"Musiqi dünyası" № 2 (63) 2015
Article №1; 7368 - 7375 pр.
Aybəniz Növrəsli. Q.Qarayev və A.Əlizadə yaradiciliğinda ümumi cəhətlərin araşdirilmasina dair
Aybeniz Novrasli. The common features of creativity G.Garayev and A.Alizadeh
Text PDFQara Qarayev Azərbaycan müasir bəstəkarlıq məktəbinin banisi, Aqşın Əlizadə isə bu məktəbin parlaq siması və eyni zamanda "öz" məktəbi olan yaradıcı şəxsiyyət idi. Q.Qarayevlə "qanuni" müəllim – tələbə münasibətində olmasa da, A.Əlizadə daim onu özünün müəllimi hesab etmiş və yaradıcılığını ən yüksək meyarlarla qiymətləndirmişdir. Hər iki bəstəkarın yaradıcılığında ümumi, eyni zamanda maraq və uyğunluq nəzərindən bəzi təəccüb doğuran cəhətlər vardır.
Xüsusilə qeyd etmək lazımdır ki, hər iki bəstəkarın fəaliyyət dairəsi bir–biri ilə çox uzlaşır, eyni zamanda, bu, üslub uyğunluğu və musiqi dilinin xarakterində də özünü göstərir. Janr təsnifatına uyğun araşdırmağa çalışsaq, görərik ki, onların yaradıcılığında musiqili səhnə əsərləri və simfonik əsərlər vacib mövqedən çıxış edir. Qeyd olunan məqamlara qısa nəzər salaq.
Həcm baxımından klassik opera janrına diqqət yetirsək, heç bir bəstəkarın yaradıcılığında bu sahə lazımi qədər açılmayıb. Daha dəqiq desək, A.Əlizadə ümumiyyətlə opera janrına müraciət etməmiş, Q.Qarayev isə gənclik dövründə C.Hacıyevlə birgə "Ayna" (1941), "Vətən" (1945) adlı operalarda qələmini sınamış, 1972-ci ildə isə fransız yazıçısı Henri Barbusse`ün əsəri əsasında qadın səsi və kamera orkestri üçün "Zəriflik" (1972) monodramını bəstələmişdir. Beləliklə, məlum olur ki, musiqili səhnə janrlarını yüksək dəyərləndirən bu iki bəstəkardan heç biri sözün geniş və əhatəli mənasında opera janrına müraciət etməmişlər.
Lakin musiqili - səhnə janrlarından digəri olan baletə müraciət tarixçəsinə nəzər salsaq, burada çox önəmli məqamlarla qarşılaşmış olarıq. Hər iki bəstəkar balet janrı sahəsində qiymətli nümunələr yaratmışlar. Bunlar - Q.Qarayevin yazmış olduğu "Yeddi gözəl" (1952), "İldırımlı yollarla" (1958-1959); A.Əlizadənin "Babək" (1986), "Qafqaza səyahət" (2002), "Ümid valsı" (2008) əsərləridir. Hər iki bəstəkar bu sahədə ilklərə imza atmışlar. Belə ki, "Yeddi gözəl" – Nizaminin "Xəmsə"si əsasında yazılmış, özəyini poema təşkil edən ilk ədəbi məzmunlu balet, "İldırımlı yollarla" – librettosu Cənubi Afrika yazıçısı Peter Abrahams`ın əsəri əsasında yazılmış ilk xarici mənbəyə əsaslanmış balet, "Babək" – ilk milli tarixi – qəhrəmanlıq baletidir.
Mövzu baxımından da bəstəkarların müqayisə oluna biləcək əsərləri vardır. Bunlar –Q.Qarayevin "İldırımlı yollarla" və A.Əlizadənin "Ümid valsı" baletləridir. Əsərlərin hər ikisi XX yüzilliyin əvvəllərində Bakıda baş verən hadisələrdən bəhs edir. İki gəncin sevgisi fonunda baş verən süjet həmin dövrün ictimai –siyasi həyatının aşkar inikasıdır. Belə ki, hər iki bəstəkarı gənclik, onların həyat tərzi, yaşamı və xüsusilə də mənəviyyatı narahat edirdi. Bu məqamda A.Əlizadənin gənclərə ünvanlandığı fikir yada düşür: "Çalışın, daxilinizdə öz dünyanızı, mənəviyyatınızı yaradasınız."
Q.Qarayev və A.Əlizadənin baletlərinin səhnə taleyini birləşdirən məqam da vardır ki, bu da onların quruluşçu baletmeysterlərinin Rəfiqə Axundova və Maqsud Məmmədov olmasındadır. 1975-cü ildə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində "İldırımlı yollarla" baletinin ikinci, 1978—ci ildə həmin səhnədə "Yeddi Gözəl" baletinin üçüncü bəstəkar redaksiyası quruluşçu baletmeysterlər R.Axundova və M.Məmmədovla birgə işin nəticəsi olmuşdur. A.Əlizadənin böyük bədii əhəmiyyət kəsb edən baleti "Babək" də həmin yaradıcı insanların təxəyyülü sayəsində səhnələşdirilmişdir.
Simfonik sahəni araşdırsaq, məlum olur ki, Q.Qarayevin I simfoniyası (h-moll) ilk dəfə 1944-cü il dekabrın 25-ində Tbilisidə, Qafqaz respublikalarının musiqi incəsənəti ongünlüyündə Azərbaycan Dövlət simfonik orkestri tərəfindən ifa edilib. A.Əlizadənin I Simfoniyası isə ənənəvi "Zaqafqaziya baharı" festivalının konsert proqramında 1962-ci ildə böyük uğurla səslənmişdir. Ortaq cəhət ondan ibarətdir ki, hər iki simfoniya ilk dəfə Qafqaz ölkələrindən olan dinləyicilərə təqdim edilmiş və demək olar ki, hər ikisi əsər bəstəkarların 26 yaşı olarkən səsləndirilmişdir. Q.Qarayev A.Əlizadənin ilk Simfoniyası haqqında maraqlı fikirlər səsləndirmişdir.: "Mənim fikrimcə, cavan bəstəkarın simfoniyasında təsvirlərin obrazlılığı və musiqi materialının maraqlı inkişafı müsbət cəhətlərdəndir. Burada müəllifin böyük səyi, temperamenti və dəqiq ritm hiss olunur. Bütün bunlar Aqşın Əlizadənin gələcək maraqlı yaracıdılıq yolunu müəyyən edir." 1
Haqqında danışdığımız hər iki əvəzedilməz bəstəkar simfoniya janrı baxımından orkestr musiqisinin kamera sahəsini diqqətdən kənarda qoymamış, Q.Qarayev III simfoniyasını, A.Əlizadə isə II simfoniyasını kiçik tərkib üçün yazmışdır.
Hər iki əsər fərdi cəhətləri ilə diqqəti cəlb edərək Azərbaycan simfoniyasının inkişafı yolunda atılan böyük addımdır. Belə ki, onların yazılması ilə musiqimizdə toxunulmamış cəhətlər canlanmışdır.
Q.Qarayevin kamera orkestri üçün yazılmış III simfoniyası ilk dəfə 1965-ci il aprelin 21-də Moskva Konservatoriyasının Böyük zalında, Moskva Dövlət kamera orkestrinin ifasında səslənmiş, dirijoru Rudolf Barşay olmuşdur.
1966`cı ildə Moskva "Bəstəkarlar evi"ndə isə respublikanın xalq artisti Nazim Rzayevin dirijorluğu ilə Azərbaycan Radio və Televiziyası kamera orkestrinin konsertində gənc bəstəkar A.Əlizadənin "Kamera simfoniyası"nın ilk ifası baş tutmuşdur. Simfoniyaya görə, o, 1967`ci ildə Respublika Lenin komsomolu mükafatı qazanmışdı.
Qısa müddət fərqi ilə təqdim edilmiş əsərlərin hər ikisinin ilk ifası o vaxtın mədəniyyət paytaxtı hesab edilən Moskvada baş tutmuşdur. Hər iki əsər təkcə müəllif - bəstəkarların yaradıcılığı üçün deyil, Kamera orkestri bioqrafiyası üçün, ümumiyyətlə, musiqi xəzinəmiz üçün əhəmiyyətli nümunələr hesab edilir. A.Əlizadənin simfoniyası qərbdə İ.Stravinski, Azərbaycanda isə Q.Qarayev ənənələrinin təsirindən ruhlanaraq parlamışdır desək, doğru olar.
III Simfoniya öz yeni dəst –xətti, yeni yolu ilə diqqəti cəlb etmişdi. Bu əsər müasir texnika və üsluba tabe edilərək yazılmış ilk simfoniya olmuş, ilk dəfə dodekafoniyanı Azərbaycan musiqisində orkestrə daxil etmişdir. Eləcə də, II simfoniya haqqında bədii əhəmiyyətcə bənzər ifadələr demək olar. Bu simfoniyada qrafik yazı üslubunun musiqiyə köçürülməsi, orkestr musiqisi dilində neoklassisizm ünsürlərinin aydın işıqlandırılması o dövr üçün yeni idi. Bununla da məlum olur ki, 1 il müddət fərqi ilə yazılmış hər iki əsər həqiqətən dərin bədii əhəmiyyəti olan yaradıcılıq nümunələridir.
Q.Qarayevin A.Əlizadənin II Simfoniyası haqqında söylədiyi fikirləri böyük maraq doğurur: "Elə bəstəkarlar var ki, yaradıcılığa başladığı vaxtdan musiqi ictimaiyyətinin diqqətini özlərinə cəlb edə bilirlər. İnsan onların yaradıcılıqları ilə tanış olan andan qeyri –ixtiyari gənc olduqlarını unudub əsərin müəllifini ciddi yaradıcılıq meyarı baxımından qiymətləndirir. Azərbaycanın belə gənc bəstəkarları sırasına sözsüz olaraq Kamera orkestri üçün Simfoniyanın müəllifi A.Əlizadə daxildir".
Bu sözlər 60 `cı illərin sonu -70`ci illərin əvvəllərində Q.Qarayev tərəfindən bəstəkara verilən ən yüksək yaradıcılıq qiymətlərindən biri və bəlkə də ən önəmlisi idi.
Q.Qarayevin dodekafon yazı üsuluna müraciətindən sonra bir çox gənclərin bu sahəyə meyli atmışdır. Yeri gəlmişkən A.Əlizadənin də bu sırada olduğunu vurğulamaq lazımdır. Bəstəkar 12 simli alət üçün yazılmış "Ekspressiyalar" əsərini sırf dodekafon-aleatorik prinsiplər üzərində qurmuşdur. Əsərin səslənməsindən sonra Q.Qarayev tərəfindən müsbət rəy qazanan A.Əlizadə müəllim və məsləkdaşı tərəfindən seçim qarşısında qoyulmuşdur. Q.Qarayev ona iki yol təklif etmişdir: "Ekspressiyalar yolu" və ya sərbəst, baxış bucaqları çərçivələnməyən istiqamət. A.Əlizadə ikincini seçərək onu "öz" yolu etmiş oldu.
Qarayev – Əlizadə yaradıcılıqlarının başqa bir ortaq məqamı xor üçün yazılmış əsərlər sahəsində diqqəti cəlb edir. Hər iki bəstəkar a`capella (müşayiətsiz xor) üçün maraqlı, seçilən nümunələr yaratmışlar. Q.Qarayevin N.Gəncəvinin sözlərinə şairin 800 illiyi ilə bağlı yazmış olduğu "Payız" əsəri Azərbaycan musiqisi tarixində a`capella üçün yazılmış ilk nümunədir. Birinci ifası 1947-ci il sentyabrın 29-unda Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xor kapellası tərəfindən ifa olunub.
A.Əlizadənin bu sahədə etdiyi yenilik isə 1968 -1969`cu illərdə qələmini vokal janrda sınayaraq xalq mətninə yazdığı 10 xordan ibarət "Bayatılar" əsəri ilə nəticələnir. Adıçəkilən silsilə Azərbaycan musiqisində müşayiətsiz xor üçün yazılmış ilk silsilədir. Bu əsərə görə bəstəkar 1969`cu ildə Moskvada keçirilən Gənc Bəstəkarların yaradıcılığına Ümumittifaq baxışda laureat adını qazanmışdır.
Haqqında fikirlər irəli sürdüyümüz hər iki bəstəkarın yaradıcılıq yolunda digər bir ortaqlıq süita janrında təsadüf olunur. Maraqlı məsələ burasındadır ki, bu janra müraciət həm Q.Qarayev, həm A.Əlizadə tərəfindən təsvirilik, janrlıq nöqteyi –nəzərindən işıqlandırılır. Bura Q.Qarayevin yazmış olduğu "Azərbaycan süitası" (1939), Yeddi Gözəl" simfonik süitası (1949), "Vyetnam süitası"(1952), "Klassik süita" (1966), A.Əlizadənin "Uşaq süitası" (1972), "Kənd süitası" (1973), "Abşeron lövhələri", "Şirvan lövhələri" aiddir.
Janr təsnifatından əlavə, bəstəkarların yaradıcılıqlarını üslub və cərəyan axtarışları baxımından araşdırmaq olar. Q.Qarayev yaradıcılığının "qaranquşu" olan "Tsarskoe selo heykəli"(1937) fortepiano lövhəsi Azərbaycan musiqisinin ilk impressionist lövhələrindəndir. Bu ünsür bəstəkarın baletlərində də müəyyən mənada özünü aşkarlayır.
İmpressionizm "portretləri" Aqşın Əlizadə musiqisindən də yan keçməmiş və incə boyalarla işlənərək "Dastan" (1986) və viloin ilə piano üçün "Portret"(1987) əsərində canlanmışdır.
A.Əlizadənin yazdığı ilk əsər də piano aləti üçün nəzərdə tutulmuş Sonata olmuş və heç də təəccüblü deyil ki, Qarayev təsirini özünə hopdurmuşdur 2. Bu təsir özünü romantik və lirik mühitdə açmış olur.
60 –cı illərdə Azərbaycan musiqisinə daxil olan yeni istiqamətlərdən biri – neoklassisizm Azərbaycan müasir bəstəkarlıq məktəbinin zirvəsində duran Q.Qarayev tərəfindən onun son prelüdləri ilə musiqimizə gətirilmiş və digər əsərlərində də ənənəni davam etdirmişdir.
Mənəvi müəllimi Q.Qarayevin neoklassik ənənələrinə istinaddan qaçılmaz olan yolda öz xoşu ilə irəliləyən A.Əlizadənin II simfoniyasında bariz cəhət kimi əsərin III hissəsində XVII – XVIII əsrlərin musiqisini imitə edən melodiyada çembalo alətinin antik abu – hava təəssüratı yaratmasını göstərmək olar.
II hissədə milli musiqi ilə Avropa musiqi janrı -muğam təfəkkürü ilə xoral birləşir. Neoklassisizm üçün vacib cəhət polifonik, yəni J.S.Bach yaradıcılığındakı janrlara yenidən müraciətdir. Bu, birbaşa olaraq Q.Qarayev yaradıcılığında da özünü göstərmiş olur. Yada salaq ki, Q.Qarayev ilk dəfə Azərbaycan musiqisinə xoralı tətbiq etmişdir.
Simfonik musiqi sahəsində digər bir ümumiləşmiş ünsür Violin ilə simfonik orkestr üçün Konsertdir ki, hər iki bəstəkarın yaradıcılığında yeganə nümunə ilə təmsil olunur. Q.Qarayevin Konserti ilk dəfə 1968-ci il aprelin 21-də Qorkidə L. Koqan və Qorki filarmoniyası simfonik orkestrinin ifasında səslənmişdir. Bu əsər Yeni Vyana Məktəbi nümayəndələrindən sonuncu olan Alban Berg`in analoji əsərindən başlanğıc götürülərək yazılmışdır.
A.Əlizadənin Violin Konserti isə məzmun baxımından fərqli olub Dağlıq Qarabağ münaqişəsi məsələsindən təsirlənərək 1990`cı ildə yazılmış, 1991`ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Plenumunda səslənmiş, ilk ifaçısı Arif Manaflı, dirijor Y.Adıgözəlov olmuşdur. Həsr olunduğu mövzu əsərin məzmununu faciəviliyə doğru dəyişmişdir.
Ənənələrə istinad baxımından maraqlı bir cəhətlə də qarşılaşmaq mümkündür. Bu, hələ Üzeyir bəy Hacıbəyli tərəfindən yazılmış "Aşıqsayağı"nın yeni "görünüşü" və səslənməsi barədədir. Belə ki, Q.Qarayev bu əsərə yeni düzüm bəxş edərək onu 1964-cü ildə kamera orkestri üçün transkripsiya etmişdirsə, A.Əlizadə eyniadlı instrumental miniatür yazaraq onu birbaşa kamera orkestri üçün nəzərdə tutmuşdur. Bu əsərə ardıcıl olaraq müraciət olunma, çox güman ki, təsadüfi olmamışdır.
Kinofilmlərə yazılmış musiqi istiqaməti də hər iki bəstəkarın tətbiqi sahədə yaratdığı maraqlı nümunələrlə zəngindir. Bu sahəni "böyük müasir bəstəkarlıq məktəbi" adlandıran Q.Qarayev "Leyli və Məcnun", "Nizami", "Uzaq sahillərdə", "Bir məhəlləli iki oğlan" və s., A.Əlizadə isə «Tütək səsi», «Təkcə adanı özünlə apara bilməzsən», «Qızıl qaz», «Ötən ilin son gecəsi», «Mən sizi dünyalar qədər sevirdim», "Rəqiblər", "Axtarış yanğısı" kimi kinofilmlərə musiqi yazmışdır. Bu istiqamətdə diqqəti cəlb edən məqam ondan ibarətdir ki, təsadüf və ya zərurətdən Q.Qarayev A.Əlizadənin dayısı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında 1958-ci ildə çəkilən «Uzaq sahillərdə» filminə musiqi bəstələmişdir. Bu filmə yazılmış musiqini yüksək qiymətləndirən A.Əlizadə başqa səslənməni heç təsəvvürünə gətirə bilmədiyini dəfələrlə vurğulamışdır.
Qarşılıq olaraq digər məqam da maraq doğurur. Bu da ondan ibarətdir ki, A.Əlizadənin sayca 40`dan çox filmə yazdığı musiqilər içərisində "Axtarış həvəsi" filmi diqqəti cəlb edir. Rejissoru Teymur Bəkirzadə olan bu sənədli film 1972-ci ildə rəssam Tahir Salahov haqqında çəkilmişdir. Q.Qarayevlə əlaqə isə ondan ibarətdir ki, rəssamın tablo qarşısında iş prosesi A.Əlizadənin puantilistik metodlu musiqisi ilə müşayiət olunur. Rəsm əsərində isə bəstəkar Qara Qarayevin görüntüsü canlanır. Beləcə, Qarayev və Əlizadə şəxsiyyətləri film bağı ilə də əlaqələnmiş olur.
Hər iki bəstəkarın bütün varlıqları ilə simfonik sahəyə bağlı olduqları məlumdur. Bu baxımdan onların yaradıcılıqlarında romans və mahnı janrına müraciət çox az təsadüf olunur. Q.Qarayev A.S,Puşkinin mətninə "Gürcüstan təpələrində", "Mən sizi sevirdim" A.Əlizadə isə amerikalı şair John Brown`un mətni əsasında "Belə məhəbbət" romansını yazmışdır. Yeri gəlmişkən qeyd edək ki, romans mətni üçün hər iki bəstəkar rus dilinə üstünlük vermişlər. Mahnı janrından danışarkən isə Aqşın Əlizadənin "Mənim anam", "Bu göz ceyran gözüdür", "Yaşıldır başın" nümunələrinin adını çəkmək olar.
Hər iki bəstəkar öz qələmlərini istedadlı publisist kimi sınamış, öz musiqili-estetik görüşlərini səslə yanaşı, sözlə də bölüşmüşlər.
Nəzərimizi Qarayev və Əlizadə soyadlarının ictimai məcradan açılmasına da yönəltmək istərdik. Onlar uzun illər xalqa xidmət edərək müxtəlif rəhbər vəzifələrdə çalışmış, professional Azərbaycan musiqisinin təbliğində, gənclərin maariflənməsi və yaradıcı şəxslərin yaşayış vəziyyətlərinin yaxşılaşması yolunda əllərindən gələni əsirgəməmişlər.
İctimai fəaliyyət baxımından da bəstəkarları birləşdirən müəyyən məqamlar vardır. 1941–ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini bitirərək Bakıya qayıdan Q.Qarayev M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsinə seçilmişdir. Eyni vəzifədə 5 onillik sonra, 90`cı illərin əvvəllərində A.Əlizadə çalışmışdır. Hər iki bəstəkar müxtəlif illərdə SSRİ kinematoqraf işçiləri ittifaqının üzvü olmuşlar.
Azərbaycan Bəstəkarlar İttifaqının inkişaf tarixində bu iki şəxsiyyətin rolu danılmazdır. 1979-cu ilin may ayında Azərbaycan bəstəkar və musiqişünaslarının V qurultayında A.Əlizadə ilk dəfə olaraq İttifaqa katib seçilmiş, Q.Qarayev isə həmin seçkilərdə növbəti dəfə İdarə Heyətinin sədri olmuşdur (30 il). Həmin ilin noyabr ayında isə SSRİ bəstəkarlarının VI qurultayında Q.Qarayev katibliyə, A.Əlizadə təftiş komissiyasının tərkibinə daxil edilmişdi.
Q.Qarayevin vəfatından sonra VI qurultayda I katib məhz respublikanın xalq artisti, Dövlət mükafatı laureatı A.Əlizadə seçilmiş və onun idarəçilik etdiyi 5 il Bəstəkarlar İttifaqının tarixində yenidənqurma dövrü olmuşdur. Təsadüfi deyil ki, Q.Qarayev adına "XX əsr musiqisi" festivalının ilk üçlüyü məhz bu dövrdə baş tutmuşdur (1986, 1988, 1990) 1990-cı ilin gərgin siyasi dövrünə baxmayaraq VII qurultay keçirilmiş və ilk dəfə azərbaycan dilində baş tutmuşdu.
Azərbaycan siyasi idarəçilik tarixində bəstəkarlardan ikisi - Qara Qarayev və Aqşın Əlizadə Ali Sovetin deputatı olmuşlar. A.Əlizadənin deputat kürsüsündə əyləşdiyi vaxtlar Qarabağ konfliktinin kəskinləşdiyi dövrə təsadüf etmiş, 1990`cı il qırğınından sonra sözün düzünü ən mötəbər yığıncaqlarda belə üzə deməkdən çəkinməyənlər sırasında deputat A.Əlizadə də var idi. O, daim "siyasətdə iştirak edib siyasətçi kimi deyil, yaradıcı insan sözü demək olar" missiyasından çıxış etmişdir.
Yaradıcılıqlarını qarşılıqlı şəkildə araşdıraraq gəldiyimiz nəticə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Aqşın Əlizadə simaları arasında əlaqələndirici bağın mövcudluğunu mütləq hesab etməyə imkan verir. Hətta onların həyatla vidalaşması da 32 il fərli ilə eyni aya təsadüf etmişdir. Q.Qarayev ənənələrinin layiqli davamçısı olan A.Əlizadə daim müəllimi, məsləkdaşı, fikir ortağı, heç bir pafossuz dahi adlanmağa layiq olan Q.Qarayevi Azərbaycan mədəniyyəti üçün daim əvəzedilməz hesab etmişdirsə, müasir Azərbaycan yaradıcı gəncliyi də Aqşın Əlizadə haqqında eyni fikirdədir.
A.Əlizadə: "Öz peşəsinin sirrlərinə kimin sinfində yiyələndiyindən asılı olmayaraq biz hamımız –Azərbaycan bəstəkarlarının böyük və mötəbər bir dəstəsi özümüzü bu görkəmli ustadın şagirdləri, Qarayevin yetirmələri sayırıq... Çünki Qarayev bizim üçün tələbkarlıq timsalı, üzgörənlik etməmək, güzəştə yol verməmək, prinsipiallıq, əqidəsindən dönməmək, yaradıcılıqda yüksək professional nəzakət, səxavət və səmimilik öz işinə - musiqiyə hədsiz məhəbbət və sədaqətli nümunəsi olmuş və olacaqdır. Q.Qarayev Azərbaycan bəstəkarlarının yeni nəsli üçün örnəkdir –istər həyatda, istərsə də, sənətdə!"3
1. "Üçüncü nəsil". "Bakı" qəzeti. Cümə, 4 iyun 1965-ci il.
2. Sonata -Moskvada gənc bəstəkarların yaradıcılıqlarına Ümumittifaq baxışda I dərəcəli Diplomla təltif olunmuşdur.
3. "Kommunist" qəzeti, 2 mart, 1985ƏDƏBİYYAT:
1. Dadaşzadə Z., «AQŞIN ƏLİZADƏ»., Monoqrafiya., Bakı, "Şur", 1992, 32 səh.
2. Əliyeva F.Ş. «AQŞIN ƏLİZADƏ»., Bakı, «Musiqi dünyası», № 1-2/2003, səh.121-123 (http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=230)
3. İmanova Ü.İ. "Azərbaycan musiqisində A.S.Puşkin mövzusu"., Bakı, "Musiqi dünyası", № 1`99 http://www.musigi-dunya.az/magazine1/articles/Poeziya/PoetPage1.html
4. Карагичева Л.В. Кара Караев. -М.: "Советский композитор", 1960.
5. Тагизаде А.., «AКШИН АЛИЗАДЕ»., Монография., Б., Ишыг, 1986, 136 с.