"Musiqi dünyası" № 2 (67) 2016
Article №3; 7610 - 7618 pр.
Ləman Leiba. Cəngi və 战歌 PY [zhàngē] / [cənqı] : Azərbaycan və Çin hərb musiqisində eyni janr və iki ölkənin hərb ənənələrinin təcəssümü kimi
Text PDFAzərbaycan ərazisinin, xalqımızın əzəli torpaqlarının daim yadelli qəsbkarlar tərəfindən, o cümlədən, imperiya və xilafət kimi dövlətlər tərəfindən tarix boyunca ayrı-ayrı istiqamətlərdən işğalı üçün cəlbedici məntəqə olması milli hərb musiqimizə təsirsiz ötüşməmişdir. Vətən torpağını canımızla sevməyimiz daim döyüş öncəsi və döyüş sonrası, hətta döyüşə gedərkən belə özünü göstərib və döyüşlər musiqi, zərb və savaşa ruhlandırıcı mahnı, döyüş rəqsləri, sonralar da aşıq saz havaları ilə müşayiət olunub. Bunun nəticəsidir ki, günümüzdə də qədim hərb musiqimiz qorunur, həm köhnə və həm də yeni tərzdə ifa olunur, müasir hərb musiqimiz isə inkişaf edir. Qədim hərb musiqisi irsimizin ən əzəmətli və qulağa çarpan janrı isə Cəngidir. Məhz o cəngi ki, zorxanalarda pəhləvanların nümayişanə güləşi, cıdır düzlərində isə at yarışlarını müşayiət edən uca səsli zurnaların sədaları ilə yaddaşlara keçib. O cəngi ki, Azərbaycanın unudulmaz bəstəkarı Üzeyir Hacıbəyli onu Avropa bəstəkarları etdiyi ilə bərabər səviyyədə orijinal mövzulara müstəqil əsər kimi təqdim edib. (Məsələn, Şopenin "Hərbi" polonezləri.)
Çində hərb musiqisinin tarixi olduqca qədimdir. Çin də qədimdən bəri düşmən təcavüzü, müharibələr və savaşlar görmüşdür. 5 qüdrətli hökmdardan Qədim türk dilində Sarı xan, Çin dilində 黄帝[huáng dì] kimi tanınan Çin hökmdarının yadigarı Çin dövlətinin bu gün dünyada qüdrətli ordusu, əzəmətli hərb musiqisi var.
Bildiyimiz kimi, hərb musiqisi əsrlər boyu döyüşlərdə bəzən düşməni qorxutmaq və daha çox digər hallarda döyüşçüləri ruhlandırmaq üçün istifadə olunan və hər bir dövlətin ordu idarəçiliyi, ordu sıralarının nizam-intizama alışdırılması, intizam tədrisi, əsgərlərin və zabitlərin hərbi və estetik tərbiyəsi, ən nəhayət, ümumiyyətlə, bütün vətəndaşların vətənpərvərlik tərbiyəsinə xidmət edən musiqidir.
Hərb musiqisinin əsas janrı marşdır (sıra, görüş ,yürüş marşları və s.). Lakin marş Qərb termini kimi Şərq ölkələrinin musiqi terminologiyası lüğətlərinə nüfuz etmişdir. Məlumdur ki, marş sözü demək olar ki, bütün Avropa xalqlarının dilində eynidir, musiqidə fransızca marche [marş] ("yürüş") və italyanca marcia [marça] (irəliyə hərəkətlə addımlamaq") sözlərinə əsaslanaraq, ümumi qəbul olunmuş termindir. Bir musiqi janrı kimi, marş ilk öncə, instrumental musiqidə orduda döyüşçü sıralarının hərəkəti, təntənə və zəfər yürüşlərini nizamlamaq zərurətindən əmələ gəlib.
Bu musiqi termini öz kökünü hansı sözdən götürür? Cavab çox sadə: Mars planeti. Marş sözü qədimdən bəri astronomik inanclarla sıx bağlıdır. Bəli, həqiqət ondan ibarətdir ki, Marş sözünün kökü Mars planetinin adına söykənir.
Çünki Mars əzəldən Döyüş İlahı, Döyüşçü Kişini təcəssüm etdirir. Qədim Romanın Əsas Allahlarından biri Mars idi, sonradan, Qədim Yunan mifologiyasına Ares adı ilə nüfuz etmişdi. Roma təqviminin 1-ci ayında Qışın qovulması mərasimlərinin keçirilməsi sonradan Mart ayının adının meydana çıxmasına səbəb oldu. Lakin mart ayı ilin ilk ayı kimi yalnız e.ə. 153-cü ildə qeydlərdə izlənilir. Mars çölü və ya Campus Martius adlanan Mars məbədi isə Tibr çayının sol sahilində inşa olunmuşdu və burada hərbi və gimnastik məşqlər, eyni zamanda, Marsa sitayiş ayinləri icra olunurdu. Və qədim marşlara, hərbi yürüşlərin mənzərələrinə, məhz Qədim Yunan və Roma mənbələrində, abidələrində rast gəlinir.
Azərbaycanda Mart ayı Novruz bayramı ilə səciyyələnir. Məhz Novruz və onun Çərşənbələri-4 ünsürün – Su, Od, Hava, Torpaq— onlar təkcə təbiətin yenilənməsini, yenidən doğuluşunu deyil, həm də Marsın təsiri altında İnsan cisminin ibarət olduğu biokimyəvi proseslərin yenilənməsindən bizə bəhs edir. Əslində, Novruz öncəsi Çərşənbələr həftənin üçüncü yox, ikinci günü qeyd olunur. Əvvələr əcdadlarımız həftənin ikinci gününü Duz adlandırardılar. İngilis dilindəki Tuesday kəlməsi Qədim ingiliscə Tiwesdæg, Orta əsrlər İngiliscəsində Tewesday kimi təqvimdə göstərilirdi ki, onun da mənası Şimal mifologiyasında "Tivin günü", Tiv və ya Tiyrin günü kimi izah olunur ki, o da Şimal mifologiyasında əlbəyaxa döyüş, qələbə və qəhrəmani təntənə Allahı idi. Tiv həm də interpretatio germanica mətnində Marsın digər adı idi və çərşənbənin adı həmin mətndə dilində dies Martis adlanırdı. Ölmüş türk koibal ləhcəsində Mart ayının adı Kanh/Kan idi ki, o həm qan, həm də qaynayan polad mənasını verirdi (Qandəmir/Qantəmir kişi adı bu kökdən gəlir). Çin dilində isə Mars "Alov ulduzu" mənasında 火星PY [huŏ xīng]/[ huo shinq] adlanır ki, burada da 火[huŏ] alov, od mənasını daşıyır. Qədim inanclara əsasən, Mars Qırmızı İsti Alov, Qəzəb, Qan, Kişi Gücünü təmsil edir. Lakin bu qüvvələr yalnız tarazlıqda insan cismində və ruhunda həmahənglik təmin edir. Beləcə, ərazini və əzizlərini qorumaq uğrunda döyüşmək qüvvəsi hər bir kişi məxluqunda mövcuddur. Kişiyə musiqi vasitəsilə neyroloji səviyyədə təsir etmək isə ən həssas məqamdır. Bu səbəbdəndir ki, orduda kişilər, məhz, marşın ritmi və sədalarına tabe olaraq, ruhlanaraq, hədəfə diqqət cəmləyərək, irəliləyir.
Qədim mətnlərə nəzərən Gözəllik ilahəsi Venera Marsı sevirdi, lakin onlar öz eşqini digər Allahlardan sirr saxlayıb yalnız gecə görüşürdülər və Mars bu zaman nökəri olan Alektriona ayıq olub, Günəş qalxmazdan öncə onu çağırmasını tapşırırdı. Bir gecə Alektrionu yuxu tutur və o Günəşin qalxmasından Marsı xəbərdar etməyə çox gecikir. Apollon özünün səmada sürdüyü was caught them in a net of steel, and thus held them prisoner. As soon as he was arabasından onları görür Alov İlahı Vulkana onları polad tora salmağı əmr edir və beləcə Marsla Venera həbs olunur. Lakin Mars azadlığa çıxan kimi borcunu yerinə yetirə bilməyən Alektriona qəzəbli olduğundan, onu xoruza çevirir, təsərüffata qovub hər sübh tezdən Günəşin doğmasını car çəkməyi, banlamağı əmr edir.
Beləliklə, biz daha bir həqiqəti aydın etmiş olduq: Novruz bayramında xoruz döyüşləri Alektrionun taleyi hekayətinin imitasiyasıdır.
Digər mətnə əsasən, Mars Roma şəhərini öz himayəsi altına götürür və deyilənə görə, vəba zamanı cənnətdən yerə onun şəhəri həmişə qoruması işarəsi kimi bir qalxan göndərir. Romalılar qalxanın oğurlanmasından qorxurdular, buna görə 11 başqa qalxan düzəldirlər ki, yalnız Mars məbədində onların keşiyini çəkən kahinlər hansı birinin cənnətdən gəldiyini deyə bilsinlər. Həmin kahinlər Salii adlanırdılar, çünki onlar Mart ayında Roma şəhərinin küçələri boyunca qalxanları daşıdıqları yürüş mərasimində döyüş rəqsləri edirdilər.
Bəs Cəngi? Bu, Mars məbədində kahinlərin oynadığı həmin rəqsdirmi? Pəhləvanların Cəngi sədaları altında əllərində tutduqları Səng həmin qalxanlardırmı?
Azərbaycan Cəngisinin mənşəyi, Marşla eyniliyi və fərqliliyi, onun bugünkü statusu.
Azərbaycan dilində Cəngi rəqsinin adının mənşəyi bu günə qədər yerli dilçi mütəxəssislər tərəfindən tam açıqlanmasa da, bir çox musiqi nəzəriyyəçilərimiz tərəfindən yürüdülən nəzəriyyələrlə rastlaşırıq. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə Cəngi aşağıdakı kimi izah olunur: "Qəhrəmanlıq və cəngavərlik ruhunu ifadə edən gümrah və şən musiqi əsəri. (Qeyd: rəqs yox,əsər!) Cəngi pəhləvanlar yarışında da (pəhləvani), cıdır düzündə də çalınır. Bir qayda olaraq, zurnaçılar dəstəsi tərəfindən ifa olunur.Ölçüsü 2/4 – dir." Zemfira Səfərovanın S.Urməvi, Ə.Marağayi və M.M.Nəvvabın risalələri əsasında tərtib etdiyi "Qədim Azərbaycan musiqi terminləri lüğəti"ndə də Əfrasiyab Bədəlbəylinin tərifini istifadə edir. Abbasqulu Nəcəfzadə isə özünün daha çox şəxsi nəzəriyyəsinin yer aldığı "Çalğı alətlərimiz" adlı kitabında "Cəng" sözünün dilimizə fars dilindən keçməsi və "vuruş, döyüş, dava" mənalarından tərcümə edildiyini vurğulayır. Özü də bu sözü yataq sazlar ailəsindən olan cəng alətinə də aid edir. Halbuki, həmin Cəng adının kökü qədim Türk dilində, türk ləhcələrində və Çin dilində tamam başqa cür izah olunur. Onu da qeyd etmək yerinə düşər ki, cəng alətinin Çində də prototipi var və onun adı 筝 [zhēng]/[c(j)ıanq], tələffüzlə bərabər, alətin forması və quruluşu ilə, demək olar ki, eynidir.
Azərbycan dilindəki Cəngi sözünün etimologiyasını araşdırarkən Qədim Çin tarixinə və Çin dilinə nəzər salmalıyıq. Bilirik ki, tarixdə Çin dilini ayrı-ayrı dil qruplarına aid etmək istəyən bir çox nəzəriyyələr olub. XIX əsrin Avropanın tanınmış filoloqu və Şərqşünası Maks Müller türk və Qafqaz dillərini aid etdiyi "Turan dillər ailəsi" nəzəriyyəsini irəli sürmüş və təbliğ etmişdir. O həm də Çin dilinin Turan dillər ailəsinin Şimal və ya Cənub qollarına aid olması barədə fikirlərlə çıxış etmişdir. Daha sonra Sergey Starostin Sino-Qafqaz nəzəriyyəsini yürütdü. Hazırda mübahisələr və əks mövqedə duran tədqiqatçıların artması üzündən "Turan dillər qrupu və ailəsi" termini sıxışdırılıb istifadədən çıxmışdır. Lakin Çin dilini öyrənən türk xalqlarının nümayəndələri, şübhəsiz, Çin dilində də Türk/Turan dil ailəsi üçün ümumi köklü və eynimənalı sözlərə rast gəlir. Deməli, bu nəzəriyyənin özünü dirçəltməsi labüddür. Azərbaycan dili həm Türk, həm də Qafqaz dillər qrupuna aid olduğu üçün Çin dili ilə ortaq nöqtələrə malikdir və müqayisəli elmi araşdırmalara çox əminliklə yol aça bilər. Odur ki, cəmi bir musiqi termininin bu iki xalqın dilində eyni olmasının aşkarı hələ yaxşı başlanğıcdır.
Çin musiqisində 战歌 PY [Zhàngē] / [c(j)ənqı] kimi bilinən bu musiqi termini eynilə hərbi ruhlu musiqi əsərlərini, hərbi marş və əxlaqi-tərbiyəvi, vətənpərvər döyüş mahnılarını təcəssüm etdirir. Çin dilində bu söz iki müstəqil sözün / heca (sillabik sözün) birləşməsindən əmələ gəlib. Birinci söz—战 [zhàn] ,yəni [cən] Çin dilində əvvəllər ov, ovçuluq bildirsə də, sonradan döyüş, savaş mənası daşımağa başlamışdır, 歌[gē]/[qı] isə mahnı,nəğmə oxumaq deməkdir.
Qədim, ənənəvi Çin yazı sistemində 战[zhan]cən 戰 şəklində yazılırdı.Bu ieroqlifin sol hissəsində 单PY [dān]/[dən], [chán]/[çən] və [shàn]/[şən] kimi oxunan sözü olub tək, yeganə, fərdi, bir mənasını ,eyni zamanda ovçuluq alətinin təsviri, sağ hissədə isə 戈[gē]/[qı], qədim xəncər-balta mənasını bildirirdi. Sonradan, sadələşdirilmiş yazı sistemində 战[zhan] qəbul olundu ki, burada sol hissə 占 [zhàn] hərbi qüvvənin müdaxiləsi, təcavüzü və eyni zamanda fonetik elementi ifadə edir.
Cənginin kökündə duran 战[zhàn] "Cən" sözünə biz "Döyüşən dövlətlərin strategiyası" (戰国策[zhàn guó cè]/ [cən quo tsı]) adlı qədim Çin mətnlərində rast gəlirik. Həmin mətnlər "Döyüşən dövlətlər dövrü"ndə e.ə. V-III əsrləri əhatə edir.
İkinci söz 歌[ge]/[qı] olub , iki mənada işlənir: 1) isim-mahnı,nəğmə 2) fel-mahnı oxumaq. Söz ilkin olaraq ,eləcə ,mahnı oxumaq mənasını daşıyırdı. Sümük-orakul çanaq və bürünc üzərində oyma yazılarda bu, 言[yán]/ [yən], yəni nitq, və可 [kӗ]/[kı], balta və ağız, yəni odunçuların odun doğrayarkən qoşduqları əmək nəğmələrini təmsil edir. Möhür çap və əlyazmalarda isə bu sözün əvvəlində欠 [qiàn]/ [çiyən], başını qaldırıb əsnəyərək oxuyan adam şəkli görünür. Və daha sonra qoşa balta və ağız 哥[gē]/[qı] fonetik element kimi odunçuların əmək nəğmələrini göstərir. Xatırlayaq ki, sümük -orakul çanaq oyma yazısı e.ə. 1500-1250-cü illərə təsadüf edir ki, bu da Çin ərazisində Şanq sülaləsinin hakimiyyəti dövrünə (商), e.ə. 1500-1046-cı illər) aiddir.
Həm də yadımıza salaq ki, Azərbaycan dilində təkcə Cəngi deyil, həmçinin Diringi (Dirəngə) musiqi termini var ki, onun da sonluğunda şəkilçi kimi düşünülən Gi Çin dilindəki 歌[Gē] [qı] –mahnı sözünün eynisidir.
Deməli, vacib fakt odur ki, Cəngi sözü əsla fars dilindən götürülə bilməzdi. Yazılı mənbələrin tarixi buna sübutdur. Ənənəvi Çin cənqılarından biri 新旅 战歌 [xīn lǚ zhàngē]/ [shin lü cənqı] – "Yeni qoşun dəstəsinin cənqısı"nı göstərmək olar. Onun müşayiətinə Çin zərb alətləri-qonq, nəfəs aləti- suona xarakterikdir.
Müasir dövrdə Çin hərb musiqisində cəngi/cənqı janrında çoxlu sayda əsərlər vardır. Hətta, cənqının alətləşdirilməsi hərbi orkestr çərçivəsilə məhdudlaşmayaraq, elektron musiqi alətləri— rok üslubu üçün xarakterik olan müxtəlif səslənmə çeşidli elektrogitaralar və zərb alətləri istifadə olunur. Çin kino və animasiya filmləri musiqisində cənginin xüsusi yeri var, belə ki, Çin tarixi epik dramlarda, cizgi filmlərində cənqı marş və təntənəli, zəhmli himn səviyyəsinə çatıb.
Ən son bəstələnən Çin cənqılarından biri 强军战歌[qiáng jūn zhange]/ [çianq cün cənqı], yəni "Güclü ordunun cəngisi" əsəridir. Bu döyüş mahnısını 2013-cü ildə gənc bəstəkar və şair Vanq Siaolinq yazmış və tezliklə bütün Çin ordusu bu cənqını oxumağı öyrənmişdir. Əsərin solist ifaçısı Çin Xalq Azadlıq Ordusunun fəxri qvardiyaçısı, həm xalq mahnıları və həm də hərbi marşları ustalıqla oxuyan Yan Veivendir. "Güclü ordunun cənqısı" 2015-ci il, 3 sentyabrda Pekində Tiananmen meydanında Çin xalqının Anti-Yapon müharibəsi və İkinci Dünya Müharibəsinin—faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş təntənəli paradda minlərcə əsgərin ifasında daha möhtəşəm səslənmişdir. Və əlbəttə ki, həmin cəngi də Mars-C-Do tonallığındadır. Əsərin geniş nəfəsli zəngin səslənən melodiyası,həyəcanlı ifa silahlı və polis qüvvələrinin əsgər və zabitlərinin güclü ordusunun amalını daim fikrində saxlaması Vətənə məhəbbət və orduya sədaqətə möhkəm inam hissinin aşılanması və bu hissin qüvvətli ifadəsi ilə seçilir.
Cənginin Marsla əlaqəsindən qısaca söz açsaq, Üzeyir Hacıbəylinin fortepiano üçün "Cəngi"sini göstərmək kifayətdir. ("Döyüş", 1942). "Cəngi" pyesinin formasında hər bir hissənin müstəqil lad-məqam istinadına nəzər salaq: A-"Do" əsas tonlu "Cahargah" və B-"Do" əsas tonlu "Re" Mayəli "Şur" ladı və nəhayət , A-nın təkrarı. Nədən Üzeyir bəy "Do" əsas tonlu "Cahargah"ı seçsin? Cavab çox sadə: Mars (Döyüş İlahı) və "Do" !
Amerika musiqişünası Henri Edvard Krehbielin 1891-ci ildə çap olunmuş "Çin musiqisi" adlı məqaləsi Çin musiqişünaslığında lad-tonal prinsiplərə aydınlıq gətirir.
İmperator Kanqshinin [Kangxi] 1680-ci ildə dərc etdirdiyi məşhur "Lüğət"ində Çin musiqisində lad-tonal sistem barədə və burada əsas 5 tonun xasiyyəti və simvolizə etdiyi məqamlar barədə faydalı məlumat verilmişdir. Bunun əsasında deyirik ki, Do – C— Çin 工尺[gōngchӗ] ənənəvi notasiya sistemində adı yeni tələffüzlə 尺[chӗ] [çı]dır, simvolik hakimiyyət ierarxiyasında "Dövlət işləri naziri" olub, Marsdır, xasiyyətləri isə: Cəld və Enerjili, 5 duyğu üzvlərinə görə: Hiss-Ürək, Görmə/Rəng: Qırmızı, Dad:Acı, Üfüqün cəhəti:Cənub, Təbiət:İsti Yay fəsli. Əbəs deyildir ki, "Do" –C tonu Ürəyi simvolizə edir. Ürək nəbz, nəbz isə ritmin əzəlidir. Müasir Marşda dəqiqədə 120 zərb olur ki, bu da əsgərlərin bir dəqiqədə 60 addımının sayıdır. Əlbəttə, Mars—C—"Do" fenomeni haqqında daha geniş yazmaq olar. Bu, başqa məqalənin mövzusudur. Biz bu məqalədə yalnız Cənginin mənşəyi Do-nun İnsana, Kişiyə, Əsgərə təsiri barədə və Cəngi/Cənqı vasitəsilə uzaq iki xalqın hərb ənənələrini birləşdirən məqamlar haqda yığcam da olsa, faydalı məlumat verməyə çalışdıq.
Yekun: Azərbaycan musiqisində Cənginin hazırkı statusu çox yüksəkdir. Əfrasiyab Bədəlbəylinin vurğuladığı kimi, Cəngi bir musiqi əsəri növüdür. O, həm instrumental, həm vokal-instrumental tərkibdə yazıla bilər. Bununla, Cənginin mahiyyəti daha da genişlənir. Müasir dövrdə yazılan Azərbaycan Cəngilərindən Aqşin Əlizadənin və Cəmil Əmirovun "Cəngi" əsərlərini göstərmək kifayətdir. Bu Cəngilərdə ənənəvi Cəngidən fərqli alət tərkibi (Aqşin Əlizadənin "Cəngi"sində kamera orkestri və Cəmil Əmirovun "Cəngi"sində zəngin perkussiya-zərb ansamblı), həm poliritmik, həm də polistilistik cizgilər sezilir. Amma bununla yanaşı, Azərbaycan musiqisində yazılan hər bir vətənpərvərlik mahnısını da "Marş" yerinə Cəngi adlandırmaq olar. Çünki Çində onun adı 战歌-Cənqı, yəni Cəngidir.
MƏNBƏLƏR
Azərbaycan dilində :
1. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı, Şərq-Qərb,2006. ISBN10 9952-34-023-0/ ISBN13 978-9952-34-023-5. səh. 404.
2. Bədəlbəyli Əfrasiyab . İzahlı monoqrafik lüğət. Bakı, Elm, 1969. Cəngi—http://lugat.musigi-dunya.az
3. Nəcəfzadə Abbasqulu. Çalğı alətlərimiz. Bakı, 2004. ISBN—9952-29-045-4 səh.20-21
4. Səfərova Zemfira. Qədim Azərbaycan musiqi teminləri lüğəti. (S.Urməvi,Ə.Marağayi və M.M.Nəvvabın risalələri əsasında). Bakı, "Təbriz" , 1997. səh. 51.
Rus dilində :
1. Радлов В.В. Опыт словаря тюркских наречий. Том II. Часть I. С.-Петербургъ, 1899. стр.80.
İngilis dilində:
1. www.nasa.gov
2. Krehbiel H.E. Çin musiqisi. "The century" jurnalı, yanvar,1891. səh.455 www.unz.org
3. Bağırova Maya , Məmmədov Emin. "Qədim və Orta əsrlər Azərbaycanın idman tarixindən" www.irs-az.com "İrs" jurnalı. 1(20) , yaz, 2015. Səh. 36-43.
4. Döyüşən dövlətlərin qeydləri.Çin dilindən tərcümə: B.S.Bonsall http://lib.hku.hk/bonsall/zhanguoce/index1.html
5. George "van" Dreim, Handbuch Der Orientalistik, Brill Academic Publishers, 2001. Pp 335-336. (Alman dilində)
Çin dilində :
1. 战歌[Zhàn gē] http://cidian.911cha.com/ (online lüğət)
战歌[Zhàn gē] www.chazidian.com战歌 zhàngē [war song] 鼓舞士气富于战斗性的歌曲 (online lüğət)