"Musiqi dünyası" № 2 (67) 2016

Article №3; 7631 - 7648 pр.
Ariz Abduləliyev. Dmitri Şostakoviçin yaradiciliq bioqrafiyasina dair yeni sənədlər
Ariz Abdulaliyev. New documents about Dmitriy Shostakovich's creative biographu
Ариз Абдулалиев. Новые документы о творческой биографии Дмитрия Шостаковича
Text PDF

Dmitri Dmitriyeviç Şostakoviçin bəstəkar yaradıcılığı və pedaqoji fəaliyyəti Azərbaycan musiqi incəsənəti ilə bağlı olmuşdur. Dahi bəstəkar və pedaqoq ilk növbədə Azərbaycanın musiqi tarixinə, bəstəkarlıq məktəbinin inkişafına, müasir musiqi incəsənətinə Qara Qarayev və Cövdət Hacıyev kimi qüdrətli şəxsiyyətləri bəxş etmişdir. Azərbaycanın çox görkəmli bəstəkarlarından Soltan Hacıbəyov və Elmira Nəzirova da D.D.Şostakoviçdən bəstəkarlıq dərsləri almışlar.

Dmitri Şostakoviçin özünəməxsus yaradıcı dəsti-xətti, melodikası, musiqi dili, kamera və simfonik əsərlərinin üslubiyyatı, orkestrovkası və orkestr dramaturgiyası, forma və bədii məntiqi, bəstə texnikası tələbələrindən Q.Qarayev və C.Hacıyevin yaradıcı təfəkkürünə, onların fərdi üslubunun formalaşmasına, həmçinin bir çox Azərbaycan bəstəkarlarının yaradıcılığına təsir göstərmişdir.

Onun öndə Üzeyir Hacıbəyli olmaqla, Azərbaycan bəstəkarları, dirijorları və musiqiçiləri ilə yaradıcılıq münasibətləri və dostluğu, Bakıya mütəmadi səfərləri, Üzeyir Hacıbəyovun və Azərbaycan bəstəkarlarının əsərləri haqqında dəyərli fikiləri və rəyləri, bəstəkarlıq məktəbinə müsbət və diqqətlə yanaşması, öz əsərlərinin Bakıdakı ifasına yüksək qiymət ver məsi - bütün bunlar dahi bəstəkarın həyat və yaradıcılıq bioqrafiyasnın ayrılmaz səhifələrdir.

D.D.Şostakoviçin şəxsiyyəti, alicənablığı, həyata, insanlara, musiqiyə, tələbələrinə, dostlarına, yaradıcılığa, konsertlərə, əsərlərə münasibəti, yaşadığı hisslər və düşüncələr bütün ali səmimiyyəti və açıqlığı ilə məktublarında ifadə olunmuşdur. Bu dahinin bioqrafiyasında Azərbaycan musiqi mədəniyyəti ilə əlaqələrinin bir faktı da onun Azərbaycan bəstəkarlarına - Ü.Hacıbəyliyə, Q.Qarayevə, C.Hacıyevə, S.Hacıbəyova, A.Məlikova, E.Nəzirovaya, İ.Hacıyevə, Azərbaycan Bəstəkarlar İttifaqına, siyasi rəhbərlərə məktubları və avtoqraflarıdır. D.D.Şostakoviç Bakıya səfərlərində də, canlı ünsiyyətində də, məktublarında da, tədbirlərdə və görüşlərində də Azərbaycan musiqi incəsənəti ilə ciddi maraqlanmış, onun inkişafını və hər bir nailiyyətini izləmiş, münasibətini bildirmiş, öz ustad məsləhətlərini və rəylərini əsirgəməmişdir. Fəxarətlidir ki, Qara Qarayev və Cövdət Hacıyev dahi bəstəkar və müəllimə həsr etdikləri məqalələrində onu Ü.Hacıbəyovdan sonra Azərbaycan musiqisinin ən yaxın dostu, qayğıkeş himayədarı adlandırmışlar. [10].

D.D.Şostakoviçin əsərləri Azərbaycanda həmişə ifa olunmuş, həmişə böyük maraqla və sevgi ilə dinlənilmiş və əlbəttə, həmişə yüksək qiymətləndirilmişdir. Dahi bəstəkar və müəllimin bioqrafiyasında Azərbaycanla bağlı səhifələr, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri, həyatı və yaradıcılığı haqqında Azərbaycan bəstəkarları, musiqişünasları, ifaçıları, ziyalıları tərəfindən çox maraqlı xatirələr, publisist məqalələr, elmi-tədqiqat işləri yazılmışdır. [1; 2; 5; 6; 7; 8; 10; 11; 17; 18; 19; 20; 22].

Dahi bəstəkarın əsərlərinə Azərbaycanın musiqiçilərinin, musiqi kollektivlərinin repertuarında və musiqi-tədris müəssisələrində həmişə müraciət olunur. Onun əbədiyaşar musiqisi həmişə öyrənilir, səslənir, öyrədilir və alqışlanır. Məsələn, bir qədər yaxın tarixə müraciət edək. 1996-cı ildə Bakı Musiqi Akademiyası və Azərbaycan Rus İcması tərəfindən birgə layihə kimi BMA-da D.D.Şostakoviçin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə konsertlər və elmi konfrans həyata keçirilmişdir. [6]. 2006-cı il, 20-26 fevralda "Azərbaycanda Rusiya mədəniyyəti ili" çərçivəsində Heydər Əliyev Fondunun layihəsi və təşkilatçılığı, M.Rostorpoviçin təşəbbüsü ilə həyata keçən və D.D.Şostakoviçin anadan olmasının 100 illiyinə həsr olunan Beynəlxalq Şostakoviç Festivalı dünyanın musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, Azərbaycan və Rusiya mediası festivalın açılışı, konsertləri, iştirakçıları, D.Şostakoviçə həsr olunmuş elmi konfrans haqqında informasiyalar yaymışlar. Bu möhtəşəm incəsənət bayramının dəyəri bir də bundadır ki, əvvəldən sona qədər D.D.Şostakoviçin kamera, vokal, simfonik əsərləri, simfoniyaları, operalarından hissələr Azərbaycanın və Rusiyanın müfuzlu musiqi kollektivləri və musiqiçiləri tərəfindən ifa olunmuşdur. Festivala dahi bəstəkarın və Azərbaycan musiqisinin yaxın dostu, Heydər Əliyev Ordenli M.Rostropoviç də qatılmış, festivalın prezidenti missiyasını yerinə yetirmiş və yubilyarın simfoniyalarına dirijorluq etmişdir. [9; 12; 17; 23]. 2015-ci ilin sonlarında Beynəlxalq Şostakoviç Fondunun layihəsi əsasında Byana şəhərində "Şostakoviç-Qarayev-Əlizadə" proqramı ilə konsertlər təşkil olunmuş, dahi bəstəkar ilə yanaşı, Qara və Fərəc Qarayevlərin, Firəngiz Əlizadənin əsərləri maraqla qarşılanmışdır. [16]. 2016-cı il, mart ayında Bakıda Rostropoviçlər muzeyində Şotakoviçin, Prokofyevin, Rostropovoviçin əsərlərindən ibarət "Üç dahihin görüşü" adlı konsert keçirilmişdir. Bu konsert Şostakoviç və Prokofyevin yubileylərinə həsr olunmuşdur. [14; 15].

Əlbəttə, bu xüsusda nümunələri yenə davam etmək olar.

D.D.Şostakoviçin Azərbaycan musiqi mədəniyyəti ilə bağlı geniş əlaqələri və fəaliyyəti haqqında sənətşünaslıq üzrə fəlsfə doktoru, dosent, istedadlı musiqişünas-tədqiqatçı Fərəh Sabir qızı Tahirova çox maraqlı dissertasiya və monoqrafiya yazılmışdır: «Дмитрий Шостакович и азербайджанская музыкальная культура» [17]. Monoqrafiyanın elmi redaktoru əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Elmira Abasova, rəyçiləri əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Ülviyə İmanovadır.

Müəllifin musiqişünaslıq mövqeyindəki belə bir fikir diqqəti cəlb edir: "Şostakoviçin Azərbaycan musiqi mədəniyyətində əhəmiyyətinin ardıcıl və çoxplanlı şəkildə aşkar olunması ölkənin musiqi elmi üçün mühüm aktuallıq kəsb edir. Bu elmi istiqamətin tədqiqatı bütünlüklə müasir musiqişünaslıq üçün də aktuallığa malikdir, belə ki, Şərq və Qərb musiqi mədəniyyətlərinin qarşılıqlı təsirinin öyrənilməsi onun çox mühüm sahəsinə çevrilmişdir." [17, 11].

Girişdən, üç fəsildən, nəticədən, ədəbiyyat siyahısından, notoqrafiyadan və əlavələrdən ibarət olan tədqiqat işində müəllif D.D.Şostakoviçin Azərbaycan musiqi mədəniyyəti və professional musiqiçiləri ilə əlaqələrinə dair çoxlu arxiv sənədləri, məktublar, mətbuat materialları aşkar etmişdir. Tarixi ardıcıllıqla xronoloji qaydada təqdim olunan faktlar, materiallar və hadisələr dahi bəstəkar və pedaqoqun Azərbaycan musiqi mədəniyyəti ilə bağlı həyat və yaradıcılıq salnaməsi haqqında tam təsəvvür yarada bilir. Professor E.Abasovanın "Redaktordan" bölümündə yazdığı kimi, "Tahirova D.Şostakoviçin XX əsrin bəstəkar-novatoru kimi ümumiləşmiş xarakteristikasını dəqiq təqdim etməyə nail olmuşdur. O, Şostakoviçin Azərbaycan musiqi mədəniyyəti ilə tarixi əlaqələrini hərtərəfli açıqlayan bütün faktik materilları son dərəcə dəqiqliklə və diqqətlə toplamış, onları xronoloji planda (faktik olaraq, salnamə formasında) məntiqlə və ardıcıllıqla xarakterizə etmişdir." [17, 7]. Zəngin və qiymətli faktlar, sənədlər və materiallar ilə yanaşı, monoqrafiyada D.Şostakoviçin Azərbaycan musiqi incəsənətinin inkişafındakı tarixi rolu araşdırılmış, onun Q.Qarayevin və C.Hacıyevin professional bəstəkar kimi kamilləşməsində xidmətləri təqdim olunmuşdur. Monoqrafiyada D.D.Şostakoviçin yaradıcı şəxsiyyətinin və musiqisinin Q.Qarayev və C.Hacıyev yaradıcılığına forma və üslub təsiri konkret əsərlər əsasında təhlil olunmuş və maraqlı, yeni elmi nəticələr əldə edilmişdir. Bir sözlə, F.S.Tahirovanın monoqrafiyası son illər D.D.Şostakoviç irsinin, yaradıcılığının, bioqrafiyasının elmi tədqiqatlarına həsr olunmuş çox dəyərli kitablardan biridir. Bu monoqrafiya D.D.Şostakoviçin anadan olmasının 100 illiyinə həsr olunmaqla yanaşı, dahi sənətkarın yaradıcılıq bioqrafiyasının öyrənilməsi istiqamətində atılan ən qiymətli bir musiqişünaslıq əməyi kimi həmişə aktualdır.

D.D.Şostakoviçin Azərbaycan musiqi mədəniyyəti ilə bağlı olan həyat və yaradıcılıq səhifələri haqqında hörmətli F.S.Tahirovanın təqdim etdiyi bir çox yeni sənədlər və faktlar ilə yanaşı, biz də dahi bəstəkarın bioqrafiyasına dair iki yeni arxiv sənədi aşkar etmişik.

Məqaləmizdə D.D.Şostakoviçin Azərbaycanla musiqisi mədəniyyəti ilə əlaqələrinə dair iki yeni arxiv sənədi haqqında ilk dəfə məlumat veririk. İnanırıq ki, bu yeni arxiv sənədləri yalnız Azərbaycan və Rusiya musiqi ictimaiyyəti üçün deyil, ümumiyyətlə D.D.Şostakoviç irsini yüksək qiymətləndirən hər bir mütəxəssis üçün maraqlı ola bilər .

Çox məmnunuq ki, D.D.Şostakoviçin yaradıcılıq bioqrafiyasına dair əldə etdiyimiz yeni sənədlərin ilk təqdimi dahi sənətkarın anadan olmasının 110 illiyinə təsadüf edir.

BIRINCI SƏNƏD: DMITRI ŞOSTAKOVIÇ – AZƏRBAYCAN SSR XALQ ARTISTI

D.D.Şostakoviçin həyat və yaradıcılıq bioqrafiyasına dair aşkar olunan hər bir yeni arxiv sənədi, əslində XX əsrin musiqi tarixinə dair, müasir dünya musiqi mədəniyyətinə aid yeni sənəd kimi qiymətlidir.

Dmitri Şostakoviçin Azərbaycan SSR Xalq artsiti fəxri adını daşıması Azərbaycanın musiqi ictimaiyyətinə, mədəniyyət ziyalılarına az məlum olsa da, bu fakt, çox təəssüf ki, Rusiya və dünya musiqi ictimaiyyətinə, bu dahinin irsini öyrənən mütəxəssislərə tam məlum deyildir. D.D.Şostakoviçin bu fəxri adı F.S.Tahirovanın monoqrafiyasında, əlbəttə, qeyd olunmuşdur. Lakin monoqrafiyada bu inkarolunmaz tarixi fakt haqqında verilən məlumat yalnız Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Bakinskiy raboçiy" qəzetində dərc olunmuş 19 aprel, 1972-ci il tarixli fərmanından ibarətdir. [17, 88].

Biz isə bu həqiqəti və faktı təsdiq edə bilən daha bir mühüm və maraqlı sənədi ilk dəfə təqdim edirik.

Dmitri Şostakoviçin 1970-ci illərdə son yaradıcılıq görüşlərindən biri Azərbaycanda olmuşdur. Bu tarixi hadisə 2-5 oktyabr, 1972-ci ildə - "Azərbaycanda Rusiya ədəbiyyatı və incəsənəti günləri"ndə baş vermişdir. Dmitri Şostakoviçin Bakıya səfəri təkcə onun yaradıcılıq bioqrafiyasının deyil, bütövlükdə XX əsr Rusiya musiqi tarixinin və Azərbaycan musiqi mədəniyyətinin ən qiymətli və əhəmiyyətli hadisələrindən biridir.

Sirr deyil ki, Dmitri Şostakoviç bu ərəfədə sağlamlığı ilə bağlı müəyyən narahatlıq yaşayırdı. Digər tərəfdən, o, cəmi bir neçə ay əvvəl Almaniyaya, On beşinci simfoniyanın Berlin premyerasına dəvət almışdı. Yaradıcı və ictimai işlərinin həddən artıq çoxluğuna baxmayaraq, o, "Azərbaycanda Rusiya ədəbiyyatı və incəsənəti günləri"ndə də məmnuniyyətlə iştirak etmişdir.

D.D.Şostakoviçin həyatında son səfərlərindən olan Bakı səfəri bir çox mühüm hadisələrlə musiqi tarixinə əbədi həkk olur. Belə ki, "Azərbaycanda Rusiya ədəbiyyat və insəcənət günləri" çərşivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət simfonik orkestrinin ifasında D.D.Şostakoviçin On beşinci simfoniyası müvəffəqiyyətlə ifa olunur. Bəstəkarın sonuncu - On beşinci simfoniyası keçmiş SSRİ məkanında Moskavadan sonra ikinci dəfə məhz Bakı şəhərində səslənmişdir. Müəllif Bakıya səfəri və premyera münasibətilə, əsərin yüksək ifa səviyyəsi, musiqi dinləyicilərinin zövqü barədə öz müsbət fikirlərini və rəylərini mətbuat vasitəsilə açıqlamışdır. [17, 89].

D.D.Şostakoviçin Bakı görüşləri daha bir mühüm tarixi hadisə ilə də çox qiymətlidir. Azərbaycan və Rusiya musiqi əlaqələri tarixinin qızıl səhifələrindən olan bu qiymətli səfər ərəfəsində D.D.Şostakoviç Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel, 1972-ci il tarixli fərmanı ilə Azərbaycan SSR Xalq artisti fəxri adı ilə təltif olunur.

Azərbaycanın və Rusiyanın XX əsr musiqi tarixində mühüm faktlardan biri də D.D.Şostakoviçin Azərbaycan SSR Xalq artisti fəxri adı ilə təltif olunmasıdır.

D.D.Şostakoviçin Azərbaycan SSR Xalq artisti fəxri adı ilə təltif olunması haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu tərəfindən 18 aprel, 1972-ci il tarixli (protokol N 36) rəsmi qərar verilmişdir. [3].

SSRİ-də siyasi idarəetmə qaydaları belə idi: Yüksək siyasi ierarxiyada qərar tutan rəhbər siyasi idarəetmə mərkəzinin rəsmi qərarı, yaxud icasəsi olmadan SSRİ-də heç bir fəxri ad təltifi baş tuta bilməzdi, heç bir respublika və ümumittifaq miqyaslı mədəniyyət tədbiri reallaşa bilməzdi. Deməli, Azərbaycan KP MK Bürosunun rəsmi qərarı və təsdiqi olmadan Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyəti D.D.Şostakoviçin təltifi haqqında fərman da da imzalaya bilməzdi. Fəxri adlar ilə bağlı qərarların belə rəsmi siyasi subordinasiyası sovetlər ölkəsinin bütün respublikalarında eyni mexanizmlə işləyirdi. "Aşağıdan" yalnız müəyyən təklif, ideya və təşəbbüslər göstərilə bilərdi. Lakin bəzən istisnalar da olurdu, məsələn, D.D.Şostakoviçin fəxri ad alması Azərbaycan KP MK-nın birinci katibi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü idi.

D.D.Şostakoviçin Azərbaycan SSR Xalq artisti fəxri adı ilə təltif olunması haqqında Azərbaycan KP MK Bürosunun Heydər Əliyev tərəfindən imzalanmış 18 aprel, 1972-ci il tarixli qərarını – bu qiymətli tarixi sənədi ilk dəfə təqdim edirik:

İlk dəfə təqdim olunan bu sənəd D.D.Şostakoviçin Azərbaycan SSR Xalq artisi fəxri adı ilə təltif olunmasını həm tarixi, həm rəsmi, həm faktik və həm də hüquqi baxımdan təsdiqləyir.

Məlum həqiqətdir ki, Sovet İttifaqının hər bir müttəfiq və muxtar respublikası daxilində mədəniyyət və incəsənət xadimlərinə verilən ən yüksək sənətkar titulu "Xalq artisti" fəxri adı olmuşdur. Bu baxımdan, D.D.Şostakoviç 1972-ci il, aprel ayından etibarən Azərbaycan Respublikasında incəsənət xadimlərinə verilən ən yüksək fəxri adı - Azərbaycan SSR Xalq artisti fəxri adını daşımışdır.

Azərbaycan KP MK Bürosu tərəfindən D.D.Şostakoviçin fəxri ad ilə təltif olunmasının səbəbi bu qərarda aydın şəkildə yazılmışdır: "Bəstəkarların hazırlanmasındakı xidmətlərinə və Azərbaycan musiqi incəsənətinin inkişafında fəal iştirakına görə". Bu cümlə D.D.Şostakoviçin Azərbaycan musiqi mədəniyyəti ilə əlaqələrini və təltifin səbəbini çox sadə, aydın və real şəkildə ifadə edir.

Yalnız bu rəsmi qərardan sonra Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel, 1972-ci il tarixli fərmanı rəsmən təsdiqlənir, hüquqi qüvvəyə minir və mətbutda geniş kütlələrə açıqlanır.

D.D.Şostakoviç Azərbaycan SSR Xalq artisi fəxri adını almasını sevinclə qarşılamış, bundan şərəf hissi yaşadığını bəyan etmişdir. Sitat:

"Я высоко ценю честь, которая была мне оказана присвоением звания народного артиста Азербайджанской ССР. Этот акт закрепил мою давнюю дружбу с азербайджанской музыкой, по заслугам завоевавшей признание не только в нашей стране, но и далеко за ее пределами…» [17, 88].

D.D.Şostakoviçin yaradıcı bioqrafiyası haqqında ilk dəfə təqdim olunan çox qiymətli sənədin daha bir tarixi dəyəri ondadır ki, qərarın verilməsi təşəbbüsü məhz Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycan Respublikasına siyasi rəhbərliyinin birinci dövründə (1969-1982), sonra SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işlədiyi illərdə, daha sonra Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil Azərbaycan dövlətini qurduğu dövrdə (1993-2003) respublikanın xarici ölkələrlə dostluq və əməkdaşlığına, o cümlədən, Azərbaycan və Rusiyanın musiqi-mədəni əlaqələrinə yeni inkişaf yolları və imkanlar açmışdır. Heydər Əliyev özünün siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərində Azərbaycan musiqi incəsənətinin inkişafına və təbliğinə böyük nailiyyətlər bəxş etmişdir.

Şübhəsiz, D.D.Şostakoviçin SSRİ-nin və xarici ölkələrin ali fəxri adlarını, orden, medal və mükafatlarını daşımasına, onun bir çox beynəlxalq təşkilatların üzvü olmasına, nüfuzlu elm və təhsil ocaqlarının fəxri doktoru adını almasına, yüksək ictimai xadim kimi fəaliyyətinə, onun dünya musiqi incəsənətindəki böyük nüfuzuna və şöhrətinə Heydər Əliyev çox dəqiq və mükəmməl bələd idi. Bütün bunlara baxmayaraq, o, Dmitri Şostakoviçin Azərbaycan SSR Xalq artisti fəxri adı ilə təltif edilməsi haqqında siyasi qərar verir. Bizim fikrimizcə, bu rəsmi qərarda D.D.Şostakoviçin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə və musiqisinə münasibətdə Heydər Əliyevin sevgi və hörmətini, ona dahi bəstəkar və müəllim, böyük ictimai xadim kimi bəslədiyi yüksək hörmət və qiymətini görməmək və dəyərləndirməmək mümkün deyil.

Bu fikirdəyik ki, D.D.Şostakoviçin Azərbaycan musiqi mədəniyyəti ilə əlaqələri və bu istiqamətdə xidmətləri XX əsr Azərbaycan-Rusiya musiqi-mədəni əlaqələrinin tarixində ən parlaq səhifələrdəndir. Bu dahi sənətkarın 1972-ci ildə Bakıya səfərinin və fəxri ad almasının məhz "Azərbaycan-Rusiya ədəbiyyatı və incəsənəti günləri"nə təsadüf etməsi də bu baxımdan maraq doğurur. Heydər Əliyev təltif haqqında qərar vasitəsilə D.D.Şostakoviçin Azərbaycan-Rusiya musiqi-mədəniyyət əlaqələrinin inkişafındakı roluna rəsmi şəkildə yüksək münasibət və qiymət vermiş, beləliklə bu əlaqələrin gələcək inkişafı üçün yeni siyasi və mədəni perspektivlər açmışdır.

D.D.Şostakoviçin Azərbaycan SSR Xalq artisi fəxri adı ilə təltif edilməsi onun Azərbaycan musiqi mədəniyyəti və incəsənətinin inkişafındakı çoxillik fəaliyyətinə və xidmətlərinə verilən layiqli tarixi qiymətdir. Bu qiymət bu gün də Azərbaycan və Rusiya musiqi mədəniyyətlərində, Azərbaycan-Rusiya musiqi əlaqələrində və D.D.Şostakoviçin yaradıcılıq bioqrafiyasında mühüm tarixi, humanist, mədəni əhəmiyyətə malikdir.

Azərbaycan KP MK Bürosunun bu tarixi qərarı D.D.Şostakoviçə Azərbaycan xalqının, ziyalı ictimaiyyətin, professional musiqi xadimlərinin yüksək münasibətinin və əbədi minnətdarlığının ifadəsidir.

Bu qərar D.D.Şostakoviçin Azərbaycan musiqi mədəniyyəti qarşısındakı uzunillik tarixi xidmətlərinə və bu humanist missiyasına verilən yüksək qiyməti Azərbaycan və rus musiqi tarixinin konkret dövrünə məxsus bir sənəd və inkarolunmaz fakt kimi özündə ehtiva edir. Digər tərəfdən, D.D.Şostakoviçin Azərbaycan SSR Xalq artisi fəxri adını daşıması bu dahı sənətkarın Azərbaycan-Rusiya və Şərq-Qərb musiqi əlaqələrindəki çox böyük tarixi rolunu və əhəmiyyətini özündə ümumiləşdirir.

Azərbaycan xalqı, professional musiqi ictimaiyyəti, D.D.Şostakoviç musiqisini sevən və qiymətləndirən hər bir azərbaycanlı bu gün də dahi sənətkarın Azərbaycan SSR Xalq artisti fəxri adını daşıması ilə qürrələnir, D.D.Şostakoviçin Azərbaycan musiqi mədəniyyəti ilə yaradıcı və dost əlaqələri ilə haqlı olaraq fəxr edir.

***

Məqalənin predmeti ilə bağlı araşdırmalarımız belə deməyə əsas verir ki, D.D.Şostakoviç haqqında informasiya verən bütün rusdilli və xarici dilli mənbələrdə, ensiklopediyalarda, İnternet saytlarında, vikipediyalarda və ən əsası, Şostakoviçin rəsmi saytında bu dahi bəstəkarın Azərbaycan SSR Xalq artisti yüksək fəxri adını daşıması haqqında heç bir məlumat verilməmişdir. D.D.Şostakoviçin fəxri adları və mükafatları siyahısında "Başqırdıstan Avtonom Respublikasının Xalq artisti", vəfatında sonra (1976) verilən "T.Şevçenko adına Ukrayna Dövlət Mükafatı" yer alsa da, çox təəssüf ki, üzürsüz səbəbdən bu siyahıların heç birinə onun Azərbaycan SSR Xalq artisti fəxri adı daxil olunmamışdır.

İkincisi, D.D.Şostakoviç haqqında dünyanı məlumatlandıran tədqiqatlarda, kitablarda, onun yaradıcılığına, həyat yoluna, bioqrafiyasına həsr olunan nəşrlərdə və İnternet mənbələrində bu dahinin Azərbaycan musiqi mədəniyyəti ilə əlaqələrini əks etdirən tarixi faktların, materialların, məktublaşmaların, fotoların, avtoqrafların, məqalələrin heç biri göstərilməmişdir. Halbuki, D.D.Şostakoviç Azərbaycan musiqi həyatı ilə fəal yaradıcı ünsiyyətə, yaradıcılıq və dostluq əlaqələrinə hələ 1930-cu illərdə başlamış və ömrünün sonuna qədər davam etmişdir.

Bu dahinin vəfatından sonra da Azərbaycan musiqi ictimaiyyəti, ziyalıları onun yaradıcılığı ilə daim ünsiyyət saxlayırlar. D.D.Şostakoviçin musiqisi, yaradıcılıq irsi müasir Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Buna baxmayaraq, Bakıda 2006-cı ildə uğurla həyata keçirilən Beynəlxalq Şostakoviç Festivalı haqqında Rusiyanln İnternet resurslarında, Şostakoviçin rəsmi saytında və onun haqqında olan müxtəlif nəşrlərdə, multmedia mənbələrində heç bir məlumat verilməmişdir.

Təəssüflə onu da qeyd edirik ki, D.D.Şostakoviçin həyat və yaradıcılıq yoluna müasir dövrdə həsr olunan ən mükəmməl tədqiqat işlərindən birinə - F.S.Tahirovanın monoqrafiyasına D.D.Şostakoviçin biblioqrafiyası haqqında məlumat verən İnternet mənbələrində rast gəlinmir.

Biz D.D.Şostakoviçin irsinə bu cür qeyri-obyektiv münasibətlərə birmənalı şəkildə tənqidi yanaşırıq. D.D.Şostakoviçin musiqisi, yaradıcılığı bütün bəşəriyyətə məxsusdur. Bu dünya dahisinin bioqrafiyasına aid hansı isə hadisələri, faktları, sənədləri, avtoqradları, məktubları, səfərləri, fəxri adları, tədqiqatları tarixdən, insanlardan gizlətmək, əslində onun həyat-yaradıcılıq yolu haqqında informasiyaları saxtalaşdırmaqdan başqa bir şey deyildir. İnanırıq ki, D.D.Şostakoviçin Azərbaycan musiqisi ilə əlaqələrini əks etdirən səfərlər, fəxri ad, məktublar, avtoqraflar, arxiv sənədləri, fotolar, təbdbirlər və onun fikirləri bütün müvafiq İnternet resurslarında, bioqrafik və biblioqrafik mənbələrdə, Beynəlxalq Şostakoviç Fonduna məxsus fəaliyyətdə ədalətli və obyektiv münasibət əsasında bərpa olunacaq və öz layiqli yerini alacaqdır.

IKINCI SƏNƏD: D.D.ŞOSTAKOVİÇİN HEYDƏR ƏLİYEVƏ MƏKTUBU

Musiqişünaslığa ilk dəfə tam şəkildə təqdim etdiyimiz daha bir sənəd D.D.Şostakoviçin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə yazdığı məktubdur.

Dmitri Şostakoviç Azərbaycan Respublikasının siyasi rəhbərliyinə iki dəfə məktubla müraciət etmişdir:

1. D.D.Şostakoviçin Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırova məktubu. 29 oktyabr, 1947.

2. D.D.Şostakoviçin Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə məktubu. 26 sentyabr, 1971.

Bu iki məktubdan birincisi musiqişünas-alim Fərəh Tahirova tərəfindən Cövdət Hacıyevin şəxsi arxivindən əldə edilmiş, məktubun məzmunu tam araşdırılmış və monoqrafiyada bu barədə müfəssəl yazılmışdır. [17, 44-46].

Bu iki məktubla tanış olduqda, görürük ki, onları 24 illik zaman məsafəsi (1947, 1971) ayırsa da, məzmunlarında oxşarlıq vardır. Çünki Dmitri Şostakoviç onların ikisini də Cövdət Hacıyev haqqında yazmışdır. D.Şostakoviç birinci məktubunda M.C.Bağırova, ikinci məktubunda Heydər Əliyevə məhz sevimli tələbəsi Cövdət Hacıyevlə əlaqədar müraciət etmiş, tələbəsi haqqında öz xahişini bildirmişdir.

F.S.Tahirovanın monoqrafiyasında göstərildiyi kimi, birinci məktub Azərbaycanın siyasi rəhbəri Mir Cəfər Bağırova 29 oktyabr, 1947-ci ildə yazılmışdır. Dmitri Şostakoviç məktubda Cövdət Hacıyevin istedadlı gənc bəstəkar olması, 1946-cı ildə Q.Qarayevlə birlikdə Stalin mükafatına layiq görülməsi, 1947-ci ildə Moskva konservatoriyasını bitirərək vətəninə dönməsi, maraqlı əsərlər, yeni simfoniya bəstələməsi, bundan sonra da Azərbaycan musiqisinin inkişafına layiqincə xidmət edə biləcəyi haqqında səmimi fikirlərini bildirmişdir. Məktubun əsas qayəsi D.D.Şostakoviçin öz tələbəsinə - istedadlı gənc bəstəkar C.Hacıyevə qayğısını əks etdirir. O, M.C.Bağırovdan Cövdət Hacıyevin ağır məişət-mənzil və yaradıcılıq şəraitini nəzərə almağı, gənc bəstəkara dəstək verməyi, mənzillə təmin olunmasını, onun ruhdan salınmamasını xahiş edir.

Azərbaycanın siyasi rəhbəri bu məktuba təxirə salmadan reaksiya vermişdir. O, yüksək rəhbər işçiləri gənc istedadlı bəstəkarlara qayğı göstərməməkdə, bəzi ideoloji sahələrin kimlər tərəfindənsə monopoliyaya alınmasında sərt tənqid etmiş, məktubda qaldırılan məsələnin təcili həlli haqqında əmr vermişdir. D.Şostakoviçin öz sevimli tələbəsinə qayğısından və M.C.Bağırovun sərt müdaxiləsindən sonra C.Hacıyevə hökumət tərəfindən mənzil verilmiş, o, ədalətsiz münasibətlərdən xilas olmuşdur. [17, 44-46].

Diqqət etsək, D.D.Şostakoviç M.C.Bağırova məktubunu "SSRİ Ali Soveti Deputatı"nın rəsmi blankında yazmışdır. Bu isə, fikrimizcə, müəyyən sətiraltı məna daşıyırdı. Belə ki, D.D.Şostakoviç bununla Azərbaycanın siyasi rəhbərinə və gələcək tarixə öz məktubununun şəxsi deyil, rəsmi məna daşıdığını, gənc bəstəkarlara dövlət qayğısının ictimai-siyasi məsələ olduğunu, həm də öz xahişinin təkcə Azərbaycan üçün yox, ümumən sovet musiqisi üçün ciddi yaradıcılıq əhəmiyyəti daşıdığını göstərmişdir.

SSRİ Bəstəkarlar İttifaqının katibi, SSRİ Ali Sovetinin deputatı, Stalin Mükafatçısı D.D.Şostakoviçin Mir Cəfər Bağırova gənc bəstəkar Cövdət Hacıyev haqqında xahiş məktubu yazmasının, bizcə, başqa gizlinləri də ola bilər. Belə ki, 1930-cu illərdə Dmitri Şostakoviç formalizmdə ittiham olunanda, ona qarşı siyasi kampaniya aparıldığı zaman gənc tələbə Cövdət Hacıyev Azərbaycan Dövlət Konservatoriyasındakı toplantılardan birində onun "formalist" əsərlərini müdafiə etmiş, əsl sənət əsərləri kimi qiymətləndirmişdi. Bu məsələdə yüksək dövlət orqanların tərəfindən C.Hacıyevin dövlət qulluqçusu olan qardaşına kəskin etiraz bildirilmiş, onun hərəkəti "ideologiya siyasətinin əleyhinə çıxmaq" adlandırılmış və qardaşı repressiyaya məruz qalmışdı. C.Hacıyevin bu cəsarəti, ehtimal ki, müəllimi D.Şostakoviçə məlum idi. O, sevimli tələbəsinin bu mövqeyinə cavab olaraq, digər tərəfdən, tələbəsinin şəxsi xahişini nəzərə alaraq və onu qarşıdakı hər hansı təqibdən qorumaq məqsədilə 1947-ci ildə M.C. Bağırova məktub yazmışdı. Nəzərə almaq lazımdır ki, Böyük Vətən müharibəsindən sonra SSRİ-də yeni represiyya dalğası başlamışdı. Vaxtilə C.Hacıyevə "dövlətin ideologiyasına qarşı çıxmaq" kimi sərt ittiham bildirilməsi, qardaşının "vətən xaini" kimi 1930-cu illərdə güəllənməsi, ola bilər ki, müharibədən sonra yada düşmüşdü və bu fakt C.Hacıyevin həyatını hər an repressiya təhlükəsi ilə üz-üzə qoya bilərdi. Görünür, yaranmış vəziyyətin ciddiliyi təkcə yaradıcılıq deyil, həm də siyasi motiv daşıdığı üçün C.Hacıyevin öz müəlliminə müraciəti SSRİ Bəstəkar İttifaqınını katibi, SSRİ Ali Sovetin deputatı, nüfuzlu bəstəkar D.Şostakoviçin M.C.Bağırova məktub yazmasına səbəb olmuş və o, sevimli tələbəsinə belə çətin vaxtda maddi və mənəvi dəstək göstərilməsini xahiş etmişdi.

Ümumiləşdirsək, D.D.Şostakoviçin öz tələbəsinin yaradıcılıq və həyat problemlərinə bu qədər yaxından həssas və diqqətli olması onun alicənablığından, humanizmindən, istedadlı tələbəsinin yaradıcılığı ilə maraqlanmasından, istedadını və gələcəyini qiymətləndirməsindən, Azərbaycan musiqi incəsənətinin gələcəyinə qayğısından irəli gəlirdi.

D.D.Şostakoviçin ikinci məktubu üzərində dayanaq.

Cövdət Hacıyev 1972-ci il, sentyabrın 6-da Dmitri Şostakoviçə məktub yazır. Məktub oktyabr ayında keçiriləcək "Azərbaycanda Rusiya ədəbiyyatı və incəsənəti günləri" ilə bağlı idi. Cövdət Hacıyev Dmitri Şostakoviçə Bakıya qarşıdakı səfərindən sevinc hisslərini bildirir, özünün, ziyalıların və gənclərin onun gəlişindən böyük ruh yüksəlişi yaşadıqlarını, qabaqcadan təşəkkür etdiklərini yazırdı. Üç abzasdan ibarət olan bu məktubun ikinci abzasında isə müəlliminə təşəkkürünü davam edən C.Hacıyev nədənsə 1971-ci ili xatırlayırdı. Qeyd edirdi ki, 1971-ci ildə müəlliminin ata kimi qayğısı ona həyat və yaradıcılığının ən kritik məqamında kömək olmuşdur. C.Hacıyev məktubun bu abzasında 1971-ci ildə başı üstünü almış qara buludları dağıtdığına, başı üzərindəki qılınclı əli kənarlaşdırdığına görə D.Şostakoviçə oğul kimi səmimi minnədarlıq edirdi. [17, 85].

Maraqlıdır: məktubda sevimli müəlliminin Bakıya qarşıdakı səfərini alqışlayan görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyev hansı "qara buluddan", "başı üzərindəki qılınclı əldən" bəhs etmişdi? 1971-ci ildə C.Hacıyevin şəxsi həyatında və yaradıcılığında hansı "kritik" vəziyyət yaranmışdı? Bu məktubda görkəmli bəstəkar öz dahi müəlliminə hansı xeyirxahlığı üçün övlad təşəkkürü edirdi?

Cövdət Hacıyev məktubdakı bu sözlərində və təşəkküründə D.D.Şostakoviçin 1971-ci ildə Heydər Əliyevə yazdığı məktubu nəzərdə tutmuşdur.

D.D.Şostakoviç 1971-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə məktub yazmışdır. Məktubun üzərində D.D.Şostakoviçin qoyduğu tarix belədir: 26 sentyabr, 1971-ci il.

D.D.Şostakoviçin Heydər Əliyevə məktubunu ilk dəfə tam mətnlə musiqi ictimaiyyətinə təqdim edirik:

«Народный артист Союза ССР

Дмитрий Дмитриевич

ШОСТАКОВИЧ

26 сентября, 1971 г.

Многоуважаемый Гейдар Алиевич,

мне стало известно, что выдающийся советский композитор, народный артист Азербайджанской ССР, профессор консерватории и мой бывший ученик Джевдет Гаджиев оказался обвиненным в плагиате. Ему вменяется в вину относяшийся к 1954 году эксперимент, произведенный им, тогда еще молодым педагогом консерватории, с одной из моих фуг, полифоническую структуру которой он попытался насытить элементами азербайджанской народной музыки.

Джевдет Гаджиев никогда не рассматривал эту работу как свое собственное сочинение, не претендовал на авторство и публикацию и не имел никаких корыстных поползновений. В течение многих лет я знаю Джевдета Гаджиева как одного из наиболее ярких советских композиторов, как видного музыкального деятеля Азербайджана, а также как абсолютно порядочного и честного человека. Обвинение Джевдета Гаджиева в плагиате вызывает по меньшей мере недоумение.

Очень прошу Вас, Гейдар Алиевич, вмешаться в это дело и сделать все возможное для восстановления доброго имени Джевдета Гаджиева.

Д.Шостакович /подпись/.» [3].

D.Şostakoviçin Heydər Əliyevə məktubu. Orijinaldan bir hissə.

Bu arxiv sənədinin məzmunundan göründüyü kimi, Dmitri Şostakoviçin Heydər Əliyevə məktubu Cövdət Hacıyev haqqındadır. O, bu dəfə də öz sevimli tələbəsinin – Azərbaycanın qüdrətli bəstəkarının yaradıcılığına və şəxsiyyətinə yüksək qiymət vermiş, ona qayğı ilə yanaşmış və dəstəkləmişdir.

Məktubun məzmununa diqqət edək. Məlumdur ki, Cövdət Hacıyevin gənclik illərində müəllimi D.Şostakoviçin fuqasından mövzu kimi istifadə etməsi, sonralar ona qarşı "plagiat" ittihamına səbəb olmuşdu. Bəstəkarın aydınlıq gətirməsinə baxmayaraq, ona qarşı ittiham kampaniyası illərlə davam etmiş və onu mürəkkəb vəziyyətlə üzləşdirmişdi. Bəstəkar əsassız ittihamlardan çıxış yolu üçün müəlliminə müraciət etmişdi. Dmitri Şostakoviç isə öz növbəsində vəziyyətlə bağlı respublikanın siyasi rəhbəri Heydər Əliyevə məktub yazmağa üstünlük vermişdi.

D.D.Şostakoviçin "plagiat" ittihamına münasibəti çox maraqlıdır. O, məktubunda C.Hacıyevin öz fuqasına yanaşmasına yaradıcılıq eksperimenti kimi baxır və gənc bəstəkarın polifonik struktura Azərbaycan xalq musiqisi elementlərini daxil etmək istədiyini qeyd edir. Başlıcası, D.Şostakoviç C.Hacıyevi bu məsələdə haqlı olaraq dəstəkləyir, C.Hacıyevin fuqaya münasibətdə heç bir mənimsəmə, müəlliflik və çap iddiasında olmadığını, onun heç bir qərəzli məram daşımadığını, sırf yaradıcı məqsədə malik olduğunu Heydər Əliyevin diqqətinə çatdırır. D.Şostakoviç öz tələbəsi Cövdət Hacıyevi uzun illər parlaq sovet bəstəkarlarından biri kimi, Azərbaycanın görkəmli musiqi xadimi kimi və düzgün, vicdanlı insan kimi tanıdığını bildirir. D.Şostakoviçin fikrincə, C.Hacıyevə qarşı plagiat ittihamı ən azı anlaşılmazlıqdır. O, məktubun sonunda Heydər Əliyevdən xahiş edir ki, bu məsələyə müdaxilə etsin və Cövdət Hacıyevin yaxşı adının bərpasına hər cür köməklik göstərsin. Məktubda diqqətçəkən mahiyyətli məqamlardan biri D.D.Şostakoviçin Cövdət Hacıyevə "çox görkəmli sovet bəstəkarı" kimi yüksək qiymət verməsidir.

Azərbaycanın bu görkəmli bəstəkarına qarşı "plagiat" kampaniyası barədə respublikanın adlı-sanlı bəstəkarlarından deyil, dünya şöhrətli D.Şostakoviçdən məktub alması, əlbəttə, C.Hacıyevə müsbət yanaşan Heydər Əliyevi düşündürür. D.Şostakoviçin əsassız ittihamlara qarşı çıxan olduqca ədalətli və vacib mövqeyi Heydər Əliyev tərəfindən dəstəklənir. Heydər Əliyev D.Şostakoviçin məktubuna dərkənar qoyaraq, qaldırılan məsələnin təxirə salınmadan və obyektiv icrasına nail olur. Məhz Heydər Əliyevin ədalətli müdaxiləsindən sonra C.Hacıyevə qarşı qərəzli "plagiat" kampaniyasına birdəfəlik son qoyulur.

Cövdət Hacıyevin həyatda və yaradıcılıqda belə ağır böhran yaşadığı, həmkarları tərəfindən ədalətsiz münasibətlərlə qarşılaşdığı bir vaxtda öz müəlliminə üz tutması, təbii ki, başadüşüləndir. Lakin D.Şostakoviçin "plagiat məsələsinin" həlli ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqının sədri Qara Qarayevə deyil, məhz respublikanın siyasi rəhbəri Heydər Əliyevə müraciət etməsi sual doğurmaya bilmir...

Dmitri Şostakoviç bu dəfə məktubunu SSRİ Bəstəkarlar İttifaqının, yaxud SSRİ Ali Soveti deputatının rəsmi blankında deyil, öz şəxsi blankında yazmışdır. Bizcə, dahi bəstəkar bu dəfə yenə də siyasi rəhbərə və tarixə sətiraltı ismarıc vermişdir: məktub rəsmi deyil, sırf yaradıcılıq və şəxsi xahiş məqsədini daşıyır. İkincisi, D.Şostakoviçin öz məktubunda C.Hacıyevi "çox görkəmli sovet bəstəkarı" adlandırması diqqətdən yayına bilməz. Bu, dünya musiqi incəsənətinin dahisi Dmitri Şostakoviçin istedadlı və görkəmli Azərbaycan bəstəkarına verdiyi obyektiv, səmimi və layiqli qiymətdir.

Məktubun məhz Heydər Əliyevə ünvanlanması isə həm Dmitri Şostakoviçin, həm də Cövdət Hacıyevin bu dahi siyasət xadiminə, böyük şəxsiyyətə, onun ədalətli və obyektiv xarakterinə, musiqiyə hədsiz zsevgisinə olan inamdan və hörmətdən irəli gəlirdi. Zaman göstərdi ki, D.Şostakoviç öz xahişinin ünvanını seçməkdə tamamilə ədalətli və haqlı idi.

D.D.Şostakoviçin bu məktubu müasir dövrümüz üçün ibrətamiz dərs ola bilər. Birincisi, böyük istedadı və bacarığı olan yaradıcı insanlara, xidmətlləri olan şəxsiyyətlətə diqqət və həssas münasibət dərsi. İkincisi, 1947-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisasını aparan, 1955-1966-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində işləyən, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafı, professional kadrların hazırlanması yolunda bütün həyatını sərf edən, eyni zamanda, Azərbaycan musiqisini yüksək peşəkar və bədii səviyyəli əsərləri ilə zənginləşdirən, həm də öz fərdi bəstəkarlıq məktəbini yaradan görkəmli şəxsiyyət Cövdət Hacıyevə qarşı aparılan "plagiat kampaniyası" görəsən kimlərə və niyə lazım idi? Hətta ittihamlar və kampaniyalar elə həddə çatmışdı ki, C.Hacıyevin Bəstəkarlar İttifaqının üzvü qalıb-qalmaması müzakirəyə çıxarıla bilərdi. Belə bir ağır mənəvi mühitdə, psixoloji təzyiq şəraitində bəstəkarın yaradıcılıqla necə məşğul ola biməsi, yeni əsərlərə müvəffəq olması, üstəlik bütün iradəsini musiqi təhsilinin inkişafına və yeni nəslin yetişməsinə həsr edə bilməsi heyrət doğrumaya bilmir...

Heydər Əliyev həyatı boyu Cövdət Hacıyevi böyük şəxsiyyət və qüdrətli bəstəkar kimi yüksək qiymətləndirmişdir. Baş verən hadisələrdən bir neçə illər sonra, 1978-ci ildə Heydər Əliyev Cövdət Hacıyevə ən yüksək mükafatlardan biri - Oktyabr İnqilabı Ordeni verilməsi barədə Mockvaya, SSRİ KP MK-ya rəsmi təqdimat məktubu yazır. Müstəqillik dönəmində isə o, C.Hacıyevi ölkəmizin ən ali mükafatlarında biri olan "İstiqlal" Ordeni ilə təltif edir, bəstəkara yubileyi münasibətilə səmimi təbrik məktubu göndərir, onun faəliyyətinə və yaradıcılığına böyük ehtiramını bildirir, tarixi xidmətlərinə xalqımız tərəfindən böyük dəyər verildiyini yazır.

ƏDƏBİYYAT:

1. Abasova E. Ölməz sənətkar və vətəndaş: D.Şostakoviç-70. - "Kommunist", 1976, 25 sentyabr.

2. Abasova E. Şostakoviç və Azərbaycan simfonizmi: Q.Qarayevin və C.Hacıyevin əsərləri nümunəsində. // "Musiqi dünyası". – 2001, N 3-4/9. – s.87-89.

3. Azərbaycan Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi, fond 1.

4. Абасова Э. Отличительные черты становления азербайджанского симфонизма. // Доклады Академии Наук Азербайджанской ССР. Т. XXXI.- 1975. - № 4. - с. 65-67.

5. Абасова Э. Д.Шостакович и азербайджанский симфонизм. (Вступление на Всесоюзной научной конференции, посвященной 70-летию со дня рождения Д.Шос-таковича. - М., Союз композиторов СССР, 1976 г., ноябрь). - ж. «Советская музыка», 1977, № 4.

6. Абасова Э. Роль Д.Шостаковича в развитии композиторской школы Азер-байджана. //Научная конференция, посвященная 90-летию Д.Д. Шостаковича. – Баку, БМА им. У.Гаджибейли, 1996 г.

7. Абасова Э. Традиции Д.Шостаковича в творчестве азербайджанских композиторов.//Программа Международной научной конференция «Шостакович и современность», посвященной 100-летию Д.Д.Шостаковича, проведенной в рамках Международного фестиваля Шостаковича, под эгидой «Год России в Азербайджане». - Баку, БМА им. У.Гаджибейли. - 2006 г., 21 февраля.

8. Абдуллазаде Г.А. Философские воззрения Шостаковича. //Композитор и время: Сб.ст.и материалов. – Б., Адилоглы, 2003. – с. 3-8.

9. Волгин Ю. В Баку открывается фестиваль, посвященный 100-летию со дня рождения Д.Шостаковича. //Trud.ru – 20 февраля, 2006 г.

10. Гаджиев Дж. Музыкальная совесть нашего времени: к 80-летию со дня рождения Д.Шостаковича. – «Бакинский рабочий», 1986, 25 сентября.

11. Гусейнзаде Э. Что связывало Шостаковича с Турцией. //Trend.az - 7 июля, 2010. – www.trend.az/life/culture/1700747.html

12. Для участия в Фестивале Шостаковича в Баку прибыл Ростропович. //REGNUM. - regnum.ru/news/cultura/593286.html

13. Дмитрий Шостакович. Исследования и материалы. Вып. 1-4. – Москва, изд. DSCH, 2005-2011.

14. Зейдуллаева А. В Баку прошел концерт памяти Шостаковича и Прокофьева.// Интерфакс-Азербайджан, 30.03.2016. – interfax.az/view/668759

15. Назарли С. В Баку прошел вечер под названием «Дружба великих». // Vesti.az - 31 марта, 2016. – vestiaz/news/287583#ad-image-о

16. Микеладзе Г. Музыка Кара Караева и Франгиз Ализаде прозвучала в Париже. //1news.az – 28.11.2014. - www.1news.az/culture/20111128064309696.html

17. Таирова Ф.С. Дмитрий Шостакович и азербайджанская музыкальная культура.– Баку, Нурлан, 2006. - 304 с.

18. Таирова Ф.С. Кара Караев – преемник традиций Дмитрия Шостаковича. //Композитор и время: Сб.статей и материалов. – Б., Адилоглы, 2003. – с. 10-15.

19. Таирова Ф.С. Шостакович и Турция. – Стамбул, PAN, 2010.

20. Таирова Ф.С. Черты Девятой симфонии Д.Шостаковича в Третьей симфонии Дж.Гаджиева.//Тезисы VIII Республиканской научной конференции аспирантов и молодых исследователей. – Б., 2002, с.301-302.

21. Шостакович Д. О времени и о себе. 1926-1975. (сост. М.Яковлев). – М., Сов.композитор, 1980. – 375 с.

22. Шостaкович и Азербайджан //АзерТадж. - 11.05.2006. – azertag.az/ru/xeber/SHOSTAKOVICH_I_AZERBAIDZHAN-647245

23. Фестивал музыки имени Шостаковича в Баку //АзерTадж - 26.01.2006.

24. www.shostakovich.ru - Официальный сайт Д.Д.Шостаковича.

25. www.anl.az/el/t./t.f.htm – электронная книга Ф.С.Таировой «Дмитрий Шостакович и азербайджанская музыкальная культура».