"Musiqi dünyası" № 2 (55) 2013

Article №5; 6873 - 6877 pр.
Kamilə Dadaş-zadə. Dastan kompozisiyasinin araşdirilmasinin sinergetik aspektləri
Text PDF

Aşıq sənətinin sintetik təbiəti öz təzahürünü daha dolğun şəkildə dastanlarda tapmışdır. Dastanın ifası zamanı müxtəlif ifadə vasitələri tətbiq edilsə də, əsas informasiya verbal və musiqi kanalları ilə ötürülür. Şübhəsiz ki, dastan ifaçılığında müşahidə olunan müxtəlif sənət növlərinə aid ifadə vasitələrinin bədii sintezinin kökləri qədim ayinlərin sinkretizmi ilə bağlıdır.

Ritual – mifoloji sistemlə sıx bağlı olan erkən epik yaradıcılıqda xaosun makroskopik səviyyədə əksi olan dissipativ proseslər nəticəsində ayrı-ayrı sabit formullar, quruluşlar biçimlənmişdir. Başqa sözlə desək, ilk epik əsərlərin qeyri-xətti mühitində dissipativ proseslərin fonunda müəyyən lokallaşma prosesləri baş vermişdir ki, bu da nəticə etibarilə epik sxematizmin yaranmasına gətirib çıxarmışdır. Erkən epik təfəkkürün formalaşmasının özünütəşkil prinsiplərinin kodunun açılması, qismən də olsa, sinergetikanın metodologiyasının tətbiqi nəticəsində mümkün ola bilər.

Məlum olduğu kimi, sinergetik paradiqmanın fundamental prinsiplərindən biri qeyri-xəttilik anlayışı ilə bağlıdır. Hətta belə fikirlər səslənməkdədir ki, sinergetik təfəkkür tərzinin özülü ilk növbədə "məhz qeyri-xətti paradiqma" ilə müəyyənləşir (1, s.43). Xüsusi olaraq vurğulamaq lazımdır ki, qeyri-xətti prinsipə əsaslanan açıq fəzada proseslərin müxtəlif inkişaf variantları mövcuddur. HS rejimdə cərəyan edən hadisələrin inkişafında lokallaşdırmanın mövcud olmaması quruluşun tədricən dağılmasına gətirib çıxarır. Bu inkişaf variantının əksinə olaraq S rejimində proseslər kəskin şəkildə cərəyan edərək, müəyyən dalğa həcmində lokallaşır. Hadisələrin kəskin inkişaf xarakteri ilə seçilən LS rejimində isə prosesin maksimum nöqtəsinə yaxınlaşma məqamında daha intensiv şəkildə cərəyan etməsi müşahidə edilir. Qeyd edək ki, LS rejiminin qanunauyğunluqları əsasında inkişaf edən qeyri-xətti açıq sistemlərdə müxtəlif quruluş-attraktorların mövcudluğu aşkar olunmuşdur. Struktur-semiotik araşdırmalardan fərqli olaraq, quruluş anlayışı burada inkişafa meylli olan mühitdə lokallaşan proses kimi təfsir olunur.

Diaxronik nöqteyi-nəzərdən ehtimal etmək olar ki, LS-rejim fazasında proto-qəhrəmanlıq əsərlərinin musiqi qatında da təşəkkül prosesi daha intensiv şəkildə cərəyan edərək müəyyən oturuşmuş formulların meydana gəlməsi ilə nəticələnmişdir. Eyni zamanda proto-epik əsərlərin müxtəlif tərkib hissələri arasında uzlaşma baş vermiş və onlar vahid sürət-məkan müstəvisində inkişaf etməyə başlamışdır. Kogerentlik nəticəsində isə türk bədii təfəkkürünün parlaq təcəssümü olan erkən qəhrəmanlıq eposunun ilk nümunələri yaranmışdır. Qeyd etmək lazımdır ki, kogerentlik prinsipi dastan yaradıcılığının sonrakı nümunələrində də bariz şəkildə təzahür etmişdir. Bu baxımdan "Koroğlu" dastanı da istisna deyil.

"Koroğlu"—açıq semiotik sistemə malik olan nadir epik abidələrdən biridir. O, zaman anlayışı baxımından ən müxtəlif tarixi-mədəni qatların izlərini özündə ehtiva edən bir əsərdir. "Koroğlu" dastanının mövcudluğunun real mənzərəsi sübut edir ki, bir çox milli ifaçılıq məktəblərində həmin epos ilə genetik şəkildə bağlı olan ənənəvi epik havalar mövcuddur. Səciyyəvidir ki, Azərbaycan aşıq sənətində "Koroğlu" dastanının özünəməxsus ənənəvi havaları ("Bozoxu Koroğlu", "Cəngi Koroğlu", "Döşəmə Koroğlu", "Koroğlu müxəmməsi", "Nəfəsçəkmə Koroğlu" və s.) mövcuddur. Yüksək tessiturada zil səslə oxunan "Koroğlu" havalarının mahir ifaçıları xalq arasında "koroğluxan" adlanır. Məşhur koroğluxan Hüseyn Bozalqanlının (1860-1941) yetirməsi Ələkbər Ələsgərovun (1901 - 1992) məlumatına görə, keçmişdə "Koroğlu" qolları ifa edilərkən yalnız bu dastana məxsus havalar oxunmalı idi.

Məlum olduğu kimi, sinkretik təbiətə malik olan dastanların musiqi qatı haqqında təsəvvür yaratmaq üçün onların verbal mətnini də nəzərdən keçirmək lazımdır. Qeyd edək ki, ifaçılıq təcrübəsində də dastanda musiqi ilə verbal mətnlərin sinkretik vəhdətini ifadə edən müəyyən təsəvvürlər mövcuddur. Məsələn, Borçalı aşığı Əhməd Sadaxlının məlumatına görə, özünəməxsus havalara malik yeganə məhəbbət dastanı olan "Əsli-Kərəm"də ənənəvi havalar təhkiyənin müəyyən məqamları ilə bağlı yaranmışdır. Ümumiyyətlə, dastanların ifası zamanı müəyyən ənənəvi havaların seçilməsi həm onların əsrlərdən bəri formalaşmış semantik çalarları, həm də təhkiyənin ayrı-ayrı məqamlarının konkret məzmunu ilə bağlıdır.

Artıq Azərbaycan etnomusiqişünaslığında bərqərar olmuş fikrə görə, dastan mətninin funksional təhlili ona məxsus olan havaların semantik mahiyyətinin təyin edilməsinə yardım göstərir (2, 3). Göstərilən problem keçən əsrin ortalarından başlayaraq daha geniş müstəvidə humanitar elmi paradiqmada böyük önəm daşıyan "mətn" anlayışı ilə bağlıdır. O dövrün struktur-tipoloji tədqiqatlarında bərqərar olmuş konsepsiyaya əsasən, əgər hansısa bir obyekt mətn kimi təfsir olunursa, deməli, nəzərdə tutulur ki, o, mütləq bu və ya digər şəkildə kodlaşdırılmışdır. Həmin kod sisteminin bərpası mətnin və ya mətnlər toplusunun təhlili əsasında baş tutur. Qeyd edək ki, epik sənət nümunələrinin əsasında duran kodlaşdırılmış mətn sintaqmatik baxımdan təşkil olunmuş müəyyən işarələr sistemidir. Göstərilən mətn-kod reallıqda mövcud olmasa da, o, "epik ifaçının yaddaşının imkanlarını səfərbər edərək, müəyyən variantlar şəklində bərqərar olur" (4, s.5). Düşünürük ki, həmin yanaşma tərzi epik yaradıcılığın özülü sayılan variantlılıq, improvizə, kontekst, invariant, variant və d. təməl anlayışların araşdırılmasında önəmli metodoloji məna kəsb edir.

Dastan yaradıcılığına məxsus çoxvariantlılıqda epik sənətə xas olan "özünütəşkiletmə mexanizminin müxtəlif inkişaf yolları təzahür edir. Digər tərəfdən o, yaradıcılıq prosesinin əsasını təşkil edən interpretasiyanın sinergetik təbiətinin bariz nümunəsidir" (5, 101).

Sinergetik nöqteyi-nəzərdən həmin prosesi bifurkasiya məqamı ilə müqayisə etmək olar. Sinergetik metodoloji yanaşmada önəmli yer tutan bifurkasiya anlayışı fazalararası keçid vəziyyəti ilə sıx surətdə əlaqədardır. Bifurkasiya məqamı mürəkkəb sistemlərin təkamülünün inkişaf edə biləcəyi istiqamətlərin yolayrıcı situasiyasının göstəricisidir. Bu baxımdan qeyri-sabit sistemin özündə bifurkasiya məqamlarını cəmləşdirən quruluş kimi təyin edilməsi kifayət qədər səciyyəvi faktdır. Vurğulamaq lazımdır ki, bifurkasiya vəziyyətləri mürəkkəb sistemlərin müəyyən müstəvidə inkişaf proseslərinin təbii nəticəsidir (6).

Narrativ janrların struktur-funksional təhlilinə dair son dərəcə zəngin elmi ədəbiyyat mövcuddur. Bu istiqamətdə aparılan araşdırmaların icmalını buraxaraq bir faktı qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslığında "Koroğlu" dastanının funksional təhlili A. Hacılı tərəfindən həyata keçirilmişdir. "Koroğlu" dastanının morfoloji strukturu" (7) məqaləsində tədqiqatçı situasiyanı, hadisəni, situativliyi, məkanı, funksiyanı, hərəkəti, fəaliyyət və ziddiyətin səbəbini və həllini struktur sistemin əsas vahidləri kimi təqdim etmişdir. Azərbaycan eposşünaslığında özünəməxsus yeri olan bu məqalədə A. Hacılı belə qənaətə gəlir ki, dastanın hər hansı qolunda hadisələr A + B + V + Q + J + D + S şərti işarələri ilə ifadə olunmuş struktur əsasında cərəyan edir.

Qeyd etmək lazımdır ki, "Koroğlu" eposunun morfoloji təhlili həm dastan qollarının mətnyaranma prosesinin bəzi qanunauyğunluqlarının dərk edilməsinə, həm də epik mətnin tarixi inkişafının ayrı-ayrı mərhələlərinə işıq salınmasına yardım göstərə bilər. Digər tərəfdən, "Koroğlu" eposunun müxtəlif qollarının eyni funksional sxem üzrə quruluşu onların əsasında duran qədim invariantın öyrənilməsi üçün zəmin yaradır.

A. Hacılının təklif etdiyi modelə V. Proppun klassik struktur-funksional təhlil üsulunun (8) bəzi elementlərini, daha konkret desək, "başlanqıc situasiya" seqmentini (i) və "gediş" («xoд») anlayışını əlavə edərək, aşıq Ələkbər Xatınlının ifasınada yazıya aldığımız "Koroğlunun Ərzincan səfəri" qolunun morfoloji quruluşunu təqdim edirik:

I gediş: i A1 + B4 + J2 + Q1 + D1 ……………………………………………….

II gediş: A1 + B4 + V3 + B4 + Q3 + J1……………..

III gediş: A3 + B4 + V3 +

…………….+

……………...+ S2

Q2 + J1 + D1 +

Təhlil etdiyimiz dastan qolunun funksional sxemi epik əsərin həm sinxronik, həm də diaxronik xüsusiyyətləri haqqında müəyyən mülahizələr irəli sürməyə imkan yaradır. Üç funksional gedişdən ibarət olan variant daxili dinamizmi, hadisələrin gərgin inkişafı ilə seçilir. Müəyən məqamda hər üç qolun inkişafı çarpazlaşaraq paralel şəkildə inkişaf edir və təhkiyənin sonunda S2 funksiyası ilə tamamlanır.

Düşünürük ki, təhlilə cəlb etdiyimiz dastan qolunun mətnyaranma xüsusiyyətlərini müəyyən mənada LS-rejimində inkişaf edən proseslərlə müqayisə etmək olar. Belə ki, dastanın sonuna doğru, yəni sinergetik anlamda maksimuma yaxın fəzada proseslərin intensivliyinin artması müşahidə olunur.

Digər tərəfdən, "Koroğlunun Ərzincan səfəri" qolunun sinxron sxemi qəhrəmanlıq dastanlarına məxsus diskursun özünəməxsusluğu haqqında da bəzi mülahizələr irəli sürməyə imkan verir. Belə ki, yuxarıda təqdim edilən sxemdən və dastanın mətnindən aydın olduğu kimi, "Koroğlu" eposunun morfoloji quruluşunda funksiyaların təkrarı və təsviredici motivlər kimi qrammatik vahidlər, demək olar ki, yox dərəcəsindədir (müqayisə üçün qeyd edək ki, bu elementlər məhəbbət dastanlarına xas olan diskursun səciyyəvi, ayrılmaz tərkib hissələridir). Morfoloji səviyyənin bu özəlliyi təhkiyəyə çeviklik, daxili dinamizm və sürətli inkişaf gətirən əsas amillərdən biridir.

Yuxarıda qeyd etdiyimiz kimi, dastan mətninin struktur-tipoloji təhlili müəyyən dərəcədə ifa olunan havaların semantik məzmununun açılmasına da yardım göstərə bilər (sinxronik sxemdə musiqi ilə ifa olunan funksiyaların altından xətt çəkilmişdir). Bu mənada "Koroğlunun Ərzincan səfəri" qolunun morfoloji quruluşu da istisna deyil.

İlk əvvəl qeyd edək ki, təhlil etdiyimiz dastan qolunun sinxron sxemində yalnız iki funksiya epik havalarla müşahidə olunur – dastanda situativliyi bildirən "B" (daha dəqiq desək, onun "açıq-aşkar görünən təhlükə" situasiyasını ifadə edən B4 növü) və ziddiyyət zamanı Koroğlunun düşmənlə qarşılaşarkən istifadə etdiyi üsulların işarəsi olan "J" (konkret olaraq, bu funksiyanın J1 – "meydan oxuyur" və J2 – "özünü tanıtmır" növləri). Çox böyük ehtimalla qeyd etmək olar ki, göstərilən musiqi-poetik vahidlər erkən qəhrəmanlıq eposunun morfoloji quruluşunun da önəmli tərkib hissələrini təşkil etmişdir.

"Koroğlu" epik havalarının semantik müstəvisi baxımından səciyyəvidir ki, J2 funksiyası – "Döşəmə Koroğlu", B4 – "Cəngi Koroğlu" və "Bozoxu Koroğlu", J1 – "Nəfəsçəkmə Koroğlu" və "Cəngi Koroğlu" havaları ilə ifa olunur. Təbii ki, dastan havalarının məzmunu son dərəcə zəngin və çoxçalarlı olduğu üçün onlar təhkiyənin digər müvafiq səhnələrində də ifa oluna bilər.

"Koroğlu" epik havalarının musiqi dilinin özül xüsusiyyətlərinin sona qədər dərk edilməsi yalnız qeyri-xətti dinamika çərçivəsində mümkündür. Burada haşiyə çıxaraq metodoloji baxımdan bir önəmli məqamı vurğulayaq ki, struktur-semiotik və sinergetik yöndə aparılan araşdırmalarda "musiqi dili" anlayışı daha çox səciyyəvi üslub xüsusiyyətlərinə malik olan müəyyən mətnlər toplusuna şamil edilir. Sadəcə ifadə vasitələri sistemi deyil, ilk növbədə törədici sistem olan musiqi dilinin bərpası yalnız konkret bədii üslub və müəyyən mətnlər kontekstində mümkündür.

"Koroğlu" eposunun mədəni-tarixi konteksti ilə bağlı olan problemlər müstəvisində müxtəlif xalqların epik yaradıcılığında təmsil olunmuş Koroğlu havalarının müqayisəli tədqiqi xüsusi önəm daşıyır. Şübhə yoxdur ki, bu sahədə aparılan sinergetik və tarixi-genetik səciyyəli araşdırmalar türksoylu xalqların ortaq mədəni dəyərlərinin, musiqi təfəkkürünün özəlliklərinin öyrənilməsində böyük rol oynaya bilər. Lakin bu, başqa bir elmi məqalənin mövzusudur.

Beləliklə, apardığımız araşdırmanın sonucunda belə qənaətə gəlmək olar ki, sinergetik paradiqmanın müəyyən metodoloji prinsiplərinin tətbiqi dastan quruluşunun bəzi qanunauyğunluqlarının üzə çıxarılmasına, eyni zamanda epik havaların semantik məzmununun dərk edilməsinə yardım göstərə bilər.