərinin təhlili göstərir ki, xalq musiqimizin digər janrları kimi bu janr da sadə quruluşa malikdir.
Şəkidə ifa olunan nehrə havaları Şamaxının əmək folkloru nümunələri ilə, sağım havaları isə Lənkəran, Qarabağ və Şamaxının əmək nəğmələri ilə oxşardır.
Nəticə
Apardığımız araşdırmalardan gördük ki, Nehrə havaları öz qədimliyini qoruyub saxlamaqla bərabər Azərbaycanın Şimal-Qərb (Şəki, Qax, Zaqatala) ərazisində bir neçə variantda yayılmışdır. Buna baxmayaraq, indiyə qədər yalnız bir və ya iki variantda oxunduğu bizə məlum idi. Azərbaycanın Şimal-Qərb bölgəsindən (Şəki, Qax, Zaqatala,) müxtəlif folklor nümunələri, o cümlədən nehrə havaları toplansa da, tədqiqat zamanı bir sıra nadir folklor nümunələrinə də rast gəldik. Şəki rayonundan (Baş Küngüt, Oxut, Baş Göynük, Aşağı Göynük,) 5 nehrə havası, eləcə də Qax və Zaqatala rayonundan əldə etdiyimiz iki nümunə etnomusiqişünaslıq üçün dəyərli və zəngin materiallardır. Nehrə havalarını topladıqdan sonra, onları notlaşdırıb, digər bölgələrin əmək folklor nümunələri, o cümlədən, bölgə daxili müqayisəli təhlil apardıq. Nəticədə təhlil etdiyimiz havalardan ölçü dəyişkənliyini Nümunə №6-da müşahidə etdik. Məqam baxımından da nehrə havaları daha çox segah məqamına əsaslansa da, bu bölgədən rast, şur məqamında olan havalar da rast gəlinir (Nümunə №7).
Beləliklə, deyə bilərik ki, Azərbaycanın gözəl guşələrindən biri olan Şəki, Qax, Zaqatala rayonlarında qədim janr hesab olunan nehrə havaları xalq yaradıcılığının öyrənilməsi baxımından böyük maraq kəsb edir və tədqiqat işi sübüt etdi ki, bu bölgədə hələ də toplanmamış folklor nümunələri yaşamaqdadır.
Ədəbiyyat
1. Abduləliyev, A.Ə. Nehrə haqqında havalar // – Bakı: Elm və həyat, – 1986. №12, – s. 28-29
2. Bəşir Əhmədov Azərbaycan dilinin leksik sisteminə daxil olmuş sözlərin mənşəyini araşdırmışdır . “Azərbaycan dilinin qısa etimoloji lüğəti” 1999
3. Cəfərova N.C. Şəki rayonunda nehrə havalarının toplanması . “Qloballaşan dünyada musiqi ənənələri” II Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2022, 365 s.
4. Xalıqzadə F.X. İlisunun musiqi etnoqrafiyası dünən və bu gün. /“Musiqi dünyası” jurnalı, 2002, № 1-2(11), s.130-139.
5. Xürrəmqızı A. Azərbaycan mərasim folkloru, “Səda” nəşriyyatı, Bakı, 2002, 210 s.
6. Yanoş Ş. Azərbaycan el havaları. Bakı: Əbilov, Zeynalov və oğulları. 2006, 604 s.
Rus dilində:
7. Халыкзаде Ф.Х. Песни из Шеки. / “Фольклор и этнография”, №3-4, 2006, с.44-53.
Saytoqrafiya:
8. Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. Elektron versiyası. URL:http://musbook.musigi-dunya.az