"Musiqi dünyası" № 1 (62) 2015
Article №4; 7306 - 7325 pр.
Ariz Abduləliyev. Heydər Əliyevin Ü.Hacıbəyli yaradıcılığı haqqında konsepsiyalarının musiqi elmi və təhsili üçün aktuallığı
Ariz Abdulaliyev. The actuality of Heydar Aliyev's ideas about Uzeyir Hajibeyli's creativity for musicology and music education
Text PDF"Üzeyir Hacıbəyovun yaradıcığı Azərbaycan xalqının milli sərvətidir"
"Mən Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm"
"Sizi Ü.Hacıbəyovun irsinin yaşaması naminə birliyə,
qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm"
HEYDƏR ƏLİYEV1. HEYDƏR ƏLIYEV VƏ ÜZEYIR HACIBƏYLI: VƏZIFƏYI-MUSIQIYYƏMIZƏ AID MƏSƏLƏLƏR
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin əsas hədəflərindən biri də Azərbaycan musiqi mədəniyyəti və incəsənətidir. Azərbaycan musiqisinin davamlı inkişafı, müasirləşməsi və nailiyyətləri Heydər Əliyevin həyata keçirdiyi uğurlu mədəniyyət siyasətinin prioritetlərindəndir. Bu proqressiv siyasət XX-XXI əsrlərdə Azərbaycan musiqi mədəniyyəti və incəsənətinin hərtərəfli inkişafının real təminatçısı olmuş, professional musiqi incəsənətinin və xalq musiqisinin dünyəvi təbliği yolunda geniş imkanlar və perspektivlər yaratmışdır. Azərbaycana siyasi rəhbərliyinin bütün dövrlərində həyata keçirdiyi uğurlu mədəniyyət siyasəti ilə elmin, təhsilin, maarifin, mədəni əlaqələrin, bədii-estetik tərbiyə işinin davamlı yüksəlişinə nail olan Heydər Əliyev musiqi incəsənətinin bütün sahələrinin inkişafında, nailiyyətlərində və tərəqqisində də böyük tarixi-mədəni xidmətlər göstərmişdir. "Heydər Əliyevin zəngin və çoxşaxəli irsini, onun çoxillik siyasi və dövlətçilik fəaliyyətinin elmi öyrənilməsi belə nəticəyə əsas verir ki, bu tarixi şəxsiyyətin siyasi fəaliyyəti Azərbaycan musiqi mədəniyyəti və incəsənəti ilə sıx bağlı olmuş, milli musiqi mədəniyyətinin davamlı tərəqqisi və onun görkəmli təmsilçilərinin həyat-yaradıcılığı həmişə Ümummilli Liderin diqqəti və qayğısı ilə əhatələnmişdir". [11, 4].
Heydər Əliyev təkcə musiqi mədəniyyətinin inkişafına istiqamətlənən qərar və sərəncamlarla kifayətlənməmiş, eyni zamanda musiqi həyatının, mədəni tədbirlərin, yaradıcılıq proseslərinin, xalqlararası mədəni əlaqələrin, sənətkar yubileylərinin, yaradıcılıq görüşlərinin əsas təşkilatçısı, ən fəal iştirakçısı olmuşdur. Müasirləri Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Arif Məlikov, Fərhad Bədəlbəyli, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Rauf Hacıyev, Musa Mirzəyev, Rauf Abdullayev və digər sənət xadimləri ilə canlı ünsiyyətdə olan Heydər Əliyev "onların yaradıcılığı, uğurları, sosial problemləri ilə yaxından maraqlanmış, onlara məhsuldar yaradıcılıq mühiti yaratmış, Azərbaycan musiqisinin yaradıcı simalarına hər zaman yüksək siyasi, ictimai və mənəvi dəstək vermişdir". [10, 14].
Heydər Əliyevin Azərbaycan musiqisi, görkəmli musiqi xadimləri, onların yaradıcılığı, əsərləri, xidmətləri haqqında irəli sürdüyü fikirlər, ideyalar onun nitqlərində, çıxışlarında öz geniş əksini tapmışdır. Ümumiyyətlə, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ayrılmaz hissəsi olan nitqləri, çıxışları ictimai və humanitar elmlər – tarix, politologiya, fəlsəfə, sosiologiya, kulturologiya, filologiya, dilçilik, mətnşünaslıq, pedaqogika və psixologiya tərəfindən araşdırılmış, bu nitqlərdə qoyulan əhəmiyyətli məsələlər, təkilf, fikir və ideyalar haqqında elmi məqalə, dissertasiya və monoqrafiyalar yazılmışdır.
Heydər Əliyevin nitqləri musiqişünaslıq üçün də böyük elmi maraq və əhəmiyyət kəsb edir. Bu real səbəbə görə, musiqi mədəniyyəti və incəsənətinin ən müxtəlif məsələləri haqqında Heydər Əliyevin fikir və mülahizələrinə musiqişünaslıq elminin aktual tədqiqat obyekti kimi yanaşırıq. Belə ki, Azərbaycan musiqisi incəsənətinin, musiqi tarixinin, şəxsiyyətlərin, bəstəkar yaradıcılığının, ifaçılıq sənətinin, musiqi əsərlərinin, musiqi təhsilinin, tərbiyəsinin və təbliğatının ən müxtəlif məsələləri və problemləri Heydər Əliyevin nitqlərində musiqi həyatının və musiqi ictimaiyyətinin gündəliyinə daxil edilmiş, aktuallaşmış, təhlil və tənqid olunmuş, onlara dair qiymətli fikir, münasibət və tövsiyələr bildirilmişdir.
Müasir musiqişünaslıq üçün elmi maraq və dəyər kəsb edən aktual məsələlərdən biri də budur ki, Üzeyir Hacıbəyli irsi Heydər Əliyev tərəfindən musiqi incəsənətinin inkişafına və təbliğinə yönələn dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. "Azərbaycan klassik professional musiqisinin banisi Üzeyir Hacıbəyli musiqisinin dünyəvi təbliği, dahi bəstəkarın irsinin qorunması, elmi öyrənilməsi, gələcək nəsillərə layiqincə çatdırılması Heydər Əliyevin mədəniyyət missiyasının əsas məqsədlərindən biri olmuşdur. Ulu Öndərin dahi bəstəkar haqqında çoxsaylı məruzə və çıxışları musiqişünaslıq elmi üçün aktual tədqiqat obyekti olmaqla yanaşı, həm də musiqişünaslığın qiymətli elmi mənbəyinə çevrilmişdir". [10,15].
Heydər Əliyev Üzeyir Hacıbəylinin yaradıcılığı, əsərləri, milli üslubu, yenilikləri, musiqi tarixindəki mövqeyi və xidmətləri haqqında maraqlı fikirləri və ideyaları ilə dahi bəstəkarın yaradıcılığını və şəxsiyyətini tarixi, ictimai, milli-mədəni və bəşəri dəyərlər kontekstində, Şərq-Qərb musiqi-mədəni əlaqələri müstəvisində qiymətləndirmək kimi olduqca mühüm missiyanı yüksək milli-humanist maraqlar, analitik və elmi-obyektiv yanaşma səviyyəsində yerinə yetirmişdir. Heydər Əliyev Ü.Hacıbəyli haqqında çoxsaylı çıxışları, fikir və mülahizələri ilə musiqi elminin Hacıbəyovşünaslığa dair tədqiqat mənbələrini zənginləşdirmiş, musiqişünaslıqda klassik musiqi irsinə, musiqi tarixinə yeni elmi-metodoloji yanaşmaların və təhlillərin konseptual istiqamətlərini müəyyənləşdirmiş, obyektiv qiymətləndirmənin və yeni tədqiqatların meydana gəlməsinə ciddi zəmin yaratmışdır.
Üzeyir Hacıbəyli irsinə tarixi, nəzəri, ideya və praktik münasibətdə çağdaş musiqişünaslığın paradiqmalarından biri də budur ki, Heydər Əliyevin Ü.Hacıbəyli haqqında fikiləri dahi bəstəkarın irsinin, yaradıcılığının, musiqisinin məqsədyönlü və davamlı təbliğinə istiqamətlənmişdir. Bu təbliğat tərbiyəvi, məlumatlandırma, tanıtma, qiymətləndirmə, ictimai rəy, maarifləndirmə, vətəndaş mövqeyi, milli özünüdərk, mədəni əlaqələr, mədəniyyətlərin inteqrasiyası və inkişafı, klassik musiqi irsinə diqqət və qayğı kimi məqsədlər daşımışdır. [14, 224-226].
Məqaləmizin mövzusu əsasında bir daha vurğulayırıq ki, Heydər Əliyevin böyük mədəniyyət missiyasında Üzeyir Hacıbəyli yaradıcılığı və irsi, onun qiymətləndirilməsi və təbliği hər zaman aparıcı yer tutmuşdur. "Müstəqilliyin ilk illərində Heydər Əliyev Üzeyir Hacıbəyi irsinə yüksək ehtiramını, məhəbbətini və qayğısını ifadə edərək, dahi sənətkarın 110 və daha sonra isə 115 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalamış, 18 sentyabr tarixini – klassik professional musiqimizin banisinin doğum gününü rəsmi fərmanla Üzeyir Musiqi Günü kimi təsis etmişdir. Bu yubileylər əsl milli mədəniyyət bayramı səviyyəsində keçirilmiş, yubiley tədbirləri xarici ölkələrdə Ü.Hacıbəyli irsinə, onun dahi musiqisinə olan marağı və diqqəti daha artırmışdır. Bir mühüm məsələni də qeyd edək ki, Heydər Əliyev Üzeyir Hacıbəyli yaradıcılığı və bu yaradıcılığın Azərbaycan musiqi mədəniyyətindəki tarixi rolu haqqında musiqişünaslıq üçün bir çox maraqlı fikir və mülahizələr irəli sürmüşdür." [14, 227 ].
2. ÜZEYIR HACIBƏYLI IRSININ TƏBLIĞI
Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan musiqişünaslığı qarşısında hər zaman elmi maraq və əhəmiyyət kəsb edir. Dahi bəstəkarın təbirincə desək, "vəzifəyi-mu¬siqiyyəmizə aid məsələlər" sırasına onun irsinin tədqiqi, təhlili, qiymətləndirilməsi, qorunması, tədrisi və təbliği də daxildir.
Üzeyir Hacıbəylinin yaradıcılığı, fəaliyyəti, musiqi əsərləri hələ dahi bəstəkarın sağlığında ikən musiqi elminin, fəlsəfənin, filologiyanın, folklorşünaslığın, tarix elminin, jurnalistikanın tədqiqat obyektinə çevrilmişdir. XX əsrdə Üzeyir Hacıbəyli musiqisinin tədqiqi istiqamətində bir sıra məqalələr, dissertasiyalar, monoqrafiyalar yazılmış, musiqişünas, bəstəkar və ifaçılar tərəfindən elmi və publisist ideya və fikirlər irəli sürülmüşdür. Bir sözlə, XX əsrin əvvəllərindən – Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasından etibarən əsər haqqında yazılan mətbuat məqalə və rəylərində artıq musiqi Hacıbəyovşünaslığının əsası qoyulmuşdur. Bu dövrdə Azərbaycan musiqişünaslığında tədqiqat sahəsi kimi meydana gələn və daim inkişaf edən Hacıbəyovşünaslıq dahi bəstəkarın irsinin öyrənilməsi yönümündə yeni tədqiqatçı nəsillər yetişdirmiş, beləliklə Üzeyir Hacıbəylinin zəngin və maraqlı musiqi irsinə Hacıbəyovşünasların irsi də əlavə olunmuşdur. Bununla belə, Üzeyir Hacıbəylinin yaradıcılığı, bədii irsi zəngin olduğu kimi, Hacıbəyovşünaslığın da tədqiqat aspektləri çoxşaxəlidir. Məsələn, Hacıbəyovşünaslığın ən aktual elmi və ictimai vəzifələrindən biri Üzeyir Hacıbəyli irsinin dünya musiqisi çapında qorunması, təbliği, dəyərləndirilməsi, milli şüurda yaşadılması, gənc nəsillərin vətəndaşlıq tərbiyəsinə yönəldilməsi, millətə və vətənə sevgi örnəyinə çevrilməsidir; onun dünya ölkələrinə və xalqlarına tanıdılmasıdır; onun ədalətsiz, yabançı, saxta, qərəzli, qeyri-obyektiv münasibətlərdən maneələnməsidir. Bu vəzifələrin həyata keçirilməsində ən ideal nümunə və ən qiymətli fəaliyyət Heydər Əliyevə məxsusdur. Hacıbəyovşünaslıq irsini və Ü.Hacıbəylinin şəxsiyyəti, yaradıcılığı, musiqisi haqqında elmi fikri və ictimai rəyi zənginləşdirən çox əhəmiyyətli örnəklərdən biri məhz Heydər Əliyevin dahi bəstəkar haqqında nitqləri, fikirləri, münasibətidir.
Musiqi mədəniyyətinin və incəsənətinin tarixi inkişaf yollarını araşdırdıqda, dövrün yalnız musiqi əsərlərinə istinad etmək heç də həmişə düzgün yanaşma deyil. Çünki bədii sənət də, yaradıcılıq da sistemli və komplekslidir, o, əhatə olunduğu siyasi, iqtisadi, ictimai, sosial, mədəni duruma, proseslərə, inkişaf tempinə biganə qalmır. Bəzən bu faktorlarla qarşılıqlı əlaqədə, bəzən birtərəfli təsirdə, bəzən asılılıqda, bəzən də ideya və mövzu, forma və üslub mübadiləsində olur. Digər tərəfdən, bədii yaradıcılıq da, onun məhsulları da çoxfunksiyalıdır, mənəvi, milli, ümumbəşəri, estetik, kulturoloji, ictimai və sosial hadisədir və deməli, təkcə melodiya hərəkəti, sekvensiya, məqamı pillələri ilə tam xarakterizə oluna bilməz. Tədqiqatımızın mövzusuna aid olan konkret dövrə - Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyini əhatə edən 1969-1982-ci illərin musiqi mədəniyyəti və incəsənətinə müraciət edək. Bu dövrdə respublikada yaranan siyasi, iqtisadi, sosial, ictimai və mədəni yüksəliş musiqi incəsənətinə təsirsiz qalmamış, onun inkişafına təkan vermiş, tərəqqisini və təbliğini sürətləndirmiş, yenilik və nailiyyətləri kəmiyyət və keyfiyyətcə dəyişmiş və irəliyə doğru aparmışdır. Biz bu dövrü "Azərbaycanda yeni musiqi-tarixi mərhələ", "Azərbaycan musiqi incəsənətinin yeni inkişaf dövrü" kimi səciyyələndiririk. Bu mövqeyimizdə həmin mərhələnin yenilik və tərəqqi proseslərinə "səbəb və nəticə" əlaqələrində yanaşırıq. Çünki musiqi mədəniyyətində və incəsənətində hər bir yeni dövrün, yeni inkişaf mərhələsi sistemli və kompleks məzmuna malikdir, bir çox proseslərlə və amillərlə şərtlənir. Bu aspektdən yanaşdıqda görürük ki, ötən illərlə müqayisədə 1969-cu ildən etibarən Azərbaycan respublikasında bütün sahələrdə yeni tərəqqi, oyanma, dirçəliş, inkişaf dövrü başlandı, bütün sahələr durğunluqdan, ətalətdən çıxaraq, yeniliyə, tərəqqiyə, açıqfikirliliyə qədəm qoydu. Başlıcası, 1969-1982-ci illərdə SSRİ siyasi-ideoloji şəraitində Azərbaycan respublikasına rəhbərlik edən Heydər Əliyevin apardığı siyasətin və dövlət idarəçiliyinin milli maraqlar ilə uzlaşması Azərbaycan xalqına təkcə iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, tikinti, istehsal sahələrində deyil, mədəniyyət, incəsəsənət, elm və təhsil sahələrində də irəliləyişlər, yeniliklər və nailiyyətlər qazandırdı.
Heydər Əliyevin siyasi idarəçiliyində ən mühüm mövqeyi Azərbaycan mədəniyyət və incəsənətinin müstəqil və müasir inkişaf yönümünü, Azərbaycan musiqisinin şablonçuluğa, siyasi konyukturaya uymamasını təmin etməsi idi. Daha bir vacib məsələ, Heydər Əliyevin Azərbaycan musiqisinə xalqın milli özünüdərkinin və milli şüurunun vacib amili kimi yanaşması olmuşdur. Bu mənada, o, Azərbaycanın yaradıcı ziyalılarını da, elm adamlarını da xalqın tarixi, görkəmli şəxsiyyətləri, nailiyyətləri, milli-mənəvi dəyərləri haqqında əsərlər yazmağa çağırırdı. Heydər Əliyev bu çağırışlarına ilk növbədə özü əməl edir, nümunə olur, yaradıcı insanlara stimul verirdi. Məsələn, o, Üzeyir Hacıbəylinin, Bülbülün, Səməd Vurğunun ev-muzeylərini yaratmış, bu qərarlarla bağlı müvafiq təşkilat komitələri ilə görüşmüş, təklifləri dinləmiş, özünün də real, faydalı təkliflər irəli sürmüşdür. [12]. O, Azərbaycan bəstəkarlarının qurultayında iştirak etmiş, bəstəkar yaradıcılığında varislik məsələsini qaldırmış, gənc nəsillərlə qayğının vacibliyini bildirmi, əsərlərin milli üslubuna və müasir dilinə xüsusi fikir verilməsini tövsiyə etmişdir. [1]. Digər tərəfdən, Heydər Əliyev Bakıya gələn turistlərə təqdim olunmalı obyektlərin siyahısını təsdiq edərkən, siyahıya mütləq Azərbaycan Dövlət Konservatoriyasını, "Atəşgah" məbədini, Tarix muzeyini, Bakı filarmoniyasını, Opera və balet teatrını da əlavə etmişdir. Bununla yanaşı, Heydər Əliyevin rəhbərliyi ilə respublikada musiqi ifaçılığının vəziyyəti, mahnı janrının durumu haqqında geniş müzakirələrə başlanılmış, bədii tənqidin inkişafına dair rəsmi qərar qəbul edilmiş, bu məsələlərin düzgün həllində yaradıcı ictimaiyyətin qüvvəsi səfərbərliyə alınmışdır. Daha bir fakt budur ki, Heydər Əliyev görkəmli muğam, xalq musiqisi ifaçılarının yubileylərini təşkil edir, onlara hökumət təltifləri verir, ənənəvi musiqinin xalq yaddaşında və milli şüurda təsirini qabardır, muğam sənətkarlarına ictimai münasibətdə hörmət sərgiləyirdi. [9]. Heydər Əliyev Azərbaycanda sağlam və açıq tənqidi inkişaf etdirməsi yönümündə bədii tənqidin də fəaliyyətini və sağlamlaşmasını aktuallaşdırırdı.
Bir sözlə, Heydər Əliyev özünün siyasi fəaliyyəti sayəsində SSRİ-nin bütün rəhbər siyasi dairələrində, SSRİ-nin mərkəzi bölgələrində, paytaxtında və iri şəhərlərində Azərbaycana qarşı onilliklər ərzində formalaşmış "kənd təsərrüfatı məhsullarının istehsalçısı", "aqrar respublika", "qoyunçuluqla və əkinçiliklə məşğul olan köçəri xalq", "tarixi keçmişi qeyri-müəyyən olan millət", "qara xalq" kimi saxta, ədalətsiz münasibətləri və rəyləri kökündən dəyişdirdi. Azərbaycan xalqını nəinki SSRİ-də, eləcə də, Yaxın və Orta Şərqdə, Avropada öz zəngin tarixi keçmişi, dili, mədəniyyəti, bütün sahələrdə böyük şəxsiyyətləri olan və müasir dövrdə görkəmli bəstəkarlar, yazıçılar, şairlər, alimlər yetişdirən bir xalq kimi tanıtdı. Xalqımızın dünəni, bu günü haqqında bütün səhv, qərəzli məlumatları zərərsizləşdirdi, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı ədalətsiz müəmmaları və şübhələri yox elədi.
Bunları nəzərə alaraq, Heydər Əliyevin Üzeyir Hacıbəyliyə münasibətinin də ciddi ictimai, siyasi, mənəvi, mədəni səbəbləri və məqsədləri olduğunu vurğulayırıq. Bu məqaləmizdə onlardan bəziləri üzərində dayanmış, Heydər Əliyevin Üzeyir Hacıbəyli irsinin qorunması və təbliği istiqamətində böyük tarixi xidmətlərinə nəzər salmışıq. Onu da qeyd edək ki, Heydər Əliyev Üzeyir Hacıbəyli yaradıcılığını yalnız sovet dönəmlərində deyil, müstəqillik dönəmində də yüksək qiymətləndirmiş və ona ehtiramını bildirmişdir.
Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və təbliğində, dahi sənətkarın adının tarixdə ədədiləşməsində, onun beynəlxalq miqyasda tanıdılmasında, əlbəttə, bəstəkarların, musiqişünasların, dirijorların, ifaçıların, sənətşünasların, rejissorların, filosofların, filoloqların, rəssamların, aktyorların, jurnalistlərin mühüm rolu və xidmətləri vardır. Bütün bunlarla yanaşı, qeyd etmək vacibdir ki, Üzeyir Hacıbəyli yaradıcılığının qiymətləndirilməsində və təbliğində ən çətin, ən böyük və ən əhəmiyyətli missiya məhz Heydər Əliyevə məxsusdur. Üzeyir Hacıbəylinin musiqisinə və şəxsiyyətinə, bəstəkarın zəngin irsinə və çoxsahəli xidmətlərinə son dərəcə böyük vətəndaşlıq qüruru, məsuliyyəti, sevgisi və ehtiramı ilə yanaşan Heydər Əliyev, eyni zamanda, Azərbaycan dövlətinin mədəniyyət siyasətində bu böyük şəxsiyyətin obyektiv qiymətləndirilməsi, onun irsinin öyrənilməsi, qorunması, təbliği, gənc nəsillərə layiqincə tanıdılması və dünya xalqlarına çatdırılması kimi böyük bir tarixi-humanist vəzifəni yüksək səviyyədə, şərəflə yerinə yetirmişdir. [13, 80-81].
Heydər Əliyevin mədəniyyət missiyasında Üzeyir Hacıbəyli irsi, bu irsin qiymətləndirilməsi, təbliği, daim diqqət və qayğı ilə əhatə olunması hər zaman aparıcı yer tutmuşdur. O, həyatı boyu Üzeyir Hacıbəyli musiqisini sevərək dinləmiş, dahi bəstəkarın operalarına, musiqili komediyalarına dəfələrlə tamaşa etmiş, bu dahi musiqiyə qəlbən, ruhən bağlanmış, Üzeyir musiqisindən böyük bədii zövq aldığını dəfələrlə etiraf etmiş, dahi Üzeyir yaradıcılığına həmişə öz yüksək və səmimi münasibət və qiymətini bildirmişdir. [3; 7; 8]. Heydər Əliyev müasiri olduğu Azərbaycan bəstəkarlarını Üzeyir Hacıbəyli ənənələrinin layiqli davamçıları adlandırmış və onları yaradıcılıq, milli üslub, inkişaf, təbliğat, xalqla ünsiyyət, gənc nəsilə qayğı məsələlərində həmişə Üzeyir Hacıbəylidən nümunə götürməyə, dahi bəstəkarın gözəl ənənələrini, məktəbini yaşatmağa və inkişaf etdirməyə dəvət etmişdir. [1].
Heydər Əliyev Üzeyir Hacıbəyli yaradıcılığına və musiqisinə dair maraqlı, dəyərli fikirlər söyləmişdir. O, öz nitqlərində və çıxışlarında dahi bəstəkarın yaradıcılığına və irsinə Azərbaycan milli bəstəkarlıq məktəbinin tarixi ənənələri və nailiyyətləri, Azərbaycan musiqisinin inkişaf tarixi və perspektivləri, ənənə və müasirlik, Şərq-Qərb musiqi əlaqələri baxımından qiymət vermişdir. Üzeyir Hacıbəyli şəxsiyyəti, yaradıcılığı, musiqisi haqqında maraqlı fikirləri ilə Heydər Əliyev musiqişünaslığı yeni fikir və ideyalarla zənginləşdirmiş, Üzeyir Haclbəyli haqqında elmi fikrin inkişafına dəyərli töhfələr vermişdir. Onun bəstəkarlar, dirijorlar, ifaçılar, musiqi haqqında tarixi nitqləri, çıxışları və bu çıxışlarındakı maraqlı və dəyərli fikirləri Azərbaycan musiqişünaslığı üçün musiqi-tarixi, qiymətləndirmə baxımdan elmi aktuallıq kəsb edir. Bu nitqlər və fikirlər bir tərəfdən Heydər Əliyevin musiqi mədəniyyəti və incəsənətinin təbliği və inkişafı ilə bağlı geniş miqyaslı fəaliyyətini araşdırmaq, digər tərəfdən isə musiqi tarixini, musiqi proseslərini tədqiq və təhlil etmək baxımından elmi maraq və əhəmiyyət kəsb edirlər.
Biz "Heydər Əliyev və musiqi mədəniyyəti" mövzusunda neçə ildir apardığımız məqsədyönlü tədqiqatlar nəticəsində XX əsr Azərbaycan musiqi tarixinə aid bir çox yeni və qiymətli sənədləri aşkar etmiş, bu mövzu üzərində mütəmadi araşdırma və təhlillər aparmış, elmi məqalələrlə çıxış etmişik. Lakin istər Ü.Hacıbəyli, istərsə də Heydər Əliyev irsi o qədər zəngindir ki, onların öyrənilməsi bitib-tükənmək bilmir. Bu məqalədə bir daha Heydər Əliyevin Üzeyir Hacıbəyli şəxsiyyəti və yaradıcılığı haqqında fikir və mülahizələrinə elmi məqsədlə yanaşmış, onları qiymətləndirmə baxımdan araşdırmış, bununla iki dahinin - Heydər Əliyevin və Üzeyir Hacıbəylinin irsi arasında əlaqələrin olduğunu açıqlamışıq.
3. ÜZEYIR HACIBƏYLI, BƏSTƏKARLIQ MƏKTƏBI, YARADICI VARISLIK
Azərbaycan KP MK Birinci katibi Heydər Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının 1979-cu il, sentyabr ayında keçirilən V qurultayının işində yaxından iştirak etmişdir. Qurultaydan sonra yeni seçilmiş İdarə heyəti və katibliklə görüşmüşdür. 1979-cu il oktyabrın 1-də Azərbaycan KP Mərkəzi Komitəsində V qurultayın yekunlarına həsr olunmuş bu görüşdə Heydər Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının cari və perspektiv vəzifələrini əhatə edən dərin məzmunlu, proqram əhəmiyyətli nitq söyləmişdir. [1].
Bu nitqində Azərbaycan professional musiqi incəsənətinin inkişaf yolundan, əldə olunan nailiyyətlərdən, yeni əsərlərin uğurlarında bəhs edən Heydər Əliyev eyni zamanda Bəstəkarlar İttifaqının qarşısında yeni və mühüm məsələlər irəli sürmüş, onların həlli barədə müəyyən fikirlər bildirmişdir. Heydər Əliyev həmçinin respublikada mahnı janrının, musiqi tərbiyəsinin problemlərini qaldırmış, hər bir janrın durumunu təhlil etmiş, bəstəkarların diqqətini yeni yazılan musiqi əsərlərində xəlqiliyə və milli dilə yönəltmişdir.
Bu tarixi görüşündə Azərbaycan bəstəkarları və musiqi xadimləri qarşısında proqram əhəmiyyətli çıxış edən Heydər Əliyev Üzeyir Hacıbəylinin də yaradıcılığına yer vermiş, dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətləri haqqında maraqlı fikilər irəli sürmüşdür. Maraqlıdır ki, bir çox janrlar kimi operettaların da üzərində ayrıca dayanan məruzəçi, janrın durumunu tənqid etmiş, operettaların peşəkarlıq səviyyəsinə haqlı iradlarını bildirmiş, bu janrda Ü.Hacıbəylinin əsərlərini ən yaxşı nümunə kimi göstərmişdir: "Operettalarımızın səviyyəsi haqqında da bir neçə kəlmə demək istəyirəm. Operalardan, baletlərdən və digər iri həcmli əsərlərdən daha çox operetta yaradılmışdır. Lakin bu operettaların hamısı qurultayda sizin dediyiniz və indicə burada deyilən tələblərə cavab verirmi? Təəssüf ki, yox. Keyfiyyətsiz operettalar yaradılmasına və bunların teatrlarımızın repertuarını korlamasına yol vermək olmaz. Belə əsərlər tamaşaçı zövqünün tərbiyə edilməsinə mənfi təsir göstərir. Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasını yadımıza salaq. Necə melodik, necə orijinal operettadır, necə yüksək professionallıqla yazılmışdır. Bir çox müasir operettalarımız bu tələblərə cavab vermir: musiqisi bəsitdir, librettosunda ciddi qüsurlar vardır, ifası qənaətbəxş deyildir. Mənə elə gəlir ki, Bəstəkarlar İttifaqı bu problemə laqeyd qalmamalıdır. Operetta kütləvi tamaşaçı tərəfindən sevilən janrdır və yaradılan hər yeni əsər cəm halda – həm musiqisi, həm librettosu, həm də ifası ilə Azərbaycan musiqisi, Azərbaycan operettası ənənələrinin yüksək səviyyəsinə uyğun gəlməlidir." [1, 18-19].
Heydər Əliyev bu tarixi görüşdə Ü.Hacıbəyli yaradıcılığını qiymətləndirərkən, bəstəkarın gənc peşəkar musiqiçilərin tərbiyəsindəki xidmətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, hər bir sənətkar incəsənətin, musiqinin sabahını, gələcəyini düşünməli, yeni yaradıcı nəsil tərbiyə etməli, özündən sonra yaxşı kadrlar yetişdirməlidir. Heydər Əliyev bəstəkarların diqqətini bu vəzifənin vacibliyinə və məsuliyyətinə yönəltmiş, hər bir bəstəkarı bu vəzifəyə sənət və xalq qarşısında professional bir borc kimi yanaşmağa dəvət etmişdir: "Əvvələn, biz nəsillərin varisliyini təmin etməli, ikincisi, bəstəkarların sıralarına daim təzə qüvvələr gəlməsinə çalışmalıyıq... Bəstəkarlar İttifaqı gənc bəstəkarlarla işə daha artıq diqqət yetirməli, onların təşəkkülünə kömək etməli, səhvlərini və qüsurlarını vaxtında göstərməlidir... Gənclərin tərbiyəsində İttifaqın rolu xüsusilə böyükdür, lakin təcrübəli bəstəkarlarımız, ustad sənətkarlarımız da bu işdə az rol oynamamalıdırlar...
Hər bir sənətkar həm öz yaradıcılığı haqqında, həm də kimləri yetişdirdiyi, gənclərin inkişafına necə kömək etdiyi haqqında xalqa hesabat verməlidir." [1, 24].
Heydər Əliyev Bəstəkarlar İttifaqı qarşısında aktual bir məsələni – yaradıcı varislik məsələsini, gənc bəstəkarların peşəkarlıq tərbiyəsini qaldırarkən, təcrübəli bəstəkarlara bu işdə Üzeyir Hacıbəylidən nümunə götürməyi tövsiyə etmişdir. Bu məsələni həm də məktəb, üslub və ənənə müstəvisinə, həm də kadr hazırlığına yönəldən Heydər Əliyev bu məsələlərin Bəstəkarlar İttifaqı qarşısında ciddi vəzifə olduğunu vurğulamışdır. O, haqlı olaraq görkəmli, təcrübəli bəstəkarla müraciətlə deyir: "Biz belə hesab edirik ki, hər bir görkəmli bəstəkarın öz ardıcılları, öz məktəbi olmalıdır. Axı, bugünkü professional musiqimiz Üzeyir Hacıbəyova təkcə ona görə minnətdar deyildir ki, o, musiqi sənətinin şah əsərlərini yaratmışdır. Həm də ona görə minnətdardır ki, o, bir çox sənətkarlar yetişdirmiş, işə məsuliyyətli, vicdanlı münasibətilə onları düzgün yola yönəltmişdir. Üzeyir Hacıbəyov Azərbaycanda bəstəkarlıq məktəbinin inkişafına çox böyük təsir göstərmişdir. Bu, indiki nəsil üçün yaxşı nümunədir." [1, 24-25].
Bəstəkarlıq məktəbini gənc kardların sayəsində inkişaf etdirməyin zəruri olduğunu qeyd edən Heydər Əliyev fikrini belə tamamlayır: "Hər bir sənətkar həm öz yaradıcılığı haqqında, həm də kimləri yetişdirdiyi, gənclərin inkişafına necə kömək etdiyi haqqında xalqa hesabat verməlidir. Əgər görkəmli bəstəkar təkdirsə, məktəbi yoxdursa, bu, onun başucalığı deyildir... Görkəmli bəstəkarlarımız Q.Qarayev, F.Əmirov, R.Hacıyev, T.Quliyev və başqaları bu problemlə daha fəal məşğul olmalıdırlar. Bəstəkarlar İttifaqının, onun idarə heyətinin, katibliyinin ixtiyarı var hər bir bəstəkardan soruşsun ki, gənc kadrlar hazırlamaq üçün nə iş görür. " [1, 25].
Müstəqillik dönəmində də Üzeyir Hacıbəylinin yaradıcılığına, musiqisinə, xidmətlərinə böyük ehtiramla yanaşan Heydər Əliyev dahi bəstəkarın anadan olmasının 110 illik yubiley mərasimindəki nitqində bəstəkarlıq məktəbi və varislik məsələsini bir daha vurğulayır: "Azərbaycanda Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Deyə bilərəm ki, Üzeyir Hacıbəyov Azərbaycanın tarixində ilk bəstəkardır. Azərbaycanın ondan sonrakı bəstəkarlarının hamısı bilavasitə onun tələbəsi olmuş, sonrakı nəsillər onun əsərlərinin, yaradıcılığının təsiri altında təhsil almış, böyümüş, bəstəkarlıq sənətini qavramış və yeni-yeni musiqi əsərləri yaratmışlar." [2].
Maraqlıdır ki, Heydər Əliyevin Ü.Hacıbəyli məktəbinin yetirmələri, davamçıları, həm də dahi bəstəkarın müasirləri olan M.Maqomayevin, Niyazinin, Bülbülün yubileylərindəki çıxışlarında da mütləq Ü.Hacıbəylinin yaradıcılığı, musiqisi və rolu üzərində dayanmış, bununla onların xidmətləri, yaradıcılığı arasında əlaqələr, ünsiyyət qurmuş, həm də bu əlaqələrə öz münasibətini bildirmişdir. Bizcə, klassik musiqi irsinə, musiqi incəsənətinin klassiklərinə münasibətdə Ü.Hacıbəylinin də qiymətləndirilməsi Heydər Əliyevin mövqeyinin və baxışlar sisteminin tərkib hissəsidir.
Heydər Əliyevin yaradıcı varislik, bəstəkarlıq məktəbinin yeni nəsilləri məsələsində bəstəkarlara Üzeyir Hacıbəylini örnək göstərməsi çağdaş dövrümüz üçün də maraqlıdır, aktualdır, əhəmiyyətlidir.
4. ÜZEYIR HACIBƏYLI YARADICILIĞININ TƏHLİLİ BƏ QIYMƏTLƏNDIRILMƏSI
Üzeyir Hacıbəylinin anadan olmasının 110 illiyi münasibətilə keçirilən yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi Azərbaycan musiqi mədəniyyəti və incəsənətində tarixi hadisədir. Bu tarixi nitqində Heydər Əliyev Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığını tam əhatə etmişdir. Ən başlıcası, Heydər Əliyev dahi bəstəkarın yaradıcılığını, əsərlərini tarixi, kulturoloji, sənətşünaslıq, ictimai aspektlərdən qiymətləndirmiş, olduqca maraqlı, elmi əhəmiyyətli ideya və fikilər irəli sürmüşdür. Heydər Əliyevin bu nitqi Üzeyir Haclbəyli musiqisinə, yaradıcılığına və irsinə, dahı sənətkarın fəaliyyətinə və xidmətinə verilən ən ümumi, ən ədalətli, ən obyektiv və doru-düzgün tarixi qiymətdir. Bu qiymət musiqişünaslıq üçün də Azərbaycan musiqi tarixinə və Ü.Haclbəyli yaradıcılığına dair mühüm nəticələrə, yeni tədqiqatlara, yeni və aktual elmi-nəzəri ideyalara və mövzulara istiqamət və zəmin verir.
Faktları təhlil edək.
Heydər Əliyev öz yubiley nitqində ilk əvvəl Üzeyir Hacıbəylini bir tarixi şəxsiyyət, dahi yaradıcı sima kimi əhatəli bir şəkildə, fəaliyyətinin bütün sahələrini nəzərə alaraq xarakterizə edir, Ü.Hacıbəylinin tarixi xidmətlərini müxtəlif aspektlərdə və ümumi şəkildə səciyyələndirir. Bu nitqdə Üzeyir Hacıbəyli şəxsiyyətinin portreti təqdim olunur. Heydər Əliyevin Üzeyir Hacıbəyli yaradıcılığı, şəxsiyyəti və fəaliyyəti haqqında konseptuallığı ilə seçilən bəzi fikirlərinə nəzər yetirək [2] :
- "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur". - "Azərbaycan tarixi mədəniyyət, elm, ədəbiyyat, memarlıq sahəsində çox zəngindir. Bizim çoxəsrlik ədəbiyyatımız var - Nizami, Xaqani, Füzuli, Nəsimi, Vaqif və bunlardan sonra gələn dahilər. Bizim qədim memarlıq abidələrimiz var. Bizim qədim rəssamlıq sənəti nümunələrimiz var. Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir. Bunların içərisində ən görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanın hər yerinə yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur".
- "Üzeyir Hacıbəyov ömrünün son gününə qədər həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, maariflənməsinə həsr etmişdir. O həm yazıçı, publisist, həm də alim, maarifçi, filosof, ictimai-siyasi xadim olmuş, dövlət işlərində fəal iştirak etmişdir".
- "Azərbaycanın ilk demokratik respublikasının yaşaması, inkişaf etməsi üçün çalışmış, fəaliyyət göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün cəhdlər göstərmişdir".
- "Sonrakı dövrdə də Üzeyir Hacıbəyov Azərbaycan ictimai həyatının daim mərkəzində olmuşdur. Xalqı savadsızlıqdan xilas etmək, xalqın mədəni səviyyəsini qaldırmaq, mədəniyyəti inkişaf etdirmək üçün o, çox görkəmli addımlar atmış, böyük tədbirlər görmüşdür. Azərbaycanda musiqi məktəbinin, ali musiqi təhsilinin yaranması, incəsənətin geniş inkişaf etməsi onun fəaliyyəti ilə bağlıdır".
- "Azərbaycanda Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Deyə bilərəm ki, Üzeyir Hacıbəyov Azərbaycanın tarixində ilk bəstəkardır".
- "Onun yaradıcılığı sayəsində, əsasında və onun tükənməz fəaliyyəti nəticəsində Azərbaycanda böyük opera sənəti, opera və balet teatrı inkişaf etmiş və bu gün bizim dünya şöhrətli opera sənətimiz var, opera və balet teatrımız var."
- "Üzeyir Hacıbəyovun əsərlərində təkcə musiqi yox, onun ictimai-siyasi və mənəvi məzmunu da böyük əhəmiyyət kəsb edir. Bəstəkarın əsərlərinin hamısında insan azadlığı, insanın paklığı, səmimiyyəti, insanların bir-birinə münasibəti tərənnüm edilibdir".
- "Əgər nəzərə alsaq ki, əsrimizin əvvəlində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da çox az idi, kino, televiziya və başqa vasitələr yox idi, təsəvvür edin, Üzeyir Hacıbəyov öz operası vasitəsilə Məhəmməd Füzulinin sözlərini, "Arşın mal alan", "O olmasın, bu olsun" və başqa operettaları - musiqi vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir."
- "Üzeyir Hacıbəyov bütün əsərlərində insan azadlığını, xalqların azadlığını tərənnüm edib, istibdada, zülmə, hökmranlığa qarşı üsyan edibdir."
- "Üzeyir Hacıbəyovu tədqiq edən alimlərin əsərlərinin və xüsusən yubiley mərasimlərindəki çıxışların adətən əksər hissəsində deyilən sözlər onun musiqisi sahəsində fəaliyyətinə həsr olunub. Təsadüfi deyildir ki, bu yubileylərdə daim musiqişünaslar, bəstəkarlar, musiqiçilər çıxış edirdilər".
- "Çünki Üzeyir Hacıbəyov dahi bir bəstəkar, musiqiçi, eyni zamanda böyük alimdir, filosofdur, maarifçidir. Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır."
- "Üzeyir Hacıbəyov böyük vətəndaş olmuşdur."
- "Üzeyir Hacıbəyov gəncliyini Şuşada keçiribdir. Şuşa hər bir azərbaycanlı üçün əziz, müqəddəs bir şəhərdir. Üzeyir Hacıbəyov daim Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşdur. Onun 1918-1920-ci illərdə yazdığı məqalələri oxuyarkən düşünürsən: o sözlər bu gün üçün də nə qədər aktualdır! O vaxtkı vəziyyət bu gün yenidən meydana çıxıbdır."
- "Bunu da unutmaq lazım deyil, Üzeyir Hacıbəyov bizimdir - bütün varlığı, yaradıcılığı ilə".
Heydər Əliyevin yubiley nitqində musiqişünaslıq üçün elmi maraq və aktuallıq kəsb edən məsələlərdən biri də Üzeyir Hacıbəylinin opera və musiqili komediyalarına verilən qiymətdir. Bu fikir və ideyalarda ilk operanın yaranması, opera və baletin inkişafı, folklorun və muğamların nota yazılması, Ü.Haclbəylinin ilk təməldaş olması kimi məsələlər də qoyulmuşdur. Sitat: "Üzeyir Hacıbəyov uşaqlıqda, gənc vaxtlarından məhz fitri istedadına görə çox şeyləri öyrənməyə çalışmış və öyrənmişdir. Azərbaycanın tarixini öyrənə bilmiş, mədəniyyət tarixini və xalqımızın musiqisini öyrənmiş, musiqiyə böyük həvəs göstərmişdir. Bütün bunların hamısını özündə cəmləyərək, Azərbaycan xalqının zəngin musiqi xəzinəsindən bəhrələnərək 22 yaşında "Leyli və Məcnun" operasını yazıb dünyaya təqdim etmiş və bununla da böyük bəstəkar kimi özünü tanıtmış, fəaliyyətə başlamışdır.
Azərbaycanda opera sənətinin tarixi "Leyli və Məcnun" operası ilə başlayır. Azərbaycan xalqının böyük və zəngin teatr tarixi var. Onun banisi Mirzə Fətəli Axundov olmuşdur. Azərbaycan opera sənətinin, opera teatrının banisi isə Üzeyir Hacıbəyovdur. Onun yaradıcılığı sayəsində, əsasında və onun tükənməz fəaliyyəti nəticəsində Azərbaycanda böyük opera sənəti, opera və balet teatrı inkişaf etmiş və bu gün bizim dünya şöhrətli opera sənətimiz var, opera və balet teatrımız var.
Sonra Üzeyir Hacıbəyov ardıcıl olaraq gözəl, dəyərli musiqi əsərlərini yazmış və xüsusən "Arşın mal alan", O olmasın, bu olsun" kimi böyük əsərləri, - operettaları ilə məşhurlaşmış, bütün sonrakı fəaliyyətini Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına həsr etmişdir. Üzeyir Hacıbəyov böyük addımını "Leyli və Məcnun" operası ilə başlamışdır. Böyük Məhəmməd Füzulinin poeması əsasında, onun əsərlərindən istifadə edərək, xalqımızın muğam musiqisindən, folklorundan, xalq musiqisindən, mahnılarından istifadə edərək Azərbaycanın əsrlərdən-əsrlərə keçmiş zəngin musiqisini ilk dəfə nota köçürmüş, onun böyük simfonik orkestrlə ifasını təmin etmiş, özü ona rəhbərlik, dirijorluq etmişdir." [2].
Yubiley nitqində dahi bəstəkarın "Koroğlu" operası haqqında da rəy bildirilir. Bu fikirlərdə XX əsr opera sənətinin şah əsərlərindən "Koroğlu"ya müqayisəli yanaşma, ən maraqlı və ən dəyərli qiymət öz ifadəsini tapmışdır. Xüsusilə operanın "Azərbaycan tarixində, mədəniyyətində, bədii həyatında çox böyük və əvəzsiz bir hadisə" kimi dəyərləndirilməsi əsərin musiqi tariximizdəki rolunu da ümumiləşdirir. Heydər Əliyevin "Koroğlu" operası haqqında fikirlərindən bəzilərinə diqqət edək: "Xalqımızın böyük dastanı olan "Koroğlu" dastanının Üzeyir Hacıbəyov tərəfindən istifadə olunması Azərbaycan tarixində, mədəniyyətində, bədii həyatında çox böyük və əvəzsiz bir hadisədir.
"Koroğlu" dastanı əsrlər boyu nəsillərdən-nəsillərə keçib, bizim günlərimizə gəlib çatıbdır. "Koroğlu" dastanı insanları həmişə qəhrəmanlığa, cəsurluğa dəvət edibdir. Bu dastan insanlarda qəhrəmanlıq, cəsurluq, vətənpərvərlik əhval-ruhiyyəsi yaradıbdır. "Koroğlu" dastanı insanları həmişə azadlığa, azadlıq yolunda mübarizəyə, zülmə qarşı mübarizəyə çağırıbdır. "Koroğlu" dastanı ona görə sevilibdir ki, xalqın həyatı, gələcəyi üçün ən əhəmiyyətli fikirlər o dastanda cəm olubdur. "Koroğlu" dastanını nəinki xalqımıza, bütün dünya ictimaiyyətinə daha da təsirli şəkildə çatdırmaq, tanıtdırmaq üçün Üzeyir Hacıbəyovun "Koroğlu" operasını yaratması, yenə də deyirəm, mədəniyyətimizdə böyük inqilabi hadisədir". [2].
Ulu Öndər Üzeyir Hacıbəylinin musiqi irsini dəyərləndirərkən "Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not bizim üçün qiymətlidir" - deyə, bu musiqi irsinin hətta hər bir notunun belə qiymətli olduğunu vurğulamışdır.
Heydər Əliyev Üzeyir Hacıbəyovun yaradıcılığını "Azərbaycan xalqının milli sərvəti" adlandırmışdır, dahi bəstəkarın şəxsiyyətini "Azərbaycan xalqının milli iftixarı" deyə qiymətləndirmişdir: "Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir.
Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır." [2]. Bu, nəsillərə örnək ola bilən, milli fəxarət və vətəndaş tərbiyəsi verə bilən qürurverici bir yanaşmadır. Təkcə musiqişünaslıq sahəsi üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyəti, mədəniyyəti və incəsənəti üçün son dərəcə mühüm tarixi dəyərləndirmədir. Bizcə, Heydər Əliyevin bu fikirləri dahi Üzeyir Hacıbəylinin musiqisinə, irsinə, yaradıcılığına verilən ən yüksək qiymətdir.
"Dahi Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir" – fikri bütövlükdə Üzeyir Hacıbəyli şəxsiyyətinin tarixi qiymətləndirməsinin ən obyektiv və ən ideal modelidir. Bu fikir "şəxsiyyət və milli-mədəni dəyərlər", "xalq-müasirlik-mədəniyyət", "musiqi və cəmiyyət", "millət-dövlət" aspektlərindən Üzeyir Hacıbəyli yaradıcılığına verilən ən ümumi, ən əhəmiyyətli qiymətdir. Heydər Əliyevin bu fikri Üzeyir Hacıbəyli musiqisinə keçmişdə, bu gün və gələcəkdə verilən ümumxalq qiymtənin ən sadə, lakonik və dəyərli tarixi ifadəsidir.
Üzeyir Hacıbəylinin xatirəsinə özünün və xalqının yüksək ehtiramını bəyzn etməklə, Heydər Əliyev özünün də ictimai-siyasi portretini yaratmışdır. Bu baxımdan, Heydər Əliyevin nitqində onun Üzeyir Hacıbəyliyə münasibətinin digər mühüm aspektlərini də görürük. Belə ki, Heydər Əliyev bu münasibətində bir ölkə başçısı, siyasət və dövlət xadimi, humanist milli maraqların təminatçısı, Azərbaycanın ərazi bütövlüyünün qarantı kimi çıxış edir. Onun bu mövqeyi Üzeyir Hacıbəylinin bir tarixi şəxsiyyət kimi qiymətləndirilməsində mühüm ictimai, siyasi və dövlətçilik motivləri daşıyır:
"Üzeyir Hacıbəyovu tədqiq edən alimlərin əsərlərinin və xüsusən yubiley mərasimlərindəki çıxışların adətən əksər hissəsində deyilən sözlər onun musiqisi sahəsində fəaliyyətinə həsr olunub. Təsadüfi deyildir ki, bu yubileylərdə daim musiqişünaslar, bəstəkarlar, musiqiçilər çıxış edirdilər. Ola bilər, ilk dəfədir ki, Üzeyir Hacıbəyovun yubiley mərasimində respublikanın prezidenti söz söyləyir. Bu heç də təsadüfi deyil. Çünki Üzeyir Hacıbəyov dahi bir bəstəkar, musiqiçi, eyni zamanda böyük alimdir, filosofdur, maarifçidir. Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır." [2]. Bu yanaşmasını davam edən Ulu Öndər çıxışının başqa bir hissəsində yenə Ü.Hacıbəylinin ictimai-siyasi fəaliyyətini vurğulayır: "Üzeyir Hacıbəyov əsrin əvvəlində də, 1918-1920-ci illərdə də və 1920-ci ildən 1948-cu ilə qədər də Azərbaycanın ictimai-siyasi həyatında iştirak etmişdir...
Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir." [2].
Heydər Əliyev Ü.Hacıbəyli haqqındakı nitqində Azərbaycanın ən mühüm və çağdaş milli problemini – Qarabağ problemini qaldırır, bu iki məsələni – Üzeyir Hacıbəyli irsini və Qarabağ problemini öz nitqində bir-birilə əlaqələndirir və belə bir tarixi bəyanatını verir: "1992-ci ilin may ayında Şuşa Ermənistan tərəfindən işğal olundu. İşğalçılar çox şeyləri dağıtdılar, o cümlədən mədəniyyətimizin abidələrini də. Onlar Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın heykəllərini nəinki dağıtdılar, hətta vəhşiliyi o qədər büruzə verdilər ki, o heykəlləri güllələdilər. Çox böyük iş oldu ki, o heykəllər əsirlikdən xilas edildi, Gürcüstan vasitəsilə Azərbaycana gətirildi, indi İncəsənət Muzeyində nümayiş etdirilir. Oranı ziyarət edənlər görürlər ki, Üzeyir Hacıbəyovun heykəlinə nə qədər avtomat, tüfəng gülləsi vurulub. O düşmənlər vaxtilə bu güllələri Üzeyir Hacıbəyovun özünə vurmağa çalışıblar, ancaq vura bilməyiblər. İndi isə onlar bu güllələri onun heykəlinə vurublar. Bunlar bizim üçün ağır, əzabverici hadisələrdir. Ancaq bu həqiqətdir və bu həqiqət də onu göstərir ki, nə qədər vəhşilik ola bilər. Faşistliyin, vəhşiliyin dərəcəsi yoxdur. Ermənistan işğalçılarının bu hərəkətləri məhz bunu sübut edir.
Ancaq erməni işğalçıları heç də belə bilməsinlər ki, o güllələr Üzeyir Hacıbəyov, Bülbül, Natəvan yaradıcılığını sarsıda bilər, yox! Elə düşünməsinlər ki, bu güllələr Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz!
Biz bu gün Üzeyir Hacıbəyovun 110 illik yubileyini qeyd edərək əmin olduğumuzu bildiririk ki, Üzeyir Hacıbəyovun irsi yaşayacaq və onun yaşadığı yerlərin hamısı ziyarətgaha çevriləcəkdir. Biz əminik ki, Azərbaycan torpaqları Ermənistan işğalçılarının əlindən qurtaracaqdır. Biz əminik ki, Şuşa azad olacaqdır. Biz əminik ki, bütün Qarabağ, işğal olunmuş bütün torpaqlarımız azad ediləcək, müstəqil Azərbaycan öz ərazilərinin hamısının, öz sərhədlərinin sahibi olacaqdır." [2].
Üzeyir Hacıbəyli haqqında nitqin sonuna diqqət edək: "Bu arzularla, bu fikirlərlə mən sizə, bütün Azərbaycan xalqına xoşbəxt həyat, müvəffəqiyyət arzulayıram. Dahi Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək, bu gün bir daha xalqımızı birliyə dəvət edirəm. Üzeyir Hacıbəyov irsinin yaşaması naminə, mədəniyyətimizin, mənəviyyatın yaşaması naminə sizin hamınızı şücaətə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm. Sağ olun!
Böyük bayram münasibətilə, Azərbaycan xalqının milli bayramı, mədəniyyət, musiqi bayramı münasibətilə, Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi münasibətilə sizi ürəkdən təbrik edirəm". [2].
Bu fikirlərdən belə nəticə alınır ki, Heydər Əliyev xalqa üz tutaraq, onları Ü.Hacıbəyliyə ehtriam naminə ümummilli birliyə, həmrəyliyə dəvət etmişdir. Digər tərəfən o, Azərbaycan xalqını Üzeyir Hacıbəyli irsi ətrafında birləşməyə, mədəniyyətimizin və mənəviyyatımızın yaşaması naminə qəhrəmanlığa, vətənpərvərliyə çağırmışdır. Əlbəttə, bununla Heydər Əliyevin Ü.Hacıbəyli musiqini həm xalqın milli özünüdərki, mənəvi dealları, demokratik maraqları ilə əlaqələndirmiş, həm böyük sənətkarın irsini xalqın müasir milli və dövtərçilik problemləri müstəvisinə gətirərək, ona milli-mənəvi və milli-psixoloji dəyər vermişdir. Bu yanaşmada və münasibətdə maraqlı bir cəhət də, Heydər Əliyev tərəfindən Ü.Hacıbəyli yaradıcılığının vətənpərvərlik örnəyi kimi qiymətləndirilməsidir
Dahi bəstəkarın 110 illik yubiley tədbirindəki bu son fikirləri ilə Heydər Əliyev Azərbaycan xalqına sanki Üzeyir Hacıbəyli musiqisi haqqında öz tarixi vəsiyyətini etmişdir. Nitqin bu son final "akkordları". əlbəttə, çox möhtəşəmdir, həm milli pafosa, həm milli həmrəylik çağırışına, həm də humanist ideyaların təntənəsinə malikdir.
Bu tarixi şəxsiyyət – Heydər Əliyev tarixin digər dahi şəxsiyyətinə - Üzeyir Hacıbəyliyə qiymət verərkən, onun bütün həyat və yaradıcılığını səhifə-səhifə vərəqləmiş, cəmiyyətə layiqincə təqdim etmiş və insanları Ü.Hacıbəylinin nümunəsində xalqla, mədəniyyətə, sənətə yaxşı xidmət etməyə yönəltmişdir. Diqqət çəkən məqamlardan biri də budur ki, Heydər Əliyev Azərbaycan xalqını Üzeyir bəyin – tarixi şəxsiyyətin musiqi ətrafında birliyə, həmrəyliyə, qəhrəmanlığa, qələbələrə dəvət etmişdir. Milli qürur oyadan bir çağırışdır. Bu, dahi yaradıcı şəxsiyyətin - Üzeyir Hacıbəylinin musiqisinin böyük tarixi missiyasına verilən ən yüksək və ən doğru qiymətdir.
Heydər Əliyevin Ü.Hacıbəyli irsinin yaşaması, təbliği, öyrənilməsi, əbədiləşdirilməsi yönümündəki geniş miqyaslı fəaliyyəti, onun dahi bəstəkarın şəxsiyyəti, musiqisi və yaradıcılığı haqqında maraqlı fikiləri təkcə musiqişünaslıq üçün deyil, musiqi təhsili sahəsində də aktuallığa malikdir.
5. NƏTİCƏLƏR
Beləliklə, Heydər Əliyevin Üzeyir Hacıbəyli yaradıcılığı haqqında konseptual baxışları və onların aktuallığı müasir dövrdə aşağıdakı istiqamətləri əhatə edir:
1. Üzeyir Hacıbəyli yaradıcılığının, şəxsiyyətinin, musiqisinin, irsinin və fəaliyyətinin təbliği, təhlili, qiymətləndirilməsi;
2. Üzeyir Haclbəyli yaradıcılığının. şəxsiyyətinin, musiqisinin, irsinin və fəaliyyətinin davamlı olaraq elmi öyrənilməsi;
3. Cəmiyyətdə milli-mədəni və milli-mənəvi dəyərlərə, o cümlədən, klassik bədii irsə, klassik musiqi irsinə qayğılı, yaradıcı, humanist və vətəndaş münasibətinin formalaşması;
4. Üzeyir Hacıbəylinin yaradıcılığına və irsinə münasibətdə gənc nəslin vətəndaşlıq, vətənpərvərlik, azərbaycançılıq, yaradıcılıq ruhunda, milli-mədəni dəyərlərə sevgi ruhunda tərbiyə olunması;
5. Üzeyir Hacıbəyli yaradıcılığına, irsinə və musiqisinə münasibətlərin müasir, dünyəvi mədəniyyət və incəsənət proseslərinə inteqrasiyası;
6. Azərbaycan bəstəkarlıq məktəbinin nailiyyətlərində və inkişafında tarixilik, müasirlik, obyektivlik, varislik, şəxsiyyət amillərinin yaradıcı və elmi münasibətlərdə aktuallaşması;
6. Üzeyir Hacıbəylinin musiqi incəsənətində, musiqi elmində və təhsilində öyrənilməsinin, tədrisinin, təbliğinin və qiymətləndirilməsinin fəallaşması, aktuallaşması, ən müasir tələblərə cavab verməsi;
7. Azərbaycanın ali, orta ixtisas və orta ümumtəhsil məktəblərində Heydər Əliyev haqqında tədris proqramlarına onun klassik musiqi irsinə, Ü.Hacıbəyli yaradıcılığına münasibətləri və bu sahədə xidmətləri haqqında mövzuların, mühazirələrin, seminarların daxil olunması;
8. Heydər Əliyevin və Üzeyir Hacıbəylini şəxsiyyətləri, fəaliyyətləri, maraqları arasında paralellərin, əlaqələrin, vahidliyin öyrənilməsi və bununla musiqidə Azərbaycanşünaslıq istiqamətinin yaradılması.
Qeyd etdiyimiz bu istiqamətlərin həyata keçirilməsini, tətbiqini, müzakirələrini də təklif edirik.
ƏDƏBİYYAT:
1. Heydər Əliyev. Bəstəkarın yüksək vəzifəsi və amalı.- B.:Azərnəşr, 1979.- 32 s.
2. Heydər Əliyev. Xalqın sənətkara dərin məhəbbəti və ehtiramı: Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley gecəsində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. – "Azərbaycan", 1995, 20 sentyabr
3. Azərbaycan Prezidenti Heydər Əliyev Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasına baxmışdır. – "Respublika", 1997, 24 sentyabr.
4. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, professional vokal sənətimizin banisi Bülbülün anadan olmasının 100 illiyi münasibətilə müğənninin Bakıdakı xatirə ev-muzeyində çıxışı. 3 dekabr 1997-ci il. – "Azərbaycan", 1997, 4 dekabr.
5. Dünya şöhrətli dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. 8 dekabr 2002-ci il. – "Azərbaycan", 2002, 9 dekabr
6. Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Bakı şəhəri, 1 sentyabr, 1995. – "Azərbaycan", 1995, 5 sentyabr.
7. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası yenidən səhnədə: Azərbaycan Prezidenti Heydər Əliyev tamaşada olmuşdur. – "Azərbaycan", 1998, 5 dekabr.
8. Yeni binada, yeni tamaşa - "O olmasın, bu olsun": [Azərbaycan Prezidenti Heydər Əliyev tamaşada olmuşdur]. - "Xalq qəzeti", 1998, 6 dekabr.
9. Abduləliyev A.Ə. Heydər Əliyevin mədəniyyət siyasətində Azərbaycan muğam sənətinin qorunmasi, təbliği və inkişafi məsələləri. Birinci məqalə – "Musiqi dünyası", 2014, N 4 (61). - http://www.musigi-dunya.az/pdf/61/5.pdf
10. Abduləliyev A.Ə. Heydər Əliyevin nitqləri musiqişünaslıq elminin tədqiqat obyekti kimi // Azərbaycanşünaslığın aktual problemləri: V Beynəlxalq elmi konfransın materialları (05-07 may, 2014). – B.: Mütərcim, 2014. – S. 13-16
11. Abduləliyev A.Ə. Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti. – "Musiqi dünyası", 2008, N 1-2/35. – S.4-18.
12. Abduləliyev A.Ə. Heydər Əliyev və musiqi mədəniyyəti: Üzeyir Hacıbəylinin ev-muzeyinin tarixi – "Musiqi dünyası", 2013, N 1 (54). – S. 4-16.
13. Abduləliyev A.Ə. Heydər Əliyev və Üzeyir Hacıbəyli irsi // İncəsənət və mədəniyyət problemləri. Beynəlxalq elmi jurnal. N 2 (44),- B.: 2013. - S. 80-93.
14. Abduləliyev A.Ə. Üzeyir Hacıbəyli irsinin təbliği musiqişünaslığın müasir və aktual vəzifəsi kimi // Ü.Hacıbəylinin 125, Bakı Musiqi Akademiyasının 90 illik yubileylərinə həsr olunmuş Respublika elmi-praktik konfransının materialları (Bakı, 31 may-2 iyun, 2011). – B.: Mütərcim, 2011. - S. 220-230.