"Musiqi dünyası" № 3 (60) 2014
Article №3; 7181 - 7186 pр.
Rövşanə Kərimova. Bəstəkar yaradıcılığında dini mövzuların tətbiqi yolları/
Rovshana Karimova. The religious themes in the creativity of composers and ways of its spread.
Text PDFBəstəkarların dini mövzulara müraciəti tarixin müəyyən dövrlərində, mədəniyyətin inkişafının müəyyən mərhələlərində öz təzahürünü tapmış və musiqidə bir sıra janrların, bir çox maraqlı əsərlərin yaranması üçün zəmin olmuşdur. Dünya musiqisi tarixindən məlumdur ki, orta əsrlərdə bəstəkarların kilsə musiqisi ilə bağlılığı yeni musiqi formalarının, musiqi ifadə vasitələrinin meydana gəlməsinə təkan vermişdir. Dahi alman bəstəkarı İohann Sebastyan Baxın yaradıcılığı bu baxımdan zirvə sayıla bilər.
Qədim tarixə malik Azərbaycan musiqisində folklor janrları (xalq mahnı və rəqsləri), aşıq və muğam kimi peşəkar musiqi növləri ilə yanaşı, dini musiqi də mövcud olmuş, özünəməxsus janr və formalarda inkişaf edərək, bizim günlərə çatmışdır.
Məlumdur ki, İslam dininin kök saldığı, insanların təfəkkür tərzinin bir hissəsinə çevrildiyi müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da dini mərasimlərin keçirilməsi dini oxumalarla müşayiət olunan ayinlərdən ibarət olmuşdur.
Geniş yayılmış belə bir fikrə istinad edərək, deyə bilərik ki, İslam dinində musiqi məşğuliyyəti haram buyurulsa da, bu, heç də xalqın həyat və məişətində musiqinin qadağan olunması anlamına gəlmir. Belə ki, bütün dövrlərdə musiqi xalqın həyatının, təfəkkür tərzinin ayrılmaz tərkib hissəsi olmuş, xalq öz arzu və istəklərini musiqi vasitəsilə ifadə etmişdir. Bu baxımdan hələ İslama qədərki dövrlərdə musiqi müxtəlif məzmunlu və funksiyalı mərasimlərdə (təqvim, toy, matəm və s.) istifadə olunmuş və hər bir mərasim özünəxas musiqi müşayiətinə malik olmuşdur.
VII əsrdən başlayaraq yayılmış İslam dininin şəriət qanunları xalqın həyatında müəyyən çərçivə və qadağalar əmələ gətirsə də, mənəvi mədəniyyəti zənginləşdirmiş, xüsusilə mərasim mədəniyyətinə yeni cəhətlər, yeni forma və janrlar gətirmişdir. Başqa sözlə desək, İslam dini öz qanunlarını tətbiq etmək üçün xalqın təfəkküründə kök salmış musiqi avazlarından istifadə edərək, dini mərasimlərdə dini mətnlərlə musiqinin üzvi vəhdətinə nail olmuşlar. Bu baxımdan Quranın xüsusi avazla oxunması, səlat və münacatda, mərsiyə, nohə və sinəzənlərdə mətnlə musiqinin qovuşması diqqəti cəlb edir. Hər bir halda musiqi sədalarının və avazlarının səslə ifadə olunmasının önə çıxdığını və instrumental musiqi ifaçılığının inkar olunduğunu görürük.
Bununla belə, dini mətnlərin musiqi avazları ilə ifadəsi özünəməxsus kanonlara əsaslanaraq, ənənəvi surətdə, yaddaş vasitəsilə nəsildən-nəslə ötürülmüşdür. Təbii ki, bu prosesdə dini təhsilin də böyük rolu olmuşdur. Ruhanilərin yetişdirilməsində mühüm əhəmiyyətə malik olan mədrəsələrdə və mollaxanalarda Qurani-Kərim və dini ayinlərdə tətbiq olunan ənənəvi mətnlərlə yanaşı, onların musiqi tərtibatı da şagirdlərə mənimsədilmişdir.
Beləliklə, özünəməxsus qanunlara malik olan dinin musiqi ilə vəhdəti qarşılıqlı əlaqədə inkişaf edərək, daha da dərinləşmiş və dini musiqi mədəniyyətin xüsusi bir təbəqəsinə çevrilmişdir.
Bütün bunları davamlı olaraq, müasir dövrdə də müşahidə edirik. Bu gün də mənəviyyatımızı dolğunlaşdıran, mənəvi sərvətə çevrilən dini musiqi öz tətbiqi sahələrini genişləndirərək, bəstəkar yaradıcılığına da daxil olmuşdur.
XX əsrin əvvəllərində təşəkkül tapmış Azərbaycan bəstəkar yaradıcılığında dini mövzuya birbaşa müraciətlər qabarıq olmamışdır. Bu da dövrün və cəmiyyətin inkişaf tendensiyaları ilə bağlı idi.
XX əsrin əvvəllərində yaranmış ilk Azərbaycan operası “Leyli və Məcnun”da (1908) və digər operalarda (burada 1920-ci illərə qədər meydana gəlmiş Ü.Hacıbəylinin, M.Maqomayevin, Z.Hacıbəyovun operalarından söhbət gedir) dini mövzu müşahidə olunmasa da, onların musiqi məzmununda ayrı-ayrı dini musiqi nümunələrindən istifadəyə rast gəlirik.
XX əsrin ortalarında sovet rejiminin hakim ideoloji mövqeyi şəraitində isə dini mövzulara birbaşa müraciətdən söhbət gedə bilməzdi və bu dövrdə bəstəkar yaradıcılığında yalnız sətiraltı məna daşıyan nümunələri izləyə bilərik.
Azərbaycan bəstəkarlarının dini janrlara müraciəti 1970-80-ci illər və sonrakı dövrə aid olmuşdur. Dini mövzuya müraciət bir tərəfdən, dünya musiqisinin ümumi inkişafı prosesində önə çıxan, milli musiqinin qədim və dərin qatlarının dirçəldilməsi tendensiyaları ilə, digər tərəfdən də XX əsrin son onilliklərində cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin musiqidə təcəssümü ilə əlaqədar idi.
Bütün bunlar, əlbəttə ki, bəstəkar axtarışlarına təkan verərək, yeni janr və formaların musiqiyə daxil olmasını şərtləndirmiş, insanların dini təfəkkür formalarının, qədim köklərə malik ənənəvi dini mətnlərin, şüurlara nüfuz etmiş dini mövzuların yeni səpkidə, müasir ifadə vasitələrilə təcəssümünə yol açmışdır.
Bu baxımdan XX əsrin ikinci yarısında, eləcə də XXI əsrin əvvəllərində yaranmış Azərbaycan bəstəkarlarının əsərlərinə nəzər salaraq, qeyd etdiyimiz iki istiqamətdə dini musiqinin tətbiqi yollarını izləyək.
Birinci istiqamətlə bağlı olaraq, bəstəkar yaradıcılığında qədim ənənələrin dirçəldilməsi ilə müşayiət olunan proseslərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Dövrün musiqi mənzərəsində bir sıra bəstəkarların ənənəvi musiqinin dərin qatlarına müraciəti nəticəsində meydana gəlmiş əsərlər diqqəti cəlb edir. Burada bilavasitə dini musiqi ilə bağlı proqramlı əsərlər xüsusi qeyd olunmalıdır. Belə ki, bu əsərlərin adlarındakı dini mətnlərlə, formalarla, oxumalarla, janrlarla bağlılıq onların birbaşa dini musiqidən qidalandığını və dini musiqi prinsiplərini əks etdirdiyini önə çəkir.
Xüsusi olaraq dini mövzuda yazılmış və dini adlarla bağlı əsərlərə nümunə olaraq: Fərəc Qarayevin instrumental ansambl üçün “Xütbə, muğam və surə”, Cəlal Abbasovun müxtəlif alətlər üçün “Münacat I”, “Münacat II”, “Münacat III”, Rəhilə Həsənovanın orqan üçün “Qəsidə” simfoniyası, Simli kvartet, tenor və bas üçün "Dərviş", Simli, nəfəsli, vokal kvartetlər və piano üçün "Mərsiyə", Sərdar Fərəcovun soprano, fleyta, violin, orqan və xor üçün “Psalm - 150”, Fərhad Bədəlbəylinin “İki qadının duası”, Rüfət Ramazanovun orqan və xanəndə üçün “And” poeması, Ağadadaş Dadaşovun Cəlaləddin Rumiyə həsr olunmuş “Mevlana” – vokal-instrumental kompozisiyası (sözləri Y.Solmazındır), Yaşar Xəlilovun “Əshabi-Kəhf” baletinin, xor və fortepiano üçün “Rekviyem” (Heydər Əliyevin xatirəsinə) və s. əsərlərin adını çəkə bilərik.
Bir sıra bəstəkaların yaradıcılığında isə dini mövzulardan və dini mərasim musiqisindən, janr və formalarından istifadə olunması çox geniş təmsil olunmuşdur.
Firəngiz Əlizadənin “Dərviş” – xanəndə, solo-violonçel və ansambl üçün Septet, “Mərsiyə” - violonçel və simfonik orkestr üçün konsert, “Zikr” (Nəsiminin sözlərinə) - Avropa, Asiya və Cənubi Qafqaz xalqlarının musiqi alətlərindən ibarət “Alas” orkestri üçün, “Al Kamandjaty” balet-misteriyası kimi əsərlərini qeyd edə bilərik.
Azər Dadaşovun son illərə aid yaradıcılığında dini mövzulara müraciət diqqəti cəlb edir. Onun a cappella xoru üçün yazdığı əsərləri qeyd edək: “Şükürlər olsun sənə” – sözləri müəllifindir, “Ave Maria” – sözləri kanonik himndən ibarətdir, “Прими наши приношения, Боже” (“Allahım, nəzirlərimizi qəbul et”) – sözləri katolik duası, “Kim Allahı sevər” – sözləri Məhəmməd Füzulinindir. Bu əsərlərin ilk ifası Bakıda, 2002-ci ildə Roma Papası II İoann Pavelin Messası çərçivəsində ifa olunmuşdur (ifaçılar Azərbaycan Dövlət Xor Kapellası, dirijor G.İmanova, solist Ə.Əsgərov).
A.Dadaşovun kamera-instrumental əsərləri sırasında: “Fəza təranəsi” – piano üçün novella, “Lütf” – violonçel və kamera orkestri üçün poema, “Daimi işıq” – violin və piano üçün kompozisiya, “Tanrı qurbanı” – piano üçün kompozisiya kimi əsərlərində ruhani – dini mövzular öz əksini tapıb.
İsmayıl Hacıyevin yaradıcılığında da dini mərasim janrlarının (misteriya və s.) təzahürü aydın nəzərə çarpır. Bəstəkarın “Od gəlini” balet-misteriyası, "Zərdüşt", “Həyat və əbədiyyət”, “Dünyanın qızıl gülü” simfonik misteriyaları bu qəbildəndir.
Qalib Məmmədovun yaradıcılığında müxtəlif dini mətnlərə - dualara müraciət özünü qabarıq göstərir: piano, səs və maqnitofon yazısında hind fleytası üçün “İki dua” (II versiya - piano prepare, marimbafon, klarnet-bas, klarnet in B, tar, balaban və zərb alətləri üçün), metso-soprano, bas və kamera orkestri üçün “Davudun psalmları”, A cappella xoru üçün 52 və 39 saylı Psalmlar və s.
Arif Mirzəyevin yaradıcılığında dini mövzulu və dini musiqi janrlarında yazılmış əsərlər aparıcı əhəmiyyət kəsb edir. Bunlardan: “Baxın xatirəsinə Orqan simfoniyası”, vioin və orqan üçün “Kədər duaları” (Heydər Əliyevin xatirəsinə ithaf), kamera orkestri üçün “Nyu-York Passionları”, qiraətçi, xanəndə, kamança, xor və kamera orkestri üçün “Yanvar passionları” (və ya “Yanvar mərsiyələri” – İslam matəm messası, 1990-cı il 20 yanvar qurbanlarına həsr olunur), Almaniyadakı Yevangelist kilsələrində gini mərasimlər üçün nəzərdə tutulan orqan üçün pyes-improvizasiyalar silsiləsi və s. adını çəkə bilərik.
Göründüyü kimi, Yalnız adlarını sadaladığımız kifayət qədər böyük bir siyahıda əsasən müxtəlif tərkibli ansambllar və orkestrlər üçün nəzərdə tutulmuş vokal-instrumental əsərlər və instrumental əsərlər yer almışdır. Bir sıra bəstəkaların isə yaradıcılığında dini mövzulara və formalara müraciət davamlı xarakter alaraq, onların musiqisində aparıcı əhəiyyət kəsb etmişdir.
Dini musiqinin bəstəkar yaradıcılığında tətbiqi ilə bağlı olaraq qeyd etdiyimiz ikinci istiqamət Azərbaycanın müasir tarixində baş verən hadisələrin adekvat formada musiqi təcəssümü ilə bağlıdır. XX əsrin son onilliklərində xalqımızın yaşadığı faciəli hadisələr – xalqımızın milli-azadlıq hərəkatının genişlənməsi, müstəqilliyin əldə olunması yollarında verdiyi qurbanlar, 1990-cı il 20 yanvar faciəsi, Vətənimizə erməni təcavüzü ilə başlanmış Qarabağ müharibəsi, Xocalı faciəsi, minlərlə əsgərlərimizin və vətəndaşlarımızın şəhid olması, ölkəmizin 20 faiz torpaqlarının işğalı nəticəsində insanların qaçqınlıq və məcburi köçkünlük həyatı yaşaması – bütün bunlar cəmiyyətdə öz əks-sədasını tapmış, incəsənət əsərlərinin daimi mövzusuna çevrilmişdir.
Vətənin və insanların ağrı-acılarının təcəssümü müxtəlif incəsənət sahələrində - rəssamlıq, heykəltaraşlıq, teatr, musiqi və s. özünəməxsus formalarda ifadə olunur. Bu baxımdan musiqi insanların şüurunun və hisslərinin daha dərin qatlarına nüfuz etmək xüsusiyyətinə malikdir. Məhz bu dövrdə bəstəkar əsərlərində dini mövzulara müraciət ön plana çıxmış və hər bir halda tarixi hadisələrin dini musiqi ilə qarşılıqlı təsirindən özünəməxsus xüsusiyyətlərə, böyük emosional təsir gücünə malik əsərlər meydana gəlmişdir.
1990-cı illərdən başlayaraq, Azərbaycan bəstəkarlarının yaradıcılığında Qarabağ hadisələri və şəhidlik mövzusu xüsusi bir mövzu dairəsi kimi kök salmışdır. Demək olar ki, hər bir bəstəkarın yaradıcılıq irsində bu mövzuda əsərlər vardır və bu gün də yaranmaqda davam edir. Bunlar müxtəlif həcmli, rəngarəng janr və formalı əsərlərdir. Bu mövzu hər bir halda özünəməxsus tərzdə, bəstəkarın təfəkküründən və dəst-xəttindən irəli gələn cəhətlərlə, üslub xüsusiyyətlərilə, tarixi, fəlsəfi, qəhrəmani, dini yozumda öz əksini tapır.
Əlbəttə ki, onların hamısının adını çəkmək mümkün olmasa da, müəyyən janr xüsusiyyətləri və dini musiqinin tətbiqi baxımından xarakterizə edə bilərik.
Simfonik və vokal-instrumental musiqi sahəsində meydana gəlmiş iri həcmli əsərlərdən Azər Rzayevin “Bakı-90” simfoniyası, Vasif Adigözəlovun «Qarabağ Şikəstəsi», «Qəm karvanı» oratoriyaları, Ramiz Mustafayevin «Haqq səninlədir, Azərbaycan» kantatası, Tofiq Bakıxanovun «Qarabag harayı» simfoniyası, Aqşin Əlizadənin «Ana torpaq» odası, Sevda İbrahimovanm «Vətən şəhidləri» kantatası, Azər Dadaşovun «Şuşa» 11 saylı simfoniyası, Nəriman Məmmədovun «Xocalı» adlı 7 saylı simfoniyası, Arif Mirzəyevin “Yanvar passionları” və s.
Həmçinin, Xədicə Zeynalovanın “Lamento I. Affetuoso-Allegro assai-Adajio” – 3 hissəli fleyta triosu (Şuşa şəhərinə ithaf olunub), Azad Zahidin “Rekviyem” (Xocalı soyqırımının 20 illiyinə həsr olunub, sözləri A.Qurbaninindir), Oqtay Rəcəbovun “Çingiz” Simfoniya-Rekviyem (solistlər, xor, qiraətçi və simfonik orkestr üçün, sözləri A.Babayevin), Faiq Nağıyevin “Şəhidlərdən-şəhidlərə” - kiçik simfonik orkestr üçün süita (eyniadlı filmin musiqisi əsasında), Elnara Dadaşovanın simli orkestr üçün Xoral, Tahir Əkbərin xor, solistlər, bədii qiraət, azan və simfonik orkestr üçün “Ya Rəbb” simfonik poemasını (sözləri Cabir Növruzundur) göstərə bilərik.
Bu əsərlərin faciəvi obrazlı-emosional məzmununun açılmasında istifadə olunan üsullar və ifadə vasitələri kontekstində dini musiqidən gələn intonasiya quruluşu və üslub xüsusiyyətləri ilə əlaqələndirilir.
Beləliklə, bəstəkar yaradıcılığında dini musiqinin müxtəlif istiqamətlərdə və rəngarəng üsullarla tətbiq olunmasını görürük. Bəstəkarların dini mövzu ilə bağlı proqramlı əsərlərində İslama və Xristianlığa aid dini mətnlərdən, dini musiqinin janr və formalarından istifadə özünü qabarıq göstərir. Əsərlərin adlarında dua, misteriya, rekviyem, passion və s. kimi proqramlı başlıqların verilməsi əsərin mövzu və obrazlar dairəsini müəyyən edir. Tarixi-faciəli mövzulara həsr olunmuş əsərlərdə dini musiqidən istifadə bilavasitə melodik-intonasiya quruluşunda öz əksini tapır və musiqi ifadə vasitələrinin seçimində dini musiqidən gələn xüsusiyyətlər üstünlük təşkil edir.
İstifadə olunmuş ədəbiyyat:
1.Azərbaycan Bəstəkarlar İttifaqı məlumat kitabçası. Bakı, 2012.
2. http://composers.musigi-dunya.az