"Musiqi dünyası" № 4 (73) 2017

Article №11; 7863 - 7867 pр.
Aynur Hümbətova. Ramiz Mustafayevin “Yaylıq” və “Ey gözəl” xor işləmələrinin bəzi üslub xüsusiyyətləri
Text PDF

Çoxsaylı xor əsərlərinin müəllifi kimi tanınan Ramiz Mustafayev yaradıcılığının əsas hissəsini bu janrın inkişafına həsr etmişdir. Onun bu sahədə yaratdığı müxtəlif həcmli əsərləri Azərbaycanda xor musiqisinin inkişafına böyük təkan vermişdir.

Bəstəkarın xor əsərləri içərisində xalq mahnıları əsasında yaranan işləmələr xüsusi əhəmiyyət kəsb edir. Onun xalq mahnıları əsasında xeyli sayda işləmələri mövcuddur və onların əksər hissəsi xor kollektivlərinin repertuarında önəmli yer tutur. Bu işləmələr arasında müşayiətli və müşayiətsiz (a capella) xor üçün, eləcə də solistin iştirakı ilə nəzərdə tutulan nümunələr yer almışdır. Hal-hazırda təhlilə cəlb etdiyimiz nümunələr müşayiətli xor üçün yazılmışdır. Bu nümunələr “Yaylıq” və “Ey gözəl” xalq mahnıları əsasında yazılmış xor işləmələridir. Bunlardan birincisi duetdir, ikincisində isə solistin iştirakı nəzərdə tutulmuşdur.

“Yaylıq” xalq mahnısı əsasında xor işləməsi fortepiano girişi ilə başlayır. Girişin həcmi 16 xanəni əhatə edir. Xor işləməsi kiçik həcmli janr olduğu üçün bu giriş böyük hesab oluna bilər. Onun musiqi məzmununa nəzər yetirdikdə, bu genişliyin əslində ilk cümlənin variantlı təkrarı nəticəsində yarandığını görə bilərik. Girişin musiqisi xalq mahnısının nəqarət hissəsinin materialına əsaslanır. Beləliklə, fortepiano girişi iki 8 xanəli cümlədən ibarət perioddan təşkil olunmuşdur. Variantlı təkrar zamanı melodiya kiçik ölçülü notlara bölünür, harmonik müşayiətdə alterasiyalar müşahidə olunur.

“Yaylıq” xalq mahnısı qızla oğlanın duetini təşkil edir. Duetdə hər iki tərəf bərabər iştirak edir. Xor işləməsində bəstəkar bu bərabərliyi fərqli şəkildə təqdim etmişdir. İfaya ilk olaraq qız başladığı üçün onun partiyası qadın səslərinə həvalə olunmuşdur. Soprano və Alt səslərində xorun ifası təqdim olunur. Mahnının əsas melodiyası Soprano partiyasında yer almışdır. Alt səslərində isə səsaltı müşayiət verilmişdir. İlk iki misranın sonunda Alt səsində divizi yaranır. Bu da fortepiano müşayiətində yer alan harmonik tərkiblərin tamamlanmasına xidmət edir. Mahnının ilk kupletinin yalnız son ibarəsində xorun digər səsləri də ifaya qoşulur. “Yaylıq salar ayrılığı” ifadəsi iki dəfə təkrar olunur. Təkrar zamanı Bas səsləri mahnının ritmik vurğularını dəstəkləyən “dum-dum” hecası üzərində partiyanı təqdim edir. Onun partiyası fortepiano müşayiəti ilə üst-üstə düşür və işləmənin melodik zənginliyini bir qədər də artırmış olur. Tenor partiyası isə Soprano ilə unison təşkil edir. Alt səsləri əsas melodiyanı tersiya aşağı ifa edir.

Bu parçada fortepiano partiyası maraq yaradır. Belə ki, sağ əlin partiyası əsas melodiyanı oktava yuxarı, sol əlin partiyası isə Bas səsinin partiyasını oktava yuxarı ifa edir. Nəticədə əsas melodik xətlər eyni vaxtda müxtəlif registrlərdə səslənərək tembr rəngarəngliyi yaratmış olur.

Nümunə

Kupletin son iki misrası işləmədə nəqarət rolunu oynayır və iki dəfə təkrar olunur. Təkrar zamanı bəzi dəyişiliklər müşahidə olunur. Belə ki, bəstəkar Tenor partiyasında melodik xətti yuxarı registrə doğru apararaq, əsas melodiyaya kvinta yuxarı unison yaradır. Alt partiyası ilə fortepianonun sağ əlinin partiyasında yer alan xromatik səsaltı xətt oktava unisonu təşkil edir. Bu zaman yuxarı səsdə verilən melodiya isə Sopranonun partiyası ilə səsləşir. Basın partiyası maraqlı qurulmuşdur, onun ilk frazası əsas melodiyanı təkrarlasa da, kadansda mövqeyini dəyişərək əsas harmonik tərkibin primasını vurğulayır.

Kuplet quruluşuna əsaslanan mahnıda növbəti kupletlər üçün fərqli material təqdim olunmamış, olduğu kimi təkrar nəzərdə tutulmuşdur. Bu səbəbdən də işləmənin əsas məzmunu bununla tamamlanmış olur. İşləmədə xor səslərinin partiyasında ənənəvilik müşahidə olunur. Belə ki, bəstəkar əvvəldən axıra qədər əsas melodiyanın ifasını Soprano səslərinə həvalə edir. Digər səslər isə bəzi hallarda bu partiyanı dəstəkləyir, bəzi hallarda da özünəməxsus musiqi məzmununa malik olur. Lakin hər bir halda solo mövqe Sopranoya məxsusdur. Digər səslər daha çox müşayiətçi mövqeyində çıxış edir. İşləmədə fortepianonun xüsusi rolu vardır. İşləmənin girişində bu alətə geniş yer verilməsi də dediklərimizi təsdiq edir. Bundan başqa onun partiyası müxtəlif fakturalarda verilməklə dinləyicinin diqqətini özünə cəlb edir. Fortepianonun partiyasında bəstəkar maraqlı tembr palitrası yaratmağa nail olmuşdur. Belə ki, onun çoxsəsli fakturasında bəzi səslərin partiyasına oktava unisonluğu yaradan melodik xətlər yer alır. Bu da vokal və instrumental tembrlərin qovuşmasına səbəb olmaqla yanaşı, diqqəti əsas melodik məzmuna cəlb edir. Mahnının məzmununda əsas mahiyyət daşıyan “ver yaylığı” ifadəsinin dəfələrlə vurğulanması həm də onun xarakterik xüsusiyyətlərini, obraz-emosional aləmini vurğulayır.

Təhlilə cəlb etdiyimiz növbəti nümunə “Ey gözəl” xalq mahnısı əsasında yazılmış xor işləməsidir. Bu işləmə də müşayiətli qarışıq xor üçün nəzərdə tutulmuşdur. Əvvəlki işləmədən fərqli olaraq, burada solist də çıxış edir. Lakin fərqlər bununla bitmir. Belə ki, fortepiano girişinin həcmi də əvvəlkinə nisbətən daha kiçikdir və onun məzmununda hər hansı partiyanın mövzusu əks olunmamışdır. Fortepiano girişi işləmə boyu müşahidə olunan ostinat müşayiəti özündə ifadə edir və 8 xanəni əhatə edir.

Səslərin paylaşmasına gəlincə bəstəkar burada digər işləmələrində az rast gəlinən üsuldan istifadə etmişdir. Soprano və Alt, Tenor və Bas səsləri unison şəkildə təqdim olunmuş və sona qədər bu mövqe saxlanılmışdır. İşləmənin digər maraqlı cəhəti onun solistin partiyasına qədər verilən bölümündə xorun sanki müşayiətçi mövqedə çıxış etməsidir. Belə ki, 22 xanəlik bu parçada xor sanki fortepiano girişinin musiqi materialını davam etdirərək işləmənin vokal girişini təşkil etmiş olur. Onun musiqi məzmununa nəzər saldıqda da bunu görmək mümkündür. Xorun partiyasında iki melodik xətt öz daxilində oktava unisonu təşkil edir və fortepiano partiyası ilə üst-üstə düşür. Poetik məzmuna gəlincə, xor səsləri öz partiyasını sadəcə “la-la” hecası üzərində qurmuşdur.

İşləmənin əsas məzmunu solistin partiyasında yer alır. Lakin onun çıxışına qədər verilən bu bölümdə də solo partiyanın mövzusu üstünlük təşkil edir. Sadəcə xorun partiyası solistə nisbətən daha hərəkətli xarakter daşıyır. Bu bölüm 12+10 xanəlik cümlələrdən təşkil olunmuş period formasındadır. İki cümlənin məzmunu eyni olsa da, onları fərqləndirən birinci cümlənin əvvəlində yer alan iki xanədir. Birinci cümlə “lya” səsindən başlanan aşağı istiqamətli sekvensiyalar üzərində qurulmuşdur. İkinci cümlə bu sekvensiyanı bir ton aşağıdan, “sol” səsindən başlayır. Hər iki cümlə “mi” səsində kodans edir. Cümlələr arasında daha bir fərq lad-intonasiya elementində özünü göstərir. Birinci cümlə e-moll, ikinci cümlə isə “e” friqik ladına əsaslanır. “fa” və “fa diyez” səslərinin tətbiqi musiqiyə diatonik əhval-ruhiyyə gətirir. Lakin bu eyni zamanda “Şur” ladının əlamətlərini özündə daşıyır.

Solistin çıxışı sadə quruluşlu melodiyanı Tenor və Bas səslərinin dəstəyi ilə ifa edir. Xorda bu melodiya bir oktava aşağı unison verilmişdir. Soprano və Alt səslərində isə uzun ölçülü notlara üstünlük verlimişdir. Onların mövqeyi daha çox əsas ton üzərində fon saxlamağa yönəlmişdir. Bu mövqe fortepianonun sağ əlində də dəstəklənir. Sol əldə isə tonika səsi ostinat şəkildə vurğulanır.

İkinci misranın ifasında Soprano və Alt səsləri tersiya münasibətində təqdim olunur və aşağı istiqamətdə xromatik hərəkət nümayiş etdirir. Bu hərəkət fortepianonun sağ əlində aşağı səsdə təkrarlanır. Yuxarı səsdə isə solistin partiyası dəstəklənir. Tenor və Bas səslərinin unison çıxışı davam etdirilir. İki misranı əhatə edən bu period repriza vasitəsilə təkrar olunur və əsas tonda (“mi”) tamamlanır.

Nümunə

Növbəti periodun mövzusu işləmənin əvvəlində verilən xorun çıxışı ilə səsləşir, onun ikinci cümləsində yer alan motivlərdən istifadə olunur. Lakin müəyyən fərqlər də mövcuddur. Belə ki, xor girişində üstünlük təşkil edən sekvensiyalardan burada istifadə olunmamışdır. Bu bölmədə xorun partiyasında da dəyişikliklər tətbiq olunmuşdur. Məsələn, Tenor və Bas səsləri solisti ardıcıl deyil, müəyyən frazalarla təkrar edir. Soprano və Alt səslərinin partiyası öz quruluşunu dəyişməsə də, burada prima və tersiya unisonluğu növbələşir. Vokal material bütünlüklə fortepiano tərəfindən də ifa olunur. Əvvəlki periodda müşahidə olunan 4+6 quruluşu burada da saxlanılmışdır. Növbəti period isə repriza rolunu oynamışdır. Burada solistin partiyasında verilən ilk period olduğu kimi təkrarlanır. Bununla da işləmə tamamlanır. Xor işləməsinin maraqlı cəhəti sinkopalı və sekvensiyalı melodiyaların üstünlük təşkil etməsidir. Bu cəhət bütün işləmə boyu saxlanılmışdır. Bəstəkar aparıcı mövqeyi solistə həvalə etsə də, xor və fortepianonun partiyası məzmunun çatdırılmasında mühüm rol oynayır. İşləmənin əvvəlində instrumental və vokal girişin verilməsi də maraq doğuran cəhət kimi qiymətləndirilə bilər. Vokal giriş xor və fortepianonun sanki orkestr müşayiəti rolunu oynamasını xatırlatmışdır. Çünki, xorun mövqeyi bütün əsər boyu müşayiət funksiyası ilə səciyyələnir. Onun əsas melodiyanı dəstəkləməsi, səslərin daha çox unison çıxışı bunu deməyə əsas verir.

Aparılan təhlilər nəticəsində deyə bilərik ki, R.Mustafayevin xor işləmələrində ilk növbədə vokal səsin imkanları xalq mahnı ifaçılığının əsas üslub xüsusiyyətləri ilə uzlaşır. Xor musiqisinin sirlərinə yaxşı bələd olan bəstəkar işləmələrdə kollektivin vokal imkanlarını üzə çıxarmaqla yanaşı, mahnının obraz-emosional məzmununun çatdırılmasına da xüsusi diqqət yetirir. Müşayiətli xor işləmələrində isə fortepianonun rolunu qeyd etmək lazımdır. Bəstəkar bu aləti sadəcə müşayiət mövqeyində saxlamayaraq, onun tembr xüsusiyyətlərini ustalıqla istifadə etmişdir.

R.Mustafayevin digər müşayiətli xor işləmələrində də maraqlı cəhətlər büruzə verir və apardığımış araşdırmaların davamında bu nümunələr də təhlilə cəlb olunacaqdır.

ƏDƏBİYYAT

1. Qafarova Z.H. Ramiz Mustafayev.B:Səda, 2009, 310 s.

2. Zöhrabov R. Ramiz Mustafayev. // “Musiqi dünyası” jurnalı, 3-4/2001.

3. Yusifova A. “Azərbaycan xalq melodiyalarının işlənməsi və aranjimanı” fənni üzrə dərs vəsaiti. B: Adiloğlu, 2004, 101 s.