"Musiqi dünyası" № 3 (100) 2024
Article №4; 9550-9551 pр.
Zemfira SƏFƏROVA. “MUSİQİ DÜNYASI” dərgisi № 100
Text PDF“Musiqi dünyası” dərgisinin 100-cü nömrəsini ürəkdən təbrik edirəm.
1999-cu il idi. Yadıma düşür ki, bizim məşhur musiqişünasımız, dissertasiyasını Moskvada uğurla müdafiə etmiş, ilk doktorlarımızdan olan Tariel Məmmədov mənə müraciət edib yeni nəşr olunacaq jurnal üçün məqalə yazmağımı xahiş etdi. Məqalə böyük bəstəkarımız və şəxsiyyətimiz, musiqimizin klassiki Üzeyir Hacıbəyli haqqında idi. Onun mənə müraciəti də təsadüfi deyildi. O vaxtlar artıq mən Üzeyir bəy haqqında bir sıra əsərlərin müəllifi idim. Yeni dərgi beynəlxalq elmi, pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı kimi planlaşdırılmışdı.
Mən Üzeyirşünas alim kimi məmnuniyyətlə məqalənin yazılması haqqında razılığımı verdim və böyük həcmdə məqalə yazdım. Mənim üçün Üzeyir bəyin yaradıcılığı ilə təmasda olmağım həmişə böyük səadət idi. “Arşın mal alan”dakı duetdə oxuduqları kimi “mən Üzeyir bəyin musiqisinə elə bənd olmuşdum ki” ondan ayrılmaq heç vaxt istəməmişəm, onun yaradıcılığı və fəaliyyəti haqqında indiyə qədər elə hey yazıram.
Hər il sentyabrın 18-i Üzeyir bəyin doğum günü üçün əli boş gəlməmişəm, ya monoqrafiya, ya bəstəkarın özünün musiqi əsərlərinin akademik nəşrini, ya da digər kitablar hazırlamışam.
Bu keçən 25 il ərzində mən jurnalın səhifələrində musiqimizin müxtəlif problemləri haqqında çoxlu sayda məqalələr yazmışam, onun Azərbaycan musiqişünaslığının, ümumiyyətlə musiqimizin inkişafında böyük maarifçilik rolunu qeyd etmişam. Redaksiya heyətinin üzvlərindəyəm.
Hələ jurnalın ilk nömrəsində yazdığım məqalədə məşhur yazıçı C.Məmmədquluzadənin bu sözlərini misal gətirmişdim: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım”, həmçinin XIX əsrin görkəmli alimi Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” risaləsində müsəlman qardaşlarına xitabını gətirmişdim: “Ruhani qardaşların hüzuruna, ehtiramla ərz-əhval edir, bəndeyi-aciz, Nəvvab Mir Möhsün Ağamirzadə Qarabağı”.. və Nəvvabın elm sahəsində başqa xalqlardan geri qalmağımız barədə nigarançılığını bildirmişdim.
Üzeyir bəy isə özünün məşhur “Vəzifeyi-musiqimizə aid məsələlər” məqaləsində soruşurdu:.. biz Azərbaycan türklərinə “Ala franga” yaxud bizlərdə “Yevropeyski” deyilən musiqini də öyrənmək lazımdır, ya yox ?” Üzeyir bəy özü bu suala belə cavab verirdi: “Bəli, lazım və vacibdir, yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır”.
Bu gün “Musiqi dünyası” jurnalının məşhurluğu və labüdlüyü məni sevindirir, onun internet və radiosunun variantlarının mövcudluğu müsbət hadisə kimi qeyd edilir. Ona görə minnətdarlığımı redaktora və jurnalın redkolleqiyasına bildirirəm. “Musiqi dünyası”nın yeni onilliklərinin, yüzilliklərinin qeyd olunmasını arzulayıram.