"Musiqi dünyası" № 2 (63) 2015

Article №4; 7390 - 7399 pр.
Qorxmaz Əlilicanzadə. Azərbaycan muğaminin tarixi köklərinə yeni nəzəri baxiş
Gorkhmaz Alilijanzadeh. New theoretical look into the roots of the history of mugham.
Text PDF

Muğam müxtəlif əsrlərdə bir çox musiqişünaslar tərəfindən nəzəri aspektlərdən araşdırılmış, mövzu ilə bağlı olan risalələr, monoqrafiyalar, elmi məqalələr yazılmış, nəşr etdirilmişdir. Sovetlər dövründə, XX əsrin 30-cu illərindən etibarən, muğam, rəsmi sovet ideologiyasının tələbləri əsasında "ibtidai (bəsit) musiqi" səviyyəsində, dəyərləndirilib, araşdırılmışdır. Həmin illərdə Azərbaycan muğam sənətinə, onun tarixi köklərinə yalnız Üzeyir Hacıbəyli (1885-1948) obyektiv, elmi yanaşma nümayiş etdirmişdir. Ötən əsrin 70-ci illərindən isə muğama münasibət xeyli dəyişdı, ona fərqli, elmi yanaşma prioritetə çevrildi. Musiqişünaslar, folklorşünaslar muğamı yeni kontekstdə araşdırmağa başladılar. Azərbaycan xalqı dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra muğamın yeni təfəkkür işığında-konstruktiv üsullar və prinsiplər əsasında araşdırılması üçün əlverişli elmi mühit yarandı.

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın səylər və dəstəyi nəticəsində Azərbaycan muğamı 2003-cü ildə, UNESCO tərəfindən "Dünyanın maddi mədəniyyət irsi" və "Universal mədəni irs" siyahılarına daxil edilmişdir. 2014-cü ildə, Azərbaycan Respublikasında ilk dəfə olaraq, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda "Muğamşünaslıq" şöbəsi açılmış, bu tədbir sayəsində müasir Azərbaycan muğamşünaslığının əsası qoyulmuşdur. Bu isə muğamın yeni yanaşmalarla, əsasında daha modern üsullarla və daha fundamental şəkildə araşdırılmasına imkan verir.

İndi muğamşünaslığın qarşısında dayanan prioritet suallardan biri də budur: muğamın məhz, Azərbaycanda yaranmasını nəyə əsaslanıb sübut edə bilərik? Bəlkə heç 5000 (beş min) illik tarixi araşdırmağa ehtiyac yoxdur. Elə XXI əsrdə Azərbaycan, İran, İraq-kərkük, Ərəb ölkələri, Hindistan, Türkiyə, Pakistan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan ölkələrinin "muğam" (məkam, məqam, makam, raqa) səviyyəsinə nəzər salmaq kifayətdir. Digər Şərq ölkələrində uzun əsrlər yol keçmiş muğam, görəsən, hansı səviyyədədir? Azərbaycan muğamının hal-hazırki möhtəşəmliyi, emosionallığı o muğamlarda varmı? Bəlkə bizim xəbərimiz yoxdu, geri qalmışıq? Muğamın mənşəyinin bizim xalqla bağlı olduğunu təsdiqləmək üçün əsasən Hindistan, İran, İraq-kərkük, Ərəb və Azərbaycan muğamlarının ifaçılıq üslubunu, onların oxşar-fərqli xüsusiyyətlərini, ad-terminləri, eləcə də onların lüğəvi və etimoloji mənasını, araşdırmaq lazım gəlir.

Dunyanı valeh edən muğamın tarixi, nəzəriyyəsi, ifaçılıq ənənələri hələ də kifayət qədər araşdırılmayıb. Azərbaycan, İran, İraq-kərkük, Ərəb ölkələri, Hindistan, Türkiyə, Pakistan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstanda ifa olunan "folklor" musiqisi, "muğam", "məqam", "raqa", "makam", "makom" adları ilə bu gün Şərq musiqisi adı altında tanınır. Aşkar görünür ki, "məqam", "makam", "makom" eyni mənşəli sözlərdir. Buradan belə bir fikir meydana gəlir ki, Şərq "folklor" musiqisi əsasən üç adda cəmlənir: 1) "muğam", 2) "məqam", 3) "raqa".

Əvvəlcə bu üç sözün etimoloji və lüğəvi mənasını araşdıraq.

1)"Muğam" - çox maraqlıdı, bu sözün etimoloji açıqlaması dəqiq verilməyib. Müxtəlif mənbələrdə yazırlar: "Muğam ərəbcə məqam, yəni, yeni vəziyyət, mövqe, musiqidə səs qatarı, simli alətlərdəki pərdə mənasını verir" və s. (Bunların hamısı yanlış məlumatlardır-Q.Ə.)

2) "Məqam" - ucalıq, an ("elə bir an oldu ki", "elə bir məqam oldu ki", el arasında belə deyimlər var-Q.Ə.), dayanacaq, mövqe, olduğu vəziyyət.

3) "Raqa" - hind dilində "rəng" anlamını verir. Raqa səslənən melodiyanın xüsusiyyətlərinə əsaslanaraq janrın təyin olunmasıdır. Raqanın melodik düzülüşü onun məzmununa tabe olur. Raqaların ifa məqsədi dinləyicilərdə müəyyən əhval və hissləri yaratmaqdır. Məsələn, məhəbbət, şadlıq, nifrət, təəccüb, sakitlik və s. Bəzi raqalar sehrkar əlamətlərə malik idilər, məsələn: yağışı, alovu, küləyi cağırmaq və s.

Biz muğamın tarixini mərhələlərlə araşdırmağı daha məqsədəuyğun hesab edirik:

1) Ayinlər, adət-ənənələr;

2) Şumer dövrü;

3) Zərdüştilik dövrü, muğlar;

4) İslamaqədərki dövr və sonrakı dövr;

5) Din və muğam;

6) Müasir muğamşünaslıqda bəzi problemlər.

Şərq və Qərb musiqisinin hansının daha qədim olduğu həmişə mübahisə mövzusu olub. Bütün xalqlar özünün ənənəvi musiqisinə əsaslanaraq, qədimliyini və əzəmətliyini sübut etməyə calışır. Azərbaycan musiqişünasları da Sovetlər dönəmində, xalqımızın folkloruna müraciət edərkən muğam sənətini misal çəkirlər. Mən dünya xalqlarının folklor musiqisini dinlədikdə, təvazökarlıqdan uzaq olsa da, muğam kimi möhtəşəm dünyəvi musiqi sənətinə rast gəlməmişəm. Onlar muğam sənətinin yanında çox bəsit, bəzən də cılız görünürlər. Muğamı olan xalq əzəmətli, böyük xalqdır, desək, yanılmarıq. Tarixi, yaşı məlum olmayan muğamı dinləyəndə, qeyri-ixtiyarı bir sual insanı düşündürür: Görəsən bu möhtəşəm sənət, əzəldən belə yaranıb, yoxsa sadədən mürəkkəbə doğru, min illər boyu, böyük inkişaf yolu keçib? Mən muğam sənətinin folklora aid edilməsini yanlış sayıram. Muğam ilahi bir musiqidir. El şənliklərində, bayramlarda, dini mərasimlərdə, ayinlərdə muğam üstündə qəzəllər, mərsiyələr, nohələr, qəsidələr, mədhlər ifa olunduğuna görə muğamı folklorşünaslar yalnız adət-ənənə çərçivəsində araşdırmaq məcburiyyətində qalmuşlar. Folklorşünaslar muğam sənətini nəzəri və fəlsəfi yöndən, musiqişünaslar kimi, elmi fundamentallıqla araşdırmaq iqtidarında deyillər. Muğamı muğamşunaslar araşdırmalıdırlar. Demək olmaz ki, bu problem heç araşdırılmayıb. Amma muğam həm nəzəri, həm fəlsəfi, həm də əməli, yəni praktiki səviyyələrdə yeni baxış bucağından araşdırılmalıdır. Hesab edirəm ki, muğam elmi-tədqiqat lobaratoriyaları yaradılsaydı məqsədəuyğun olardı. Sovet ideologiyası, qlavlit, senzura, ateizm buna imkan vermirdi. Artıq biz müstəqil dövlət olduğumuz üçün ciddi araşdırmalar aparıb, obyektiv nəticələr əldə edə bilərik.

Musiqi insan düşüncəsinin, onun təfəkkürünün bədii yaradıcılıqla ifadə vasitəsidir. İnsanlar Tanrını dərk etməyə başlayandan bəri öz düşüncə, təfəkkür və hissləri ilə, şüurlu olaraq həyatı anlamağa başlamışlar. Tanrıya sitayişi özlərinə borc bilmişlər. Adəm peyğəmbər yer üzünə Tanrı tərəfindən göndəriləndən sonra o, yaradana min il səcdə edib, yalvarıb ki, gunahından keçib onu geri - cənnətə qaytarsın. Tanrıya səcdə etmək Adəm peyğəmbərdən insanlara ərməğan qalıb. Bu səbəbdən insanlar özləri üçün müxtəlif adət-ənənələr, ayinlər yaratmışlar. Bu adət-ənənələr, ayinlər sonralar Tanrıya bağlılıqla bərabər digər həyati hadisələrə şamil olunmağa başlandı. Yağış yağdırmaq, küləyi saxlamaq, buludları dağıtmaq, günəşi çağırmaq və b. hadisələrlə əlaqədar ayinlərin meydana gəlməsi ilə insanlar Tanrıya yalvarıb arzularına çatmaq imkanı əldə etmiş oldular. Hətta əziz adamlarını itirəndə də, qəbir üstə və ya məclislər qurub onları vəsf, mədh etmək kimi adət-ənənələr meydana gəldi. Bütün bunlar Tanrıya olan məhəbbət və bağlılıqdan irəli gəlmişdir. İnsanlar bu adət-ənənələrdə, ayinlərdə öz düşüncə və təfəkkürlərini sözlərlə vəsf etməyə başlamışlar.

İnsanlar adət-ənənələrdə, ayinlərdə öz düşündüklərini sözlə ifa edərkən, tədricən özlərinin varlığını unudaraq, adi həyatdakı yaşam tərzində olduğu "hal"dan, müəyyən müddətə (ayinlər bitənə qədər) başqa bir "hal"a düşmüşlər. O "hal"da insan özünü unudurdu. Buna elmi dildə "trans"deyirlər. İnsan öz yaşadığı "dünya"sından çıxıb, "paralel dünya"ya keçir. O sözlər içdən gəldiyi üçün, keçirdiyi hisslər və düşdüyü haldan irəli gələrək, insanın daxili aləminin səsi ilə qovuşaraq, "avaz" formasına transfer olunmuş-çevrilmişdir. İnsanın içindən gələn o "avazlı sözlər" bu gün bəşəriyyətin hələ də dərindən dərk edə bilmədiyi "ilahi musiqi"dir. Bu, o "ilahi musiqi"dir ki, neçə min illər insanların qenetik yaddaşlarında həkk olunub, "qan yaddaşı" ilə bu günə gəlib çatmışdır. Bu, o "ilahi misiqi"dir ki, sadə formadan mürəkkəbə doğru, neçə min illər böyük inkişaf yolu keçərək, bizim bu günki müasir həyatımızda, insanların şüurunda formalaşıb daşlaşmış, "muğam" adı ilə tanınır. Biz bu gün müstəqil Azərbaycanda (Sovetlər dövründə, məlum səbəbdən, deyə bilməzdik-Q.Ə.) böyük cəsarətlə deyə bilərik ki, "muğam" İlahi musiqidir. Musiqi elə muğamın özüdür.

"Bunlara misal olaraq, Dərviş Əlinin muğamat haqqında traktatına nəzər salanda tamam başqa bir mənzərə canlanır. Belə ki, orada muğamın ümumbəşəri musiqi olması qabardılaraq, peyğəmbərlərin həyatı ilə əlaqələndirilir. Hüfuzlu musiqiçilərdən Hacı Abdülqadir ibn-Əbdülrəhman Marağiyə, Hacı Sufəddin Əbdülmöminə və Sultan-Üveysin dediklərinə görə, əvvəlcə daha çox yeddi peyğəmbərin sayı əsasında səkkiz muğam olmuşdur." 1 "Rast muğamı Adəm peyğəmbərdən qalmışdır. O, ilk insanın cənnəti və xamuşluğunu itirdiyi üçün ağlamasını ifadə edir. Üşşaq muğamı insanlığın ikinci atası Nuhdan qalmışdır. Nəva muğamının yaranmasına səbəb Davud peyğəmbər olmuşdur. Hicaz muğamı isə Süleyman peyğəmbərdən qalmışdır. Əraq muğamı ədalətli Yəhya peyğəmbərdən miras qalmışdır. Hüseyni muğamı Yaqub peyğəmbərdən qalmışdır. Buzulik muğamı Baba Ömərdən qalmışdır. Rəhaği muğamına gəldikdə isə bu, Məhəmməd peyğəmbərə Quranın nazil edilməsi zamanlarında yaranmışdır. Belə ki, Məhəmməd peyğəmbər Quranın ayələrini yarı musiqili qaydada Rəhaği muğamı tonunda oxumuşdur". 2

Muğam insanın düşüncə və hisslərinin məhsuludur. El arasında və peşəkarların dilində belə bir deyim var: "Xanəndə muğamı ürəklə ifa edir" və ya "Xanəndənin böyük ürəyi var". Xanəndə ifa etdiyi muğamın hər notunu, qəzəlin hər sözünü düşünub, duyub ifa edir, bu səbəbdən ifaçı muğamı ifa edərkən, özünü unudur. İfa etdiyi qəzəlin mətninə və ifa olunan muğamın şöbəsinə, onun ahənginə uyğun olaraq haldan hala düşür. Əgər Azərbaycanda, xalq ayin və mərasimlərinə nəzər salsaq, görərik ki, orada ifa olunan "ağılar", qədim dövrdə olduğu kimi, "avaz"la ifa olunur. Gəlin əvvəlcə ayin və mərasimlərin növlərinə nəzər yetirək. Azərbaycanlılar türk mənşəli olub, bu torpağın oborigenləri-yerli əhalisidir. Bizim əcdadlarımız sayılan, massagetlər yaşadığı məkanda adət-ənənələr, ayin və mərasimlərə böyük dəyər veriblər. Zaman keçdikcə bu xalqın yaşam tərzinə Zərdüştlik və islam etiqadlarının da böyük təsiri olub. İnsanlar bu ayin və mərasimlərdə Tanrını, öz qəhrəmanlarını, ulularını vəsf etmişlər. İnsanlar öz ölənlərini də ağlayıb, üstündə "ağı" deyiblər. Tanrını, qəhrəmanlarını, hansı "avaz"la vəsf ediblər-bunu təqribən təsəvvür etmək olar. Hər halda o "avaz"la öz ölülərini vəsf edən "avaz" arasında böyük fərq olmalı idi. Təbii ki, şadlıq "avaz"ı ilə matəm "avaz"ının ifa məqsədləri fərqlidi. İnsan sevinəndə musiqinin xarakteri bayram, şadlıq ahənginə bürünür. Matəm "avaz"ının musiqisi ah-nalə, fəryad xarakterində olmalıdır. Hər xalq öz ölüsünü milli özgünlüyündən, xasiyyət və xüsusiyyətlərindən irəli gələrək özunəməxsus şəkildə ağlayır.

Yuxarıda qeyd etdiyimiz kimi, "İlahi musiqi" olan muğam Azərbaycan torpağında (Şimali və Cənubi Azərbaycan bütöv şəkildə nəzərdə tutulur-Q.Ə.), yalnız bu səbəbdən yarana bilərdi.

Dünya xalqlarının özünəməxsus adət-ənənələri, ayinləri var. Yuxarıda adı çəkilən xaqların da adət-ənənələri, ayinləri musiqi ilə müşayiət olunub və bu gün də ifa olunur. Biz adət-ənənələrə, ayinlərə əsaslanan kimi, onlar da öz adət-ənənələrinə, ayinlərinə əsaslanıb deyirlər ki, musiqi orada yaranıb. Bu, hər bir yuxarıda adı çəkilən xalqın danılmaz həqiqətidir. Çox maraqlıdır, dünya xalqları özlərinin dünyasını dəyişmiş əzizlərini necə ağlayıb oxşayırlar? Filimlərdə görürük ki, onlar bizim kimi emosional ağlayıb oxşamırlar, yəni, ağlayıb qışqırır, saçlarını yolur, üzlərini cırmaqlayırlar. Bizdə isə bunlarla bərabər dünyasını dəyişən əzizlərini avazla oxşayırlar, "ağı"lar deyib ağlayırlar. Yuxarıda qeyd etdiyimiz kimi, bizim xalq bineyi-qədimdən bu adət-ənənələri, ayinləri qoruyub saxlayıb, bu günə gətirib çatdırıblar. Yas məclislərində, qəbir üstündə "ağı"lar söyləyirlər. Əsas söhbət "muğam"ın köklərindən gedir. Azərbaycan xalqının məclislərində ağılar, mərsiyələr muğam üstündə oxunur.

Gəlin, muğamın yaranmasının səbəbinə daha dərindən nüfuz etməyə çalışaq. Deyirlər muğam musiqinin bir növüdür. Qeyd etdiyimiz kimi, muğam elə musiqinin özüdür. Onda musiqi nədir? Musiqi sözünün mənşəyini harada axtaraq?

Şumerşünas Tariyel Vəli Azərtürkün "Muğam "şumer" deyilən Azəri türkünün milli mənəvi sərvətidir" kitabındakı bir neçə mənbə bizi dərindən düşünməyə vadar edir: "Dünya ensiklopediyaları "musiqi" sözünün yunanların "movsukos" sözündən yarandığını iddia edir. Halbuki, yunanlar Azəri türksəcincə kökü "müzik" olan isimə kendi "os" şəkilçisini artırmaqla özünküləşdirmiş, onu, sonradan yaranmış Avropa xalqlarına ötürmüşlər. Dediyimiz kəlməyə, sirləri indi-indi açılan gil yazılarında imza qoymuş aşağıdakı yazarlarımızın yaradıcılığında qəti rast gəlinir" 3.

"Çikaru restü tanak (kus), ana Mahər rəksi aratı, hash, hüri arti, ti ti arati, musik kannı". Tərcüməsi: Çıxarı, qalığı azaldıb. Ona (Şimşək Peyğəmbəri Mərduka) qanı müsiqi (ilə yoğrulmuş usta) Mahur rəksi aradı, səs-küy aradı, huri (mələk simalı gözəl) aradı, Ti-ti aradı..." 4.

Tariyel Vəli Azərtürk öz kitabında saz çalan qadının və sinəsində tar çalan kişinin - "Gilqamış" (bəzi mənbələrdə "Bilqamus" kimi qeyd olunur-Q.Ə.) gil lövhələrində, şəklini vermişdir. Babilon torpağında tapılmış, b.e.ə. II minilliyin əvvəllərinə aid edilir və hazırda Britaniya muzeyində nümayiş etdirilir. Baxmayaraq ki, Alan Kendal öz kitabında kişinin çaldığı musiqi alətini ud adlandırmışdır, bu müəllif tərəfindən yanlış fikirdir. Tariyel Vəli Azərtürk yazır ki, "Tarixin heç bir çağında şərq udu uzun qollu olmamışdır. Şəkildə əski ustadın iki çanaqlı tar çaldığına şübhə yoxdur. Alətin ikinci çanağının aşağı hissəsi sağ əlinin altında qaldığından görünmür. Sol çanağın yuxarı hissəsini isə barmaqla birgə ovulub töküldüyü şəkildə açıq-aşkar görünür. Tarın qolunun ucundakı simlərin, tarı saxlayan və kökləyən aşıq yerləri də asanlıqla seçilir" 5.

Tariyel Vəli Azərtürk "Azəri türk Şahları-Tarixi reallıq" kitabında mixi yazılarını araşdırarkən, "şumer" sozunun saxta olduğu nəticəsinə gəlib. O, kitabələrdə yazılan "mixi" yazılarının dilinin Azərbaycan türkcəsinə aid olduğunu əsaslı dəlillərlə sübuta yetirməyə cəhd etmişdir. Bu məsələni tarixçilərin öhdəsinə buraxsaq, daha məqsədəuyğun olar. Biz isə musiqinin, muğamın insan həyatında yaranmasının ehtimal nəzəriyyəsini araşdıraq.

Tarixçilər sübut ediblər ki, Azərbaycanda zərdüştlük dini olub. Dünyada ilk dəfə təkallahlığı qəbul edən, Azərbaycan torpağında yaranan zərdüştlik dininin əsasını qoyan, Zərdüşt peyğəmbər olmuşdur. Orta Asiyanın qədim mütəfəkkir alimi Biruni (973-1048) yazmışdır ki, Zərdüşt Azərbaycandan idi. "Avesta"nın bir çox müddəaları Xəzər (Kaspi) dənizi ilə, habelə azərbaycanlıların yaşadıqları ərazi ilə bağlıdır" 6. Artıq dünya alimləri Zərdüştün Azərbaycanda dünyaya gəldiyini təsdiqləyiblər. "Zərdüşt Azərbaycanda, o zaman Gəzən, sonralar Təxti-Süleyman, (ərəb mənbələrində Şiz) adlandırılan yerdə doğulmuşdur. Məhz buna görə də, zərdüştilərin "Bundəhiş" kitabında Gəzən yaxınlığındakı Urmiya gölü müqəddəs sayılmış, Gəzən şəhərindəki "Azrəxş", ya "Dirəxş" və ya "Azərgəşəsp" adlanan atəşkədə ziyarətgah olmuşdur" 7 Digər mənbədə, Zərdüşt dini və ədəbiyyatı haqqında geniş məlumat verən İ.Purdavud "Qatha" kitabında yazır ki, "Yaqut Həməvi (səyyah-Q.Ə.) hicrətin VII əsrində bu yerdə olmuş və atəşkədəni görmüşdür. Atəşkədənin günbəzinə gümüşdən düzəldilmiş bir hilal ("hilal" təzə doğulan ay-Q.Ə.) qoyulmuş idi" 8. "Avesta"nın özündə (Yasna 9:17) Zərdüştün doğum yeri kimi gəstərilən Ērān Wēj adlı yerin orta əsrlər Arranın müasir dövr Azərbaycan respublikasının ərazisində olması böyük ehtimalla qeyd olunur" 9. Bu mənbələrə müraciətimin səbəbi Zərdüşt dininin Azərbaycanda yaranmasını qeyd etməkdir. Zərdüşt dinini yayanlar muğlar olublar. Muğlar "Avesta" kitabında olan ayinləri dünyada təbliğ etmiş və insanları tək Allahlığa ibadət etməyə çağırmışlar. İbadətlərində müqəddəs kitablardakı "qatlar"ı avazla oxuyarmışlar. Tədqiqatçıların bəziləri Azərbaycan ərazisində atəşpərəstliyin izləri və ünsürlərinin indi də xalq tərəfindən qorunub saxlandığını qeyd edirlər. "Avesta"da hava, torpaq, od və su müqəddəs sayılır. Azərbaycan xalqının adət və ənənəsində, mart ayının 21-də Yaz fəslinin gəlişini milli bayram kimi qeyd edirlər. Məlum olduğu kimi, bayramdan əvvəl, müqəddəs çərşənbə axşamları qeyd olunur. Hava, torpaq, od və su çərşənbələri. "Avesta"da deyilir ki, "Su ilə odun qarışığından müqəddəs bir maye yaranır, onun mənbəyi Xəzər dənizinin dibindədir, o sahilə çıxdıqda yanır, yəni söhbət sadəcə olaraq dəniz neftindən, Xəzərin təkindən çıxan neftdən gedir ki, bu da "Avesta"nın daha çox və ilk növbədə Azərbaycan mənşəli olduğunu göstərir" 10. "Strabon "Gəzən" şəhərinin Azərbaycanın paytaxtı "Genezka" olduğunu qeyd edir" 11. "Zərdüşt 21 yaşında adamlardan uzağlaşaraq guşənişin olmuş və 30 yaşında "Dantiya" çayı (İndiki Araz çayının o dövrdə adı belə imiş-Q.Ə.) kənarında peyğəmbər olduğunu elan edərək, təkallahlığa çağırmağa başlamış və bundan sonra turanilər arasında öz dinini təbliğ etmişdir" 12.

"Avesta 21 kitabdan ibarət olub. Makedoniyalı İskəndərin işğalından sonra üçü, ərəblərin işğalından sonra isə ayrı-ayrı hissələr bu günə gəlib çatmışdir. Zərdüştlük banisinin təlimi qatlar (mahnılar) şəklində şərh edilmişdir" 13.

"Avestanın Makedoniyalı İskəndər tərəfindən yandırılması faktını bir sıra mənbələr, o cümlədən, "Karnameyi Ərdəşir Papakan", "Tanserin məktubu", "Ardavirafnamə" və s. təsdiq edir. Tanserin məktubunda deyilir: "Bilirsənmi? 12 min öküz dərisində yazılmış bizim dini kitabı İskəndər İstəxrdə yandırmışdır. "Ardavirafnamə"də həmin bu fikir təkrar olunur. İbrahim Purdavuda görə də, "Avesta"nın bir nüsxəsi Azərbaycanın Şiz şəhərində olan Azərgəşəsp atəşkədəsində saxlanılırmış" 14. Bu dəhşətli vandalizmə başqa necə ad vermək olar. "Qüdrətli, sivil, böyük mədəniyyətə malik bir xalq"ın övladları digər xalqın, ondan az inkişaf etməmiş bir xalqın mədəniyyətini, mənəviyyatını, dinini məhv etməklə, tarixin, gələcək nəslin şüurlarında nifrət qazanmış oldular.

"Zərdüşt ilk dəfə öz ideologiyasını və təriqətinin qayda-qanunlarını şeir halında təbliğ edirdi. Onun şagirdləri də Zərdüştün nəğmə və dualarına oxşar nəğmə və dualar hazırlayırdılar" 15. Mənbəni diqqətlə oxuyanda görürsən, "Zərdüştün nəğmə və dualarına oxşar" nəğmə və dualar o anlamı verir ki, Zərdüştün sağlığında nəğmə və dualar mövcud idi, davamçıları bu yolu sürdürmüşlər. Musiqi "yerində saymayıb", daim inkişafda olub. Onu nkişaf etdirmək cəhdi, azərbaycanlılarda indi də mövcuddur. Biz muğamı ardıcıl və sistemli şəkildə mükəmmələşdirmək iqtidarında və əzmindəyik.

Zərdüştlüyün mənşəyini araşdıran əcnəbi tarixçilərinin əksəriyyəti onun yarandığı məkan olaraq Xəzər dənizinin kənarını, Kür-Araz ətrafını qeyd edirlər, amma nədənsə oranı "İran" ərazisi və əhalisini isə "iranlılar" kimi qeyd edirlər. Buna sübut olaraq, rus muəllifi L.S.Vasilyevin "İstoriya reliqiy Vostoka" kitabındakı (10-cu bənd) "Dualizm drevnix İrantsev i Zoroastr" başlığı altındakı (səh. 210-263) yazını misal göstərmək olar.

"A.Kristensen göstərir ki, "qaranlıq otaqlarda oddan olan od şölə çəkir, arxasında isə metal alət bərq vurur, ruhanilərin uca və bəzən bəmdən ürəyə yatan zümzümələri eşidənləri ehtizaza gətirir, istər-istəməz özünə cəlb edirdi" 16. Baxın, həmin bu məbədlərdə, muğamların ozülü qoyularaq, inkişaf etdirilmışdir.

Ə.Dehxudanın "Lüğətnamə" kitabı ən mükəmməl, möhtəşəm sayıldığı üçün fars və dünya alimləri çox suallara burda cavab tapırlar. Mən də muğlar haqqında məlumat üçün bu mənbəyə müraciət etmək qərarına gəldim. "Muğam sənəti miladdan əvvəl IX-X əsrlərdə muğlar tərəfindən ifa olunub. Kökü şumer mədəniyyətindən əxz olunub" 17. İlya Məhərrəmi yazır ki, "Muğam sözünün kökü "muğ" sösündən götürülüb. Məzhəbi din ayinləri musiqi, avaz və ritmlə icra olunurdu. Zaman keçdikcə, inkişaf edərək, formalaşaraq, indiki muğam səviyyəsinə gəlib çatmışdır" 18. Bu mənbələr bizə əsas verir ki, muğamın Azərbaycana aid olduğunu iddia edərək və "muğ" sözündən "muğan", "muğam" sözlərinin yaranması qənaətinə gələk. "An" şəkilçisinin məkan adlarına əlavə edilməsini bir ehtimal kimi qəbul edə bilərik. Məsələn, "Tur-an", "ar-an", "muğ-an", "Gəz-ən" (Zərdüştün doğulduğu şəhər-Q.Ə.) "Türk-an" və s. Bəlkə, "muğ-am" sözündə "am" şəkilçi, cəm şəkilçisi kimi qəbul olunmalıdır. Məsələn, "kəlam" sözü "kəlmə" sözünün cəmidir. Bir "kəlmə" bir "söz" anlamını verir. "Kəl-am" cümlədə bir neçə sözdən əmələ gəlir. El arasında belə bir deyim var: "Filankəsin yaxşı kəlamları var". "Muğ-am" sözü, bəlkə də muğların bir yerdə ifa etdiyi ibadət "avaz"larının cəm formasıdır. Zərdüşt tarixini araşdıran alimlər hələ çox sirlərin üstünü açmalıdırlar.


1. "Milli estrada sənətinin yaranması və təşəkküıü"., Q.Əlilicanzadə., Bakı., 2012., nəşr., s. 107
2. "Среднеазиатский трактат по музыке дервиша Али"(XVII век).., Семенов А.А., Ташкент, 1946, 87 с.
3. "Muğam "şumer" deyilən Azəri türkünün milli mənəvi sərvətidir"., Tariyel Vəli Azərtürk., SİETL., ABŞ., 2001.,s. 4
4. "Muğam "şumer" deyilən Azəri türkünün milli mənəvi sərvətidir"., Tariyel Vəli Azərtürk., SİETL., ABŞ., 2001., s. 57-58
5. "Muğam "şumer" deyilən Azəri türkünün milli mənəvi sərvətidir"., Tariyel Vəli Azərtürk., SİETL., ABŞ., 2001., s. 5
6. "Avesta"dan bu günədək", .F. Qasımzadə., T. Hacıyev., ASSR maarif nazirliyinin mətbəəsi., 1982, üm.s. 51., s.6.
7. "Avesta" Birinci kitab., Fars dilindən tərcümə edəni İlyas Şəms., Bakı., Azərnəşr., 1995, s. 8
8. "Qatha"., İ. Purdavud., Bombey., 1927., 1 nəşr, s. 22
9. http://az.wikipedia.org/wiki/zərdüşt
10. "Avesta", A.O. Makovelski, Bakı, 1960 (rus dilində), s. 34
11. "Tarixe İran əz ağaz ta inqiraze Qacariyyə", I hissə, s. 253
12. "Tarixe İran əz ağaz ta inqiraze Qacariyyə", I hissə, s. 254
13. "Avesta"dan bu günədək", F. Qasımzadə., T. Hacıyev., ASSR maarif nazirliyinin mətbəəsi., 1982, s.6
14. "Atropatena" (e.ə. IV- e. VII əsr), Abdulla Fazili, Bakı, "Elm" nəş, 1992, s. 142-143
15. Orada, s.145
16. Artur Kristensen. İran dər zaman-e Sasaniyan, Tehran, 1345, s. 76.(R. Yasəminin tərcüməsi)
17. "Lüğətname"., Ə.Dehxuda., Tehran., Tehran Universiteti, Ədəbiyyat və Humanitar fənlər İnstitutu nəşriyyatı., çap 1956-1979-cu illər.
18. "Muğamın formalaşması tarixçəsi", İlya Məhərrəmi, http: // iylyia 84. blogfa. com/post-13. aspx