"Musiqi dünyası" № 2 (63) 2015

Article №3; 7383 - 7389 pр.
Aytən Babayeva. V.Adigözəlovun "Ölülər" operasinda xor səhnələri
Aytan Babayeva. Choral scenes in the opera of V.Adigezalov "Ölülər-Deads"
Text PDF

İstedadlı bəstəkar Vasif Adıgözəlovun gənclik illərində bəstələdiyi "Ölülər" operası (1963) bəstəkarın ən uğurlu əsərlərindən biri olub, Azərbaycan operası tarixində satirik operanın ilk nümunəsi idi. C. Məmmədquluzadənin yaradıcılığında mühüm yer tutan "Ölülər" tragikomediyasının süjeti əsasında yaranan bu operada fanatizm, mövhumat qamçılanır.

C.Məmmədquluzadənin "Ölülər" pyesində komik əhvalatlar fonunda faciəvi məzmun ifadə olunur. Yazıçı "Ölülər" əsərində mühafizəkar mühitlə İsgəndər arasındakı münasibətin bənzərsiz mənzərəsini yaradır. Ulu öndər H.Əliyev "Ölülər" əsərini çox yüksək qiymətləndirərək, "böyük fəlsəfi və həyati əsər" adlandırmışdır. C.Məmmədquluzadənin "Ölülər" əsəri daim bütün dövrlərdə aktual olmuşdur. Yazıçı Anar çox şəffaf şəkildə göstərir ki, "C.Məmmədquluzadənin irili-xırdalı, müxtəlif janrlı bütün əsərlərində sənətkarın anlamaq dərdi ifadə olunub... o, insan problemlərini, cəmiyyət problemlərini, öz xalqının milli problemlərini dərindən-dərinə anlayır və dərk edirdi".1 1963-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulan operanın ssenari müəllifləri Firudin Mehdiyev və Cahid Hilaloğlu (seirlər Aslan Aslanovundur) olmuşdur. Dördpərdəli operada xor səhnələrinin musiqili-dramaturji həlli bəstəkarın özünəməxsus üslubu ilə ifadə olunmuşdur. C.Məmmədquluzadənin pyesindəki yazıçının cox sevdiyi bədii üsul-qrotesk bu operada da öz əksini tapır. Ölülər və dirilər dünyasındakı münasibətləri şərh etmək üçün operada xor ən gözəl bələdçi rolunu oynayır. Operanın I pərdəsində xorlar səhnədə baş verən hadisələrin şərhçisi rolu daşıyır. I pərdənin başlanğıcında Şeyx Əhmədin çıxışından sonra "Kərim Allah birdir" xoru səslənir. Bu dördsəsli xor bir qədər statik xarakter daşıyır, çox lakonik və yığcamdır, vahid pianissimo nüansında səslənir. Xorun tamamlayıcı bölməsi sözsüz vokaliz şəkilndə ifa olunur. Bu vokaliz orkestrdə ostinat səsin təkrarlanması fonunda səslənir. Bas partiyası xromatizmlər üzərində hərəkətə əsaslanır.

Nümunə №1

I pərdənin II şəklində çox maraqlı səhnə Nazlının qızlar xoru ilə birlikdə ifa etdiyi mahnıdır. Yeniyetmə və şıltaq Nazlının qayğısızlığını ifadə edən bu mahnısına soprano və altların oynaq və şıltaq ruhlu xoru qoşulur. Kupleti Nazlı, nəqəratı isə Nazlı və xor ifa edir: "Haqquşqa, haqquşka xanım". Nəqəratın ikinci yarısında soprano melodiyanı oxuyur, altlar isə örtülü ağızla ifa edir.

Nümunə №2

I pərdənin I şəklinin tutqun koloritindən sonra Nazlının xor ilə ifa etdiyi şux mahnı II şəkildə böyük təzad yaradır. İsgəndərin və Hacı Həsənin səhnəsindən sonra səslənən dörasəsli xor ("Kəblə Fətullah dadaş dirilibdir") dialoq şəklində qurulur. Dialoqda ardıcıl olaraq, bas və digər xor partiyaları növbələşir. Xor orkestrin həyəcanlı, yeksənəq və monoton ostinatosu fonunda səslənir.c-moll tonallığının orqan punktuna əsaslanan bu fiqurasiyalı ostinatosu fonunda xor partiyaları təqlid şəklində növbələşərək, hadisələri şərh edir və ölülərin dirilməsi xəbərini verir. Bu xor səhnəsi iki bölmədən ibarətdir. İkinci bölmə 6/8 ölçüdə ikisəsli xordur. Xorun birinci bölməsində tutqun faciəvi kolorit üstün idisə, ikinci bölmə bir qədər nikbin xarakter daşıyır. Onu müşayiət edən orkestr partiyası vahid ritmik formul üzərində qurulur.

Nümunə №3

Bu ikisəsli xordan sonra Nazlının ariozosu səslənir, o, gənc yaşında nakam həyatdan köçmüş bacısı Saranı oxşayır. Sonra yenə "Kəblə Fətullah dadaş" sözləri ilə başlanan dördsəsli xor səslənir. Lakin bu əvvəlki xordan fərqlidir. Belə ki, əvvəlki xorda polifonik elementlər üstünlük təşkil edirdi və imitasiyalara əsaslanırdı. Burada isə homofon-harmonik ifadə tərzi verilir. Hacı Həsən Şeyx Nəsrullahın xəstələnməsi haqqında xəbər verdikdən sonra "Əziz Şeyxəna dincəl, daha" dördsəsli xoru səslənir. Xor iki hissədən ibarətdir. İkinci hissədə c-moll tonallığını gis-moll əvəzləyir.burada tenor və baslar sözlü mətn ifa edir, qadın xor partiyaları – soprano və altlar isə örtülü ağızla sözsüz vokaliz oxuyur. Xorun poetik mətnində şeyxə şəfa tapması arzulanır. I pərdənin finalı çox münaqişəli və düyünlü bir məqamdır. Belə ki, bu səhnədə İsgəndər Şeyx Nəsrullahla açıq şəkildə toqquşur və tenorlarla basların başladığı müşayiətsiz səslənən xora sonra qadın səsləri (altlar və sopranolar) qoşulur. Bu xor polifonik inkişaf üsuluna əsaslanır. Dinamik baxımdan xor getdikcə güclənir və daha da dramatik xarakter alır. "Rədd ol, çıx get" sözlərini xalq İsgəndərə ünvanlayaraq onu lənətləyir və kafir, dinsiz olmaqda günahlandırır. Bu səhnədən sonra çox maraqlı səhnə - pərdə arxasında xor səslənir. Bu dördsəsli xorun fonunda Şeyx Nəsrullahın replikaları ("Xoş gəlmisən, kəklik baba") eşidilir. Dördsəsli xorun quruluşunda diqqətçəkən məqam soprano və altların sözsüz vokalizi ilə tenor və basların sözlü oxumasının birləşməsidi ("Hifz et şeyxi"). Sonra qadın xor partiyaları da fəallaşır, soprano və tenorlar, eləcə də altlar və baslar qoşalaşaraq unison partiyaslı ifa edir.

Nümunə №4

Operanın II pərdəsi Fatma ananın ölən qızı Saranın oxşama səhnəsi ilə başlanır. Sonra ona qadın xoru qoşulur. Alt partiyasının ostinat təkrar olunan səsi fonunda soprano partiyası lyamentozlu, şikayətli bir melodiyanı ifa edir. Bu səhnədə Fatma ilə xorun çıxışından sonra Nazlı çıxış edir, onu Fatma ana ilə xorun çıxışı əvəzləyir. II pərdənin mərkəzi səhnəsi – Şeyx Nəsrullahın ölüləri diriltmək üçün xalqla dialoqudur. Burada xor əsas etibarilə, şərhçi rolunu oynayır, aparıcı rolu kişi xoru (tenor və baslar) daşıyır. Çox dramatik və eksperessiv xarakterli bu səhnədə dördsəsli xorda soprano və tenorlar, altlar və baslar unison partiyanı ifa edir. Bir növ xaos şəklində qurulan kvintetdə hər personaj öz fikrini deyir, xor isə bu səhnənin dramatizmini daha da artırır. Kefli İsgəndərin gəlişi ilə hadisələr kəskin şəkildə öz məcrasını dəyişir. Xalqın gözünü açmağa çalışan, onu avamlıq və cəhalətdən xilas etmək istəyən Kefli İsgəndərin satirik replikaları, Şeyx Nəsrullahla mübahisəsini kütlə başqa tərzdə qavrayır. Bu səhnədəki xor basların çıxışı ilə başlanır: "Naxələfdir, naxələfdir dinsiz", sonra tenorlar onu təqlid edir, sonra onlara bütün xor qoşulur. Bu xor polifonik üslubda qurulur. Operanın III pərdəsi də əvvəlki pərdələr kimi, xor səhnələri ilə zəngindir. Şeyx Nəsrullahdan şəfa diləyən xəstələrin xoru ("ömrümüz qarə") eyni fikri təkrar edərək, eyni səsin məşqi, reçitativli melodiyası üzərində qurulur. Bu ikisəsli kişi xorundan sonra ikisəsli qadın xoru səslənir. Qadın xorunda Şeyxə inam, ona itaət duyğusu ifadə olunur. Bu səhnənin kulminasiyası "Ölü də dirilərmi?" kişi xorudur. (bas partiyası). Səhnədə xor əsas etibarilə, hadisələrin şərhçisi kimi çıxış edir. Şeyxin fırıldağı və kələkbazlığından xəbərdar olan xalq Allaha yalvarır, ondan rəhm diləyir. Bu səhnədəki xorun dinamikası tədricən güclənir. Xor basların "Allahın əmrinə şübhə etmək olmaz" sözləri ilə başlanır, sonra tədricən tenorlar, daha sonra qadın səsləri qoşulur. Bu xorun orta hissəsi İsgəndərin çıxışıdır. ("Ah, qara günlər"). İsgəndərin çıxışını müşayiət edən orkestr partiyasındakı ostinat ritmik formul xorun üçüncü bölməsində saxlanır ("Rəhm elə bizlərə"). Belə ki, bu ostinat formul alt və bas partiyalarının da əsasını təşkil edir. Soprano və tenorlar isə "Ey, Allah" sözləri üzərində improvizə xarakterli melodiyanı unison şəklində ifa edir. Çox miniatür xorda zərbi-muğam xüsusiyyətləri yaranır, orkestr, eləcə də altlar və baslar ostinat ritmik formulu saxlayır, bu fonda soprano və tenorlar improvizə edir. Xalqın yalvarış xarakterli xoru lamentozlu intonasiyalar üzərində qurulur.

Nümunə №5

Operanın son tamamlayıcı səhnəsi çox maraqlı şəkildə qurulmuşdur. Bu səhnədə İsgəndərin çıxışı xorla növbələşir. İsgəndərlə xorun dialoqu çox orijinal tərzdə qurulur. İsgəndərin çıxışı reçitativ üslubundadır. O, öz çıxışında Şeyx Nəsrullahın fırıldağından bəhs edir və xalqa öyüd-nəsihət verir. Bu səhnədə orkestr müşayiəti ostonat ritmik formul üzərində qurulur, İsgəndər və xorun partiyası bu fonda növbələşir. Əsasən sopranolar sözsüz vokalizi təkrar edir. Bu səhnənin kulminasiyasında İsgəndərin reçitativləri xorla birləşir. Son səhnənin musiqisinin psixoloji mühiti real gerçəkliyi əks etdirir.

Operadakı xor səhnələrinin hər birinin öz dramaturji görünüşü var və fərdi üslub xüsusiyyətləri ilə fərqlənir. "Ölülər" operasının xor səhnələri bir sıra xüsusiyyətlərinə görə Musorqskinin operalarını xatırladır. Xor əsas etibarilə, şərhçi kimi çıxış etsə də, xalq passiv-seyrçi mövqe daşımır və hadisələrin gedişatına müdaxilə edir, müəyyən hadisəyə öz münasibətini bildirir. Xor səhnələrinin daha mühüm fərqləndirici bir xüsusiyyəti onun psixologizmidir. Bu səhnələr xalqın psixologiyasını, onun düşüncələrini, hiss və həyəcanlarını açır. Şeyx Nəsrullahın fırıldağına kor-təbii inanan, ona ümid bəsləyən avam, itaətkar və müti xalq tragikomediyanın fəal iştirakçısına çevrilir. Aldanmış xalq – operanın əsas personajıdır. Bu sadəlöhv və avam xalqı düz yola çəkən, onu aldanmaqdan qoruyan İsgəndərin partiyası xorun partiyası ilə birləşmədə verilir. Xorlar operada əsas etibarilə homofon-harmonik, bəzən isə polifonik üslubda qurulur. Xor səhnələrinin digər bir xüsusiyyəti onların çox yığcam və lakonik olmasıdır. Bu yığcam xorlar operanın dramaturgiyasında mühüm rol oynayaraq, xalq obrazını hərtərəfli açır.

Beləliklə, C.Məmmədquluzadənin "Ölülər" tragikomediyasının ideya və süjetini, burada əks olunan problemləri Vasif Adıgözəlov öz operasında əhatəli və tutumlu şəkildə əks etdirir. Sələflərinin və dünya musiqi mədəniyyətinin nailiyyətlərindən bəhrələnən bəstəkar "Ölülər" operasında dolğun və parlaq obrazlar, eləcə də gözəl xor səhnələri yaratmışdır.


1. Anar "Anlamaq dərdi"- Dünya bir pəncərədir. Bakı, 1986.

Ədəbiyyat

1. Anar "Anlamaq dərdi"- Dünya bir pəncərədir. Bakı, 1986.

2. Эфендиева И. Васиф Адигезалов. Б., Шур, 1999, 323 с.

Notoqrafiya

1. Adıgözəlov V. "Ölülər" operası (klavir) – Əlyazma, 2003.