"Musiqi dünyası" № 3 (100) 2024
Article №6; 9568-9603 pр.
Rafael HÜSEYNOV. AZƏRBAYCANIN ƏBƏDİ BÜLBÜLÜ
Text PDFQızaran dan yeri sabahdır. "Sabah" sözünün hər iki mənasında – həm səhər anlamında, həm də gələcək qavramında. Hər millətin taleyində onun öz dan yeri var. Haçansa tarixin dərinlərində təşəkkül tapdığı, ayaq üstə durduğu, irəliləməyə başladığı gün. Amma millətin var olduğu müddətcə həmişə yeni-yeni dan qızartılarına da ehtiyac duyulur. O qızaran dan yerlərini millətlərə, xalqlara böyük övladlar gətirir.
Bülbül bu millətə dan şəfəqi kimi bəxş olunmuş insanlardan idi.
O gəldi, yeni bir yol açdı və səsiylə, düşüncəsiylə, ruhuyla, zövqüylə Azərbaycan insanının içərisində büsbütün ayrı bir aləm yaratmağa müvəffəq oldu. Təsadüflər zərurətlərin üst-üstə düşməsidir və Bülbülün taleyində də – uşaqlıq, gənclik, ahıllıq dövlərində bu, dəfələrlə baş verib. Amma həyatının lap başlanğıcında, dünyaya gəldiyi anda da təsadüflərin möcüzəvari üst-üstə düşməsi baş verdi.
1897-ci ilin bir iyun gecəsi idi. XVIII əsrin sonlarında, XIX yüzildə, hələ bir az da XX əsrin əvvəllərində Şuşa ilə Ağdam arasındakı Xan bağı deyilən yer məşhur idi. O yer qollu-budaqlı, gövdəli tut ağaclarıyla doluydu və Şuşa ilə Ağdam arasındakı bu yer insanları tez-tez qoynunda istirahətə cəzb edərdi. İllah da Şuşadan Ağdama, Ağdamdan Şuşaya gedənlər axşama düşəndə gecəni çox zaman orada qalmağı qət edərdilər və 1897-ci ilin iyun axşamlarından birində dabbaq Məşədi Rzanın ailəsini aparan fayton orada dayanır. Amma qaranlıq qatışan bu axşamda onların Xan bağında dayanmalarının səbəbi heç də dincəlmək deyildi.
Məşədi Rzanın həyat yoldaşı Gövhər xanım ağır ayaqlı idi, artıq sancıları tutmuşdu, ona görə burada faytondan düşməyə vadar olmuşdular. Zövcəsi Gövhər xanımı orada qoyan Məşədi Rza mamaça dalınca yollanır, gecə vaxtı güc-bəla Malıbəyli kəndindən mamaça tapıb gətirir və dan yeri çırtlayanda, səhər açılar-açılmazda Şuşayla Ağdam arasındakı o səfalı məkanda - Xan bağının böyründə bir körpə dünyaya gəlir.
Həmin səhər dünyanın ən xoşbəxti hələ o atayla o ana idi ki, gözəlcə bir övladları sağ-salamat dünyaya gəlmişdi. Ancaq sonralar xoşbəxt biz hamımız olacağıq. O vaxt xoşbəxtliyimizdən hələ xəbərimiz yoxdu. Hələ Azərbaycan bilmirdi ki, nurlu bir səhərə qovuşan o iyun gecəsində – 1897-ci ildə Şuşayla Ağdam arasındakı həmin göyçək məkanda – Xan bağında millətin bəxtiyarlığı sayılacaq hadisə baş verib, sabah bütün Azərbaycanın Bülbül kimi tanıyacağı uşaq dünyaya gəlib. O uşağa Murtuza adı qoydular. Atası bu adı verdi, amma rəfiqələri, qohum-qonşu Gövhər xanıma məsləhət bildilər ki, sən uşağın adını Aydınlıq çağır. Çünki gecə ilə səhərin sərhədində doğulub.
Aydınlıq açılanda, dan yeri ağaranda dünyaya gəlib. Anası bir müddət, elə tövsiyə olunduğu kimi, balasını Aydınlıq deyib səslədi, atası uşağa Murtuza dedi. Amma çox keçməyəcək, Allahın Gün doğuşundan işıq almış bu övlada bəxş etdiyi məlahətli avaz ona üçüncü bir adı da bağışlayacaq – Bülbül ismini. Və onun əsl adları – Aydınlıq da, Murtuza da yaddan çıxacaq. Bütün Azərbaycan və dünya o qızıl səsin sahibini Bülbül deyə tanıyacaq.
...Balaca Murtuza qarabağlı idi və başqa tay-tuşları kimi, o da oxumağı çox xoşlayırdı. Qarabağda yaxşı səslə kimisə heyrətləndirmək çətin idi.
Cabbar Qaryağdıoğlunun məşhur sözü var, deyir ki, Şuşada bir gədik var. Səhər kim orada dayanıb nəfəs alsa, hökmən onun yapışıqlı səsi olacaq. Haradan biləsən ki, balaca Murtuza Cabbar Qaryağdıoğlunun dediyi o gədikdə dan üzü dayanıb nəfəs almışdı, ya yox, amma lap elə kiçik yaşlarından İlahi Murtuzaya misilsiz bir avaz nəsib etmişdi. O da oxuyurdu, başqa uşaqlar da. Lakin digər oxuyanların içərisindən onun səsi seçilirdi. Şuşa və ətrafının çal-çağırlı əyyamları idi. O toy-düyünləri, şad məclisləri bir-birindən lətif avazlar bəzəyərdi.
Neçə məşhur xanəndə ki, indi çoxlarının adları unudulub gedib və hər biri musiqi tariximizdə qalmağa layiq dəyərli sənətkarlardır, – həmin yığnaqlarda hünərlər göstərərdilər. Günlərin birində yenə o cür şurlu toy məclislərindən biri qurulubmuş. Balaca Murtuza da tay-tuşları ilə bərabər çıxıbmış ağaca. Onların lojası oraydı - xanəndələri budaqların arasından baxıb dinləyərdilər.
Tarzən çalır, xanəndə oxuyurmuş, budaqlara qonmuş uşaqlar da hərdən Murtuzanı dümsükləyirlərmiş ki, sən ondan da yaxşı oxuyursan, o heç sənin kimi zəngulə vura bilmir, bəlkə sən də oxuyasan, elə buradan qaldır səsini, qoy görsünlər oxuyan nə təhər olar. Bir deyirlər, Murtuza etiraz eləyir, iki deyirlər, Murtuza qulaq asmır, amma axırı özü də həvəsə gəlir və təsnifə keçiləndə başlayır səsini xanəndənin səsinə qataraq ucadan oxumağa. Tarzən əl saxlayır, xanəndə dayanır. Hamı təəccüb, heyrət içərisində ağac sarı baxır. Görürlər ki, budaqların, yarpaqların arasında oxuyan balaca bir uşaqdır. Birinci elə xanəndə dillənir ki, bu uşaq bülbül kimi cəh-cəh vurur, əsl bülbül elə odur, bircə endirin onu ağacdan.
Və həmin füsunkar toy axşamında, Murtuzanın yeddi-səkkiz yaşı olanda əzizləyərək, bir az da zarafatla söylənmiş "bülbül" kəlməsi dönüb olur onun əsl adı. Yalnız adı da deyil, "bülbül" kəlməsi onun taleyinə çevrilir.
...Qarğa qarğadır, bülbül də bülbül. Bülbül həmişə məlahətli, canayatan ləhnin rəmzi olub. Qarğanın sədası isə həmişə bədlikdən deyən, xoşa gəlməyən səs sayılıb. Amma tale elə gətirdi ki, gələcəyin böyük müğənnisinə çevriləcək Bülbülün yolunun lap başlanğıcında Qarğa dayandı. "Qarğa" sözünü də kiçik deyil, böyük hərflə yazmağım səbəbsiz deyil. Çünki Bülbülün böyük sənətə gedən yolunu açan da elə məhz Qarğa oldu və o, budaqlara qonan qarğalardan deyildi.
Balaca Murtuzanın gözəl səsinin olduğunu bilincə, onu tədricən Murtuzadan çox Bülbül çağırmağa başlayınca qərara almışdılar ki, onun səsindən yalnız dinləyib feyziyab olmaqdan ötrü deyil, bir ayrı vacib məqsədçün də istifadə etsinlər. O çağlar Azərbaycanın hər yerində olduğu kimi, Qarabağda, Şuşada da şəbih mərasimləri keçirilərdi.
Təbii ki, həmin mərasimlərdə oxumaq da vardı, növhələr də səslənərdi və bir çox başqa yeniyetmələr, gənclər kimi, balaca Murtuzanı da o işə cəlb edirlər. Bununla bağlı Murtuza Molla İbrahimin yanına gedirdi ki, Yasin öyrənsin, növhələri, mərsiyələri mənimsəsin, şəbih vaxtı oxuyacağı parçaları əzbərləsin. Ancaq həmin illərdə Qarabağın toy məclislərində tez-tez görünən Müseyib adlı bir qarmonçalan da vardı ki, əsl adı-soyadı Müseyib Əliyev olsa da, camaat arasında "qarğa" kimi məşhur idi, ləqəbi də "Qarğa". Və həmin dövrdə Gəncə Azərbaycanın ədəbi-mədəni mərkəzlərindən, əsas musiqi ocaqlarından biri sayılırdı.
Qarabağın məşhur sazəndələrinin, xanəndələrinin əksərinin də yolu Gəncədən keçirdi. Həmin "Qarğa" deyilən Müseyib Əliyev də Gəncədə yerləşmişdi. Qarabağ toylarında tez-tez görünərdi. Balaca Murtuzanın məlahətli avazından xəbər tutunca baxır ki, burada yaxşı pul var, bu uşağın oxumağı adi oxumaq deyil, bu səslə o, gələcəyin yaxşı xanəndəsinə çevrilə bilər, indidən onu ələ keçirib diqqətdə saxlamaq lazımdır. Müseyib artıq "Bülbül" kimi tanınmağa başlayan Murtuzaya da, onun atası Məşədi Rzaya da məsləhət görür ki, yaxşısı budur uşaq gəlsin Gəncəyə, mənim yanıma, bu səs burada Qarabağdakı digər gözəl səslərin içərisində itib-batacaq, amma bu səs gözəllərin gözəlidir, mən ona himayədarlıq edərəm, Gəncədə məşhur çalğıçılarla, oxuyanlarla münasibətlərini quraram, onların arasında yetişər, tanınar, Allah bilir, bəlkə gün gəldi, o da məşhur xanəndələr cərgəsinə qoşuldu.
Və 1908-ci ildə artıq Murtuzadan daha çox Bülbül kimi tanınmağa başlayan bu uşaq həyatının ilk uzun səfərinə çıxır – Qarabağdan Gəncəyə gəlir. Yeniyetmə Bülbül Gəncəyə yetişincə onun həyatında büsbütün yeni səhifə açılır. Gəncə sanki bir uçuş meydanı idi və əslində Bülbülün gələcəkdəki bir çox mühüm uğurlarının təməli də elə bu qədim şəhərdə qoyulacaq.
Burada o çağın ən məşhur Azərbaycan xanəndələri və sazəndələrinin əksəri ilə görüşəcək, neçə toy-düyündə bir yerdə olacaqlar.
Bütün bunlar hamısı balaca Bülbül üçün öyrənməık fürsəti, təcrübələnmək imkanı, göydəndüşmə məktəb idi. Yaxşı da hafizəsi vardı. Eşitdiklərinin hamısını beyninə həkk edir, ürəyinə, ruhuna hopdururdu.
Zaman keçəcək, bu xəzinə həmişə ona dayaq duracaq. Gəncədə buranın toy məclislərinə vaxtaşırı qonaq olan Cabbar Qaryağdıoğlu və Qurban Pirimovla tanış olur. Cabbar ilk eşidincə Bülbülü bəyənir. Amma zəmanənin nəhənglərindən Bülbülü eşidib tərif edən tək Cabbar deyildi.
O illər idi ki, Gəncədə məşhur olan musiqiçilərin bir çoxu tez-tez Gürcüstandakı Azərbaycan məclislərində də görünərdi. Bülbül də olur onlardan biri. Səsi elə səs idi, oxusu elə oxu idi ki, ona biganə qalmaq mümkün deyildi. Haqqındakı xoş rəylər gedib çatır məşhur gürcü müğənnisi Vano Saracişvilinin qulağına. Bir məclisdə bu gəncin oxusunu eşidir, valeh olur, deyir ki, bala, sənin səsin bu məclislərə sığan səs deyil, gərək bu səsi qoruyasan, bəsləyəsən, lazımdır ki, sən mükəmməl savad alasan, sənin yerin İtaliyadır, gərək gedib orada oxuyasan.
Yaşının, oxusunun elə vaxtları idi ki, hər eşidən onsuz da Bülbülə ən yüksək tərifləri yağdırırdı, bir növ, belə vəsfetmələrə alışan kimi idi, sanki bu söz də deyilib keçir. İtaliya söhbəti yeniyetmə Bülbülə əlçatmaz istək, nağıl kimi gəlirdi, ancaq nədirsə, gün ötdükcə, toy-toy adladıqca, təzə-təzə məclislərdə daha artıq püxtələşdikcə, biliklərinin çevrəsi genişləndikcə tez-tez yadına məşhur gürcü müğənnisinin o tövsiyəsi düşürdü.
Atası artıq Bülbül kimi təsdiqlənmiş, el arasında parlayan bir gənc müğənni kimi tanınmış övladının həyatı daha rahat olsun deyə Qarabağdan Gəncəyə köçür, külfətlə burada yerləşir. Ancaq gün ötdükcə Bülbül daha artıq hiss eləyirdi ki, nəinki Gəncə, hətta Qafqaz da ona dar gəlir. İtaliya gizli cazibəsi ilə onu özünə doğru çəkməkdədir və 1924-cü ildə Bülbül könlünə düşmüş bu istəyin hökmü ilə Batumdan gəmi ilə Triyestə yollanır. Gedir ki, oradan da musiqinin Məkkəsi sayılan Milana baş alsın.
...Bülbülü Bülbülə çevirən, onu bunca uca, bunca yetilməz edən ən vacib təməllərdən birincisi gördüyü məktəblər idi. Ömrü boyu biliyə doğru can atması, Gəncədə, Qarabağda keçdiyi toy məclisləri, eşitdiyi saysız xanəndələr hərəsi onun üçün bir qaynaq idi.
Harada öyrənməli nəyə rast düşürdüsə, içərisinə çəkirdi. Ancaq bunu da hiss edirdi ki, biliklərin daha üst qatına, yalnız eşitməklə deyil, müəllim qarşısında əyləşərək yüksək musiqi savadı almağa da ehtiyacı var.
Və 1921-ci ildə Azərbaycan Xalq Konservatoriyasına qəbul edilir. Burada Bülbül vokal təhsili alan ilk azərbaycanlı idi. Onu konservatoriyada o vaxt və sonrakı çox illərdə və onillərdə vokal təhsil alan əksər cavanlardan fərqləndirən əsas cəhət ondan ibarət idi ki, Bülbül bura müəyyən mənada hazır gəlmişdi, el musiqisini, xüsusən də muğamı mükəmməl bilirdi.
Yolu İtaliyaya ilk dəfə 1924-cü ildə düşür. Onun bu gəlişi hələ kəşfiyyat məqsədliydi, niyyəti isə daha ciddi idi. İstəyi iki-üç ay buralara baş vurub geri dönmək yox, illərlə qalaraq italyan vokalını incəliklərinədək öyrənmək idi. 1924-cü ildəki birinci İtaliya səfəri əsnasındakı ilk müşahidələrindən sonra bu qənaəti lap qətiləşir.
Vətənə dönüb digər işlərini sahmana salandan sonra 1927-ci ildə İtaliyaya bir də qayıdır. 1927-ci ilin oktyabrında çatır Moskvaya. Məqsədi İtaliyada oxumağa getmək üçün uzunmüddətli viza almaqdı. İki ay gözləyəndən sonra vizasını alır və nəhayət ki, gəlib yetişir arzularının məskəni gözəl İtaliyaya.
İtaliyaya Azərbaycandan vokal təhsil almağa getmiş ilk gənc Şövkət xanım Məmmədova olmuşdu.
1911-ci ildə Hacı Zeynalabdin Tağıyev onu maliyyələşdirmişdi və Milana gedən Şövkət Məmmədova azərbaycanlıların yolunu "vokal Məkkəsi"nə açan ilk sənətçi olmuşdu. İtaliyada uzun müddət qalmaq, əsaslı vokal biliklərinə yiyələnməyi qət edən Bülbül çoxdan İtaliyada olan, buralara yaxşı bələd Şövkət Məmmədova ilə görüşür, ondan məsləhətlər almağa başlayır.
Şövkət Bülbülə deyir ki, gəl əvvəlcə səni öz müəllimim maestro Dotto Ambroziyə təqdim edim, qoy sənə qulaq assın, düzdür, o oğlanları öyrənciləri sırasına götürmür, amma ən azı məsləhət verər ki, kimin yanına gedəsən, hansı maestro ilə işləmək sənin üçün daha faydalı ola bilər.
Fəqət gözlənilənin əksi olaraq Dotto Ambrozi Bülbülü eşidincə müsbət rəyini bildirir, deyir, mən səni sinfimə götürəcəyəm, fərdi qaydada məşğul da olacağam, ancaq gərək bir qədər gözləyəsən, hazırda Amerikadan bir tələbəm var, üç aydan sonra o, təhsilini başa vurub gedir, onun yerinə səni qəbul edərik. Şövkət də, Bülbül də çox sevinirlər. Ancaq üç ay da üç ay idi.
Bülbül bura gəlmişdi ki, hər gündən, hər saatdan, hər dəqiqədən istifadə eləsin, indi üç ayı boşuna itirə bilməzdi. Ona görə də qərara alır ki, Dotto Ambrozinin vəd elədiyi üç ay yetişənəcən başqa bir müəllimdən dərs alsın. Həm də Ustadın yanına gələndə müəyyən qədər hazırlıq keçmiş olsun. Soraqlaşır, Bülbülü maestro Dellipontiyə yönəldirlər və başlayır ondan öyrənməyə.
Bir həftə, on gün, bir ay, iki ay, isinişirlər bir-birlərinə, Dotto Ambrozinin qoyduğu üç aylıq müddət yetişəndə Bülbülün daha onun yanına getməsinə gərək qalmır, həm artıq Dellipontiyə çox öyrəşmişdi - Delliponti ondan razı idi, o da ustadından. Ancaq Bülbül İtaliyada olduğu dörd ilə yaxın vaxt ərzində yalnız Delliponti ilə də məhdudlaşmır. Əlaqələrini qura bildikcə o çağda İtaliyada məşhur olan ustadların neçəsinin yanına gedir, onlardan dərs alır, imkanı daxilində daha çox öyrənməyə səy göstərir.
O çağlar nəinki Azərbaycandan, hətta Rusiyadan da, Avropanın bir sıra irəligetmiş ölkələrindən də İtaliyaya vokal dərsləri almağa gələnlərin sayı barmaqla sayılacaq qədər az idi. Ancaq heç də o öyrəncilərin hamısı qısa müddət ərzində Bülbül kimi İtaliya mühitində ad çıxara bilməmişdi. Sübutu var – 1931-ci ildə Bülbül İtaliyadan ayrılanda oradakı "Arte nostra" jurnalı ayrıca bir məqalə dərc edir, Bülbülün şəklini də verir və yazının sərlövhəsi "Azərbaycan Bülbülü".
Vokalın qibləsində belə yüksək qiymətvermə hər gəlməyə nəsib olan uğur deyildi. 1931-ci ildə Bülbül İtaliyadan Azərbaycana qayıdırdı, əsl Bülbül kimi qayıdırdı, təkrarsız Bülbül kimi qayıdırdı. Qayıdırdı ki, Azərbaycan musiqisində, Azərbaycan vokalında büsbütün yeni bir yol açsın.
...Bülbülün Azərbaycan musiqisi və bütövlükdə xalqımızın mənəvi zənginliyi üçün gördüyü və bizlərə yadigar qoyduğu ən vacib işlərdən biri onun 1932-ci ildə konservatoriyanın nəzdində yaratdığı Azərbaycan xalq musiqisini tədqiq edən kabinetdir.
Bülbül müğənni olmaqla yanaşı, həm də bilgə idi. Ondan yadigar qalan silsilə araşdırmalar var və Bülbülün qələmindən çıxmış ayrı-ayrı tədqiqat əsərlərini oxuyursan, həcmi çox da böyük olmayan o əsərlərin hər biri bunlardan qat-qat həcmli neçə mühüm tədqiqat üçün bir təməl, maya, qığılcım olub və gələcəkdə də olacaq.
Elə Bülbülün "Azərbaycan oxuma məktəbi" adlı araşdırması nəyə desən dəyər və bu əsəri Bülbül olmayan, onun keçdiyi yolu və məktəbləri görməyən ikinci adam yaza bilməzdi. Bülbül bilikləri və təcrübələri ilə tam təkrarsız və taysız idi - illərcə İtaliyada olması, ən üstün müəllimlərdən vokalın sirlərini mənimsəməsi, o biri yandan uşaqlıq çağlarından, yeniyetməliyindən muğam qoynunda yetişməsi, zirvə xanəndələrlə oturub-durması onu içəridən elə zənginləşdirmişdi, elə dolu etmişdi ki, özü də bir xəzinəyə, ensiklopediyaya çevrilmişdi. Digər tərəfdən, Allah ona analitik, təhlilçi bir ağıl vermişdi.
Varlığında Şərq və Qərb musiqi təfəkkürünün ən parlaq özəlliklərini qovuşduran Bülbül həmin müstəvidə Azərbaycan oxuma məktəbinin əsaslarını bir ana xətt, bir yol olaraq yaratdı. Ancaq bunu yalnız bizim muğam öyrədiciliyinə xas olan şifahi göstərilən bir məktəb kimi yaratmadı. Azərbaycan oxuma məktəbinin nəzəri əsaslarını da işləyib hazırladı, dərs dediyi konservatoriyada sonra nəsil-nəsil davam etsin deyə tələbələrinə də aşıladı.
1932-ci ildə yaratdığı Xalq musiqisini tədqiq edən kabinet zahirən balaca bir yer idi. Tək zahirən yox, əslində vur-tut bir neçə əməkdaşı əhatə edən kiçik qurumdu. Lakin Bülbül nüfuzundan, əlaqələrindən istifadə edərək həmin kabinet üçün Azərbaycanda yalnız orada olan səsyazma qurğuları ala bilmişdi.
Balaca bir məkanda, kiçik heyətlə, qısa vaxt ərzində elə sanballı işlər görülüb ki, onları yerinə yetirməyə bir neçə institutun gücü çatmazdı. Azərbaycanın müxtəlif rayonlarına tez-tez folklor ekspedisiyaları təşkil edirlərmiş, ayrı-ayrı çalğıçıların, xanəndələrin, aşıqların, el sənətkarlarının ifalarını, söhbətlərini fonovallara yazırlarmış.
Və bu toplayıcılıq yalnız musiqi ilə də bağlı deyildi. Yalnız el təsniflərini, xalq mahnılarını yığmırdılar, dastanları, nağılları, qaravəlliləri də toplayırdılar. O zaman Bülbülün Xalq musiqisini tədqiq edən kabinetində çalışanlardan biri ölməz Hüseyn Cavidin oğlu Ərtoğrol idi. Ərtoğrol Cavid həmin kabinetdə araşdırdığı, səliqə ilə köçürdüyü, təhlil etdiyi, Bülbül üçün arayışlar hazırladığı ekspedisiya materiallarının surətlərini öz evində saxlayırdı.
Hələ 1970-ci illərin sonları, 1980-ci illərin əvvəllərində Ərtoğrol Cavidin əlyazmaları ilə tanış olarkən, bu materialların bir neçə cild kitaba sığacağını düşünərkən o da fikrimdən keçmişdi ki, axı bunlar yalnız Bülbülün kabinetində görülmüş işlərin bircə istiqaməti, cüzi hissəsidir və görün o zaman Maestronun rəhbərliyi altında aparılmış işlərin hamısı cildlərə çevrilsə, xalqa çatdırılsa, necə qiymətəsığmaz xəzinə ilə qarşılaşardıq və nə qədər yeni araşdırmalara mötəbər və nadir mənbələr üzə çıxardı.
Ancaq həmin Xalq musiqisini tədqiq edən kabineti yada salmışkən vurğulanması vacib olan bir məqam var ki, bu gün Bülbülün sənətkarlığından əlavə hansı ali insani keyfiyyətlərə malik olmasını da xələflərə pıçıldaya bilir.
1937-ci ilin 4 iyun gecəsində Hüseyn Cavid həbs olundu. Həmin andan onun da, ailəsinin də üstündə artıq "xalq düşməni" kabusu vardı və elə qəddar zəmanəydi ki, belə müdhiş damğası olanlardan yadlar bir yana, dost-tanış, qohum-əqrəba da yan qaçırdı. Və səbəbsiz də deyildi. "Xalq düşmənləri" ilə yaxınlıq edənlər, onlara hər hansı kömək, qayğı göstərənlər də elə onlardan sayılırdı. Çox keçmirdi o cür insanları da "xalq düşmənləri"nin sırasına qatırdılar, həbsə atırdılar, sürgünlərə göndərirdilər. Odur ki, Cavid tutulandan sonra, ailənin dolanışıq imkanları məhdudlaşdığı bir vaxtda Ərtoğrolun haradansa məvacib alması, evə çörək gətirməsi çox vacib idi. Ancaq "xalq düşmənləri" ailəsindən olan bir insanın hansısa dövlət müəssisəsində işə düzəlməsi, üstəlik, yazıb-pozması, daha artıq - yazdıqlarından nəyinsə ortaya çıxması o günün şərtləri baxımından tamam qeyri-adi hadisə idi. Bülbül Ərtoğrolu həmin kabinetə işə götürmüşdü.
Bülbülün orada gerçəkləşdirdiyi önəmli işlərdən biri də rus və Avropa bəstəkarlarının silsilə romanslarını, mahnılarını Azərbaycan dilinə tərcümə və nəşr etdirmək idi. Bunlar sadə tərcümə deyil, ekvoritmik çevirmələr idi və bu işi görmək heç də sadə deyildi, xüsusi qabiliyyətlər istəyirdi.
Ekvoritmik tərcümələri edə bilmək üçün gərək sən eyni zamanda həm şair, həm də musiqiçi olaydın. Ərtoğrolsa həm şair idi, həm dramaturq, həm tərcüməçi idi, həm rəssam, həm bəstəkar idi, həm ədəbiyyatşünas və xarici mahnıların mətnlərini Azərbaycan dilinə yüksək poetikliklə, musiqi baxımından da dəqiqliklə çevirirdi.
Və Bülbülün səyləri ilə Azərbaycanda not nəşrlərinin hələ yetərincə oturuşmadığı bir dövrdə bunların hamısı nəfis şəkildə çap olunurdu.
Və həmin çap olunmuşların arasında nadir bir nüsxə də var. O nüsxə ki, orada Ərtoğrolun imzası var.
Təbii ki, 1930-cu illərdə repressiya dalğalarının tüğyan etdiyi o müdhiş əyyamlarda Cavid soyadını qabağa çıxarmaq olmazdı. Ona görə də çap olunmuş not əsərlərindən birinin üstündə tərcüməçinin adı belə göstərilib: "C.Ərtoğrol".
Və 1980-ci illərin əvvəllərində Cavidlər ailəsinin faciəli taleyini araşdırarkən qarşıma Ərtoğrolun Bülbülə göndərdiyi bir təsirli məktub da çıxdı. Ərtoğrol Pedaqoji İnstitutun Filologiya fakültəsini bitirmişdi, ardınca da konservatoriyaya daxil olmuşdu. Ancaq ali məktəb tələbəsi olmasına, konservatoriyada əyani oxumasına məhəl qoymadan onu əsgərliyə aparmışdılar.
Hərbi xidmətə yola düşməzdən əvvəl bel bağlayacağı, ürək qızdıracağı iki adama məktub yazır: birini atasının etibarlı dostu, ailəvi yaxın olduqları, həm də sevimli müəllimi Üzeyir bəyə, digərini isə Bülbülə.
Bülbülə məktubunu belə başlayırdı: "Əziz Bülbül dayı!" Bülbülə o dövrün səliqəsinə müvafiq olaraq "yoldaş", "müəllim" kimi yox, "dayı" deyə müraciət etməsi artıq onların arasındakı simsarlıqdan, məhrəmlikdən deyir və Bülbül də zəmanənin bütün amansızlıqlarına rəğmən, ona mərd dayı olub, əsl dayaq olub. Yəni Bülbülün yaratdığı həmin Xalq musiqisini tədqiq edən kabinet bir tədqiqat mərkəzi olmaqdan daha artıq idi, həmişə örnək göstərilə bilən mənəviyyat ocağı idi. O çağın Azərbaycan boyu tanınan, yaxud az tanınan, bəlkə də heç tanınmayan, amma tanınması vacib olan neçə sənətkarının yolu həmin kabinetdən keçmişdi. Bülbül onlarla söhbət etmişdi, müsahibələr aparmışdılar, söylədiklərini yazıya almışdılar, hələ ilk addımlarını atan Azərbaycan radiosunda lent yazılışlarına başlanılmadığı bir vaxtda hərəsi xalq musiqimizin canlı abidəsi olan həmin sənətkarların səslərini tarixləşdirmişdilər, ifalarını gələcək nəsillərə çatsın deyə fonovallara almışdılar. Bülbül bu fəaliyyətləri ilə Azərbaycanı ona həmişə minnətdar edəcək əvəzsiz bir səslər və məxəzlər dəfinəsi doğurub.
...Bülbül mütaliənin həmişə aludəsi olub, kitab oxumağı ömrü boyu sevib. Oxuduqları da yalnız musiqiyə aid kitablar olmayıb. Elmin ən müxtəlif sahələrinə aid kitablar onu cəzb edib.
Evində zamanında çox məşhur olan və az tapılan Brokqauz və Yefron ensiklopediyasından tutmuş tarixə, ədəbiyyata, incəsənətin ən müxtəlif sahələrinə aid çox kitablar var. O kitabların sırasında təbabətə aid əsərlər də gözə dəyir. Ancaq tibb kitablarından da elələrini seçib alıb ki, ona sənəti ilə bağlı gərək idilər. Levidov soyadlı tibb professorunun Bülbülün rəfindəki kitabı "Nəğməkar səs sağlam və xəstə vəziyyətdə" adlanır. O kitab haqqında haşiyədə Bülbülün qiymətverici rəyi də qalır: "Çox dəyərli kitabdır".
Bülbülə o kitab ilk növbədə, əlbəttə ki, bir müğənni kimi gərək idi. Hər oxuyan kimi, onun da səsinə soyuq dəyə bilərdi və dəyirdi də. Amma digər tərəfdən, o həm də müəllim idi. Bu səsqoruma və səssağaltma şərtləri, qaydaları və müalicə üsullarını tələbələrinə də öyrətməli idi ki, başlarına belə bəla gələndə, vacib bir konsert ərəfəsində səsə soyuq dəyəndə vəziyyətdən necə çıxsınlar.
Özündən xəbər alsaydın, yəqin, Bülbül səsinin soyuqlaması ilə bağlı neçə olmuşu özünəxas hekayətçi ustalığıyla saatlarca nəql edərdi ki, həm maraqlı rəvayətlər kimi dinlərdin, həm də hərəsindən gələcəkdə yararlanası nələrisə öyrənərdin. Hər halda o qəbildən olan əhvalatlardan xəbərdar olduqlarımız da var.
1938-ci ildə Azərbaycanın həyatında əlamətdar hadisə baş verirdi. Bu, bir mədəniyyət, ədəbiyyat tədbiri olsa da, siqlətcə mühüm ictimai-siyasi məna daşıyırdı. Moskvada Azərbaycanın ədəbiyyat və incəsənət ongünlüyü keçirilməli idi. Bu, ilk növbədə Azərbaycan ədəbiyyatının, incəsənətinin qazandığı uğurların nümayişi idisə də, əslində Azərbaycanın bütövlükdə bir respublika olaraq Kreml səviyyəsində Sovet İttifaqına və Sovet İttifaqından kənarlara təqdimi deməkdi.
Həmin ədəbiyyat və incəsənət ongünlüyünə ən böyük ümidlərlə baxanlardan biri böyük Üzeyir bəy Hacıbəyli idi.
Təbii ki, o vaxtlar Azərbaycan musiqisi ilə bağlı layihələrin əksərinin mərkəzində dayanan Üzeyir bəy Hacıbəyli idi. Amma 1920-ci ildən, istiqlalın boğulması, bolşeviklərin gəlişindən sonra Üzeyir bəyin başı üzərində daim qara buludlar dolaşmaqdaydı, səbəbsiz də deyildi. Əvvələn, bəy nəslindən idi, ziyalı aləmin ən öndəgedənlərindəndi, qardaşı Ceyhun da, özü də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx bağlı olmuşdular, Ceyhun indi Fransada siyasi mühacirətdə idi və səbəblərdən hər biri onun istənilən anda həbsə alınması üçün bəs edərdi. Ona görə də hər il təzə opera, operetta yazan, neçə irili-xırdalı başqa bəstələr doğuran Üzeyir bəy qırmızı 28 apreldən sonra sanki küncə çəkilir, daha yeni bəstələri üzə çıxmır, həmin dövrdə əsasən dərs deməklə, sırf musiqişünaslıq araşdırmaları ilə məşğul olur.
Üzeyir bəy 1938-ci il dekadasına böyük ümidlərlə baxırdı. Ongünlükdə onun "Koroğlu"su nümayiş etdiriləcəkdi və bəyənilsəydi, – bəyəniləcəyinə də ümidlər böyük idi, - onun qarşısında uğur qapılarının açılması, təhlükələrin sovuşma ehtimalı çoxdu. "Koroğlu"da da baş rolda Bülbül çıxış edəcəkdi. Ancaq Bülbül xatirələrində yazır ki, Moskvaya gedərkən elə yolda mənə bərk soyuq dəydi. Həm də elə soyuq dəymişdi ki, nəinki oxuya, heç danışa bilmirdim. Ancaq tamaşa da göstərilməliydi. Tamaşaya başda Stalin olmaqla sovet dövlətinin rəhbərliyi baxacaqdı. Bülbül xəstələnmişdisə, demək, tamaşa da gedə bilməzdi. Çünki Koroğlu rolunu ifa edəcək başqa aktyor, müğənni yox idi. Lap olsa belə, Bülbül səviyyədə kim ifa edə bilərdi ki! Bülbülü göstərməkçün Moskvanın boğaz üzrə ən qüvvətli mütəxəssisləri sayılan bir neçə məşhur professoru dəvət edirlər. Gəlirlər, baxırlar, müayinə edirlər, başlarını bulayırlar ki, qətiyyən oxumaq olmaz. Ancaq oxumaq lazım idi. Və Bülbül xatırlayırdı ki, konsertdən əvvəl üç stəkan tünd, limonlu çay içdim və çıxdım səhnəyə. 38 dərəcə qızdırma içində, boğazı şişmiş, danışa bilməyən və yeganə dərmanı üç stəkan limonlu çay olan Bülbül çıxır səhnəyə. Və həmin axşam yalnız səs tellərinin hesabına oxumur, yalnız Allahın ona bəxş elədiyi, indi naxoşlamış səslə oxumur. İçəridən səfərbər olur, iradəsi tarım çəkilir, daxildəki bütün gücü düyümlənir və Bülbül həmin axşam həmişəki sağlam, şaqraq avazı ilə oxuyur. Bülbül bunu da xatırlayırdı ki, məni müayinə eləyən professorlardan biri o tamaşanı dinləmişdi. Heyrətə düşmüşdü, amma izahını da gətirirdi. Deyirdi ki, belə hallar keçmişlərdə də olub.
Bu cür xəstələnmələrə hərdən təbabətdən də güclü ola bilən, insanın daxilində cəmlənən gücün sayəsində qalib gəlmək mümkündür. Bülbül həmin tamaşanı sadəcə yola vermir, gözəl oxuyur, ilhamla oxuyur. Stalini riqqətə gətirəcək qədər məharətlə oxuyur. "Koroğlu" ali səviyyədə bəyənilir və bu, Üzeyir bəyin həyatında həlledici dönüşün müqəddiməsinə dönür – elə həmin dekada vaxtı SSRİ xalq artisti adına layiq görülür, Stalinin zəmanəti ilə namizədlik stajını keçmədən birbaşa partiya üzvlüyünə qəbul olunur.
Bülbül də mükafatsız qalmır. O da dekadadan SSRİ xalq artisti kimi qayıdır. Ancaq Bülbülün səhnəyə çıxmaqları, dekada gedişində oxumaqları bu tamaşa ilə bitmirdi. Yenə bir neçə dəfə səhnəyə çıxmalı, yenə oxumalı idi və bütün bunlardan əlavə, artıq dekadanın sonunda Stalinin, Siyasi Büro və hökumət üzvlərinin iştirakı ilə təntənəli ziyafət veriləcəkdi, orada da nələrisə ifa eləməli idi.
Bülbül yada salırdı ki, Moskvada soyuqdəyməm bir az da dərinləşdi, bronxit oldum, artıq nəfəs ala bilmirdim. Ancaq axırıncı gündü, hökumət üzvləri yığışmışdılar, ayrı-ayrı müğənnilər çıxış edirdilər, mən də iki xalq mahnısı oxudum. Amma artıq səhnədən yox, elə dinləyənlərin yanında dayanıb oxuduğumdan ağır nəfəs aldığım, bronxit olduğum, təbii ki, böyrümdəkilərə, yaxın məsafədə olanlara aşkar idi. Budyonnı lap yaxınlıqda dayanmışdı, oxuduqlarımı çox bəyəndi, ancaq bronxit olduğumu, ağır nəfəs aldığımı da hamıdan əvvəl hiss etdiyindən astadan bir məsləhət də verdi. Dedi ki, sən iki qədəh şampan iç.
Bülbül xatırlayırdı ki, mən Budyonnının o tövsiyəsinə əməl etdim, iki qədəh şampan içdim, əhvalım da düzəldi, səsim də açıldı.
Bu hadisə Bülbülün öz başına gəlmişdi və gedişat dramatik sonluğa da gətirib çıxara bilərdi. Bir az bəxt də üzünə gülmüşdü, sanki nicatsız görünən ağır vəziyyətdən yaxşı qurtarmışdı və bu xatirəsini qələm götürüb ona görə kağıza köçürmüşdü ki, müəllim idi, sözün böyük anlamında Müəllim idi. Düşünmüşdü ki, vəziyyətdən yaxşı çıxmışdı. Onu düşünürdü ki, yetişdirdiyim vokalçılar var, sabah onlardan hansının başına belə iş gələ bilər, qoy bunu da oxuyub yadda saxlasınlar, bəlkə həmin dar macalda belə bir təcrübə də kara gəldi.
Tələbələrinin taleyi ilə bağlı bunca qayğıkeşliklə düşündüyündəndir ki, Azərbaycan oxuma məktəbi haqqında nəzəri müddəalarını bölüşəndə orada sinəyə soyuq dəyməsi, səsin soyuqlaması ilə bağlı da fikirlərini ayrıca qeyd edir.
Bu halda məcburən səhnəyə çıxmaq lazım gələrkən vəziyyətdən necə çıxmağın yollarını da göstərir.
Bülbül bu səmtdə yalnız təbabətə aid kitablarda yazılanlardan deyil, türkəçarə müalicələrdən də istifadə edirmiş və həm də onların ağlabatanlarından yararlandıqca bəhrəsini də görürmüş. Bunu mənə unudulmaz pianoçumuz Çingiz Sadıxov söyləyib. O da dəfələrlə Bülbülü müxtəlif səhnələrdə müşayiət etmişdi. Danışırdı ki, qastroldaydıq, sabah Bülbül səhnəyə çıxmalıdır, amma boğazına bərk soyuq dəyib. Səsi çıxmırdı, ancaq başqa yol yox idi – oxumalıydı: "Mehmanxanadakı otağına gəlmişdim. Gördüm özünə ayrıca çay dəmləyib. Bir almanı xırda-xırda doğrayaraq atıb iri çay stəkanına. Mənim gözümün qabağında bunun da üstünə bir az konyak da əlavə elədi, qarışdırdı, qoydu bir qədər qalsın, sonra götürüb qurtum-qurtum içdi, bununla da yekunlaşmadı, çayın içərisinə atdığı həmin alma tikələrini də bir-bir götürüb yedi. Dedi, sabah artıq düzələcək mənim səsim. Həqiqətən də ertəsi gün səhnəyə çıxdı, soyuqdəymədən əsər-əlamət qalmamışdı".
Bülbül həyat təcrübələri ilə dolu insan idi. Ömrün dərsləri sənə qarşılaşa biləcəyin hər çətin sınaqdan rahat çıxmağın yollarını aşılayır, Bülbülsə bütün bunlardan agahdı və səxavətli də insandı.
Qəlbindəki eşqi ecazkar avazına qataraq insanlara ərməğan etdiyi kimi, adlamış olduğu enişli-yoxuşlu həyat yollarının ona öyrətdiklərini də özündən daha cavanlardan əsirgəmirdi. Yazırdı, öyrədirdi, söyləyirdi.
Hər insan günlərin birində gedəsidir. Bülbül də bilirdi ki, onun da həyatı, hər bir adam kimi, bitəcəklidir, günlərin birində onun da son saatı yetişəcək. Ona görə də bu dünyada qazandığı yaxşı nə varsa hamısını paylaşmağa tələsdi, çiçək-çiçək uçan arı kimi topladıqlarından nələrin insanlara qalması məsləhətdirsə, ölüm gələnəcən onların hamısının özü ilə birgə getməməsinin tədbirini tökdü.
Belə Vətən balasına rəhmət və məhəbbət heç tükənərmi?!
…Bir vaxtlar Azərbaycan dövlət radiosunda xoş bir ənənə vardı. Hər ayın 26-da mütləq Bülbülün konserti verilirdi. Yəni başqa günlərdə də ayrı-ayrı verilişlərin içərisində, ya lap elə müstəqil konsertlər kimi Bülbülün oxuları səslənirdi. Ancaq hər ayın 26-da səhər onun konsertinin verilməsi mütləq idi. Bu, bir adətə çevrilmişdi və həmin məxsusi ənənənin öz tarixçəsi vardı.
Bilmirəm, indi həmin ənənə Azərbaycan radiosunda davam etdirilir, ya yox, amma 1960-70-80-90-cı illərdə, bir az da 2000-ci illərin əvvəllərində həmin ənənəyə səliqə ilə riayət edilirdi, səbəbsiz də deyildi. 1940-1950-ci illərdən başlayaraq Azərbaycan Radiosunun Xalq musiqisi şöbəsi Azərbaycan ifaçıları üçün, bir növ, öz evləri kimi idi. Ora tez-tez gələrdilər. Bu gəlişlərin bir yadasalma tərəfi də vardı ki, məni unutmayın, ifalarımı vaxtaşırı səsləndirin, verilişlər hazırlayanda məni də nəzərə alın. Əlbəttə, bunu açıq deməzdilər, şirin söhbətlər açardılar, rastlaşdıqları maraqlı hadisələrdən, qastrol səfərlərindən bəhs edərdilər, qayğılarından, dərd-sərlərindən danışardılar. Bu redaksiyada onlar özlərinin vaxtaşırı toplaşdıqları Filarmoniya bağından da məhrəm idilər. Buna 1970-ci illərdə, hələ tələbə ikən Azərbaycan radiosunda ilk verilişlərimi hazırlayarkən, 1980-ci illərdə artıq musiqi redaksiyası ilə sıx əməkdaşlıq edərkən dönə-dönə şahid olmuşam.
Azərbaycan radiosu müğənnilərimizin, xanəndələrimizin, tarzənlərimizin, kamançaçılarımızın, digər ifaçılarımızın xalqa tanıdılmasının əsas meydanı idi. Onların hamısının ifaları Azərbaycan radiosunun səs xəzinəsində qorunurdu.
Xalq musiqisi redaksiyası əməkdaşlarının köhnə nəsil ifaçılarla dost, simsar münasibətləri vardı. Sürəkli radioçu yaşı olan həmin əməkdaşların hər biri mənimçün qiymətli xatirələr mənbəyi idi.
Böyük musiqiçilərimizlə bağlı elə xatirələrini bölüşərdilər ki, bunların əksərini ilk dəfə elə həmin balaca otağın içərisində məşhur musiqiçilərimiz o redaksiyanın əməkdaşlarına söyləmişdilər. Bu redaksiyada musiqi tariximizin insanlara görünməyən elə gizlin tərəfləri ilə bağlı əhvalatlarınağıl edərdilər ki, bunlarsız nə Azərbaycanın musiqi xalısı bütöv görünərdi, nə də sanki hamımıza çox yaxşı bəlli olan sənətkarları gərəyincə tanıyardıq.
Elə Bülbülün özü də həmin redaksiyaya mütəmadi baş çəkənlərdənmiş. Böyük müğənninin o redaksiyanın əməkdaşlarıyla nə qədər yaxın olmasını ondan hiss edirdim ki, artıq 1970-ci illərdə – Bülbülün vəfatından xeyli vaxt ötəndən sonra da Bülbül haqqında elə məhəbbətlə, elə diqqətlə danışırdılar ki,sanki ondan dünən ayrılıblar. Elə hər ayın 26-da Azərbaycan radiosunda səhər Bülbülün ayrıca konsertinin verilməsi ənənəsini də bu redaksiyanın əməkdaşları böyük müğənninin xatirəsinə ehtiramlarının, sevgilərinin əlaməti kimi yaratmışdılar. Əməkdaşları yazanda ki, niyə mücərrədləşdirirəm?
Həmin təşəbbüs 1960-cı illərdə, 70-lərin əvvəllərində musiqi redaksiyasına rəhbərlik etmiş, həyat yoldaşı, diktor Züleyxa Hacıyeva kimi Azərbaycan radiosuna qəlbən bağlı Kamil Məmmədovdan gəlmişdi.
...Bülbülün həmişə işi çox, vaxtı az idi. Gərək həmişə hər gününü, hər həftəsini, hər ayını irəlicədən planlaşdıra, dəqiqliklə yazaydı ki, nəzərdə tutduqlarının hamısını vaxtında çatdıra biləydi. 1961-ci il sentyabr ayının 25-i – Bülbülün həyatının növbəti günü başlanır. Təbii ki, o gün evdən çıxanda da ağlında yaxın və uzaq planları vardı. Ən yaxın planı o idi ki, bu səhər konservatoriyada olmalıdır. Nisbətən uzaq planı o idi ki, sentyabrın 30-da deputat olaraq seçicilərlə görüşə getməlidir. Bəri başdan ayın sonundakı həmin görüşdə hansı məsələləri qaldıracağını, görüşdən sonra seçicilərinə hansı nəğmələri oxuyacağını ayrıca qeyd etmişdi. Yəni Bülbül hər işində belə idi - sahmanlı, tədbirli və intizamlı.
1961-ci ilin sentyabrı idi, yeni dərs ili başlanırdı və Bülbül də konservatoriyanın müəllimi idi. Təbii ki, dərsləri vardı, amma dərslərindən savayı orada həm də elmi işlər aparırdı, ona görə də konservatoriyaya gedirdi ki, bu məsələlərlə əlaqədar cədvəlini müəyyənləşdirsin. Evdən oğlu Poladla çıxmışdı.
Yaşadığı yerlə konservatoriyanın arasındakı məsafə də çox deyildi - piyada təxminən 10-15 dəqiqəlik yol. Amma evindən konservatoriyayadək 10-15, uzaqbaşı 20 dəqiqəlik yolu adətən Bülbül bir saatdan tez gedib çıxa bilmirdi. Bunu mənə Polad danışıb.
Elə həminki günün təəssüratlarıyla deyirdi ki, getdik,konservatoriyadan çıxandan sonra da evə həmin yolla qayıtdıq. Yoldan keçənlərin çoxu - tanıyanlar da, tanımayanlar da onunla salamlaşırdı. Atamı hər dəqiqə saxlayırdılar.
Bir çoxları onu şəxsən tanımasalar da, Bülbül hamısının doğması idi. Kimisi gendən heyranlıqla baxırdı, kimisi Bülbüllə üç dəqiqə, beş dəqiqə söhbət edir, sonra yoluna davam edirdi. Polad da heyrətlənirmiş ki, atamın gör nə qədər tanışı var, gör onu nə çox istəyirlər.
1961-ci il sentyabrın 25-dir, Bülbül konservatoriyadadır, artıq dərs ilinin cədvəllərinin son variantı hazırdır. Bülbül öz dərslərinin ardıcıllığını köçürür ki, məşğələləri həftənin hansı günlərində, hansı saatda, hansı auditoriyada olacaq. Sonra, irəlicədən nəzərdə tutulduğu kimi, pianoçuların ifalarına qulaq asır və yollanır konservatoriya direktorunun kabinetinə.
Bülbülün həmin gününü ayrıntıları ilə ona görə bilirik ki, bunların hamısınımasaüstü təqvimin vərəqində, ayrıca da qeyd dəftərində yaddaş kimi yazıbmış - neyləməlidir, kimlə görüşməlidir, nə söyləməlidir.
Konservatoriya direktoruna nisbətən uzaq planı ilə bağlı bir sənədi təqdim edir. Bu, Bülbülün 1961-1965-ci illərdə görəcəyi elmi işin mövzusu və müfəssəl təsviridir. Konservatoriya direktoru həmin plana baxınca çox sevinir. Sevindiyini də Bülbülə söyləyir və Bülbül də o təəssüratı elə həmin axşam dəftərçəsində əks etdirir. Sevinir, ona görə ki, bilir Bülbül hansı xəzinədir – birincisi, onun yaddaşında el təsniflərinin elə örnəkləri yaşayır ki, indi artıq heç kəsə bəlli deyil, amma digər tərəfdən, Bülbül həm də qüvvətli alimdir, bu beş il ərzində – 1961-65-ci illər arasında Azərbaycan təsniflərini incəliklə araşdıraraq elə bir əsər ortaya çıxaracaq ki, həm ifaçılarımız, həm də araşdırıcıların yeni nəsilləri üçün təzə yollar açacaq.
Biz indi bu xəbəri alınca istər-istəməz məyus oluruq. Bu, məhz o itkilərimizdəndir ki, Bülbülün ömür möhləti onu da bizə təhvil verməsinə bəs etməyib. Azərbaycan təsnifləri ilə bağlı o çağdan indiyədək çox araşdırmalar aparılıb, vaxtilə Moskvada Ramiz Zöhrabovun tərtibi və notlaşdırmasında ayrıca sanballı kitab da nəşr edilib. Lakin Bülbülün yazacağını kiminsə doğura biləcəyini təsəvvür etmək çətindir.
O həm Azərbaycan təsniflərinin bir sıra unudulan nümunələrinə həmin əsərindəki təhlilləri ilə yeni həyat verəcəkdi, həm də təsnifimizin inkişafına təkan verəcək yeni yolları nişan verəcəkdi. Bülbülün həmin yazılası tədqiqata illüstrasiya ola biləcək iki parlaq işi bunun aydın göstəricisidir. "Xalq mahnıları və təsniflər"dən ibarət popurri, bir də böyük müğənninin misilsiz ixtirası olan "Füzuli təsnifləri").
Bülbül konservatoriyadakı işlərini yekunlaşdıraraq dəhlizdə onu gözləyən Polada yaxınlaşır, başını sığallayır, soruşur ki, darıxmadın, bala?
Bunusa mənə Bülbülün həyat yoldaşı, unudulmaz Adilə xanım Məmmədova (əslində onun adı Adelaida idi, "Ada" çağırırdıq, amma mətbuatda elə "Adilə" kimi gedirdi) söyləyib.
Deyirdi ki, 1959-60-61-ci illərdə Bülbül hara gedirdisə, xüsusən rayonlara səfərə çıxanda həmişə Poladı ona qoşurdum. Çünki axır illərdə Bülbüldə yüksək qan təzyiqi əmələ gəlmişdi. Ona görə istəyirdim ki, özünü narahat hiss eləyəndə yanında doğma adam olsun, vaxtlı-vaxtında dərmanını versin.
Və Poladın da bəxti çox gətirmişdi, atasının həyatının son parçasında daim onunla yanaşı idi. Haradan ağlına gələrdi ki, lap yaxın ərəfədə əbədi ayrılıq var?! Bu axır illərdə atasıyla bir yerdə çox olması ona Allahın töhfəsi, bir qənimət idi. Əvvəla ona görə ki, əbədilik itirəcəyi atasıyla daha çox təmas girəvəsi qaza
nırdı, digər tərəfdən də, atalıq bir yana, o, bütün varlığıyla məktəb olan Bülbülün yanında idi! Polad deyir ki, uşaq vaxtı çox arzu edirdim böyüyəndə müğənni olum. İlk dəfə 1957-ci ildə Sumqayıtda hansısa tədbirdi, orada "Evləri var xana-xana" mahnısını oxudum, amma 1959-cu ildə Opera teatrında atamın yubileyi keçiriləndə mənə icazə verdi ki, həmin axşam mən də oxuyum. O gecə bir-iki romans, mahnı ifa elədim.
Və Bülbülün digər oğlu Çingiz mənə vaxtilə bir başqa lent yazısını vermişdi. Ağdama səfəri zamanı Bülbülün orada tamaşaçılar qarşısında çıxışını əks etdirən lent yazısını. İri ev maqnitofonunun iki böyük lent dolağı idi.
Uyğun maqnitofonda səsləndirmək, köçürməkçün həmin lenti götürüb Çingizlə o zamanlar Kirov qəsəbəsi deyilən yerdəki Səsyazma arxivinə, "Yaqub" çağırdığımız Həsənxan Mədətovun yanına getmişdik. Lent köçürüldükcə elə ayaq üstə əvvəldən-sona dinləmişdik. Buna da fikir vermişdim ki, Bülbülün o lentdəki danışıqlarından, oxularından daha əvvəl elə sadəcə öskürməsi, boğazını arıtlamasını eşidəndə Çingizin gözləri ixtiyarsız yaşarmışdı, qəhərini udmuşdu. Çünki atasının oxularını da, danışığını da radiodan eşidə bilirdi və həmin səslənişlərə də, hamımız kimi, adətkərdə idi. Amma efir üçün təmizlənməmiş, bütün kənar küyləri yerində olan bu lentdən gələn öskürək səsində Bülbül diri id
i, canlı idi, Çingiz sanki onu sağmış kimi elə iki-üç addımlıqdan eşidirdi... Həmin lentdə də Polad atasının yanındadır, pianoda müşayiət eləyir, Bülbül oxuyur.
Amma bunlar artıq dünəndə qalmışdı, 1961-ci ilin sentyabrı idi, Bülbülün 64 yaşı vardı, ömrünün növbəti rahat, kefikök bir gününü yaşayırdı.
İşdən qayıdıb evə. Televizora baxacaqlar, şam edəcəklər, bir neçə saat ötəcək, təqvimin daha bir yarpağı çevriləcək, 1961-ci ilin 26 sentyabrı gələcək.
Səhərdir. O vaxtlar hamının qulaq asdığı Azərbaycan radiosunda xəbərlər gedir. Xəbərlərin ardınca konsert başlayır. Diktor elan edir: "Oxuyur Bülbül".
Və Bülbülün lent yazılarını efirə verməyə başlayırlar. Bir mahnı gedir, iki mahnı gedir, üçüncü mahnıda qəfilcə konsert yarımçıq kəsilir. Uzun sürən saniyələr boyu efirə sükut çökür. Adətən belə olmur. Hərdən efirdə konsert gedirkən lent qırılanda da uzaqbaşı üç-dörd saniyəyə dərhal yapışdırırdılar, konsert davam edirdi. Amma o gün beş saniyə keçdi, on saniyə sovuşdu, otuz saniyə arxada qaldı. Bu saniyələr isə efirdə adama həddindən artıq uzun görünür, bir neçə dəqiqəlik sükut kimi gəlir.
O səhər yarımçıq qırılmış konsert davam etmir. Handan-hana diktorun həmişəki gümrahlığından uzaq yorğun səsi gəlir. Hüznlə elan edir: "Bu səhər SSRİ Xalq artisti, böyük Azərbaycan müğənnisi Bülbül vəfat etmişdir". Daha bundan sonra heç vaxt Azərbaycan radiosunda Bülbülün ifaları verilərkən "Oxuyur Bülbül" deyilməyəcək.
Həmin gündən sonrakı günlərin hamısında yenə radiodan Bülbülün səsi gələcək, amma elan etməyəcəklər ki, "Bülbül oxuyur", deyəcəklər ki, "Bülbülün lent yazıları səslənir".
1961-ci il sentyabr ayının 26-sı idi, xalq Bülbülünü itirmişdi və Azərbaycan Radiosunda elə həmin gün qərara almışdılar ki, Bülbülün konserti daha heç vaxt yarımçıq qalmasın.
Bundan sonra yalnız sentyabrın 26-da deyil, gərək hər ayın 26-da mütləq efirdə Bülbülün konserti olsun.
Və üstündən onillər keçəndə, həmin ənənəni yaradanlar özləri həyatda olmayanda da o adət davam etdirilirdi. Bülbülün səsi Azərbaycan xalqının elə sərvətidir ki, xalqın ürəyində, düşüncəsində, qulaqlarında, ruhunda bu avaz, o konsert nə qədər millət var, həmişə davam edəcək.
...O nəğmələri, o romansları, o ariyaları ilk dəfə o oxumuşdu. O nəğmələr, o romanslar, o ariyalar əslində elə onun gözəl səsi üçün yazılmışdı, hamısı bir-birindən gözəl. Ancaq həmin gözəllərin arasında ən gözəli də var. "Sənsiz"in yeri Bülbülün bütün oxuduqlarının içərisində büsbütün ayrıdır.
1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi qeyd edilməli idi. O təntənə ərəfəsində Nizami ilə bağlı silsilə işlər görülürdü, əsərləri tərcümə və nəşr edilirdi, məsnəvilərinə sıra-sıra rəsmlər çəkilirdi, şeirlərinə də bir-birindən eşidimli bəstələr doğulurdu. Bu işin önündə gedən Üzeyir bəy Hacıbəyli idi. Ətrafındakı o çağın tanınmış bəstəçiləri və əlbəttə ki, həm də böyük yaradıcılığa cəlb etdiyi yetirmələri, tələbələri.
O çağlarda – 1930-cu illərin sonları, 1940-cı illərin başlanğıcında Nizami ilə bağlı nələr yazılıbsa, hamısı bu gün də yaşayır və bütün gələcəklər içərisində təravətini itirmədən ömrünü davam etdirəcək. Ancaq hər halda ayrıca götürülmüş bir yaradıcılıqda da, bir çox istedadlı insanı qovuşduran yaradıcı axında da həmişə şah əsər deyə nişanlanası tək-tək ən seçmə incilərə rast gəlinir.
O dövrdə Üzeyir bəyin özünün də, onun yönəldicisi olduğu, onlarca bəstəkarı əhatə edən axının da doğurduğu Nizami lövhələri arasında tərəddüdsüz seçiləsi şah əsər "Sənsiz" idi. "Sənsiz"də üç dahi qovuşmuşdu – Nizaminin sözü, Üzeyir bəyin bəstəsi, Bülbülün ipək avazı. Bülbül 1940-cı illərin əvvəllərindən başlayaraq ömrünün sonuna qədər "Sənsiz"i dönə-dönə ifa elədi. O, həyatdan gedəndən sonra da "Sənsiz"ini radiolardan, televiziyalardan, kinoekranlardan eşidirik, doymuruq. "Sənsiz"ə Bülbülün sağlığında da, Bülbülün həyatdan getdiyi zaman içərisində də ən böyük müğənnilərimiz də üz tutublar, yolunu təzə başlayanlar da bu romansın ifasında güclərini sınayıblar. Ancaq Bülbül elə möhür vurub ki, "Sənsiz"i ən məlahətli oxularda, ən yeni yozumlarda, ən təzə və uğurlu təqdimlərdə nə qədər dinləsək də, nə qədər bəyənsək, zövq alsaq da, ilk təsirin sehrindən qurtula bilmirik – Bülbül səsindəki "Sənsiz" sadəcə oxu deyil, rəmzdir və onun köhnəlməyən illət duası kimi hər bir azərbaycanlının içərisində ayrıca yeri var.
Bülbül "Sənsiz"i çox oxumuşdu, amma 1948-ci ilin payızında da oxudu. Bundan əvvəl də, ondan sonra da oxuduğu "Sənsiz"ində xəfif, zərif tül kimi bürüyənkədər qatı olmamış deyil. Çünki "Sənsiz" bir sevda ağrısının, hicranın, onsuzluğun nəğməsidir. Ancaq 1948-ci ilin noyabrında Bülbülün səsində eşidilən "Sənsiz" sağalmaz millət acısının ağısı idi. Bülbül o gün o nəğməni musiqinin müşayiəti olmadan oxuyurdu, bir məzar başında oxuyurdu. Müəllimi, məsləkdaşı, dostu, sirdaşı Üzeyir bəy həyatdan ayrılırdı, dahi insan vətən torpağına tapşırılırdı və 1948-ci ilin həmin üzüntülü payız günündə Bülbül yüzüncü, ya neçə yüzüncü dəfə ifa etdiyi Üzeyir "Sənsiz"ini indi Üzeyir bəyin özü üçün vida, ayrılıq nəğməsi kimi oxuyurdu.
Fotolarda 1948-ci ilin o nisgilli noyabr gününün gerçək görüntüləri qalıb. Dəfn mərasimində çəkilmiş fotolar və oçağın kinoxronikası. Azərbaycan, Bakı Üzeyiri son mənzilə yola salır. Çox sular axıb keçib. Çox illər, onillər arxada qalıb. Ancaq hər dəfə 1948-ci ilin yadigarı həmin qəmli lentin səssiz kadrlarını seyr eləyəndə istər-istəməz yada Bülbülün "Sənsiz" deyən hüznlü sədası gəlir.
...Xeyli illər qabaq Azərbaycan radiosunun səs xəzinəsində çoxdan unudulmuş, istifadə edilməyən lentləri araşdıranda bir səs yazısına rast gəldim. Qulaq asdım və heyrətləndim. Təəccübləndim ki, nədən bunca qiymətli bir saxlancı illərlə eşidilmədən kənarda qalıb.
1958-ci ilin noyabrında Üzeyir bəylə ayrılığın 10 ili tamam olurdu. Üzeyir bəy həyatdan qocalıb getməmişdi, vur-tut 63 illik ömür. O boyda sənətkar, o cür dahi üçün 63 il nədir ki! Hələ illərlə yaşaya, nələr yarada bilərdi? (Allahın əcəli öz yerində, fəqət həm də bu ölümün belə erkən gəlməsinə iblislər səbəbkar oldu.) 1958-ci ildə və hələ sonrakı neçə illər və onillərdə də onun məsləkdaşlarının, bir yerdə çalışdıqlarının əksəriyyəti, sözsüz ki, özündən xeyli cavan tələbələri, yetirmələri də həyatdaydılar.
1958-ci ilin noyabrında Üzeyir bəylə ayrılığın 10-cu ildönümü münasibətilə böyük bəstəkara həsr edilmiş müxtəlif tədbirlər də keçirilmişdi. Ancaq haqqında bəhs etmək istədiyim lentin təşkilatçısı Bülbül olmuşdu. Üzeyir bəy haqda özü danışıb səsini lentə aldırmışdı, Əşrəf Abbasovu, Zəhra Rəhimovanı və daha bir neçə nəfəri dəvət etmişdi. Yazılan səslərdən Üzeyir bəyin vəfatının 10-cu ildönümünə həsr edilmiş bir radio vida axşamı yaranmışdı. O lent səslənmişdi və hamını 1958-ci ildən 10 il geriyə – 48-ci ilin noyabrına aparmışdı.
"Aylar bir-birini qovur, illər ötüb keçir, fəsillər bir-birini əvəz edir. Bu fəsillərin ən gözəli, ürəkaçanı, fərəhlisi bahardır. Üzeyir yaradıcılığı, Üzeyir sənəti də baharın bənövşəsi, yasəməni, ətirli çiçəkləridir. Üzeyirin musiqisi həmişə bu çiçəklər kimi ürəkaçan olacaq. İnsanların ruhunu oxşayacaq, insanlarda yaşamağa, sevməyə, sevilməyə coşqun həvəs oyadacaqdır. Mən Üzeyir bəyin çiçəklərə qərq olmuş tabutu başında onun "Sənsiz" qəzəlini oxudum. Təkcə onu mən oxumurdum, bütün xalq oxuyurdu. Azərbaycan xalqı da ürəyinin ən dərin guşəsində Üzeyir bəyi, onun ölməz sənətini əsrlər boyu bəsləyəcəkdir".
Bu, Bülbülün həmin gündən gələn səsidir.
1958-ci ilin noyabrından qalan lent yazısında Bülbül Üzeyir bəylə ilk tanışlığını da yada salır. Xatırlayır ki, "Əsli və Kərəm" operasında baş rolda oynamasının ertəsi günü imiş.
O vaxtlar Azərbaycan Xalq Maarif Komissarlığında İncəsənət işləri idarəsinin rəisi olan görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevlə Bülbülün arasında isti münasibətlər çoxdan varmış. Həmin tamaşanın ertəsi günü elə incəsənət işləri idarəsində Əbdürrəhim bəy Haqverdiyevin kabinetində görüşüblərmiş. Bu ara qapı açılır, Üzeyir bəy girir içəri. Üzeyir bəyi, təbii ki, Bülbül uzaqdan-uzağa tanıyırdı. Amma hələ şəxsi münasibətləri yox idi. Bülbül Üzeyir bəylə ilk görüşünün illər ötəndən sonra da həyəcanı soyumamış təəssüratı altında yada salırdı: "Əbdürrəhim Haqverdiyev "Əsli və Kərəm" operasında Kərəm rolundakı çıxışımın ikinci günü öz iş otağında məni Üzeyir bəylə tanış edib belə dedi ki, bu, bizim Bülbülümüzdür. Dünən Kərəm rolunda Bülbül kimi çaqqıldadı və camaata ləzzət verdi. O vaxt Üzeyir bəy musiqi şöbəsinin müdiri idi. Onun gözəl, cazibədar siması, iki tərəfə ayrılmış azca qıvrım saçları, sadə və mənalı baxışları məni elə heyran etdi ki, gözümü bir an da olsun belə onun simasından ayıra bilmədim. Üzeyir bəy mənim bu heyranlığımı duyaraq zarafatla dedi: "Hə, istəyirsən səni tərifləyim?" Günlər keçdi. Üzeyir bəyin əsərlərinin qəhrəmanı oldum. İkimiz də sənətə və elmə sarıldıq. Moskvada, Leninqradda olduq. Görkəmli sənət adamları ilə görüşdük. Sonra mən dörd il İtaliyada qaldım. Məktublaşdıq, Üzeyir bəy əsərlərini mənə mütaliə üçün İtaliyaya göndərdi".
...Bülbüllə bağlı bu əhvalatı heç unutmuram. Tələbə idim. Yay tətilində rayona getmişdim. O vaxtlarda hər evdə divardan asılı bir radio vardı ki, daim açıq olardı. Radioda konsert gedirdi. Bülbül oxuyurdu, eyvanda nənəmlə oturmuşduq. Nənəm savadsız, yaşlı bir qadın idi. Diqqətlə qulaq asdı və birdən qayıtdı ki, Bülbül nə yaxşı oxuyurmuş, biz bunu bəyənmirdik.
Və bu sözlərin heç də yalnız yaşlı bir qadının sadədil qənaəti olmadığını, arxasında xüsusi diqqət yetirilməli vacib həqiqətin dayandığını mən xeyli sonralar dərk etdim. Bülbül muğamatdan çıxmışdı, ancaq gedib Avropada təhsil aldı, italyan vokalının gizlinclərini mənimsədi, qayıdıb Azərbaycan xalq musiqisinin ruhu ilə italyan oxu qaydalarını qovuşdurdu, iki məlumdan yeni, sevimli naməlumu zühura gətirdi. Bülbülün "Şur"u qalır.
"Şur"u sıra-sıra xanəndələrimiz oxuyub. XX əsrin əvvəllərində məşhur "Sport-rekord", "Qrammofon", "Ekstrafon" və digər səsyazma şirkətlərinin buraxdığı vallarda Keçəçioğlunun da, Məşədi Məmməd Fərzəliyevin də, Cabbar Qaryağdıoğlunun da "Şur"undan parçalar qalır. Amma "Şur"un daha mükəmməl yazılışları da var axı. 1930-40-50-ci illərdə də, daha sonrakı onilliklərdə də Azərbaycan xanəndələrinin müxtəlif nəsillərinin parlaq təmsilçiləri bir-birindən gözəl "Şur"lar yaradıblar. "Şur"u Seyid Şuşinski də oxuyub, Zülfü Adıgözəlov da, Xan Şuşinski də, Yaqub Məmmədov da.
Və bunların yanında Yavər xanım Kələntərlinin də istisnasız olaraq hər anlayan dinləyəni hökmən duyğulandıran "Şur"u da qalır. O "Şur" ki, Yavər xanım Kələntərlidən daha əvvəl səs-səs, boğaz-boğaz, keçid-keçid bənzərsiz şamaxılı ustad Mirzə Məhəmmədhəsənin yadigarıdır. Sonrakı neçə müğənni, neçə xanəndə də "Şur"a üz tutub - ta bugünəcən. Hamısının "Şur"larının öz lətafəti, təkrarsız çalarları var. Eyni muğamdır, amma ifaların hamısı bir-birindən fərqlidir. Amma iri vaxt kəsiyində – Cabbar Qaryağdıoğludan Alim Qasımovacan yaranmış bütün "Şur"larımızı nə qədər seçilən olsalar da, hər halda birləşdirən mühüm müştərək cəhət var və bu şah damar da onların hamısının sırf saf ənənəvi öz muğamat dilimizdə danışan Azərbaycan "Şur"u olmasıdır. Ancaq Bülbülün də "Şur"u var, o da Azərbaycan xalq musiqisinin zərrəcə yad qatışığa bulaşmamış büllur kimi təmiz, duru dilində oxuyub, üstəlik, Azərbaycanın bir çox başqa xanəndələrinin heç yadına düşməyən, ağlına gəlməyən göyçək qoşquları da bu "Şur"a gətirib. Di gəl, Bülbülün"Şur"unə əski "Şur"lara oxşayır, nə sonrakılara bənzəyir. Bu "Şur"da adamın içərisini lərzəyə gətirən bir ayrı hava, qəlbimizə, ruhumuza, qulağımıza tanış bəlli dalğa və koordinatlara tən gəlməyən bir fərqli dalğa da var – Bülbülün ifa tərzinə Avropa vokalından gələrək muğam dəst-xəttində əridilmiş üslub keyfiyyətləri, İtaliya oxuma məktəbindən qoparaq onun səs tellərinə qonmuş avaz bəzəkləri, qulaq yaddaşımızdakı bəlli zəngulələrdən seçilən ziləqalxmalar.
1931-ci ilin dekabrında Üzeyir bəyin Bülbülün məhz bu cür oxu tərzi haqqında çıxışı var. Həmin çıxış sonradan çap da edilib. Üzeyir bəy deyirdi ki, Bülbül Avropa üslubunda oxuyur, bizim Şərq musiqisini də, Şərq üslubunu da gözəl bilir. Amma oxusunun tərzi Avropa üslubudur. Davam edirdi ki, başqalarını bilmirəm, ancaq bu, mənim çox xoşuma gəlir. Bəyəndiyini söyləyərək "başqalarını bilmirəm"i də ona görə vurğulayırdı ki, arif adam idi. Anlayırdı ki, bir yığın insan var, hələ Bülbülün milli havacatı Avropa üslubunda canlandırmasına alışmayıb, bu vəhdət hələ onlarçün bir az yad, qulaqlarını dələnkimidir. Ancaq bəsirətli Üzeyir bəy sabahı da görürdü. Anlayırdı ki, bütün bunlar vaxt məsələsidir.
Bir müddət keçəcək, insanlar asta-asta bu oxu tərzinə, bu üsluba da alışacaqlar. Üzeyir bəy inanırdı ki, gilə-gilə mütəmadi damcılayan su daşı dəlib keçən kimi, zaman ötüşü ilə Bülbülün bu oxu üslubu da ənənəvi xanəndəliyin qəlibləşdirdiyi, istənilən qıraqdangələnə qısqanc yanaşdığı milli dinləmə yaddaşına da təsir edəcək, gözəlimizə bir başqa gözəlin də elə bizə yaraşan zərifliklərinin ahəngdar qovuşması tədricən mühafizəkar hafizəni silkələyəcək, ona "bu da sənin doğmandır" gerçəyini təlqin edəcək, bu oxu yolu da dönüb olacaq milli ifaçılığımızın və milli eşidib-qavrama yaddaşımızın ayrılmaz hissəsi. Nənəmin etirafının cövhərində dayanan elə bu imiş.
Həqiqətən şahidi olduğum hadisəyə əsaslansam da, böyük ölçüdə "Nənə" bir obrazdır, o cür düşünənlər az olmayıb axı. Bülbülün vokalla muğamı, milli oxu yolunu bir-birinə calaq edərək yaratdığı yeni Azərbaycan Oxuma Məktəbi hamınınkılaşmaq, millətin doğmasına çevrilmək, yeni ənənəyə çevrilməkçün məsafə qət etməliymiş.
Nəhayət ki, "ah oxu daşları dəlmişdi", mətləb hasilə yetmişdi, Bülbülün umduğu, Üzeyir bəyin də öncədən gördüyü sevimli həqiqət yerini tutmuşdu.
Zamanın gərdişi ilə Bülbülün aşıladığı yeni ifa tərzi, qurucusu olduğu oxuməktəbi bütün Azərbaycanınkı olunca onu sevənlərin miqdarı da birdən-birə qat-qat artdı. Ancaq hələ bu arzulanan günün gəlişinə çox varkən Bülbülü həmlələrdən qorumaq məqsədi güdən çıxışında Üzeyir bəy digər əhəmiyyətli məqamlara da diqqət yönəldirdi. Deyirdi ki, məsələn, bizim filan oxuyanın (adını da çəkir), bir Azərbaycan müğənnisi ki, muğamatdan xəbəri yoxdur, xalq musiqisindən uzaq adamdır, elə Avropa ariyalarını, romansları oxuyur. O adamı da göndərək getsin, İtaliyada təhsil alıb qayıtsın.
O, yalnız Avropa bəstəkarlarının əsərlərini elə Avropa üslubunda mükəmməl oxuyan bir müğənni olacaq, Bülbül olmayacaq. Bülbülün üstünlüyü ondan ibarətdir ki, o, yalnız Avropa üslubuna yiyələnməyib, içərisində muğamat var, Şərq var, fitrətində Şərqlə Qərbi, muğamatla Avropa oxu dəst-xəttini birləşdirmək qabiliyyəti var.
1934-cü ildə yenə böyük bir musiqi tədbiri idi, Üzeyir bəy kürsüyə qalxmışdı, üz tutmuşdu auditoriyaya, yenə söhbət gəlib çıxmışdı Bülbülün oxu tərzinə, yenə həmin mövzunu bir başqa görüm bucağından təhlil edirdi. Deyirdi ki, Bülbül Avropa mahnılarını, romanslarını, ariyalarını da oxuyur, Azərbaycan mahnılarını da, ariyalarını, romanslarını da. Bir italiyalı, İtaliyanın ən görkəmli ifaçısı bir Azərbaycan romansını oxusun, heç vaxt Bülbül kimi ifa edə bilməyəcək. Xəbər alırdı ki, bilirsiniz niyə? Yerdən səslər gəlirdi. Sağdan-soldan yüksələn səslər də elə sıradan olan dinləyici səsləri deyildi, toplaşanlar musiqi ilə bağlı, səriştəli insanlardı. Deyirdilər, ona görə ki, Bülbül türkdür. Üzeyir bəy qayıdırdı ki, yox, əsas olan bu deyil. Əsas olan odur ki, Bülbül həm də muğamatı bilir. Onun içərisində muğamat var, nəyi oxuyur-oxusun, muğamatın ruhu, ahəngi, əks-sədası onun ifasının içərisində öz izini qoyur, ona görə Bülbülün ifası təkrarsızdır, ona görə Bülbülün ifası bunca cazibədardır, ona görə də nə bizdə – Azərbaycanda, nə də Qərbdə o nəğmələri, romansları, ariyaları ki Bülbül oxuyur, bu gözəllikdə heç kəs ifa edə bilməz.
Bülbül – baharın rəmzi güllər açanda ötər,
Payız gələndə susar, qışda oxumaz Bülbül.
Nə qədər illər keçsə, dəyişsə də fəsillər,
Böyük Bülbül oxuyar, baharla dolar könül.
Bu bircə bəndlik Bülbül gözəlləməsini televiziyada böyük müğənni haqda verilişimizin quruluşunun tələbi ilə elə həmin verilişin montajı əsnasında yazdım, oxudum, verilişə əlavə olundu və əslində Bülbül belə çaparaq yaranmış improvizələr deyil, qat-qat yüksək poeziya nümunələrinə layiqdir.
Varmı belə şeirlər?
Ya bəlkə sualın bir az daha dəqiq qoyuluşuna ehtiyac var? Bülbül haqqında şeirlər yetərincədirmi? Tək-tək şeirlər gözə dəyir, əksərən də ya onun sağlığında, ya da ayrılığından lap az sonra qələmə alınanlardır. Demirəm hamı qələmini siyirib, ya bilgisayarını qoşub Bülbülə şeirlər həsr etsin və o qənaətdə də deyiləm ki, Bülbülü yeni nəsillərin də sevib dəyərləndirməsi, yalnız dinləməyib, həm də oxuduqlarının dərin qatlarındakı gözəllikləri duya bilməsi üçün cəlbetmə, yönəltmə yolutək şeirdən keçir. Bülbül araşdırmaları da artsın, haqqında elmi əsərlər də yazılsın və o sahədə aşkar kasadlıq elə gözəyarı da görünür.
Mən bir dəfə fransız mətbuatında fotoçuları ən gözəl gözlənilməz anı tutmağa dair müsabiqəyə dəvət edən yazıya, bir müddət sonra da həmin yarışmanın açıqcalara çevrilən nəticəsinə rast gəldim. Bu müsabiqədə baş qəhrəman Eyfel qülləsi idi. Kadrda Eyfel hökmən olmalı idi - fərqi yox, uazqda, yaxud yaxında. Əsas olan bu Eyfelli şəkilləri elə görüm bucaqlarından çəkmək idi ki, abidənin Paris həyatındakı daimi və yüksək məqamı duyulsun, şəklin çəkilmə nöqtəsinin qəfilliyinin Qülləyə bəxş etdiyi əlavə gözəllik kadrlarda əksini tapsın. Qarlı günün Eyfeli də vardı o fotolarda, küləkli günün Eyfeli də. Təbii ki, qalxmış şiddətli rüzgar Qüllənin sağa-sola əyilməsindən yox, həmin şəklin budaqlarını bərk küləyin şahə qaldırdığı bir şabalıd ağacının tuşundan çəkilməsindən bilinirdi. Bir ayrı şəkildə şəhərin Qüllədən xeyli uzaqdakı hansısa hündür guşəsində günün bathabatda olduğu saatda üz-üzə əyləşərək əl-ələ yapışmış iki sevgili öndə idi, kadrı doldururdu, xeyli aralıda isə onların bir-birinə yaxınlaşan, az sonra qovuşacaq dodaqlarının arasında Eyfel dikəlirdi - sanki onlar ikisi də elə bir-birini istədikləri qədər məhəbbət bəslədikləri Qülləni öpməyə hazrlaşırlar.
Bir başqa fotoda günəşin düppədüz Eyfelin zirvəsində bir tac kimi parladığı an tutulmuşdu. Biri digərindən cazibəli, baxanları Parisin rəmzlərindən olan Eyfelə yenidən aşiq edən onlarca belə fotonu seyr edəndən sonra ürəyimdən keçmişdi və hətta yazmışdım da ki, belə bir foto-müsabiqəni Qız qalamızla bağlı da cavanlı-ahıllı fotoqraflarımız arasında biz də təşkil etsəydik, kimlərin qalib çıxmasından asılı olmayaraq necə gözəl, əsl hədiyyəlik bir "Qız qalası" albomu yaranardı!
Sözümün səmti Bülbülə sarıdır. Vokalçıların böyük müğənniyə həsr edilən beynəlxalq müsabiqələrinin keçirilməsi artıq ənənəviləşib. Gələcəkdə o yarışmanın çərçivəsini bir qədər də genişləndirib daha da maraqlı edən bir istiqaməti də həmin sıraya əlavə etmək olardı - Bülbül ədəbi improvizələri. O yarışmaya təqdim olunan şeirlər, esseler, hekayələrin... seçmələri sonralar ayrıca kitablara çevrilər, Bülbülü bizə daha yaxından, bir az da sevimli göstərərdi. Həmin bədii lövhələrdə həm Bülbülün ömür yolu, həm də ayrı-ayrı oxularının oyatdığı duyğular əksini tapar.
Bülbülə həsr edilmiş bir topa şeir var, əksəri də müğənninin vəfatı dönəmində yazılıb və açığı, layiqli Bülbül şeirlərinin yeri görünür.
Oxu, Bülbül! Uzaq, yaxın
Neçə eldən gəlsin səsin!
Oxu, Bülbül!
Bu, səs deyil, bir əfsundur,
Bu səsə dünya məftundur.
Bu şeiri Mirvarid Dilbazi yazıb və müğənni ilə ayrılıq günlərində ölümünə heyifsilənərək yox, elə Bülbülün mənəm-mənəm çağlarında oxusuna növbəti dəfə heyrətlənərək qələmə alıb.
Çoxları kimi, o da Bülbül avazına əfsanə deyib, bu səsi tilsim sayıb. Əfsun da, tilsim də xəyalat aləminə aid olan nəsnələrdir.
Dünən və bugün var olan Bülbül isə bütün məlahətli oxumalarıyla birlikdə danılmaz gerçəkdir. Amma həm də o, doğrudan da, ovsundur axı! Ovsunların ən gerçəyi! Həmişə təsirində qalmağa can atdığımız sehr!
Bülbül uzun olmayan bir ömür yaşadı, amma bu ömürdən çox insanlar keçdi. O insanların heç biri sadə insan deyildi və o insanların hər biri tarixin unudulmamalı bir parçasıydı.
O adamlar ki, hətta onlarla Bülbül gəncliyində yox, yeniyetməliyində, uşaqlıq illərində təmasda olmuşdu, onlar da tarix daşıyıcıları idilər və Bülbülün bir böyüklüyü də bundan ibarət idi ki, ömründən keçən o insanların əksəriyyətini nə şəkildəsə yazılaşdırıb, tarixləşdirib.
Əgər Bülbül bunları vaxtında etməsəydi, bir çox adlar bizim üçün tamamilə unudulardı. Amma həm də bir qatar adlar var ki, Bülbülün xatirələriylə, yaddaşlarıyla, qeydləri ilə biz onların çöhrəsini bu gün daha dəqiq görürük. Asəf Zeynallı insafsızca gödək ömür yaşayıb – 23 il.
Yaratdıqlarını dinlədikcə heyrətdən, təəccübdən daha artıq insanın içərisində təəssüf hissi yaranır, ixtiyarsız heyifsilənirsən. Bunca istedadla çağlayan insanın həyat yolu beləcə qəfil qırılmasaydı, o hələ nələr yarada bilərdi! Söhbət həm də təkcə onun öz yaratdıqlarından getmir, doğurduqlarıyla Asəf Zeynallı asta-asta xəttə çevrilirdi, yola dönürdü, məktəbləşirdi. Onun da öz ardıcılları yaranacaqdı, irəlilədiyi səmti tutub gedən başqa Asəflər yetişəcəkdi.
Asəf Zeynallı konservatoriyada Bülbüllə birgə oxumuşdu və üstündən xeyli vaxt keçəndən sonra, 1955-ci ildə Bülbül axşamlardan birində oturub Asəflə bağlı xatirələrini qələmə almışdı. Bununla ürəyi soyumamışdı, durub getmişdi radioya, studiya istəmişdi. Oturmuşdu həmin studiyada, axşam yazıb doldurduğu vərəqləri qoymuşdu qabağına. Ancaq oxumamışdı, başlamışdı danışmağa. Danışdıqca da söz sözü gətirmişdi və neçə başqa yazıya almadığı xatirə də o anda hafizəsinə gəlmişdi. Bülbülün söyləməsincə, ilk tanışlıqlarına səbəb imtahan olmuşdu. Bülbülgilin harmoniyadan bilikləri sınanacaqmış. Həm də başqa adama yox, çox tələbkar müəllimi Üzeyir Hacıbəyliyə imtahan verməliymişlər. Üzeyir bəysə, Bülbülün öz söyləməsincə, deyibmiş ki, sənin səsin də xoşuma gəlir, istedadın da var, amma harmoniyanı yaxşı öyrənməsən, incimə, yaxşı qiymət ala bilməyəcəksən və Bülbül də üz tutubmuş Asəfə ki, imtahanlara hazırlaşmaqda ona kömək eləsin. Asəf yardımlarını əsirgəməmişdi. Sonra illər onları ayırmışdı. Asəf Zeynallı təhsilini davam etdirmək üçün Leninqrada getmişdi. Dörd il Bakıda olmamışdı, amma qayıdıb gələndə əlində artıq bir yığın yeni əsərlər vardı. Cəfər Cabbarlının sözlərinə Asəf Zeynallının bəstələdiyi o məşhur romansı hansı azərbaycanlı dinləməyib ki! "Şiş ucları buludlarla döyüşən dağlarında qarları var ölkəmin" - bu balaca nəğmənin içərisində ölkəmizin bütün əzəməti, gözəlliyi, zərifliyi var. O nəğmə yalnız Asəfin, təkcə Cəfər Cabbarlının, ancaq Bülbülün deyil, bütün azərbaycanlıların yurda məhəbbətinin ifadəsidir. Biri sözünü yazıb, biri musiqisini bəstələyib, biri oxuyub, amma hər dəfə o nəğmə səslənəndə adama elə gəlir ki, oxuyan da sənsən, bu sözlər də sənin ürəyindən qopub, bu havanı da o sözlərə elə sən tapıb qoşmusan.
1956-cı ildə Asəf Zeynallını anarkən Bülbül ilk görüşlərini, əvvəlinci təmaslarını xatırladığı kimi, son görüşü də yad edirdi. Axırıncı dəfə 1932-ci ildə birgə olmuşdular. Asəf Zeynallı da, Bülbül də xalq musiqisini çox sevirdi. Xalq incilərini toplamaq ömürləri boyu onların şakəri oldu. "Ömürləri boyu" ifadəsini Bülbülə aid etmək bəlkə də müəyyən qədər yerinə düşür. Hərçənd onun da ömrü, sən deyən, uzun olmayıb. Amma "ömrü boyu" deyəndə və bu kəlməni vur-tut 23 il yaşamış Asəf Zeynallıya aid etmək istəyəndə dil o sözləri deməyə dönmür. Əli uzaqlara çatmayanda Asəf İçərişəhərə gedərmiş, dini havacatı dinləyib nota salarmış, dərvişlərin oxularına qulaq asarmış, köhnə muğamatçılarla söhbətləşərmiş. Bunları mənə hələ 1970-ci illərin sonlarında unudulmaz tarzənimiz Bəhram Mansurov danışardı və yada salardı ki, Asəf tez-tez onun tarzən, muğam bilicisi əmisi Mirzə Mansurun da yanına çoxlu suallarıyla gələr, diqqətlə dinləyər, bəzən hansısa az bilinən muğam guşələrini çalmasını rica edər, qeydlər götürərmiş.
1932-ci ildir, Bülbülün rəhbərlik etdiyi Xalq Musiqisinin Tədqiqi Kabinetinin xətti ilə Asəf müğənni dostuna qoşularaq Qarabağa folklortoplama ekspedisiyasına yola düşür. Qısa müddət ərzində – həftələr boyu yox, yalnız müəyyən günlər ərzində Asəf də, Bülbül də neçə yeni xalq melodiyasını kəşf edirlər, nota salırlar, vala yazırlar. Ancaq deyə-gülə getdikləri bunca bəhrəli, bu qədər uğurlu səfər faciə ilə yekunlaşır. Asəf xəstələnir, Bakıya qayıdası olur. Yəni xəstələnmək hələ faciə deyildi, sadəcə qanıqaraçılıqdı ki, iş müvəqqəti olaraq yarımçıq qalır. Lakin əsl faciə hələ geridəydi. Səfərin yarımçıq qalması nədir ki! Səhhətin babatlaşan kimi təzədən vaxt tapıb yola yenidən çıxarsan. Ömür səfəri qırılanda isə yol müvəqqəti deyil, əbədilik qırılır. Tanrı o yaya belə acı bir qisməti yazıbmış. Asəf Bakıya halsız qayıdır, Bülbül Qarabağda qalıb ekspedisiyanı davam etdirir. Təbii ki, bu da uzun çəkmir, heç bir həftə tamam olmamış ekspedisiyanı yekunlaşdırıb Bakıya gəlirlər və şəhərə çatınca Bülbül heç cürə inanılmaz, müdhiş xəbər eşidir - Asəfin həyatı 23 yaşında bitmişdi. Və 1956-cı il idi. Asəfin ölümündən 24 il keçirdi. Onun yaşadığı ömür möhlətindən də bir il çox. Bülbül sevimli dostunu anırdı: "Biz Asəflə çox tez-tez görüşüb söhbət edirdik. Söhbətimizin birində Asəf mənə dedi: "Yaxşı indi nə etmək fikrindəsən?" Mən isə cavabında dedim ki, məqsədim respublikamızda qalıb xalq mahnılarını toplamaq, musiqi sənətimizin inkişafına kömək etməkdir. Mənim bu fikrimi Asəf çox bəyəndi. Bir ildən sonra, yəni 1932-ci ildə Asəfə şad bir xəbər verdim: Qarabağa ekspedisiyaya gedirik, məqsədimiz xalq mahnılarını və oyun havalarını toplamaqdır. Asəf bu xəbərdən çox məmnun oldu və dedi ki, o da bizimlə bu ekspedisiyada iştirak etmək istəyir. Biz 1932-ci ildə yayın əvvəllərində yola düşdük".
Üzeyir bəy xalqın musiqi dühasından doğmuş ağ saçlı inciləri arayırdı, axtarırdı, tapırdı. Onları budayırdı, cilalayırdı, tamam daha başqa bir hüsndə insanlara təqdim edirdi. Köhnə nohələr, qəsidələr, sinəzənlər, mərsiyələr vardı - sözləri qocalmış, musiqisi təravətli, dünən yazılıbmış kimi təzə, ruh oxşayan. Üzeyir bəy əskiləşmiş sözləri qoyurdu bir qırağa, melodiyaları götürürdü.
Həmin təranələrə uyğun sözləri yerinə otuzdurandan sonra nohələr də, sinəzənlər də, mərsiyələr də tamam başqa bir göyçəklik qazanırdı, çevrilib olurdu yeni zamanın mahnısı, təsnifi. Həm də Üzeyir bəy belə keçmişdən yararlanmaya yolunun lap başlanğıcından, gənc ikən elə təhtəlşüurla, yəqin ki, altıncı hiss dediyimiz güclü sezmə duyğusunun yönəltməsiylə üz tutmuşdu. Götürün elə "Leyli və Məcnun"u. Orada səslənən, sonra dillər əzbəri olan sözlü parçaların neçəsi, xorların əksəri əslində vaxtilə nohə olub, mərsiyə imiş, sinəzən kimi məşhurmuş. Başqa sözlərlə qovuşdurandan sonra Üzeyir bəy köhnə melodiyalara da yüngülvari əl gəzdirirdi, torpağın altında qalan qızıl külçəsi kimi unudulmuş, ya unudulmaqda olan neçə incini beləcə üzə çıxarıb, təzə həyat verərək rövnəqləndirirdi, qoşurdu xalqın musiqi xəzinəsinə. Bəs Üzeyir bəyin şagirdi, onun yolunun davamçısı Bülbül neyləyirdi?
"İnnabı" oyun havası idi ki, onillər, yüzillər boyu Azərbaycan insanı "İnnabı"nın sədaları altında qol açıb süzmüşdü. El sözü var – "sümüyünə düşür". Yəni bu hava artıq millətin sümüyünə düşmüşdü, qəlbinə girmişdi, beynindəydi.
Və Bülbül gözlənilməz bir gediş etdi. Həmişə oyun havası olmuş "İnnabı"ya sözlər artırdı. Bayatılarla, xalq qoşqularından aldığı qəşəng misralarla qovuşunca, dünənəcən rəqs havası olan "İnnabı" çevrildi sonralar çox seviləcək mahnıya.
Ya "Şərili". Zaman-zaman aşıqlarımız sazlarını köksünə sıxaraq "Şərili"ni aşıq havası kimi çalmışdılar. "Şərili"nin “şəhəri”nə də Bülbül ayrı bir qapıdan girdi. "Şərili"yə də sözlər artırdı. Sözlərlə cütləşəndən sonra melodiyası çoxdan hər kəsə tanış olan "Şərili" elə eşidildi, elə qavranıldı ki, sanki təzə yaranmış bir nəğmə imiş. Amma yaddaşda dərinə işləmiş, kökləri olduğundan ilk eşidildiyi andan da sevildi - sanki yüzillər boyu səslənincə qolları açan, ayaq tərpədən oyun havası heç bu deyilmiş, elə bil həmişə bu sözlərlə bu musiqi bir yerdəymiş.
Yəni Bülbül sadəcə oxumurdu, sadəcə müğənni deyildi. Bu təcrübələr mahiyyətcə həm də bəstəçilik idi, yaradıcılığın, musiqi quruculuğunun tamam yeni bir çeşidi idi. Bülbülün vücuda gətirdiyi bu yenilərin heç birinin üstündə yazılmırdı ki, bunu Bülbül etdi. Bülbül də şan-şöhrət haqqında düşünmürdü. Onsuz da şanı da, şöhrəti də, ad-sanı da hansı ucalıqda desən vardı.
O, borc yerinə yetirirdi – eldən aldığını elə qaytarırdı. Adətdir - evə qonum-qonşudan boşqabda pay gələndə qarşılığını hökmən edərlər, boşqabı boşaldıb qaytarmazlar, içərisinə hər kəs gücü çatandan nəsə qoyar. Bülbül də beləcə, xalqdan götürdüyünü eldən aldığı kimi qaytarmırdı, onu bir az da gözəlləşdirərək geri döndərirdi.
Ya rənglər - muğamlarımızın ritmli boyaları, ayrı-ayrı muğam şöbələri arasındakı incə səs körpüləri. Azərbaycan rəngləri musiqi kəhkəşanımızda bir ayrı aləmdir. Müxtəlif zamanlarda Azərbaycanın böyük musiqiçiləri silsilə rənglər yaradıblar. Əsrləri adlayaraq o şux rənglərin neçəsi bugünümüzə gəlib çatıb, ömrünü davam etdirməkdədir. Amma 1940-50-60-70-80-ci illərdə Azərbaycan musiqisində keçmişdə olduğundan qat-qat çoxlu rənglər yaranmağa başladı. Səbəbsiz deyildi. Azərbaycanda 1940-cı, 1950-ci illərdən başlayaraq, xüsusən 1960-70-ci illərdə bir-birinin ardınca çoxlu müxtəlif xalq çalğı alətləri ansamblları yaradılırdı. Azərbaycanda 1940-cı illərdə hələ Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı tək idi. Amma sonralar bir-birindən müəyyən ifa xüsusiyyətləri ilə fərqlənən yeni xalq çalğı alətləri ansamblları böyük musiqi yoluna çıxmağa başladı. Təbii ki, bir-birinə bənzəməməyə, yeniliklər etməyə çalışırdılar. Bununçün ən əvvəl repertuara əl gəzdirirdilər. Səy edirdilər ki, onların çalıb-oxuduqları seçilsin, insanlarımız hansısa yeni avazlar, təzə müğənnilərlə məhz onların ansamblının vasitəsilə tanış olsun. Ancaq bütün ansamblları axtarıcılıq, yenilik etmək, fərqlənmək nöqteyi-nəzərindən ayıran başlıca bir məziyyət də vardı. Onların hamısı muğamsız keçinmədiklərindən cəhd edirdilər ki, yeni-yeni rənglər yaratsınlar. Zamanında ansambl rəhbərləri Əhməd Bakıxanovun, Hacı Məmmədovun, Əhsən Dadaşovun, Ağası Məşədibəyovun, Əliağa Quliyevin, Baba Salahovun və digərlərinin yaratdığı rənglər hərəsi mükəmməl bir əsər idi.
Və rənglər dünyamızın əlvanlığı vaxtında Bülbülü də cəzb etmişdi. Onun oxuduğu ləzzətli təsnif var - "İkisi bir boyda gəzən gözəllər, Toyda-mağarda süzən gözəllər, Hər sözə bir söz düzən gözəllər". Bülbül oxudu, eşidənlər bunu da bir xalq mahnısı kimi qəbul elədi, sevdi və söz yox, gələcəkdə də sevəcək. Çünki görünən budur ki, artıq yeni zamanın, XXI əsrin cavan oxuyanlarının neçəsi o mahnıya müraciət edir. Amma əvvəl bu da bir rəng olub, həmin rəngi də sözlərlə qovuşduraraq nəğməyə döndərən Bülbüldür.
Heç kəs deməsin ki, nə varmış ki burda! Çünki hazırına baxanda görürsən ki, sanki sadə bir işdir, elə sən də edə bilərsənmiş. Dahiliyin fəlsəfəsi də, gizlinci də elə bundadır. Üzdən sadədən-sadə təsiri bağışlayır, ancaq həmin sadəyə aparan ən qısa yol hər adama görünmür, bu əl çatacaq qədər yaxın və əlçatmaz olan cığırı ilk dəfə keçməyi Allah seçmə bəndələrinə etibar edir.
İlk dəfə dahi təzə cığıra ilk qədəm basır, daha dəqiqi, hələ ayaq dəyməmiş yerdə ilk cığırı açır və sonra da hamı ordan, bu yol daim varmış kimi, rahatca keçib-gedir.
Bilənlər, əlbəttə ki, bilir – o rəngi, bu aşıq havasını, hansısa rəqs melodiyasını sözlərlə qovuşdurmaq olarmış fikrinə gələndən sonra belə həmin təranələrə hansı sözləri bənd etmək əsla hər yaxşı musiqiçinin də girəcəyi kol deyil.
O sözlər o musiqi ilə elə birləşməli idi ki, nə sözün, nə musiqinin ruhu incisin. Həm də bu, yalnız ahəng söhbəti, ritm məsələsi deyildi ki, mütləq sözlə hava tam üst-üstə otursun.
Musiqiyə çəkicə yüz faiz tən gələn şeirlər tapardın, üst-üstə otuzdurardın, oxunardı, amma ola da bilərdi ki, bu sözlərlə o havacat sevişməsin. Oxunardı, dinlənərdi, bir kəs əmma qoya bilməzdi, amma o sözlər bu musiqi ilə vəhdətdə döşə yatmazdı, ruhu tərpətməzdi, qəlbi vəcdə gətirməzdi.
Bülbül dərin idi, duyğulu idi, böyük müğənni idi, alim idi və insanları riqqətə gətirməyin çox sirlərinə bələd idi. "A teşti, teşti, teşti, vurdu Gilanı keçdi. İki xoruz savaşdı, Biri qana bulaşdı". Vaxtilə böyük Bülbül Azərbaycan boyu deyil, dünyaca şöhrəti olan sanballı bir sənətkar bu saya sözləri oxuyanda bəlkə kimsə qımışıb, şəbədə də bağlayıb ki, bu boyda sənətkar belə adi sözləri oxuyur. Ancaq Bülbül belə ayaqtutmaz iradlara məhəl qoymayıb, çünki bilib ki, düz yoldadır. Çünki Bülbül daha uzaq sabahlara baxa bilib, anlayıb ki, onun bu gün gördüyü sadə təsir bağışlayan işlər əslində qətiyyən sadə deyil, onların əks-sədası gələcəyin çox uzaqlarından dikələcək.
Bülbülü Bülbül eləyən keyfiyyətlər sırasında ən vaciblərindən biri bu idi ki, o həm də söz adamı idi, ədəbiyyatı yaxşı bilirdi, bədii sözü içərisindəki bütün şəhd ü şəkəri ilə duyurdu. Bülbülün oxuduğu nəğmələri başqa xanəndələr də, müğənnilər də ifa ediblər. Ancaq Bülbülün ifa əsnasında ayrı-ayrı sözlərin, ifadələrin çiyninə qoyduğu hisslər yükü həddindən artıq ağırdır, buna başqa ifaçılarda rast gəlinmir. O, hər kəlmənin yalnız üstünü görmür, dərin qatına da enməyi bacarırdı.
1944-cü ildir, Əliağa Vahidin növbəti qəzəllər kitabı çıxıb və tələsir ki, bu kitabın ilk nüsxəsini Bülbülə hədiyyə etsin.
Vahidin öz xətti ilə elə ani olaraq bədahətən yazdığı iki sətrin də yadigar qaldığı həmin kitab Bülbülün evindədir. Bu improvizə ki Vahidin heç bir kitabına, dəftərinə düşməyib, onun Bülbülə bağışladığı kitabda qalmaqdadır:
Kitab bir bağçadır, hər sətri bir gül,
Oxu, ilhama gəl, sevdalı Bülbül.
Həqiqətən də Bülbül sevdalıydı, ilhama gəlib oxuyurdu. Ona görə də hər ifası, insanları bunca duyğulandırırdı.
Bülbülün oxuduqlarının içərisində elə şairlərin misraları var ki, onların adları o çağlar heç əksəriyyətə məlum deyildi. Bülbül bütün bunları bilirdisə, klassik ədəbiyyata bunca aşınaydısa, demək, köhnə kitabları mütəmadi vərəqləyirmiş. Bülbülün "Şur"unda "Züleyxa" şeirinin misraları dalğalanır. Bir el gözəli Züleyxaya müraciətlə oxunan, Bülbülün məlahətli avazıyla, muğamın lətafətiylə qarışaraq bir az da şirinləşən həmin cığalı müxəmməsin müəllifini uzun müddət arayandan sonra nəhayətdə Salman Mümtazda tapdım.
1928-ci ildə Salman Mümtazın tərtibində "El şairləri" kitabı çıxıb. O kitabda Salman Mümtaz unudulmuş Xalq şairi Şəkili Süleymanın "Züleyxa" adlı bu cığalı müxəmməsinə də yer verib. Bu müxəmməsin bir başqa özəlliyi də ondan ibarətdir ki, Molla Pənah Vaqifin məşhur müxəmməsi də mayasını elə həmin şeirdən alır:
Allaha şükür, lalə yanağında eyib yox,
Dişində, dəhanında, dodağında eyib yox,
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq.
Vaqif belə deyir, zərgərcəsinə vəsfetmədir və bu gözəlliyin də kökü məhz Şəkili Süleymanın o cığalı müxəmməsindən gəlir - Bülbül oxuyan "Züleyxa" müxəmməsindən:
Ey simbədən mehr-i dirəxşəndə Züleyxa,
Ey kan-i məlahət ləbi pürxəndə Züleyxa,
Qılma saçını munca pərakəndə, Züleyxa,
Ey gözləri şəhla,
Ey qaməti rəna,
Ey sani-yi Leyla,
Əla dəxi əla,
Rüxsarı gözəldir,
Rəftarı gözəldir,
Tuti kimi hər ləhce-yi güftari gözəldir,
Kim gördü ki, yüz ruh ola bir təndə, Züleyxa!
(Qısa şeir də deyil. Bu cığalı müxəmməs belə beş uzun bənddən ibarətdir. Bəlkə də bir ayrısı iki, uzağı üç bəndi oxuyub keçərdi təsnifə. Amma Bülbülə sözlər elə xoş gəlib, hər misranı ağız dadı duya-duya elə iştahla oxuyur ki, dinləyən də o şeirə qeyri-ixtiyari valeh kəsilir. Müğənni, xanəndə sözü anlayıb oxuyanda, sözün təkindəki lətafəti, misraların dərinindəki nazik mətləbləri də zahirə çıxarmağı bacaranda onun sehrinə düşməmək mümkünsüzləşir. Bülbül sözü ram edib eşidənini də şeirdəki cazibəyə məftun və əsir etməyi bacaran nadirlərdən idi).
Molla Pənah Vaqif şeirinin qığılcımının Şəkili Süleymanın "Züleyxa" cığalı müxəmməsindən qopması sadəcə mənim ehtimalım deyil. Bunu hələ 1925-ci ildə Vaqifə həsr etdiyi kitabında Salman Mümtaz özü dəqiqləşdirib.
...Bülbül sənət yolu davam etdiyi müddətdə çox mükafatları almaq fərəhini yaşayıb. Sovet dövründə bir sənətkarın çatacağı ən yüksək rütbə SSRİ xalq artisti adı idi. Sənətkarın qarşısında çox qapıları açmağa qadir olan Sovet İttifaqının xalq artisti adını da Bülbül nisbətən cavan yaşında qazanmışdı. Ancaq 1950-ci ildə o, bir başqa təltifə də layiq görülmüşdü – Stalin mükafatına (Stalinin ölümündən az sonra bu mükafat SSRİ Dövlət mükafatı adlandırılmağa başladı).
Bülbül gününə görə ən ali sayılan bu mükafata Azərbaycan xalq mahnılarının ifasına görə layiq görülmüşdü. Bu dövlət qiymətləndirməsinin sanbalı çox ağır, dəyəri fövqəladədir. Bu, sadəcə mədəniyyət hadisəsi deyil, bir siyasət məsələsidir. Sovet dövlətinin ideoloji maşınının gerçəkləşdirdiyi siyasətin təməlində dayanan əsas qayə süni sovet xalqı yaratmaq idi. Milyonlarla insanın siyasi repressiyalar girdabına ürcah edilməsi, dürlü deportasiyalarda əsas məqsəd elə xalqları cılızlaşdırmaq, üstün şəxsiyyətlərindən məhrum etmək, SSRİ-yə daxil olan müxtəlif xalqların ruhunu, milli özlüyünü rəndələyərək eyni biçimə uyğunlaşdırmaq, onları bir-birinin içərisində əridib itirmək, milli özəlliyi amorf sovet xalqı olmaqdan ibarət manqurtlaşmış nəsillər yetişdirmək idi. Amma Bülbül Azərbaycan milli ruhunun ifadəsi olan el nəğmələrini elə əlçatmaz yüksəkliyə qaldırmışdı ki, bu ucalığı hətta Kreml səviyyəsində etiraf etməyə vadar qalmışdılar. Ayrı bir xətt tutub gedən siyasəti məfkurə bu ülviyyət müqabilində heyranlığını gizlədə bilməmişdi - məhz Azərbaycan xalq mahnılarının ifasına görə Bülbülə ən baş sovet mükafatını vermişdi. Bu, yalnız sənət zəfəri yox, həm də ilahi səsin siyasi qələbəsi idi!
...Bülbülün ömrü boyu ustad sandığı, öyrəndiyi, şəxsiyyətini və sənətini çox uca tutduğu şəxsiyyətlərdən biri Cabbar Qaryağdıoğlu idi. Əvvəla onu - Cabbar Qaryağdıoğlunu fitri istedadlı xanəndə kimi çox yüksək qiymətləndirirdi, bir neçə dəfə Cabbar haqqında məqalələr yazaraq onun təkrarsız yaradıcılığının ayrı-ayrı məziyyətlərindən bəhs etmişdi. Həmin məqalələrində Cabbar Qaryağdıoğlunu toy-mağar çərçivəsindən, Azərbaycan və Qafqaz hüdudlarından çıxararaq Avropanın ən məşhur vokalçıları ilə tutuşdururdu, bu müqayisədə Cabbarın onlardan bir baş ucada dayandığını təsdiqləyirdi. Həm də bu yanaşmanın parlaq həmvətəninə məxsusi sevgidən doğmadığını, elmi əsaslara söykəndiyini bəyan edərək göstərirdi ki, Cabbar avropalı müğənnilər kimi rahat akustik şəraiti olan salonlarda, səhnələrdə çıxış etməyib. O, daim el içində olub. Dağda-aranda, yayda-qışda, qızmarda-şaxtada oxuyub və səsi də nə səs! Onun avazı üçüncü oktavanın "mi"sinə qədər gedib çatır. Digər tərəfdən, buna da diqqət yönəltmişdi ki, Cabbar Qaryağdıoğlu xanəndəliyindən əlavə, həm də şairdir, nəfis qəzəllər yaradıb. Cabbar haqqında məqalələrində Bülbül bu məqamın da üzərində ayrıca dayanmışdı ki, ustad xanəndə həm də mahir bilicidir, yaddaşı incilərlə doludur, Azərbaycan xalq mahnılarının, el təsniflərinin ecazkar boğçasıdır.
Bülbül Cabbara bir də ona görə xüsusi rəğbət bəsləyirdi ki, Qaryağdıoğlunun xanəndəlik meydanına gəlib məşhurlaşmağa başladığı vaxtlar – XIX əsrin sonları Azərbaycan musiqisində ciddi təbəddülatların baş verdiyi bir dövrə təsadüf etmişdi. İran musiqisinin təsirindən qurtulmağın, xanəndələrimizin farsca qəzəl oxumaq ənənəsinin səngiməsinin əsas səbəbkarlarından biri və əvvəlincisi Cabbar Qaryağdıoğlu olmuşdu.
Cabbar Qaryağdıoğlu farscanı da mükəmməl bilirdi. Bülbül bunu da yazırdı ki, Cabbar yüzdən artıq fars təsnifini oxuyurdu. Ancaq farscanı mükəmməl bilə-bilə, İran musiqisinə hərtərəfli aşina ola-ola, o tərzdə oxumağın bütün yollarına və şərtlərinə də vaqifliyi ilə yanaşı, Cabbar Qaryağdıoğlu Azərbaycan təəssübkeşi idi. Çalışırdı ki, musiqimizə yad nəfəslər dəyməsin, xarici boğazlar girməsin, daim Azərbaycan muğamının öz doğma ifa dili və üslubu ön sırada, üst qatda bərqərar olsun.
Özü dərya olduğundan Bülbül Cabbarın qədrini yan-yörədəkilərin hamısından daha yaxşı dərk edirdi, Qaryağdıoğlunun gəzən xəzinə olmasına şəkki yoxdu, həmin səbəbdən də onu dəfələrlə Azərbaycan Xalq Musiqisinin Tədqiqi Kabinetinə çağırmışdı, ifasında unudulan xalq təsniflərini, el nəğmələrini fonovallara yazdırmışdı, bununla kifayətlənməmişdi, Cabbar mükəmməl savad sahibi olduğunu bildiyindən bunu da rica etmişdi ki, həm muğamatımızın tarixi haqqında düşüncələrini, həm muğamatçılarımız barəsində xatirələrini qələmə alsın. Bülbülün Xalq Musiqisinin Tədqiqi Kabinetinin materialları arasında Cabbar Qaryağdıoğludan həmin əlyazmaları da qalır.
Vaxtilə 12 vərəqlik o şagird dəftərlərindən birini vərəqlədim və gördüm ki, o üzlü-bu üzlü, demək, 24 səhifədə Cabbar Qaryağdıoğlunun "Kürdi-Şahnaz" muğamı haqqında yazdıqları bir-birindən maraqlı və başqa heç bir qaynaqda əksini tapmamış son dərəcə maraqlı məlumatlarla doludur. Hansı muğamın haçan yarandığını heç kəs bilmir. Ancaq Cabbar "Kürdi-Şahnaz" muğamının hansı ildə, hansı ayda, hansı şəraitdə, hansı məclisdə, kimlərin iştirakı ilə təvəllüd tapdığını xəbər verirdi və bu sorağın mötəbərliyini şərtləndirən həm də bu amil idi ki, o yığnaqda Qaryağdıoğlu özü də iştirak etmişdi. Cabbarın özünə ustad saydığı Molla Vəli adında bir oxuyan varmış. Cabbar həmin dəftərdə yazırdı ki, o məclisdə Molla Vəli "Şahnaz" oxudu, təvəqqe elədilər ki, sən "Kürdü"nü də gözəl oxuyursan, bəlkə "Kürdü" ilə "Şahnaz"ı birləşdirəsən? Cabbar şahid durur ki, həmin məclisdə, mənim gözümün qabağında Molla Vəli "Kürdü" muğamıyla "Şahnaz"ı qovuşdurdu, həm də bunu elə ustalıqla elədi ki, sanki bunlar həmişə elə bir yerdə olublarmış. Və "Kürdi-Şahnaz" muğamı həmin gecənin içərisində belə yarandı, sonra başqa xanəndələr də həmin muğamı oxumağa başladılar.
Cabbar Qaryağdıoğlu bütün bunlardan ayrıntıları ilə söz açır, o gecə Molla Vəlinin "Kürdi-Şahnaz"da hansı qəzəlləri oxuduğunu açıqlayırdı.
Cabbarın ərəb əlifbası ilə yazdığı o dəftəri əvvəldən-sonacan latın qrafikasına keçirtdim, mətndəki farsca şeirləri də dilimizə çevirdim və bu mühüm bilgilər insanımıza tez çatsın deyə yubatmadan 1992-ci ildə "Azərbaycan" qəzetində dərc etdirdim, daha sonralarsa geniş təhlillərlə elmi toplulara verdim.
...Üç yüzə qədər Azərbaycan xalq mahnısı ki onların neçəsi bu gün də oxunur, sevilir, dodaq-dodaq ötürülür, gələcəklərdə də həmişə yaşayacaq, onların çoxu bu gün unudulmuş ola bilərdi. Əgər Bülbül vasitəçilik etməsəydi, əgər Cabbar onları oxuyaraq fonovallara yazdırmaq zəhmətini öhdəsinə götürməsəydi.
Cabbar ömrünü sürdü getdi. Cabbarın köksündə onunla bir yerdə o mahnılar da gedəcəkdi, qovuşacaqdı torpağa, qalacaqdı keçmişin altında. Qızıl, ləl-cəvahirat torpağın altında qalır, zaman ötəndən sonra kimsə tapıb üzə çıxarır, sərvət həmin sərvətdir, bəlkə keçmişə nisbətən qiyməti artmış da olur.
Mənəvi sərvətlər ötmüş illərin alt qatına gömüləndə, gedən isanların yaddaşında torpaq altına aparılanda onlar daha geri qayıda bilmir, insana qalan gecikmiş təəssüflər olur ki, niyə vaxtında tərpənmədik, xilas edilə biləcək yatırımızı qoruyub-yaşatmaqçün hərəkət etmədik.
Bülbül çox vaxt müsəlmanın sonrakı ağlına saxlanan işləri vaxtındaca görüb. Cabbarı əyləşdirib mikrofon qarşısında, həm onun yalnız köhnə qrammofon vallarının xışıltıları arasından eşitdiyimiz səsindən qat-qat aydın, təmiz olan saatlarla oxusunun bizə çatmasına səbəbkara çevrilib, həm də bu qədər el incisinə yoxoluşdan nicat verib, fonovala yazılmış xalq mahnıları daha heç vaxt qeyb olmaq təhlükəsi ilə üzləşməsinlər deyə onları notlaşdırıb, xeylisini ayrıca kitabda nəşr etdirib.
Bülbül bunu da xatırlayır ki, o üç yüz civarında xalq mahnısını Cabbarın ifasında fonovallara yazaraq Xalq Musiqisinin Tədqiqi Kabinetimiz qəbul edəndən sonra qocaman xanəndəyə qalın bir zərf təqdim elədim ki, belə işlər üçün dövlət vəsait ayırır, buyurun götürün, bu da sizin zəhməthaqqınızdır.
Cabbar Qaryağdıoğlu bu təklifi eşidincə pəjmürdə olur. Qayıdır ki, professor, o pulu mən götürmərəm. Mən sizə öz malımı verməmişəm ki, əvəzində haqq alam. Oxuduğum, sizə təhvil verdiyim mahnılar elinkidir. Mən də eldən götürüb istifadə etmişdim, yenə xalqa qaytarıram ki, gələcəkdə də yaşasın.
Savab işlər görən, millətçün can yandıran Bülbülün xoşbəxtliyi idi ki, belə mələk təbiətli, saf, nurlu, qəlbi və ruhu geniş insanlarla əl-ələydi.
...Bakı küçələri o cür izdihamlı yolasalmaları XX yüzil boyu bir neçə dəfə görüb: əsrin əvvəlində Həsən bəy Zərdabi ilə ayrılanda, cavan yaşında namərd gülləsinə qurban olan Hüseyn Ərəblinskiylə vidalaşanda, Üzeyir bəyi, Səməd Vurğunu itirəndə və bir də Bülbül son səfərinə çıxanda. O vaxt gənc Əli Kərim misraları doluxsunan şeir yazmışdı – özü özünü oxuya-oxuya əbədi səfərə yola salan, öz canlı avazıyla sükut evinə, son mənzilinə doğru gedən, ölümün diriliyini əlindən almaqda aciz qaldığı Bülbülə həsr edilmiş kədər və zəfər şeiri.
İnsan dəryasında bir qayıq kimi
axdı tabutun.
Bu zaman cəh-cəhlə ucaldı səsın,
Ucaldı,
Söylədi: - Qəmi unudun.
Hamı fikrə getdi,
səni dinlədi.
Coşub bir-birinə dedi min könül:
Hamıtək ölümə məruz Bülbülü
Oxuyub dəfn edir ölümsüz Bülbül.
1961-ci il sentyabrın 27-də – Bülbülün vəfatının ertəsi günü onu Fəxri xiyabanda torpağa tapşıracaqdılar. Dəfndən öncə oradaca mikrofonlar quraşdırılmışdı. Matəm mərasimi gedirdi. Vətən ömrü boyu millətin rəmzi olmuş, şirin ana dilimizdə bu yurdun nəğmələrini oxumuş Bülbüllə vidalaşırdı. Ancaq sovet dövrü idi, zamanın rəngi həmin qara gündə də qırmızı idi.
Bülbülün matəm mitinqi rus dilində açıldı, rus dilində yekunlaşdırıldı, əvvəldən-sonacan da rus dilində aparıldı. Başqa yerdən gələnlərin rusca danışmasına söz yox, ancaq özümüzdən çıxış edənlər də rusca danışırdı. Onlara bununla bağlı xüsusi göstəriş verilməmişdi. Onsuz da deyilməmişdən hər kəs anlayırdı necə eləmək lazımdır. Zəmanənin, siyasətin tələbi belə idi. Dünyadan gedənimizi ərəbcə yola salmağa bizi əsrlər öncədən alışdırmışdılar. Sovet dövrü də bu sıraya ruscanı əlavə elədi. Amma o dövrün bir başqa ənənəsi də vardı. Obirini deyəndə bunu da yaddan çıxarmayaq. Sözdə bu dövlət fəhlənin-kəndlininki idi. Ona görə də hər yerdə xalaxətrin qalmasın da olsa, fəhləni, kəndlini qabağa buraxırdılar. Hər böyük, kiçik məclisdə əmək qəhrəmanlarına da söz verirdilər. Bülbüllə ayrılıq günü də istisna deyildi.
Bir qabaqcıl neftçi də dəvət eləmişdilər ki, ürək sözünü desin. Sovet hökuməti fəhləyə, kəndliyə canı çıxanacan işləməyi öyrədə bilmişdisə də, onun dilini hələ axıracan ruslaşdırmağı bacarmamışdı. Fəhlə olduğuna görə, kəndli olduğu üçün də ona hələ güzəştə gedirdilər.
Və Bülbüllə ayrılıq günündə neftçi Fazil Məmmədov da ana dilində danışdı. Oxuduğu bircə nəğmə ilə Azərbaycan neftçisinə yenilməz abidə ucaltmış Bülbülə sonsuz məhəbbətlə danışdı: "Ölüm xalqımızın ən ləyaqətli oğullarından birini - görkəmli nəğməkar Bülbül Məmmədovu sıralarımızdan qopardı. Bu ağır itki Bakı neftçilərini xüsusilə kədərləndirir. Bakı neftçiləri Bülbülü yaxşı tanıyır və çox sevirlər. Bakı neftçiləri unudulmaz Bülbülü bir daha ona görə sevirlər ki, o öz mahnılarında həyatımızın gözəlliyini, vətəni, sovet adamlarının qəhrəmanlığını, əməyini tərənnüm etmişdi. O, sənaye müəssisələri və kolxoz tarlaları zəhmətkeşlərinin, xüsusən Bakı neftçilərinin tez-tez əziz qonağı olardı".
Qabaqcıl neftçi danışırdı, matəm mərasimindəkilər onu dinləyirdi. Amma o danışdıqca hər kəsin qulağında Bülbülün "Neftçi Qurban" deyən məlahətli avazı əks-sədalanırdı.
O gün rus dilində aparılan həmin vida mərasimində Bülbül özü də oxuyacaq. Bir vaxtlar ustadı Üzeyir bəyin ayrılığına oxuduğu ağı – "Sənsiz"i indi özü üçün oxuyacaq. Oxuyacaq və rus dilində gedən o mərasim ana dil ilə dolacaq. Bayaqdan kimlərin, hansı dildə, nələrisə deməsi uçub gedəcək. Qulaqda, ürəkdə, yaddaşda qalan Bülbülün səsi, Bülbülün ana dili olacaq!..
...Həmin qüssəli ayrılıq gününün astanasında, ölüm gecəsinin heç bir narahatlıq hiss edilməyən axşamında Bülbülün ürəyindən şirin bir arzu keçibmiş. Elə səbəbsiz-filansız, durduğu yerdə birdən deyibmiş ki, kaş indi Cərco qovunu olaydı, yeyəydik. Sözdü, demişdi.
Zövcəsi Adilə xanım illər ötəndən sonra da o anları həmişə həm xiffətlə, həm də elə həmin axşamdan bəri soyumayan heyrətlə xatırlayırdı. Danışırdı ki, qəfildən sanki möcüzə baş verdi. Bülbülün yaxın dostu vardı – Hacı Sadıqov. Zəng vurdu ki, bəs mənə iki əla Cərco qovunu gətiriblər, boğazımdan keçməz, istəyirəm birini Bülbülə göndərim. Adilə xanım bunu da söyləyirdi ki, telefon zəngi barədə Bülbülə bir söz demədən dərhal Çingizi çağırıb göndərdim Hacıgilə. Az sonra mən qovunu dilimləyib podnosda Bülbülün qarşısına qoyanda mat-məəttəl qaldı: "Heç təsəvvür eləməzdim, bu ki möcüzədir", – dedi.
Ömrü boyu möcüzələr yaratmış bir insan adi həyat gözlənilməzliyinə sidq ürəkdən təəccüblənir, bunu əsl möcüzə hesab edirdi. Ancaq o hadisə həmin axşam oldu bitdi, o təhər möcüzəyəoxşar təsadüflərin ömrü çox çəkmir. Dəqiqələr, saatlar, günlər ötür, çılğın təəssürat soyuyur.
Bülbülsə səsinin hər gəlişi ilə, hər eşidilişi ilə möcüzədir axı! Bu möcüzə heç vaxt bitməyəcək axı! Nə qədər ki füsunkar Bülbül avazı eşidilir, həmin möcüzə davam edəcək. Əlli il, yüz il, min il, nə qədər bu xalq var, o qədər!..
Şair Süleyman Rüstəmlə Bülbül qonşu idilər, dost idilər, ruh qardaşları idilər. Həmin üzüntülü 27 sentyabr gününün – bu vidalaşmadan öncəki gecəsində Süleyman Rüstəm ürəyinin bütün Bülbül yanğısını təsirli misralara çevirmişdi:
Bülbül, bilir aləm ki, vətən, yurd çəmənindi,
Bağlardakı güllər də, çiçəklər də sənindi.
Biz vəcdə gələrdik o gözəl mahnılarından,
Sən müjdə verərdin elə sənət baharından.
Gəncdin hələ, qəlbinlə, könül nəğmələrinlə,
Bir dost kimi hər vaxt sevinərdik zəfərinlə.
Kim can verəcək, söylə görək, "Sənsiz"ə sənsiz?
Bir an belə sən olmadın ömründə vətənsiz.
İlk gündən, əziz dost, ey qəlbi təmiz dost!
Oldun vətəninçin əziz övlad, heyhat! Yenə heyhat!
Getdin, niyə, dostum, belə erkən aramızdan?
Var oldu ürəklərdə yerin, ey böyük insan.
Ey mahnıların şairi! Ey hər sözü göyçək!
Torpaq ananın qoynuna girsən də oğultək,
Hər an səni xatırlayacaq, məncə, könüllər,
Haqqında sənin söyləyəcək şanlı nəsillər.
Elçün uzun illər yenə Bülbül kimi ötdün,
Bülbül kimi gəldin, yenə Bülbül kimi getdin.
O gündən, o qəmgin hicran saatlarından çox illər keçib. Həmin ağrılı gündə danışanları, köks ötürənləri vaxt özüylə alıb aparıb. Ancaq Bülbülün "Sənsiz" deyən səsi həmin gün necə idisə, bu gün yenə o cür canlı, o təhər təzə, o sayaq doyulmazdır. Və nə qədər ki Bülbülün səsi bizimlədir, Azərbaycanladır, heç vaxt onsuz olmayacağıq.
...O binada ki Bülbül yaşayıb, ora adi məkan deyil. O binanın daimi sakinləri bütün Azərbaycanın tanıyıb sayğı bəslədiyi şəxsiyyətlər idi. Bir vaxtlar hər gün o pillələrlə Üzeyir bəyin məsləkdaşı bəstəkar Müslüm Maqomayev qalxıb-enərmiş, Məmməd Səid Ordubadinin də mənzili oradaymış, Elmlər Akademiyamızın ilk prezidenti Mirəsədulla Mirqasımovun da, Mirzə İbrahimovun da, Ağasadıq Gəraybəylinin də ünvanı bura idi. Bülbülün mənzilində yüz dəfələrlə olmuşam, indi də hərdən-hərdən baş çəkirəm. Hər dəfə o dəhlizdən keçəndə, o otaqlara daxil olanda, indi Bülbülün adını daşıyan eyvana çıxanda düşünürəm ki, hər halda vaxt məsafəsi çox uzaq deyil, hələ məktəbə getmirdimsə də, Bülbülün həyatda olduğu - bu mənzildə addımladığı, burada nəfəs aldığı, burada yaşayıb-yaratdığı, gələcəkdə insanları heyrətləndirəcək möcüzələri bu evin içərisində hazırlayıb yetişdirdiyi çağlarda artıq mən varammış. Yəni bu tarix-adam tarixcə bizdən, sən deyən, uzaq da deyil.
1937-ci ildən ta ömrünün sonunacan – 1961-ci ilin 26 sentyabrına qədər Bülbül burada yaşadı. Və Tofiq Quliyev – Bülbülün yetirmələrindən biri mənə nağıl eləyirdi ki, maestro bəzi dərslərində tələbələri evə dəvət edirdi. Elə otaqlardan birində otururduq. O dərsləri ki danışmalıydı, onları danışırdı, o şeyləri ki öyrətməli idi, onları öyrədirdi, sonra da keçirdi Allah-bəndə söhbətinə. Danışırdı başına gələnlərdən, ömründən keçənlərdən. Qarabağ xanəndələrindən bəhs eləyirdi, Gəncədə ötən günlərini yada salırdı, İtaliya xatirələrini söyləyirdi, ayrı-ayrı qastrollarla, müxtəlif konsertlərlə, cürbəcür çıxışlarıyla bağlı hərəsi bitməsini heç istəmədiyin hekayət kimi maraqlı yaddaşlarını bizimlə bölüşərdi, axırda da saatına baxıb deyərdi ki, "Hə, yükünüz artdı, durun gedin".
Bu sadə sözlər, Bülbülün oxuları kimi, zahirən adama sadə gəlsə də, bitib-tükənməz gözəlliklər daşıyan ifaları sayaq düşündürəndir. Bülbül varlığıyla, yaratdıqlarıyla, yalnız o zaman tələbələrinə söylədikləri ilə yük artırmırdı.
Bülbül bütün doğurduqlarıyla, millətinə yadigar qoyub getdiyi solmaz irslə öz yaşadığı illərdə də, həyatda olmadığı çağlarda, indi bizim var olduğumuz günlərdə də, qarşıdan gülümsəyən gələcəklər içərisində də həmişə yurduna, millətinə yük artırmış və artırmaqda davam edən Vətən yavrusudur.
Nə qədər ki o irs azərbaycanladır, Bülbülün səsi bu yurdla, bu millətlədir, Bülbülün özü də Azərbaycan insanıyla həmişə nəfəs-nəfəsə, ürək-ürəyə qalacaq, Bülbül bütün gələcəklər içərisində də millətin ruhunu gözəlliklə süsləməkdə davam edəcək, demək, yenə iş başında olacaq – Pərvərdigarın ona tapşırdığı millətinin mənəviyyat yükünü artırmaq vəzifəsini davam etdirəcək.
Bu səs Bülbülün səsi, bu səs vətənin səsi,
Nə qədər bu millət var, o səda yüksələsi.
Hər birimizin və bütöv millətin yükünü artıra biləcəklərə elə ehtiyacımız var ki, elə qəribsəyirik ki, onlardan ötrü!..
Gün ötdükcə də onların yeri daha artıq görünür!