"Musiqi dünyası" № 4 (61) 2014

Article №5; 7242 - 7259 pр.
Ariz Abduləliyev. Heydər Əliyevin mədəniyyət siyasətində Azərbaycan muğam sənətinin qorunmasi, təbliği və inkişafi məsələləri. Birinci məqalə /
Ariz Abdulaliyev. Matters of inheritance, propaganda and development of Azerbaijan mugam art in Heydar Aliyev's culture politics. First article
Text PDF

1. MUĞAM İFAÇILIĞININ VƏ MUĞAM SƏNƏTKARLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, təbliği, inkişafı və gələcək nəsillərə ötürülməsi Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin əsas məqsədlərindən biri olmuşdur. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyinin bütün dövrlərində həyata keçirdiyi mədəniyyət və təhsil siyasətində milli musiqi irsinə, o cümlədən, muğamlara, onu yaşadan və öyrədən sənətkarlara dərin ehtiram və qayğı ilə yanaşmışdır. [1].

Bu məqalədə "Heydər Əliyev və Azərbaycan muğamının inkişafı" bir elmi mövzu və problem kimi musiqişünaslıqda ilk dəfə qoyulur və tədqiq olunur. Heydər Əliyevin Azərbaycan muğam mədəniyyətinin inkişafındakı və təbliğindəki rolunu tədqiq-təhlil etmək üçün ilk növbədə, onun Azərbaycana siyasi rəhbərliyinin iki dövrü əsas götürülməli, hər iki dövrün musiqi həyatı, ifaçılıq prosesləri, muğam sənəti, bəstəkar yaradıcılığı, musiqişünaslıq tədqiqləri və bütün bu sahələrdə qazanılan yeniliklər və nailiyyətlər təhlil olunmalıdır. Müəllif tərəfindən məqalədə Azərbaycan muğamının inkişaf proseslərinə 1969-1986-cı illər əhatəsində - Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci mərhələsində baxılmışdır. Həmin dövrdə muğam sənətkarlarının qiymətləndirilməsində, muğamın təbliğində, tədrisində və tədqiqində əldə olunan mühüm yeniliklər və nailiyyətlər, bu dövrə Azərbaycan muğamının inkişafında yeni tarixi mərhələ kimi yanaşmağa əsas verir.

Heydər Əliyevin dövlət başçısı olaraq, Azərbaycan xalqının zəngin muğam irsinin qorunmasına, varisiliyinə, təbliğinə və inkişafına yönəlik məqsədyönlü siyasəti və bu siyasətin uğurlu nəticələri öz təsdiqini kifayət qədər çoxsaylı faktlarda tapır. Məsələn, 1970-1980-ci illərdə muğam korifeyləri Əhməd Bakıxanovun, Bəhram Mansurovun, Habil Əliyevin, Zeynəb Xanlarovanın, Rübabə Muradovanın yüksək sənətkar titulu – "Xalq artisti" fəxri adı ilə təltif olunması məhz Heydər Əliyevin təşəbbüsü, təklifi və dəstəyi ilə baş verir. Bu dövrdə Həbib Bayramov, Tələt Bakıxanov "Əməkdar artist", Kamil Əhmədov "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülürlər. Xan Şuşinskiyə, Bəhram Mansurova və bir çox qüdrətli muğam sənətkarlarına Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı verilir. Qurban Primovun anadan olmasının 100 illiyi və yubiley tədbirləri haqqında Heydər Əliyevin imzaladığı rəsmi qərar XX əsrin musiqi həyatında mühüm hadisələrdən birinə çevrilir. Muğamların tədqiqi, tədrisi və dünyəvi təbliği üçün real imkanlar yaradılır, yeni uğurlara imza atılır.

Bu məqalədə muğam sənətinin və sənətkarlarının Heydər Əliyev tərəfindən rəsmi qiymətləndirilməsi haqqında yeni sənədlər və faktlar aşkarlanmış, ilk dəfə musiqişünaslıq araşdırmasına cəlb olunmuşdur.

Araşdırdığımız və elmi nəticələr əldə etdiyimiz həmin faktların bəzilərini ilk dəfə musiqi ictimaiyyətinə və musiqişünaslığa təqdim edirik.

Azərbaycan muğam sənətinin qüdrətli şəxsiyyətlərindən biri, Xalq artisti Xan Şuşinski Azərbaycan KP MK Bürosunun 28 dekabr, 1971-ci il tarixli qərarına əsasən (protokol N 28) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunur.

Məlumdur ki, Xan Şuşinski 1970-ci illərin başlanğıcında artıq yüksək fəxri adlar, onlarla fəxri fərman, orden və medallar daşıyırdı. Buna baxmayaraq, 1971-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir. Anadan olmasının 70 illik yubileyi münasibətilə və musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Xan Şuşinskiyə Fəxri Fərman verilməsində əsas məqsəd muğam sənətinin bu klas¬sik və korifey nümayəndəsinə dövlət səviyyəsində daha bir diqqətin göstərilməsi idi. Xan Şuşinskinin yubiley təltifinin məğzində məhz onun sənətkarlığına olan böyük hörmət və ehtiramın təsdiqi dayanırdı.

Yeri gəlmişkən, vurğulamaq istəyirik ki, SSRİ-nin bütün respublikalarında siyasi rəhbərin rəsmi icazəsi, dəstəyi və qərarı olmadan heç bir musiqiçi, incəsənət və elm adamı bu və digər fəxri adı, mükafatı ala bilməzdi. Rəsmi təşkilatların, Mədəniyyət Nazirliyinin, yaxud Bəstəkarlar İttifaqının fəxri ad və təltif üçün respublikanın siyasi rəhbərinə zəruri qaydada təqdimat məktubu göndərməsi isə yalnız onun icazəsindən sonra mümkün idi. İdarəetmənin bu qanun-qaydası və subordinasiyası SSRİ-nin bütün respublikalarında, o cümlədən, Azərbaycanda da eyni normaları daşıyırdı. Bu barədə hər bir məsələ mütləq Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan KP MK Bürosunda gündəliyə qoyulur, müzakirə olunur və rəsmi qərar verilirdi.

Xan Şuşinskiyə yubileyi münasibətilə respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanının verilməsi də Heydər Əliyevin siyasi rəhbər kimi razılığı əsasında həyata keçmişdi. Lakin Heydər Əliyev ezamiyyətdə olduğu üçün Azərbaycan KP MK Bürosunun 28 dekabr, 1971-ci il tarixli qərarı ikinci katib S.Kozlov və ideoloji katibi D.Quliyev tərəfindən imzalanmışdı.

Xan Şuşinskiyə yubileyi münasibətilə göstərilən rəsmi diqqət, əslində, bu böyük musiqi xadiminin sənətkarlığına, muğamın inkişafı və təbliğindəki xidmətlərinə verilən yüksək qiymətin təzahürü idi. Bir daha qeyd edirik ki, anadan olmasının 70 illiyinə qədər, yəni 1971-ci ilə qədər Xan Şuşinski artıq respublikamızın böyük fəxri adları, mükafatları və medalları ilə təltif olunmuşdu. Yublieyi münasibətilə Fəxri Fərmanla təltif olunması isə respublika rəhbərliyinin, şəxsən Heydər Əliyevin onun böyük şəxsiyyətinə, sənətinə və sənətkarlığına verdiyi yüksək dəyəri ifadə edirdi.

Xan Şuşinskinin təltifi haqqında bu rəsmi qərarı musiqi mədəniyyətimizin qiymətli tarixi sənədi kimi ilk dəfə dərc edirik [4]:

Azərbaycan musiqi ictimaiyyətinə və musiqi elminə ilk dəfə təqdim etdiyimiz daha bir maraqlı və qiymətli arxiv sənədi də Xan Şuşinski haqqındadır. Yeni arxiv sənədinin aşkar olunması, XX əsr Azərbaycan muğam sənətinə indiyə qədər naməlum qalan yeni və qiymətli bir faktın açıqlanması deməkdir.

Xan Şuşinskinin SSRİ-nin çox yüksək mükafatlarından olan Qırmızı Əmək Bayrağı Ordeninə təqdim olunması haqqında Azərbaycan KP MK Bürosu tərəfindən 17 avqust, 1971-ci il tarixli (protokol N 17) rəsmi qərar verilmişdir. Bu qərarın təşəbbüskarı Heydər Əliyev olmuşdur.

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Xan Şuşinskiyə 70 illik yubileyi ilə əlaqədar Qırmızı Əmək Bayrağı Ordeninin verilməsi üçün rəsmi Moskvaya – Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə öz imzası ilə təqdimat məktubu göndərmişdir. Xan Şuşinskinin həyat və yaradıcılıq yolunu, sənət nailiyyətlərini, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərini əks etdirən təqdimat məktubu Heydər Əliyev tərəfindən yazılmış və imzalanmışdır.

Bu fakt bir tərəfdən, Xan Şuşinskinin muğam sənətkarı kimi böyük nüfuzunu, digər tərəfdən, Heydər Əliyevin muğam sənətinə və ifaçılığına layiqli qiymətini, sənət xadimlərinə əvəzsiz qayğısını əks etdirir. Siyasi və mənəvi baxımdan da mühüm əhəmiyyət kəsb edən belə qərarlar o dövrdə Heydər Əliyev tərəfindən milli-mədəni dəyərlərin qorunmasına, yaşamasına və inkişafına hesablanmışdı. Azərbaycanın qüdrətli muğam sənətkarı Xan Şuşinskini rəsmi Moskvanın qarşısında qiymətləndirməklə, Heydər Əliyev əslində, Azərbaycan xalqının çoxəsrlik muğam mədəniyyətini və professional musiqi xadimini qiymətləndirir, digər tərəfdən, bu qüdrətli sənətkarın Qarabağ muğam ənənələrinin yetirməsi olduğunu nəzərə çarpdırır, bununla da SSRİ-nin mərkəzi siyasi rəhbərliyində Azərbaycan xalqına və milli mədəniyyətinə layiqli münasibət və rəy formalaşdırırdı.

Xan Şuşinskinin SSRİ-nin yüksək mükafatına təqdim olunması haqqında Azərbaycan KP MK Bürosunun Heydər Əliyev tərəfindən imzalanmış 17 avqust, 1971-ci il tarixli rəsmi qərarını ilk dəfə dərc edirik [5]:

Görkəmli muğam ifaçısı, təbliğçisi və pedaqoqu, muğamın mükəm-məl bilicisi və sərrafı Bəhram Mansurov 1971-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunur. Bu barədə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK Bürosu tərəfindən 2 fevral 1971-ci il tarixli rəsmi qərar (protokol N 159) verilir.

Anadan olmasının 60 illiyi ilə əlaqədar və musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Bəhram Mansurovun rəsmı təltif olunması muğam ifaçılığının və sənətkarlığının layiqli qiymətləndirilməsi məqsədinin daşıyırdı. Bu qiymətləndirmənin daha bir məqsədi "sosializm incəsənəti" şəraitində xalqın muğam yaddaşını və muğam irsini qorumaqdan, fəallaşdırmaqdan və gündəmdən silinməsinin qarşısını almaqdan ibarət idi.

Heydər Əliyevin imzası ilə təsdiq olunan bu qərarı XX əsr musiqi mədəniyyətimizin qiymətli tarixi sənədi kimi ilk dəfə musiqi ictimaiyyətinə təqdim edirik [6]:

Bəhram Mansurovun anadan olmasının 65 illik yubileyi də musiqi mədəniyyətimizin dəyərli hadisələrdən biri kimi diqqətdən yayınmır, bu münasibətlə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilir. 1978-ci ildə isə Azərbaycan muğamının tarixi bioqrafiyasında mühüm hadisələrdən biri baş verir: Bəhram Mansurov musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülür.

Xalqın, peşəkar musiqiçilərin böyük hörməti və sevgisi ilə əhatələnən qüdrətli sənətkarlarından biri də muğam ustadı, görkəmli ifaçı və pedaqoq Əhməd Bakıxanovdur. Azərbaycanın xalq musiqiçilərinə, ustad muğam və aşıq sənətkarlarına həmişə xüsusi hörmət və ehtiramını sərgiləyən Heydər Əliyev Ə.Bakıxanovun sənətkarlığına, xidmətlərinə, şəxsiyyətinə yüksək qiymət vermişdir.

Azərbaycan KP MK Bürosunun 13 mart, 1973-cü il tarixli qərarı ilə (protokol N 61) Əhməd Bakıxanov "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülür. Bu qərarı XX əsr musiqi mədəniyyətinin qiymətli tarixi sənədi kimi ilk dəfə musiqi ictimaiyyətinə təqdim edirik [7]:

Musiqi ifaçılığında xidmətləri layiqincə qiymətləndirilən görkəmli musiqiçilərdən biri də Zeynəb Xanlarovadır. Onun yüksək fəxri adlar alması məhz Heydər Əliyevin musiqi mədəniyyətimizə qayğısı ilə baş vermişdir. Z.Xanlarova klassik xanəndə ifaçılığının korifeylərindən biri Seyid Şuşinski məktəbinin yetirməsidir. Z.Xanlarova Çahargah dəstgahını və bir çox təsnifləri ustalıqla təfsir etmiş, bu ifaları Azərbaycan radiosunun "Qızıl fondu"nda qorunub-saxlanmışdır.

Repertuarında həmişə muğam, təsnif və xalq mahnılarına yer verən Zeynəb Xanlarova 1975-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan KP MK Bürosunun 17 mart, 1975-ci il (protokol N 119) tarixli qərarı ilə bu fəxri adın verilməsi təsdiq olunmuş və Heydər Əliyev tərəfindən imzalanmışdır.

Bu qərarı XX əsr musiqi tariximizin qiymətli sənədi kimi ilk dəfə musiqi ictimaiyyətinə təqdim edirik. [8].

Habil Əliyev 1970-ci illərdə artıq kifayət qədər məşhur olan və böyük xalq məhəbbəti qazanan qüdrətli bir sənətkar idi. Musiqi incəsənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə, Habil Əliyev Azərbaycan KP MK Bürosunun 4 yanvar, 1978-ci il tarixli qərarı ilə (protokol N 55) "Xalq artisti" fəxri adına layiq görülür.

Habil Əliyevin peşəkar ifaçılıq xidmətlərinin rəsmi səviyyədə obyektiv və yüksək qiymətləndirilməsi Heydər Əliyevin muğam sənəti qarşısında mühüm addımlarından idi. Bu faktın bir maraqlı cəhəti də H.Əliyevə qədər "Xalq artisti"nə layiq görülən azərbaycanlı kamança ifaçısının olmamasıdır. Ona qədər Qılman Salahov, Fərhad Dadaşov, Hafiz Mirzəliyev kimi görkəmli kamança ifaçılarına layiq olduqları bu fəxr ad, təəssüf ki, zamanında verilməmişdi. Milli mədəniyyətə son də¬rəcə həssas olan Heydər Əliyev muğam sənətkarı Habil Əliyevə yüksək fəxri adın verilməsi qərarını gündəmə gətirərkən, şübhəsiz, bu amili də diqqətindən qaçırmamışdı.

Heydər Əliyevin milli musiqi mədəniyyətinin, xüsusilə, muğam sənətinin təbliği və inkişafı istiqamətində mühüm xidmətlərindən biri də 1980-cı ildə Azərbaycan muğam ifaçılıq sənətinin görkəmli xadimi, mükəmməl muğam bilicisi və təbliğiçici, Qarabağ muğam ənənələrinin layiqli davamçısı, Xalq artisti Qurban Primovun anadan olmasının 100 illik yubileyi haqqında qərar verməsidir.

Azərbaycan KP MK Bürosu 19 avqust, 1980-ci il tarixdə (protokol N 149) Qurban Primovun anadan olmasının 100 illiyi haqqında rəsmi qərar qəbul edir. Yubileyin keşirilməsi də, rəsmi qərarın verilməsi də, yubiley planının hazırlanması da məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verir.

Bu qərara yubiley komissyasının yaradılması haqqında maddə daxil edilir. Komissiyaya respublikanın mədəniyyət naziri Zakir Bağırov, bəstəkarlardan Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Azər Rzayev, akademik Mikayıl Useynov, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, musiqişünas-alim Elmira Abasova, Dövlət İncəsənət İnstitutunun rektoru, professor Aslan Aslanov, müqtədir muğam ifaçılarından Bəhram Mansurov, Hacı Məmmədov, Şövkət Ələkbərova təmsil olunurlar. Yubiley komissiyasının belə tərkibdə təşkili tədbirin mədəniyyət həyatında böyük hadisə olmasını bir daha təsdiqləyir. Rəsmi qərarın daha bir maddəsi Qurban Primova vətəni Ağdamın Gülablı kəndində büst qoyulması haqqındadır ki, bu qərar da Azərbaycan muğamının Qarabağ ünvanını göstərir. Önəmli hadisələrdən biri də yubiley tədbirlərinin Qarabağda, xüsusilə, Ağdam rayonunda da təşkil olunmasıdır.

Qurban Primovun anadan olmasının 100 illik yubliyevi sənətkara layiq şəkildə, böyük musiqi bayramı kimi, muğam sənətinin və Qarabağ muğam ənənələrinin təntənəsi səviyyəsində həyata keçirildi. Sənətkarın ömür yolu, xidmətləri, konsert fəaliyyəti və fərdi ifaçılıq üslubu haqqında onlarla elmi və publisist məqalələr yazıldı, haqqında efir verilişləri yayımlandı, yubileyi münasibətilə konfranslar, müasbiqələr keçirildi, tədqiqat işlərinə başlanıldı. Muğam ifaçılığının inkişafına və təbliğinə yönələn belə rəsmi qərarlar və möhtəşəm tədbirlər Azərbaycan xalqının muğam yaddaşını ideoloji aşınmalardan qorudu.

Qurban Primovun anadan olmasının 100 illiyi haqqında Azərbaycan KP MK-nın 19 avqust, 1980-cı il tarixli qərarını XX əsr musiqi tariximizin çox qiymətli sənədlərindən biri kimi ilk dəfə musiqişünaslığa təqdim edirik [9]:

Bu qərarın məğzində Ulu Öndərin Azərbaycan ənənəvi musiqi irsinə və muğam sənətkarlarına ehtiramı və qayğısı dayanır. Bu böyük siyasi-humanist qərar Azərbaycan muğam sənətinin və ənənələrinin qorunması, təbliği, ustad Qurban Primovun ifaçılıq məktəbinin yaşaması, onun gənc nəsillərə örnək olması və muğama milli marağın daha da artması kimi çox qiymətli milli məqsədlər daşıyırdı.

2. MUĞAM İRSİNİN VARİSLİYİ, TƏBLİĞİ VƏ TƏDQİQİ

1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyi haqqında Heydər Əliyev tərəfindən imzalanan rəsmi qərar bu yubileyi əsl mədəniyyət hadisəsinə və Ümumittifaq musiqi bayramına çevirdi. "Qərar respublikada musiqi təhsilinin gələcək inkişafında, Konservatoriyanın musiqi mədəniyyətindəki rolunun yüksəlməsində və nüfuzunun daha da artmasında mühüm rol oynadı. SSRİ-nin görkəmli bəstəkar, dirijor, ifaçı və musiqişünasları Bakı tədbirlərinə qatıldılar, Azərbaycanın musiqisi, tarixi, mədəniyyəti, bəstəkarlıq məktəbinin nailiyyətləri ilə yaxından tanış oldular. Yubiley haqqında qərarın icrası ilə əlaqədar, Azərbaycan Dövlət Konservatoriyasının yaranma və fəaliyyət tarixi haqqında kitab nəşr olundu. "Elmi əsərlərin" xüsusi yubiley buraxılışında maraqlı məqalələr, o cümlədən, Konservatoriyada xalq musiqisi və muğamların elmi öyrənilməsinə və tədrisinə dair məlumatları əks etdirən məqalələr yer aldı". [2]

Konservatoriyanın 50 illik yubileyi ilə əlaqədar rəsmi təsdiq olunan tədbirlər planına əsasən Bakı şəhərində 16-18 aprel, 1972-ci il tarixidə "Folklor və müasirlik" Ümumittifaq elmi konfransı keçirildi. Konfransda Azərbaycanın görkəmli musiqişünasları ilə yanaşı Moskva, Leninqrad, Kiyev, Alma-Ata, Daşkənd, Tbilisi şəhərlərindən görkəmli musiqişünas, etnomusiqişünas və folklor nəzəriyyəçiləri də aktual mövzularda çıxış etdilər. [3].

Azərbaycanda musiqişünaslıq və musiqi folklorşünaslığı sahəsində ilk Ümumittifaq elmi konfransının keçirilməsi muğama və xalq musiqisinə ciddi elmi marağın hüdudlarını genişləndirdi, gələcəkdə Azərbaycan muğamlarına və xalq musiqisinə Ümumittifaq miqyasında elmi maraqlara güclü təkan verdi. Maraqlı faktdır ki, Rusiyanın dünya şöhrətli etnomusiqişünas-alimi İ.Zemtsovski Bakıya ilk elmi səfərini məhz bu konfransda etdi, muğamı canlı konsert ifasında dinlədi, görkəmli muğam ifaçıları ilə tanış oldu. Bu alimdə muğama böyük məhəbbət və elmi maraq elə həmin konfrans sayəsində baş verdi. Sonrakı yaradıcılığında İ.Zemsovski bir neçə dəfə Bakıya gəldi, yenə də muğamlarla maraqlandı, ifaçılarla görüşdü, araşdırmalarında muğama dair maraqlı ideyalar irəli sürdü.

Qeyd edək ki, alim İ.Zemtsovski xüsusilə ustad Bəhram Mansurov sənətinin vurğunu idi. Onun ifasını dərin maraq və həssaslıqla dinləməkdən doymur, üslubundan xüsusi bir həzz alırdı. O, açıq bir səmimiyyətlə, ürəkdən "xoşbəxt xalqsınız ki, muğamlarınız və əla ifaçılarınız var" - deyirdi. Azərbaycan muğam sənətkarları və tədqiqatçıları ilə daim ünsiyyətdə olan İ.Zemtsovski 1980-ci illərdə, indiki Sankt-Peterburq İncəsənət Akademiyasında Azərbaycan muğam ifaçılarının iştirakı ilə hər həftənin bir gününü "muğam gecələri" təşkil etdi.

1969-1984-cı illərdə Heydər Əliyevin milli maraqlara yönəlik siyasi-humanitar məqsədlərindən biri də Azərbaycan muğamına elmi yanaşmanı aktuallaşmasından, muğam tədqiqatlarının daha fəal, məqsədyönlü və uğurlu səmt almasından ibarət idi. Azərbaycanın tarixinə, etnoqrafiyasına, arxeologiyasına, dilinə və ədəbiyyatına dair geniş tədqiqatların aparılması üçün Elmlər Akademiyasına mütəmadi tapşırıqlar verən, bu işin ciddiliyini və nəticələrini gündəlik diqqətində saxlayan, eyni zamanda, bütün siyasi maneələrə baxmayaraq, humanitar elmlərin fəaliyyətinə və inkişafına real imkanlar yaradan Heydər Əliyev, Azərbaycan musiqi mədəniyyəti və incəsənətinin tədqiqi və təbliği, xalq musiqisi və muğamların ciddi öyrənilməsi üçün də maksimum çalışır, bu sahənin problemlərinə və fəaliyyətinə həmişə diqqətlə yanaşırdı. Azərbaycan Dövlət Konservatoriyasında (hazırki Bakı Musiqi Akademiyasında) "Xalq musiqis kabineti"nin bərpası, Konservatoriyada və EA-nın Memarlıq və İncəsənət İnstitutunda folklor ekspedisiyalarının intensivləşməsi fikrimizi təsdiq edə bilər.

Daha bir əsaslı fakt Azərbaycan Dövlət Konservatoriyasının "Xalq musiqisi" kafedrası bazasında "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi", "Azərbaycan xalq çalğı alətləri" kafedralarının yaradılmasıdır. Bu kafedraların fəaliyyəti Azərbaycan xalq musiqisinin, muğamların, aşıq sənətinin, ifaçılığın elmi öyrənilməsinə, həm də xalq çalğı alətləri ifaçılığının inkişafına geniş imkanlar yaratdı.

1974-cü ildə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda "Keçmiş əsrlərdə Azərbaycan qədim musiqi mədəniyyəti" mövzusunda elmi konfrans keçirilir. Konfrans Azərbaycanın qədim və orta əsr musiqi mədəniyyətinə həsr olunan ilk akademik elmi tədbir idi. Bu konfransda E.Abasova B.Mansurovun musiqi illüstrasiyaları ilə muğamın janr xüsusiyyətləri haqqında məruzə edir, S.Ağayevanın Əbdülqadir Marağayi haqqında məruzəsi dinlənilir. Həmin tədbirin gündəmə gəlməsi, əlbəttə, Azərbaycan musiqisinə dair tədqiqatların aktuallaşması ilə bağlı idi.

Bu dövrdə elmin inkişafına yaradılan real imkanlar və sağlam yaradıcılıq mühiti sayəsində Azərbaycan xalq musiqisinə dair maraqlı musiqişünaslıq dissertasiyaları üzərində işlənilir, kitablar yazılır. Ötən illərlə müqayisədə musiqişünaslıq sahəsində elmi işlərin kəmiyyəti və keyfiyyəti bir neçə dəfə artır. Məsələn, araşdırdığımız dövrdə Ə.Eldarova aşıq sənəti, R.Zöhrabov təsnif janrı, S.Seyidova qədim mərasim musiqisi, T.Cənizadə muğam təfəkkürü, R.İsmayılzadə xalq mahnıları, O.Quliyev xalq çalğı alələri orkestrinin yaranması və fəaliyyəti, T.Məmmədov "Koroğlu" aşıq havaları, Z.Qafarova "Koroğlu" operasının üslub xüsusiyyətləri, V.Əbdülqasımov tar alətinin tarixi təşəkkülü, inkişafı və temperasiyası, S.Ağayeva Əbdülqadir Marağalı, V.Sadıqova instrumental muğam improvizələrində forma xüsusiyyətləri, F.Əbdülqasımov Qurban Primov, Ə.İsazadə xalq musiqisinin elmi öyrənilməsi, nəşri və nota yazılması, F.Xalıqzadə xalq musiqisinin ritmi, S.Quliyev və V.Xəlilov xalq musiqisinin tərbiyəvi əhəmiyyəti, Ə.Rəhmətov xalq çalğı alətlərinin orkestrdə yeri, K.Həsənov xalq rəqsləri, A.Məmmədov musiqi və poeziya əlaqələri, A.Əliyev dəstgahların quruluşu üzərində işləyir, dissertasiya yazır, müdafiə edirlər. Bu dövrdə Ə.Bədəlbəylinin "Monoqrafik musiqi lüğəti", M.S.İsmayılovun "Azərbaycan xalq musiqisinin janrları" (təkrar nəşr), Ə.Eldarovanın "Azərbaycan aşıq sənəti" (rus dilində), S.Abdullayevanın "Azərbaycan xalq çalğı alətləri", Ə.Rəhmətovun "Əhməd Bakıxanov", Ə.İsazadə və X.Quliyevin "Bəhram Mansurov", O.Quliyevin "Azərbaycan xalq çalğı alətləri orkestri", müəllif heyətinin "Azərbaycan xalq musiqisi", V.Məmmədovun "Havalansın Xanın səsi", F.Şuşinskinin "Cabbar Qaryağdıoğlu", O.Orxanbəylinin "Tar tədrisinin metodikası", V.Xəlilovun "Muğamların tədrisinə dair metodik tövsiyələr", Q.Babayevin "Tarzən Kamil Əhmədov" və b. kitablar nəşr olunur. Ə.Bakıxanovun muğam, rəng, zərbi-muğam notları, R.Zöhrabovun yazıya aldığı zərbi-muğamlar toplusu, Ə.İsazadə və N.Məmmədovun iki not məcmuəsindən ibarət "Azərbaycan xalq mahnıları və oyun havaları" mütəxəssislərin ixtiyarına verilir. Moskvada rus dilində Z.Səfərovanın ənənəvi musiqi problemlərinin də yer aldığı "Üzeyir Hacıbəyovun musiqi-estetik görüşləri", E.Abasovanın "Tarzən Bəhram Mansurov", F.Şuşinskinin "Azərbaycan xalq musiqiçiləri", T.Kərimova və B.Hüseynlinin "Əli Kərimov", N.Məmmədovun muğam notları və s. nəşr edilir. Azərbaycan musiqişünaslığında muğama elmi marağın artması, bu maraqların davamlı və ardıcıl olması, müxtəlif muğam araşdırmalarının aparılması məhz bu dövrün nailiyyətidir.

Başqa faktların üzərində dayanaq. UNESCO və SSRİ Bəstəkarlar İttifaqı tərəfindən 1970-ci illərin II yarısı və 1980-ci illərdə Orta Asiyada keçirilən Beynəlxalq musiqişünaslıq simpoziumları muğam problemlərinə həsr edilirdi. Bu simpoziumlarda Azərbaycan musiqi alimlərinin də iştirakı təmin olunur və maraqla qarşılanırdı. Azərbaycan musiqi elmini təmsil edən E.Abasova, Z.Səfərova, R.Zöhrabov, İ.Əfəndiyeva, N.Əliyeva, Z.Qafarova, S.Ağayeva, S.Bağırova və A.Əliyevin Azərbaycan muğamlarının tarixi, nəzəri, ifaçılıq, yaradıcılıq, mənbəşünaslıq məsələləri haqqında maraqlı məruzələri dinlənilirdi. Beynəlxalq muğam simpoziumlarının konsertlərində Bəhram Mansurovun, Canəli Əkbərovun, Ramiz Quliyevin, Şəfiqə Eyvazovanın, Alim Qasımovun və b. muğam ifaları dünyanın müxtəlif ölkələrinin musiqişünas və bəstəkarlarında hər dəfə böyük maraq və yüksək rəylər doğururdu. Bu tədbirlərin nəticələri, əhəmiyyəti haqqında da musiqişünaslar tərəfindən məqalələr yazılır, muğam tədqiqatlarının vacibliyi vurğulanırdı.

Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin ilk dövründə - 1969-1986-illərdə Azərbaycanın istər SSRİ respublikaları, istərsə də xarici ölkələrlə və beynəlxalq təşkilatlarla elm, mədəniyyət və incəsənət əlaqələri daha da inkişaf etdi, musiqi-mədəni əlaqələr fəallaşdı və geniş vüsət aldı. Fransada, Almaniyada, Türkiyədə, Amerikada və Avropanın bir çox şəhərlərində Azərbaycan musiqisinin və musiqiçilərinin əldə etdiyi uğurlar mədəniyyətimizin dünyəvi şöhrətini daha da artırdı. Həmin illərdə Heydər Əliyevin tapşırığına əsasən Azərbaycan musiqiçilərinin Şərq, Asiya ölkələrinə mütəmadi qastrol-konsert səfərləri təşkil olundu. Xaricə qastrol səfərlərinə xalq musiqisi və muğam ifaçıları da daxil edildi. 1970-1980-ci illərdə Azərbaycanın görkəmli muğam sənətkarı Bəhram Mansurovun ifasında muğamlar UNESKO və digər beynəlxalq mədəniyyət qurumları tərəfindən bir neçə dəfə vallara yazıldı və dünya ölkələrinə yayımlandı. [10].

1970-ci illərin musiqi həyatında baş verən çox mühüm faktlardan biri respublikamızda uşaq musiqi məktəbi şəbəkəsinin ilbəil genişlənməsi və bölgələrdə muğam ifaçılığının tədrisinə yeni imkanların yaradılması idi. "Respublikada estetik tərbiyə işini yaxşıladırmaq və inkişaf etdirmək tədbirləri haqqında" Azərbaycan KP MK qərarının icrasında məktəblilərin və gənclərin musiqi tərbiyəsi istiqamətində real tədbirlər həyata keçirilirdi. Orta ümumtəhsil məktəblərində özfəaliyyət işinin yaxşılaşdırılması, bu işə məktəblilərin təlimtərbiyəsinin ayrılmaz tərkibi kimi yanaşılması "Respublikada xalq maarifinin inkişaf tədbirləri haqqında" qərarda öz əksini tapmışdı. Bu məqsədlə hər il keçirilən orta məktəblərin özfəaliyyət kollektivlərinə regional və respublika baxış müsabiqələri, qaliblərin mükafatlandırılması, yekun konsertləri muğamlardan, xalq mahnı və rəqslərindən kənarda deyildi. Bu proseslər isə neçə-neçə istedadlı məktəblinin gələcək sənət yollarına ilk çığırlar açırdı.

Musiqi-estetik tərbiyə işinə tələbkarlığın artması ilə əlaqədar regionların mədəniyyət evləri və klublarında musiqi dərnəklərinin fəaliyyətinin yaxşılaşdırılması və genişləndirilməsi, öz növbəsində, xanəndəlik və instrumental xalq ifaçılığı sahəsində bacarıqlı gənclərə yeni imkanlar yaratdı. Bakıda, regionlarda özfəaliyyət yaradıcılığına, ali məktəblərdə və texnikumlarda isə xalq çalğı alətləri ansambllarının fəaliyyətinə geniş meydan verilirdi.

1980-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (hazırki Bakı Musiqi Akademiyasında) Şərq musiqisinə dair Ümumittifaq elmi konfransların keçirilməsi SSRİ miqyasında muğam-makam-makom sənətinin, Şərq ənənəvi musiqisinin, o cümlədən Azərbaycan ənənəvi musiqisinin elmi öyrənilməsi və müqayisəli təhlili istiqamətində mühüm tədbirlərdən biri idi.

3. NƏTİCƏLƏR

Məqalənin elmi nəticələri aşağıdakılardır:

1. Heydər Əliyevin muğam sənətkarlarına ehtiramı və rəsmi səviyyədə qayğısı 1969-1982-ci illərdə muğam ifaçılığının musiqi həyatındakı rolunu daha da stimullaşdırdı və fəallaşdırdı, onu "sosializm incəsənəti", "sovet beynəlmiləlçiliyi" "marksizm-leninizm metodologiyası" kimi ideoloji basqılardan qorudu. Heydər Əliyevin milli mədəniyyətə yönəlik məqsədyönlü və uzaqgörən siyasəti yeni onilliklərin mürəkkəb siyasi və milli-ideoloji burulğanlarında Azərbaycan muğam sənətinin qorunmasına, ötürülməsinə, tədqiqinə, təbliğinə və yaşamasına səbəb oldu.

2. Heydər Əliyevin respublikada həyata keçirdiyi müasir mədəniyyət siyasəti milli musiqi dəyərlərinin qorunması, yaşaması və təbliğində yeni tarixi mərhələ yaratdı. Bu mərhələ Azərbaycan musiqi tarixinin sonrakı dövlərində, xüsusilə, müstəqillik dövründə uğurla davam etdirildi.

3. Sovet dönəmində Azərbaycanın görkəmli muğam sənətkarlarının ifasını və xidmətlərini müxtəlif təltiflər ilə qiymətləndirən respublika rəhbəri Heydər Əliyev, əslində, bu siyasəti ilə Azərbaycan muğam mədəniyyətini, muğam irsini qiymətləndirir, bu siyasəti ilə muğamın mədəni həyatdakı rolunu fəallaşdırır və muğama olan ümumxalq marağın itməməsini təmin edirdi.

4. 1969-1982-cı illərdə muğam ifaçılarının rəsmi təltiflərlə qiymətləndirilməsi, muğam ifaçılarının konsert və qastrol limitlərinin artırılması, muğama SSRİ miqyaslı və beynəlxalq mədəniyyət tədbirlərində diqqət və marağın artması, Azərbaycanda ümumittifaq miqyaslı musiqi tədbirlərinin keçirilməsi Heydər Əliyevin dövlət səviyyəsində müasir və uzaqgörən mədəniyyət siyasətinin real uğurları və nəticələri idi.

5. 1969-1982-ci illərdə muğam ifaçılarına rəsmi diqqətin və qayğının göstərilməsi, muğam sənətinin özünə diqqət və qayğının göstərilməsi demək idi. Belə münasibət isə milli dəyərlərın və milli mədəniyyət irsinin geniş ictimai rəydə və ictimai şüurda müsbət qiymətləndirilməsinə, onlara kütləvi və peşəkar maraqların və diqqətin sabitləşməsinə səbəb oldu, xalqın muğam yaddaşını əks təsirlərdən qorudu.

6. Görkəmli muğam ifaçısı, zəngin muğam ənənələrinin daşıyıcısı Qurban Primovun 100 illiyi haqqında verilən rəsmi qərar XX əsr musiqi tarixində qiymətli siyasi sənəd kimi elmi əhəmiyyət daşıyır. Yubiley tədbirləri bütün respublikanı əhatə elədi, müəllimlər, bəstəkarlar, musiqişünaslar, ziyalılar, yaradıcılıq təşkilatları və musiqi-təhsil ocaqları bu musiqi bayramında həvəslə iştirak etdilər. Bu tədbir Azərbaycan muğam sənətinin əsil bayramına, Qarabağ muğam ənənələrinin daha bir təsdiqinə çevrildi.

7. 1969-1982-cı illərdə Azərbaycan Elmlər Akademiyasında Azərbaycanın tarixinə, dilinə, ədəbiyyatına, arxeologiyasına, etnoqrafiyasına dair ardıcıl və məqsədyönlü elmi tədqiqatların kəmiyyət və keyfiyyət baxımdan artımı, bu tədqiqatlarda milli maraqların dominantlıq qazanması məhz Heydər Əliyevin elm və mədəniyyət siyasətinin, onun respublika rəhbəri kimi bu istiqamətdə məhsuldar qərar və göstərişlərinin məntiqi nəticələri idi. Həmin proqressiv siyasətin nəticəsində muğam və xalq musiqisinə dair musiqişünaslıq tədqiqatları da kəmiyyət və keyfiyyət baxımından yüksəldi, yeni və maraqlı məqalələr, kitablar, dissertasiyalar yazıldı. Bu dövrdə Azərbaycan musiqi tarixinə, xalq musiqisinə, muğama elmi münasibət və yanaşmaların yeniləşməsini, fəallaşmasını, aktuallıq kəsb etməsini Azərbaycan musiqişünaslığının böyük nailiyyətlərindən biri kimi qiymətləndiririk.

8. 1969-1982-ci illərdə Azərbaycana siyasi rəhbərlik edən Heydər Əliyev tərəfindən Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin, milli-mədəni irsinin inkişafı və təbliği sahəsində uğurlu siyasəti Azərbaycanı SSRİ-də və xaricdə muğam sənətinin yarandığı, yaşadığı zəngin bir mədəniyyət ölkəsi kimi tanındı. Azərbaycan musiqişünaslarının muğam tədqiqatları, xalq musiqisinə dair elmi yenilikləri ümumittifaq musiqişünaslıq mühitlərində özünə ciddi elmi münasibət yaratdı.

9. Azərbaycan Dövlət Konservatoriyasında "Azərbaycan xalq çalğı alətləri" və "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedralarının yaradılması milli musiqi ifaçılığının professional səviyyəsinin yüksəlməsinə, xalq musiqisi, alətlər, muğamat sahəsində yeni tarixi və nəzəri tədqiqatların yazılmasına, yeni tədris vəsaitlərinin meydana gəlməsinə səbəb oldu.

10. Azərbaycan Dövlət Konservatoriyasında "Xalq musiqisi kabinetinin" bərpası gələcək illərdə xalq musiqisi irsinin toplanılması, yazıya alınması, qorunması sahəsində, muğamların tədrisi və araşdırılması sahəsində bir çox yeniliklərə və nailiyyətlərə səbəb oldu.

11. Bakıda musiqişünaslıq konfranslarının və aktual mövzulara maraqların sayı artmağa başladı. Konfranslarda xalq musiqisinə, xalq çalğı alətlərinə, bəstəkarların muğamlardan və xalq musiqisindən istifadəsinə dair mövzulara daha geniş yer verildi. 1972-ci ildə Bakıda ilk Ümumittifaq musiqişünaslıq konfransı keçirildi. "Folklor və müasirlik" konfransı xalq musiqisinə elmi maraqların daha da artması üçün musiqi elmində yeni mərhələnin başlanğıcını qoydu.

12. XX əsrdə SSRİ-nin musiqi həyatında böyük bir yenilik baş verdi. Bakıda Şərq alətləri ifaçılarının ilk Ümumittifaq müsabiqəsi keçirildi. Müsabiqənin zəruri şərtlərinə muğam ifası da daxil olundu.

13. Azərbaycan Dövlət Konservatoriyasının yubiley tədbirlərində, Ü.Hacıbəyovun ev-muzeyinin açılış mərasimləridnə, məhşur elm, incəsənət, siyasət xadimlərinin və diplomatların Bakıya səfərlərində muğamlarımız da layiqincə təqdim və təmsil olundu.

14. Musiqişünasların, bəstəkarların və muğam ifaçılarının SSRİ və beynəlxalq miqyaslı elmi tədbirlərdə iştirak etmək imkanları daha da artdı. Muğama elmi və bədii maraqların çoğrafi miqyası getdikcə genişləndi, yaranmış şəraitdə musiqi əlaqələri fəallaşdı və artdı.

15. Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstititunda, Konservatoriyanın "Xalq musiqisi kabineti"ndə muğamların nota yazılması, ekspedisiyaların aparılması, musiqi folklorunun toplanılması, notlaşdırılması, sistemləşdirilməsi işləri intensivləşdi. Xüsusilə, Akademiyada sənətşünaslıq doktoru Ə.İsazadənin, Konservatoriyada sənətşünaslıq namizədi B.Hüseynlinin elmi rəhbərliyi ilə aparılan folklor ekspedisiyaları etnomusiqişünaslığın inkişafına təkan verdi.

16. 1970-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında "etnomusiqişünaslıq" bölməsinin yaradılması, öz növbəsində xalq musiqisinə və muğam sənətinə elmi-yaradıcı münasibətlərin genişlənməsinə təkan verdi.

17. Azərbaycan Dövlət Konservatoriyası SSRİ Ali və Orta İxtisas təhsil Nazirliyi tərəfindən rəsmi olaraq Şərq musiqisinin, o cümlədən, muğam-makam sənətinin tədqiqi üzrə elmi-tədris bazası kimi tanındı.

18. Azərbaycan Respublikasının SSRİ respublikaları ilə, xarici ölkələrlə musiqi-mədəni əlaqələri, konsert-qastrol səfərləri genişləndi. Müxtəlif festivallarda, mədəniyyət günlərində, konsertlərdə Azərbaycan xalq musiqisinin ifasına diqqət artırıldı. Muğamlara beynəlxalq elmi və bədii maraqların da artması baş verdi. Muğamlar B.Mansurovun ifasında vallara yazılaraq, dünyaya yayımlandı. Azərbaycan muğam sənətçiləri beynəlxalq musiqi festivalalrına və konfranslarına dəvətlər aldılar.

19. SSRİ-nin mərkəzi-siyasi hakimiyyəti, rəsmi hökumət dairələri Azərbaycan Respublikasından kənd təsərrüfatı planlarını tələb etdikləri bir vaxtda Heydər Əliyev Azərbaycanı həm də zəngin elm, mədəniyyət və incəsənət respublikası, Azərbaycan xalqını isə çoxəsrlik və zəngin musiqi ənənələri, möhtəşəm muğam sənəti və sənətkarları olan xalq kimi tanıtdı, təbliğ etdi.

20. Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci mərhələsində həyata keçirilən bütün bu yeni qərarlar, tədbirlər, hadisələr Azərbaycan muğamının qorunması, varisliyi, təbliği, elmi öyrənilməsi və inkişafı məqsədini daşıyr, xalqımızın çoxəsrli muğam yaddaşını müxtəlif siyasi-ideoloji aşınmalardan qoruyur, Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edirdi.

ƏDƏBİYYAT:

1. Abduləliyev A.Ə. Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti. - "Musiqi dünyası", 2008, № 1-2/35. - S. 4-18; yenə də onun. Heydər Əliyev və Azərbaycan Respublikasında musiqi təhsilinin inkişafı – "Musiqi dünyası", 2012. - №1(50). - S. 8 -14.

2. Abduləliyev A.Ə. Konservatoriyanın 50 illiyi Azərbaycan musiqi mədəniyyətinin mühüm hadisəsi kimi. - "Musiqi dünyası", 2012, N 3. - S. 113-120;

3. Abduləliyev A.Ə. Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti: "Folklor və müasirlik" konfransı. - "Musiqi dünyası", 2014, N 2. - S. 52-55.

4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi. – Fond 1, sənəd 58.

5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi. – Fond 1, sənəd 58.

6. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi yanında Siyasi Sənədlər arxivi. – Fond 1, sənəd 58.

7. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi. – Fond 1, sənəd 60.

8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi. – Fond 1, sənəd 62.

9. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi. – Fond 1, sənəd 67.

10. Издатель-ЮНЕСКО: 9 мугамов исполненные Б.Мансуровым записаны фирмой «Филипс». – газета «Баку», 1977, 10 марта. – С. 3