"Musiqi dünyası" № 4 (57) 2013
Article №4;6996 - 7000 pр.
Leyla Zöhrabova. Məmməd Saleh Ismayilovun xalq mahnilari haqqinda fikirləri
Text PDFXalq mahnıları müxtəlif dövrlərdə musiqişünasların və bəstəkarların diqqət mərkəzində olmuşdur. Bu onların müxtəlif aspektlərdə təhlilində, toplanıb nota salınmasında, müxtəlif işləmələrin meydana çıxmasında, bir sıra özünəməxsus xüsusiyyətlərinin üzə çıxarılmasında özünü göstərir. Bu da təsadüfi deyil.... Çünki xalq musiqisi (mahnılar və rəqslər) Azərbaycan xalqının ayrılmaz bir hissəsi, ilk musiqisidir. Azərbaycan xalqını xalq musiqisiz, yəni mahnı və rəqslərsiz təsəvvür etmək mümkün deyil. Xalq mahnı və rəqsləri xalqın bütün dövrlərində onu əhatə edən bütün sahələrdə iştirak etmiş, xalqın ya işini yüngülləşdirmiş, ya onu işləməyə sövq etmiş, müəyyən hiss və həyəcanlarını, sevgini göstərmiş, sosial mühiti əks etdirmiş, ya da məişəti ilə əlaqədar yaranmışdır. Məhz bu səbəbdən xalq mahnılarının bir sıra janr və formaları meydana gəlmişdir.
Qeyd etdiyimiz kimi, xalq mahnıları bir sıra tədqiqatçıların əsərlərində öz əksini tapmışdır. Belə işlərdən biri də M.S.İsmayılovun "Azərbaycan xalq musiqisinin janrları" (yenidən işlənmiş tamamlanmış nəşr. Bakı, "İşıq", 1984) və "Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi metodik oçerklər"i (Bakı, "Elm", 1991) adlı elmi tədqiqatlarıdır. Biz M.S.İsmayılovun sadaladığımız iki əsərinə söykənərək onun məhz mahnı musiqisinin xüsusiyyətləri ilə bağlı fikirlərini oxuculara çatdıracayıq.
İlk əvvəl onu deyək ki, M.S.İsmayılov "Azərbaycan xalq musiqisinin janrları" kitabında xalq musiqisinin 3 janr qrupu haqqında məlumat verir. I qrup bəhrli janrdır ki, buraya mahnı, rəqs, rəng və diringilər aiddir. II bəhrsiz janr qrupudur. Bura zərbli musiqi alətlərinin müşayiətinə bilavasitə uyğun gəlməyən musiqi nümunələri daxildir. Belə nümunələrə vokal instrumental və instrumental muğamları göstərmək olar. III qrupu isə M.S.İsmayılov qarışıq bəhrli qrup adlandırmışdır ki, bura daxil olan janrlar həm bəhrli, həm də bəhrsiz musiqi ünsürlərinə malikdirlər. Görkəmli musiqişünas bu qrupa "ritmik muğamları" (zərbi-muğamları) aid etmişdir. Haqqında danışdığımız bu 3 qrup monoqrafiyanı III fəslə ayırır. Gördüyümüz kimi, xalq mahnıları haqqında əsərin I fəslində söz açılır.
O, ilk əvvəl göstərmişdir ki, xalq mahnılarında ən yaxşı oğul və qızlarımızın qorxmaz surəti, igidlik və qəhrəmanlığı, onların ümid və arzuları tərənnüm olunur. Bununla bərabər tədqiqatçı zəhmət proseslərinin, toy və yas mərasimlərinin və ənənələrin də xalq mahnılarında əks olunmasından söz açır. Məhz bu səbəbdən Azərbaycan xalq mahnıları çox janrlı olduğu kimi, mətn və məzmun cəhətdən də çoxcəhətlidirlər. Müəllifə görə xalq mahnılarına zəhmət, qəhrəmanlıq, məişət, lirik, məzhəkəli mahnılar, beşik nəğmələri aiddir. Bu sahələr monoqrafiyada təhlil obyektinə çevrilmişdir.
İlk əvvəl zəhmət mahnılarından söz açılır. Musiqişünas yazır: "Xüsusən maldarlıq təsərrüfatı ilə əlaqədar olaraq yaranan folklor daha geniş və zəngindir". O həmçinin qeyd edir: "Zəhmət prosesini əks etdirən mahnılar, tarlada yer şumlayarkən, toxum səpini zamanı, xırmanda taxıl döyülərkən, xalı-xalça toxuyan dəzgah yanında, həsir hörülərkən, bir sözlə, əmək əsnasında meydana çıxmışdır". Və öz fikirlərini zəhmət mahnılaırından bir neçə nümunələr əsasında göstərir. Qeyd edək ki, bəzi tədqiqatçılar zəhmət mahnılarını həmçinin əmək mahnıları da adlandırırlar. Müəllif zəhmət mahnılarından söz açarkən onların unison ifada amma xor şəklində oxunması haqqında da fikir söyləmiş və əsasən çəltik yığımına həsr olunmuş mahnıların ifasında bunu göstərmişdir. Bu da əsas etibarilə Lənkəran, Masallı rayonlarında və ümumiyyətlə, çəltikçiliklə məşğul olan bölgələrdə geniş yayılmışdır.
Daha sonra M.S.İsmayılov qəhrəmanlıq mahnılarına toxunur. Müxtəlif qəhrəmanlara həsr olunmuş mahnılardan söz açaraq, öz fikirlərini mahnı nümunələrindən seçilmiş fraqmentlər üzərində təqdim edir.
Tədqiqatın sonrakı mərhələsində xalq mahnılarının müxtəlif adət və ənənələrini əks etdirən məişət mahnılarına diqqət yetirilir. Musiqişünas əsasən bu janra daxil olan mahnılardan məhz toy mahnıları üzərində dayanaraq bir neçə mahnını misal göstərir. Burada əsas məqsəd ondan ibarət idi ki, toy mahnılarının çoxsaylı olmasını göstərmək və bu mahnıların toyun müxtəlif anlarını əks etdirməsini sübuta yetirmək idi.
Nəhayət, Azərbaycan xalq mahnılarının ən böyük bir hissəsini təşkil edən lirik mahnılar da Məmməd Saleh İsmayılovun tədqiqatında öz təcəssümünü və tədqiqini tapmışdır. Müəllif qeyd edir ki, lirik mahnıların əksəriyyəti sevgi mövzusuna əsaslanır: "Azərbaycan xalq mahnı yaradıcılığının çox hissəsini sevgiyə aid lirik mahnılar təşkil edir. Gözəllik, sevgi və məhəbbət, yar həsrəti və s. mövzular belə mahnıların əsas motivləridir" və "Qarabağda bir dənəsən" , "Can qurban eylər" adlı xalq mahnıları üzərində dediklərini izah edir.
Daha sonra xalq mahnılarının bir qolu olan beşik nəğmələrindən söz açılır. Onların əsas xüsusiyyəti, poetik mətni, müxtəlif və rəngarəng xarakteri əks olunur.
M.S.İsmayılovun Azərbaycan xalq mahnılarının mahiyyəti haqqında irəli sürdüyü bir sıra fikirlər də tədqiqat obyektinə çevrilmiş və izah olunmuşdur. Musiqişünas yazır: "Azərbaycan mahnılarını və ümumiyyətlə xalq musiqimizin başqa nümunələrini qavraya bilməyənlərdə ilk nəzərdə elə təsir oyana bilər ki, guya bu musiqi yeknəsək və monotondur. Lakin bu musiqiyə yaxından bələd olan hər kəsin qəlbinə, daxili aləminə Azərbaycan melodiyalarının və xüsusən xalq mahnılarının nüfuz etdiyini görə bilərik. Xalq mahnılarında melodiyanın ifadəli olması bir daha ona görə böyük əhəmiyyət kəsb edir ki, Azərbaycan xalq musiqisi, əsas etibarilə birsəslidir. Demək olar ki, bütün mahnılar bir nəfər tərəfindən birsəsli ifa olunur. Düzdür, iki nəfər tərəfindən deyişmə şəklində ifa olunan bəzi mahnılar da vardır.... Azərbaycanın bəzi rayonlarında, xüsusən Lənkəranda və Masallıda, unison halda olsa da, zəhmət mahnılarının və ənənəvi mahnıların xor ilə oxunması hallarına da təsadüf olunur. Lirik Azərbaycan melodiyasına xas olan zəngin melizmatika bu halda öz təravətini itirmir".
Doğrudan da Azərbaycan xalq mahnılarının melodiyalarındakı rəngarənglik – lad, vəzn əsasının və musiqi ifadə vasitələrinin müxtəlif şəkillərdə əks olunması öz növbəsində bədii-emosional səslənməni təmin edir. Mövzu və janr qrupundan asılı olmayaraq, istər vokal, istərsə də vokal-instrumental ifaya marağı artırır. Azərbaycan xalq mahnılarının melodiyalarındakı əlverişlilik, xüsusilə başlanğıc, əsas və müşayiətçi melodiya liriklik, oynaqlıq, ritmik əlvanlılıq ifaçılıq sənəti üçün çox səciyyəvidir. Professor M.S.İsmayılov öz tədqiqatında bu cəhətləri də xüsusi olaraq diqqət mərkəzində saxlamışdır: "Azərbaycan xalq mahnılarının melodiyasında trel, mordent, forşlaq kimi melizmlərin bütün növlərinə təsadüf olunur. Bunlardan başqa, xalq instrumental musiqimizdə "lal barmaq" adı ilə geniş yayılmış melizm növü də vardır".
Monoqrafiyada musiqişünas həmçinin xalq mahnılarının lad və melodiyası haqqında söz açır. O qeyd edir ki, xalq mahnıları içərisində çox hissəsi şur və segah ladına əsaslanır: "Segah məqamının intonasiya əsası məhəbbət məzmunlu mahnıların ümumi emosional xarakterinə uyğun gəlir". Melodik inkişafdan danışarkən mütəxəssis qeyd edir ki: "Mahnılarımızın əsaslandığı məqamdan asılı olaraq, onun bu və ya digər istinad pərdəsinin melodik və ritmik cəhətdən işlənməsi səciyyəvi bir priyom kimi xalq mahnılarımızın melodiyasında özünə geniş yer tapır. Adi təkrarlanma, variantlılıq, sekvensiya və s. bu kimi vasitələrin hamısı Azərbaycan melodiyalarının daxili inkişafını müəyyənləşdirir" Doğurdan da, xalq mahnılarının əsasını təşkil edən melodiyanın rolu və əhəmiyyəti çox böyükdür. Mahnı məhz melodiya və poetik mətnin vəhdətindən yaranmışdır. Melodiyanın zənginliyi, çoxşaxəliliyi onu sübut edir ki, Azərbaycan xalq mahnıları zəngin və rəngarəng inkişaf prosesinə malikdir və professional işlənmə dərəcəsinə qədər ucaldılmış, bu günkü dövrə qədər öz təravətini itirməyərək daha da zənginləşmişdir.
M.S.İsmayılovun xalq mahnılarının metro-ritmik xüsusiyyətləri də diqqətdən kənar qalmamışdır. O, bu barədə aşağıdakıları qeyd edir: "Azərbaycan mahnıları metro-ritmik xüsusiyyətlətinə görə də çox zəngin və orijinaldır. Bir çox mahnılarımız var ki, onlarda ritmik hərəkət təkcə adi çərək və səkkizliklərlə deyil, onaltılıq, otuzikilik notlarla bərabər, sinkop triol, kvintol və sairədən təşkil olunan müxtəlif kombinasiyalı bir çox ritmik fiqurasiyalar da iştirak edir. 6/8, 3/4, 3/8" kimi metrik vəznlərə Azərbaycan xalq mahnı yaradıcılığında çox təsadüf olunur. Bu vəznlər içərisində ən çox yer tutan 6/8 ölçüsüdür. Xalq mahnılarımızın çox hissəsi, demək olar ki, bu ritmik vəznə əsaslanır".
Göründüyü kimi, Azərbaycan xalq mahnılarının melodiyalarındakı xırdalıqlar, səs çalarları, onların inkişaf istiqamətləri, intonasiya münasibliyi və s. musiqi tədqiqatçılarımızın da diqqətini cəlb etmişdir. Xalq mahnılarının mətnindən söz açdıqda musiqişünas xalq poeziyasının səciyyəvi cəhətlərini göstərmiş və xalq mahnılarının mətnini qoşma, dübeyti, bayatı və bu kimi poetik formalar təşkil etməsini vurğulamışdır.
Monoqrafiyada həmçinin xalq mahnılarında yönəlmə məsələlərinə bir qədər toxunulur və nümunə kimi yalnız laddaxili yönəlmələrə aid musiqi parçaları əyani göstərilir. Onu da qeyd edək ki, tədqiqatda yönəlmə aşağıdakı kimi izhar olunur: "Azərbaycan xalq mahnıları içərisində elələri də var ki, onlar məqamın iki pərdəsinə istinad edir, onlardan biri mahnının başlanğıc hissəsində özünü göstərməklə yarım kadans yaradır, digərisi isə mahnının sonunda əmələ gəlməklə tam yarım kadansla mahnını tamamlayır". Yəni, M.S.İsmayılov "məqamın iki pərdəsinə istinad etmək" dedikdə, laddaxili, yəni bir lad çərçivəsində istinad pillənin dəyişilməsini, yönəlmə mənasında təzahür edir. Və nümunə kimi segah ladında əsasən şikəsteyi-farsa keçirdi, şur ladında isə zəmin-xarəyə yönəlməni əyani göstərir. Əlbətdəki bu məsələ professorun digər tədqiqat əsərində "Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi metodik oçerklər"ində daha geniş şərh olunmuşdur. Bu səbəbdən də həmin əsərdə mahnılara aid olanları oxucuya təqdim etməyi müvafiq sayırıq. Həmin əsərin "Azərbaycan xalq məqamlarının qohumluq münasibəti haqqında" adlı bölmədə ladlar arasındakı əlaqələrdən bəhs olunur. Və burada deyilən fikirlər canlı xalq mahnı və rəqslərin üzərində əyani şəkildə təhlil olunur. Qeyd edək ki, bu qohumluq yalnız rast, şur və segah (qismən çahargah) məqamları (ladların) arasındakı "keçidlərə" yönəlmələrə aiddir və bu lad qarşıdurmasının müəyyən qanunauyğunluqları öz əksini tapmışdır. Məhs bu səbəbdən də, bu ladlara əsaslanan bir neçə xalq mahnısına diqqət yetirilmiş və aşağıdakı nəticəyə gəlinmişdir: "Xalq musiqi janrları və formalarının təhlili göstərir ki, məqamtonallıqların qarşı-qarşıya qoyulması səs tərkiblərinə görə uyğun olan müəyyən məqam qrupları ilə əlaqədar olaraq ciddi qanun qaydalara tabedir. Əgər biz bir-birindən böyük sekunda münasibətində olan rast, şur və segah kimi üç məqamın səssırasına nəzər yetirsək, tərkib etibarilə bunların eyni olub, lakin mayə pərdələrinə görə bir-birindən fərqləndiyini görərik".
Məhs bu fikirlə M.S.İsmayılov göstərmişdir ki, rast, şur və segah ladları arasında böyük bağlılıq var. Bu səbəbdən ladlar arasında keçidlər çox xarakterikdir və deyilən fikirləri görkəmli musiqişünas xalq musiqi nümunələrindən gətirilmiş musiqi parçaları əsasında sübuta yetirir.
Gördüyümüz kimi, nəzər yetirdiyimiz monoqrafiyalarda xalq mahnılarına münasibət müxtəlif aspektlərdə öz təcəssümünü tapır. Əgər "Azərbaycan xalq musiqisinin janrları" monoqrafiyasında xalq mahnılarının janr və mövzu etibarilə klassifikasiyası, forma və metro-ritm xüsusiyyətləri, xalq mahnılarının lad və melodiya əsası təhlil obyektinə çevrilmişdisə, "Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerklər" adlı monoqrafiyasında xalq mahnıları müəllifin nəzəri fikirlərinin tədqiqi əsasında obyektə çevrilmişdir.
Beləliklə, oçerklərdə ön plana çəkilən məqamlar, müəyyən fikirlər, araşdırmalar nəinki xalq mahnılarında, eləcə də bütün janrlarda öz aktuallığını itirməyir. Bu tədqiqatlar çox faydalı və zəruridir. M.S.İsmayılov demək olar ki, araşdırmaları ilə Ü.Hacıbəyli yolunun davamçısı olmuşdur. Onu da qeyd etmək lazımdır ki, yuxarıda M.S.İsmayılovun vurğuladığı məsələlər alimin yetirmələrinin tədqiqat əsərlərində və eləcə də, bu günkü dövrdə musiqişünasların elmi işlərində öz davamını tapır.