"Musiqi dünyası" № 2 (71) 2017

Article №7; 7800 - 7804 pр.
Əliqismət Lalayev. Azərbaycan dramaturgiyası Düşənbə səhnəsində
Text PDF

XX əsrin əvvəllərindən başlayaraq Azəraycan dramaturgiyası Orta Asiya ölkələrində, həmçinin Tacikstanda sevə-sevə səhnəyə qoyulmuşdur. Böyük Cəlil Məmmədquluzadənin «Ölülər» əsəri tamaşaya qoyulduğu hər yerdə maarifçi və tərəqqipərvər adamları qara qüvvələrə qarşı mübarizəyə səfərbər etmiş, bəzi teatr kollektivlərinin yaranmasında və inkişafında xüsusi rol oynamışdır. Bu mənada, hələ 1916-cı ildən başlayaraq Orta Asiyanın bir çox şəhərlərində oynanılan «Ölülər»in Tacikistandakı tamaşaları da qiymətli olmuşdur. Ə.Lahuti adına Tacikistan Dövlət Akademik Teatrının yaradıcı kollektivi ölməz dramaturqun bu əsərinə xüsusi maraq göstərmişdir.

«Ölülər»in Tacikstan səhnəsində tamaşaya qoyulmasının maraqlı bir tarixi vardır. Azərbaycanın xalq artisti Hacağa Abbasov Düşənbədə yaşayan dostlarına «Ölülər» əsərini göndərir. Əsəri oxuyub heyran qalan Tacikistanın tanınmış səhnə xadimi, Tacikstanın xalq artisti Əsli Burhanov onu tamaşaya hazırlayır. Rejissor, komediya adlanan «Ölülər» əsərinə azərbaycanlı həmkarları kimi faciə şəklində quruluş verir. İsgəndərin cəhalət içərisində yaşayanlara qarşı mübarizəsi tacik səhnəsində mütərəqqi ideyaların, qabaqcıl qüvvələrin mübarizəsi kimi səslənir.

Əsərin tərcüməçisi yazıçı-dramaturq Səməd Qəni öz qeydlərində yazırdı ki, bir gün Lahuti adına teatrın müdiriyyəti məni dəvət edib C.Məmmədquluzadənin «Ölülər» komediyasını tərcümə etməyi tapşırdı və əsərin ruscasını mənə verdi. Mən bu tapşırığı məmnuniyyətlə qəbul etdim.

Tacikistan Dövlət Akademik Dram Teatrının yaradıcı kollektivi «Ölülər» əsərinin tamaşaya hazırlanması işində çox zəhmət çəkmişdi. 1964-cü il, mart ayının 15-də oynanılan ilk tamaşa gecəsi tamaşaçılar dəfələrlə alqış sədaları altında ayağa qalxarkən, sanki əsərin müəllifi Cəlil Məmmədquluzadəni səhnəyə çağırıb, ona əhsən demək, öz minnətdarlıqlarını bildirmək istəyirdilər.

Mən «Ölülər» əsərini böyük həvəs və şövqlə tərcümə etmişəm. Bu həvəsi isə məndə yaradan əsərin özünün yüksək məzmunu, gözəl və səlis dili, yaradıcı dostların məsləhətləri və yaxın köməyi oldu. «Ən gözəl bədii əsərlər də daş-qaş kimidir, onların qiyməti özündədir, saflığındadır. Belə əsərlər zəmanənin təlatümlərindən, əsrlərin keşməkeşindən keçərək yaşayır, bu əsərlərə xalq öz qəlbində yer verir, onları qoruyub saxlayır, nəsildən-nəslə çatdırır. «Ölülər» də xalqlarımızın zəngin ədəbiyyat xəzinəsinin belə qiymətli incilərindəndir» [1].

Bir cəhəti də xüsusi olaraq vurğulamaq lazımdır ki, Ə.Lahuti adına teatrın «Ölülər» tamaşası barədə Azərbaycan oxucularına ilkin məlumatı mərhum teatrşünas Cabir Səfərov [2] vermişdir. Məqalədən aydın olur ki, Ə.Lahuti adına teatrda C.Məmmədquluzadənin «Ölülər» əsəri müvəffəqiyyətlə göstərilib, tamaşada teatrın ən görkəmli yaradıcı qüvvələri iştirak ediblər. Teatrın kollektivi böyük yazıçının əsərdə qarşıya qoyduğu məqsədi düzgün şərh etmiş, xalqın cəhalətdən doğan faciəsini düzgün göstərmişdilər. Əslində komediya adlanan bu əsəri inqilabdan əvvəl Azərbaycanda bir faciə kimi göstərmişlər. İsgəndərin mübarizəsi isə qaranlıq mühitə qarşı tərəqqipərvər adamların etirazı kimi canlandırılmışdı. Bu mənada istedadlı gənc artist A.Mühəmmədcanovun oyunu xüsusilə tamaşaçılara xoş təsir bağışlayırdı. İsgəndər Məhəmmədcanovun ifasında çox fəal idi, hadisələrə daim müdaxilə edirdi. ətrafında cərəyan edən hadisələri açıq gözlə qiymətləndirməyi bacarırdı. Buna görə İsgəndər fırıldaqçı Şeyx Nəsrullah ilə üz-üzə gələrkən onun riyakar simasını daha tez görə bilirdi. İsgəndərin şərab içməsi də patoloji bir hal deyildi, onun öz mühitindən, zülmət səltənətindən narazılığının idafəsi kimi şərh olunmuşdu. Artist kefli İsgəndərin kədərini də, kimsəsizliyini də tamaşaçılara göstərə bilirdi.

Tənqidin qeyd etdiyi kimi, çox təəssüf ki, Şeyx Nəsrullah obrazı quruluşçu rejissor tərəfindən lazımi bədii səviyyədə açılmadığından Tacikistanın xalq artisti M.Xərilovun oyununda da bu obraz tam mükəmməlliyi ilə nəzərə çarpmamışdı. Artist bəzən qroteskə uyaraq obrazı bir qədər yüngülləşdirmişdi. Deni Didro da bu cəhətə fikir verib yazırdı ki, realist sənətin təbiətinə görə həqiqi aktyor… «gərək müəllifə kömək etsin, o özü gərək müəllif olsun, o, nəinki rolun bütün incəliklərini ifadə etməli, hətta onu artırmalı və yaratmalıdır» [3, 9]. Bu mənada artist Şeyx Nəsrullah obrazını daha ciddi səpgidə oynasaydı, onun mahiyyətini daha dərindən açar, tamaşaçının bu obraza nifrəti qat-qat qüvvətli olardı.

Tacikistanın Akademik Teatrında «Ölülər»in (Tacik dilində «Mürdaha») tamaşaya qoyulması xalqlarımızın mədəni əlaqələrinin, xüsusilə teatr əlaqələrinin inkişafında yeni mərhələnin təzahürü kimi nəzəri cəlb etmişdi.

Həqiqətən, sonrakı illərdə «Ölülər», eləcə də Azərbaycan dramaturqlarının bir çox başqa əsərləri dəfələrlə Orta Asiya teatrlarında tamaşaya qoyulmuş və müvəffəqiyyətlə tamaşaçılara göstərilmişdir.

Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun «Kəndçi qızı» pyesinin tamaşası da bu baxımdan əlamətdar olmuşdur. Həqiqi vətəndaşlıq ehtirası ilə yazılmış bu mənalı komediyada maddi nemətlərin yaradıcısı olan müasir adamların yüksək mənəvi siması mexanizator Bənövşənin obrazında öz əksini tapmışdır. Həyat hadisələrinə fəal münasibət göstərən müəllif öz əsərində inkişafımıza mane olan cəhətləri də Alışov, Şəkərlinski vasitəsilə tənqid hədəfinə çevirə bilmişdir.

Mirzə İbrahimov özü yazmışdır ki, komediyanı doğuran həyatdır, insanın təbiətindəki mənəvi ehtiyacdır. Həyatın inkişafı, insanın daima irəliləməsi labüddür və bu prosesdə gülüşə, komediyaya ehtiyac oyanır.

«Kəndçi qızı»nın az müddət ərzində rus, tacik, türkmən, özbək və s. dillərinə tərcümə edilərək tamaşaya qoyulması komediyanın böyük ictimai-tərbiyəvi əhəmiyyətə malik olduğunu aydın sübut edir.

Bu cəhətdən Ə.Lahuti adına Tacikistan Dövlət Akademik Dram Teatrında «Bənövşə» adı ilə göstərilən «Kəndçi qızı» komediyasının tamaşası xüsusilə maraqlıdır. Premyerası 1965-ci il, oktyabr ayının 18-də olan tamaşanın quruluşçu rejissoru da xalq artisti Əsli Burhanov idi. O, gənclərimizə xas olan ən nəcib keyfiyyətləri mənalı sənət boyaları ilə əks etdirə bilmişdi. Rejissorun səyi sayəsində tamaşada yersiz qroteskə, mənasız , gülüş doğuran səhnə mizanlarına rast gəlmək mümkün deyildi. Orada sadəlik, realizm və həyatilik bütün səhnələrdə aydın nəzərə çarpırdı. Ən yaxşı cəhət budur ki, tacik sənətkarları, tacik səhnə ustaları «Kəndçi qızı» komediyasını insan taleyindən, insan xarakterinin formalaşmasından bəhs edən bir əsər kimi tamaşaçılara təqdim etmişdilər.

«Kəndçi qızı»nın Ə.Lahuti adına teatrda müvəffəqiyyətlə qarşılanmasında bütün aktyor ansamblının təqdirəlayiq zəhməti vardı. «Kəndçi qızı» tamaşasının Ə.Lahuti teatrındakı müvəffəqiyyətli alınmasında bədii tərtibatın müəllifi, rəssam M.Lebedevin və tərcüməçi Səməd Qəninin işi də əsas amillərdən idi. «Kəndçi qızı» görkəmli tacik yazıçısı Səməd Qəninin Azərbaycan ədəbiyyatından ilk tərcüməsi deyildi. Bu əsərə qədər o, Azərbaycan ədəbiyyatının bir sıra parlaq nümunələrini, o cümlədən, artıq qeyd etdiyimiz kimi C.Məmmədquluzadənin «Ölülər» əsərini tacik dilinə çevirmişdi. «Kəndçi qızı» komediyasının tərcüməsi də öz rəvanlığı ilə seçilirdi.

Görünür, istər tərcüməçi, istərsə də teatrın kollektivi öz istəklərinə çatmışdılar. Elə bu səbəbdən də mətbuat yazırdı: «Azərbaycan dramaturqu M.İbrahimovun «Kəndçi qızı» komediyasına tacik tamaşaçıları maraqla baxırlar.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ə.Lahuti adına Tacikistan Dövlət Akademik Dram Teatrının kollektivi Azərbaycan dramaturgiyasına həmişə həssas münasibət bəsləmişdir. Hələ əvvəllər bu teatrın səhnəsində Cəlil Məmmədquluzadənin «Ölülər» komediyası, Cəfər Cabbarlının «Aydın» pyesi və s. əsərlər tamaşaya qoyulmuş və tacik tamaşaçılarının böyük rəğbətini qazanmışdır.

Əlbəttə, heç şübhəsiz ki, Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələrinin qardaş xalqların dilinə tərcümə edilib, teatr səhnələrində oynanılması qardaş millətlərin mədəniyyətlərinin yaxınlığını nümayiş etdirməklə bərabər, eyni zamanda Azərbaycan dramaturgiyasının həyatiliyini, vətəndaşlıq pafosunu, habelə novatorluq axtarışlarının ardıcıllığını da nümayiş etdirir.

Bu baxımdan Şıxəli Qurbanovun son səhnə əsəri olan «Sənsiz»in tacik səhnəsində uğurlu tamaşası qiymətlidir. Ə.Lahuti adına Tacikistan Dövlət Akademik Dram Teatrında ilk tamaşası 1969-cu il, mart ayının 6-da oynanılan «Sənsiz»in dolğun səhnə təcəssümü bununla bağlıdır ki, pyes yüksək ideallar təlqin edən dəyərli bir əsərdir. Tərlan obrazını Lahuti teatrında səmimiyyətlə yaradan görkəmli tacik sənətkarı H.Əbdürrəzaqovun müxbirin: «Gözəl oyununuzun səbəbini nə ilə izah edə bilərsiniz? - sualına cavabı belə olmuşdu: «Tərlan obrazında mən təkcə bir azərini deyil, özbəyi, rusu, hindlini, ərəbi – səmimi, dönməz, böyük inamla yaşayan insanı görürəm. Bunu görmək, hiss etmək imkanı varsa, demək ifa da inandırıcı olacaq. Səhnədə danışdığım söz, etdiyim hərəkət barədə əsla düşünmürəm. Belə olsaydı, fikrim sözlərdə, əl-qol atmaqda qalardı. Mən başa düşmüşəm ki, Tərlan kimdir və onu necə oynamalıyam».

Əbdürrəzaqov müxbirə: «Sizinkilər bu obrazı necə oynayırlar? - sualına, «Sizin kimi» cavabını aldıqda deyir ki, onları görmək, onlarla birlikdə səhnədə çıxış etmək istərdim» [4].

«Sənsiz»i tacik tamaşaçıları yeni, yaxşı bir töhfə kimi qarşıladılar. Əsəri Tacikistanın xalq artisti, rəssam, aktyor və rejissor Əlirza Rəhmanqulov şair Şirəli Məstanla birlikdə tərcümə etmişdi. Mütərcimlər pyesin qayə və məzmununu dərindən duymuş, dilinin gözəlliyini qoruyub saxlamışdılar.

Dünyanın qaşı adlanan Pamir dağının yaşıl ətəyində yerləşən Düşənbə şəhərinin görkəmli yerlərinə vurulmuş ağ parçalar üzərindəki reklamlarda yazılmış «Şixəli Qurbanov (Azərbaycan) «Dar firaqi tu» - sözləri də tamaşaçıların diqqətini cəlb edirdi.Tamaşanın rejissoru Şəmsi Qiyamov əsərin əsas ideyasının tamaşada düzgün həlli üçün ustalıq göstərmişdi.

Şıxəli Qurbanovun son əsəri olan «Sənsiz» pyesində belə bir fikir irəli sürülmüş və təklif edilmişdir ki, hər şey insan üçün, insan həyatını gözəlləşdirmək və daha mükəmməl və mənalı etmək üçündür. Nəsillər dəyişir, fəqət yenə hər şey insana qalır, insana xidmət edir. Tacikistan teatrında hazırlanan «Sənsiz» tamaşasında da bu fikir tam aydınlığı ilə nəzərə çarpırdı. İstər rejissor işindən, istərsə də əsas rollarda çıxış edən aktyorların ifasından belə bir fikir hasil olurdu ki, insan qüvvətli və əzəmətlidir, o, nə qədər əzab və əziyyətlərə, məşəqqətlərə düçar olsa da, yaşamaq, həm də yaradaraq yaşatmaq eşqini söndürməməlidir. Daima sevməli və sevilməlidir.

Görkəmli yazıçı M.S.Ordubadinin mətni əsasında Azərbaycanın xalq artisti, bəstəkar Səid Rüstəmovun yazdığı «Beş manatlıq gəlin» adlı musiqili komediya da dəfələrlə Ə.Lahuti adına Tacikistan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. Bu əsəri ilk dəfə 1945-ci ildə tacik teatrının görkəmli xadimlərindən biri olan Əbdürrəhman Səidov tacik dilinə tərcümə etmiş və özü tamaşaya quruluş vermişdi. O vaxt quruluşçu rejissor tacik xalq teatrının ənənələrindən məharətlə istifadə edərək köhnə həyat vərdişlərini tənqid atəşinə tutan maraqlı bir komediya tamaşası yaratmışdı. Əsərdəki hadisələrin Tacikistana köçürülməsi və komediyadakı personajlara tacik adları verilməsi «Beş manatlıq gəlin» musiqili komediyasına tacik tamaşaçılarının marağını daha da artırmışdı.

Bu əsər 1965-ci ildə yenidən teatrın səhnəsində rejissor Əsli Bürhanovun quruluşunda tamaşaya qoyuldu. Quruluşçu rejissor təsirli səhnə vasitələrindən məharətlə istifadə edib, əsərdəki gülüş hədəfini keçmişin yararsız qalıqlarına qarşı çevirmişdi. Teatrın baş rəssamı M.Lebedevin bədii tərtibatında göstərilən bu tamaşa musiqili komediya kimi yox, komediya kimi oynanılmışdı. Əlbəttə, aktyorlar yeri gəldikdə bəstəkar Səid Rüstəmovun musiqi parçalarından da istifadə edirdilər. Tamaşada Əsli Burhanov və K.İmamətqioyev – Xocivəqqas (Kəbleyi Hüseynəli), Aişə Həyatova – Şah Şahəpaşa (Hüseynəlinin arvadı), B.Nomatiyev – Qiyas, Ə.Əlişova – Gülnarə (Naz-naz) öz rollarını xüsusilə təbii və canlı xalq yumoru ilə ifa etmişdilər.

Azərbaycan səhnə əsərlərinin Ə.Lahuti adına Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulması Azərbaycan-Tacikistan teatr əlaqələrini daha da möhkəmləndirmiş, xalqalarımız arasında mədəni-dostluq əlaqələrinin daha da inkişaf etməsinə təsir göstərmişdir.

ƏDƏBİYYAT

1. Səfərov Cabir. Düşənbə görüşləri. «Ədəbiyyat və İncəsənət» qəz., Bakı, 1964, 4 aprel.

2. Səfərov Cabir. Teatr və dramaturgiya. Bakı: Yazıçı, 1982, 122 s.

3. Didro Deni. Paradoks ob aktere. Moskva: İskusstva, 1938, 152 s.

4. Həsrət Ə. «Sənsiz» Düşənbə səhnəsində. «Ədəbiyyat və incəsənət» qəz., Bakı, 1969, 15 mart.