"Musiqi dünyası" № 2 (75) 2018

Article №4; 7903 - 7907 pр.
Əliqismət Lalayev. Türkmən dramaturqu Hüseyn Muxtarovun pyesləri Azərbaycan səhnəsində
Text PDF

Orta Asiya dramaturqlarının pyeslərinin Azərbaycan səhnəsində tamaşaya qoyulma tarixi XX əsrin 50-ci illərindən başlanmışdır.

Həmin dövrdaən etibarın, türkmən dramaturqu Hüseyn Muxtarovun, özbək dramaturqu Abdulla Qəhharın, tacik dramaturqu Qəni Abdullanın, qırğız dramaturqları Çingiz Aytmatovun, Mar Bayciyevin və b. əsərləri bir çox teatrlarımızda uğurla səhnəyə qoyulmuşdur. Bu baxımdan ən böyük pay türkmən dramaturqu, SSRİ Dövlət mükafatı laureatı Hüseyn Muxtarova (1914—1980) məxsusdur.

1914-cü ildə İranın Məşhəd şəhərində doğulmuş, əslən azərbaycanlı olan Hüseyn Muxtarovun ölkəmizdə qoyulan ilk əsəri «Ailə namusu» («Allanın ailəsi») olmuşdur. Dramaturqun «Allanın ailəsi» pyesi Azərbaycan Akademik Dram Teatrında «Ailə namusu» adı ilə ilk dəfə 1951-ci il, oktyabrın 30-da tamaşaçılara göstərilmişdir. İnsanların əxlaqi saflığını, təmiz və namuslu əməyini əks etdirən bu əsərin bir çox cəhətdən əlamətdar olan tamaşası azərbaycanlı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı.

Tamaşanın quruluşunu Moskvada ali teatr məktəbini yenicə bitirib Bakıya qayıtmış, gənc, istedadlı rejissor Tofiq Kazımov vermişdi. Bu, onun Akademik teatrda ilk müstəqil işi idi. Gənc rejissor tamaşada xalqı aldadan, xalq malına xor baxan adamlara qarşı yeni insanın mübarizəsini ön plana çəkmişdi. Rejissor əsas ideyanı tamaşaçıya çatdırmaq üçün teatrda olan bütün imkanlardan bacarıqla istifadə etmiş, bəstəkar, rəssam və aktyor kollektivi ilə birgə işləməsi nəticəsində əsərin əsas qayəsini tamaşaçıya çatdırmağa nail olmuşdu. Yuxarıda qeyd etdik ki, hadisələr bir otaqda cərəyan edir. Lakin buna baxmayaraq, rejissor real, inandırıcı və maraqlı mizanlar yaratmışdı. Rejissorun aktyor kollektivi ilə səmərəli yaradıcılıq işinin nəticəsi idi ki, tamaşada düşünülməmiş, təkrar olunan hərəkətlərə, mizanlara yol verilməmişdi. İstər Azərbaycanın xalq artisti Bədurə Əfqanlının verdiyi bədii tərtibat, istər bəstəkar Zakir Bağırovun ahəngdar musiqisi tamaşanın ümumi ruhuna uyğun olmaqla yanaşı, həm də əsərin ideyasının açılmasında rejissora kömək etmişdi.

Tamaşanın diqqətçəkən cəhətlərindən biri də, burada səhnəmizin görkəmli ustaları ilə bərabər gənc qüvvələrin də iştirak etməsi idi. Maraqlıdır ki, tamaşa təkcə quruluşçu rejissorun deyil, həm də bir neçə gənc aktyorun teatrda debütü idi. Belə ki, əsas rolların ifaçılarından Məlik Dadaşov, Osman Həqqi və Əfrasiyab Məmmədov institutu elə həmin ildə – 1951-ci ildə bitirib, teatrda işə başlamışdılar.

Əsərin mərkəzi surəti Allandır. Rejissor bu rolu səhnəmizin görkəmli aktyoru Əli Qurbanova tapşırmışdı. Allan – Əli Qurbanov mehriban ata, namuslu ailə başçısı, cəsarətli işçi kimi hərəkət edirdi. Bu obrazın həm rejissor, həm də aktyor tərəfindən düzgün səhnə şərhi əsərin ideyasının bütünlükdə düzgün açılmasını təmin edə bilmişdi.

«Ailə namusu» pyesinin tamaşasında Arif obrazı öz gözəl xüsusiyyətləri, açıq və geniş dünyagörüşü, təmiz arzuları, şairanə təbiəti ilə tamaşaçıları cəlb edirdi. O, doğma Türkmənistanı olduğundan daha gözəl görmək istəyir. Onun işi ilə arzuları arasında sıx bir bağlılıq var. Məhz buna görə də o, « … Eh, Yazgül, mənim arzum bu şopanlıqları məhsulduar torpaqlara çevirmək, onlarda bağlar, tarlalar salmaqdır» deyərkən tamaşaçı Arifə bütün varlığı ilə inanır, onu ürəkdən sevir və bu işlərin görülməsində onunla birlikdə olmağa can atırdı. Bu sözlər gənc aktyor Məlik Dadaşovun ifasında öz işinə inanan, qurub yaratmaq eşqi, həvəsi ilə yaşayan, xalq malını hər bir şəraitdə qoruyan gənc bir alimin fikri kimi çox qüvvətli səslənirdi.

Kolxoz hesabdarı Azad rolunu Əfrasiyab Məmmədov ifa edirdi. Onun ifasında Azad namuslu, nikbin, dostluqda möhkəm, sevgisinə sadiq gənc kimi nəzəri cəlb edirdi. Ailənin son beşiyi, şən və gülərüzlü Qurban rolunda artist Sadıq Saleh, Yazgül rolunda isə Sofiya Bəsirzadə çıxış edirdi. aktrisa Sofiya Bəsirzadə öz rolunun xarakterinə uyğun maraqlı ştrixlər tapmışdı.

Tamaşada ana obrazı da ən maraqlı surətlərdən biri idi. Ana Bikə şüur etibarilə geri qalmış, mövhumatçı, köhnə dünyanın qayda-qanunlarına riayət etməyə çalışan bir qadındır. Bu rolu səhnəmizin görkəmli sənətkarı Mərziyə xanım Davudova ifa edirdi. Aktrisa rolun daxili ailəmini açıb göstərməyə tam müvəffəq olmuşdu. kimi mənim üçün də əziz deyilmi?» deyə Bayramı ittiham etməyə başlayırdı.

«Ailə namusu» əsəri «xalqlar dostluğu», «beynəlmiləlçilik» ruhundan da xali deyildi. Buradakı Zina surəti ilə müəllif rus xalqının nəcib sifətlərini göstərməyə çalışmışdı. Zina rolunu Hökumə Qurbanova ifa edirdi. Böyük Vətən müharibəsi zamanı bütün ailəsini itirmiş Zina – Hökumə Qurbanovanın ifasında səmimi, mehriban, namuslu, ağıllı bir rus qızı idi.

Lakin 1950-ci illərdə bütün Sovet dramaturgiyasında «Konfliktsizlik nəzəriyyəsi» hökm sürürdü. Və «Allanın ailəsi» də bədnam nəzəriyyə əsasında yazılmışdı. Pyes məhz dramaturji konfliktdən məhrum idi. Sözsüz ki, bu, dramaturqun istedadsızlığının deyil, dövrün tələbinə, daha dəqiq desək, partiyanın göstərişinə əməl etmək cəhdinin nəticəsi idi.

Əsərdə «Sovet adamının yüksək əxlaqı», «Sovet gənclərinin vətənpərvərliyi», «Sovet quruluşunun üstünlüyü», «sosializm cəmiyyətinin mükəmməlliyi» və s. ifadələr, cümlələr bol-bol işlənmişdi və belə bir fikir hasil olurdu: Allan kişi, onun oğlu Arif ona görə ailə namusunu, ailə şərəfini üstün tuturlar ki, onlar sovet adamlarıdırlar, ən yüksək əxlaqi keyfiyyətlər, mənəvi zənginliklər yalnız sovet adamlarına xas olan cəhətlərdir.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrı türkmən dramaturqu Hüseyn Muxtarovun yaradıcılığına yenidən müraciət etdi. Həmin il dekabrın 11-də onun «Kimdir müqəssir» pyesinin [1] ilk tamaşası göstərildi.

Dramaturq «Kimdir müqəssir» əsərində gözəl bir məqsədə xidmət edirdi. Müəllif əsərdə böyük amallarla yaşayan adamların yüksək mənəvi keyfiyyətlərini, əxlaqi xüsusiyyətlərini əks etməyə, onların yalnız cəmiyyətə yad olan tüfeylilərə, əliəyrilərə, dələduzlara qarşı deyil, həm də maymaqlara, vəzifəsində səhlənkarlıq edənlərə qarşı kəskin mübarizə apardıqlarını göstərməyə çalışmışdı.

Əsərdəki hadisələr istedadlı sovet jurnalisti Səltənətin tikinti-quraşdırma idarəsinə gəlməsi ilə başlanırdı. İdarənin rəisi Həsənov onu sevinclə qarşılayır, xəbərsiz gəldiyi üçün Səltənəti hətta səmimiyyətlə məzəmmət edir. Uşaqlıqdan dost olduğu, şirin və xoş xatirələrlə bağlandığı bu qadını layiqincə qarşılamaq üçün evinə sifariş göndərir, yaxşı bir məclis təşkil etməyi tabeliyində olan Qurd Bəşirə tapşırır. Ancaq Həsənovun sevinci uzun sürmür. Az sonra rayon məhkəməsinin sədri Salmanov, prokuror Fərəcova, milis rəisi Səfərova və milis nəfəri Allanəzər buraya gəlirlər. Məlum olur ki, bir neçə ay bundan əvvəl həbs edilmiş sürücü Toylunun işinə yenidən baxmaq üçün həmin adamları Səltənət özü buraya çağırtdırmışdır. İdarə rəisinin otağında məhkəmə qurulur, sual-cavab başlanır, hadisələrdən və söhbətlərdən aydınlaşır ki, Toylunun heç bir günahı yoxmuş, o, namuslu kəndçidir, nahaq yerə həbs edilib. Bəs Toylunun faciəsinə nə səbəb olmuşdu? Bu işdə günahkar kimdir? Əsərdən alınan cavab belədir: rayonun məsul işçilərinin maymaqlığı və səhlənkarlığı üzündən əliəyrilər, dələduzlar çoxalmış, Toylu kimi düzlüyü sevən adamların işi isə çətinləşmişdir. Toylu Qurd Bəşir kimi dələduzlarla mübarizədə tək qalır, müraciət etdiyi yerlərdən mənfi cavab alır, onu demaqoq adlandırırlar. Toylunun həbs olunması isə ailəsində faciə yaranır. Arvadı xəstələnir, böyük arzu ilə gözlədiyi körpəsini itirir.

Bu cinayətdə məhkəmə sədri Salmanovun, prokuror Fərəcovanın, milis rəisi Səfərovun günahları ondadır ki, onlar hər biri öz növbəsində, ayrı-ayrılıqda Qurd Bəşir, Bərkəli, Allanəzər kimi alçaq adamların fitvasına uymuş, sənədləri yoxlamadan imzalamış, bacarıqlı, işküzar, namuslu bir gənc olan Toylunun nahaq yerə həbsə alınmasına razılıq vermişlər. «Böhtan ayaq tutsa da yeriməz» demişlər. Toylu respublikanın mərkəzi qəzetinə şikayət etmişdir. Nəhayət, jurnalist Səltənətin işə qarışması ilə bütün məsələlər həll olunur, müqəssirlər cəzalarına çatırlar.

«Kimdir müqəssir?» gənc rejissor Məmmədkamal Kazımovun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində ikinci müstəqil işi idi. Əlbəttə, heç şübhəsiz ki, Məmmədkamal Kazımov dramaturji cəhətdən mükəmməl bir əsər tamaşaya hazırlasaydı, onun rejissorluq bacarığı daha aydın nəzərə çarpardı. «Kimdir müqəssir?» tamaşasında onun yaradıcılığının yaxşı cəhətləri duyulurdu. Tamaşa dramaturji kamill olmasa da, mizanlar aydın və ifadəli verilmişdi. Quruluş əsas hadisələrin inkişafı üçün əlverişli idi. Bu işdə teatrın baş rejissoru Tofiq Kazımovun və aktyor kollektivinin əməyi az olmamışdı. Əsas rolları ifa edən aktyorlardan Mirvari Novruzova (Səltənət), Ağahüseyn Cavadov (Bərkəli), Möhsün Sənani (Qurd Bəşir), Əliağa Ağayev (Allanəzər), Məcid Şamxalov (Səfərov), Sadıq Hüseynov (Salmanov) və başqaları öz bacarıqlı çıxışları ilə rejissor işinin kamil olmasına kömək etmişdilər.

Tamaşanın iştirakçıları sübut edirdilər ki, insan gözəl xilqətdir, ona qayğı və məhəbbətlə yanaşmaq lazımdır. Sovet məhkəmə işçiləri, prokurorları, milis nəfərləri öz vəzifələrinə daha ciddi və vicdanla yanaşmalı, hər yerdə, hər zaman obyektiv olmalı, namuslu hərəkət etməlidirlər. Onların kiçik bir səhvi insan həyatını məhv edə bilər. Tamaşadakı Bərkəli, Allanəzər və Qurd Bəşir rollarını ifa edən, səhnəmizin görkəmli komediya ustaları Ağahüseyn Cavadov, Əliağa Ağayev və Möhsün Sənani oynadıqları obrazları satirik boyalardan məharətlə istifadə edərək yaradırdılar. Toylunun faciəsində əsas rol oynayanlardan biri tikinti-quraşdırma idarəsinin rəisi Həsənov idi. Artist Atamoğlan Rzayev aydın bir şəkildə göstərirdi ki, Qurd Bəşir, Bərkəli və Allanəzər kimi üzdəniraq adamların qol-qanad açmasına məhz Həsənovun tamahkarlığı, zəifliyi imkan yaratmışdı. Tamaşanın ideya məzmunu Mirvari Novruzovanın ifa etdiyi jurnalist Səltənət obrazında aydın şəkildə nəzərə çarpırdı. Səltənət – Mirvari Novruzova işgüzardır, təvazökardır, təmkinlidir. «Kimdir müqəssir?» sualını bütünlüklə aydınlaşdırmaq üçün Səltənət – Mirvari Novruzova böyük fədəkarlıq göstərirdi. Vicdanlı, hərəkəti, işi, layiqli davranışı ilə tamaşaçılara güclü müsbət təsir göstərirdi.

«Kimdir müqəssir?» tamaşasında teatrın gənc aktyorları da çıxış edirdilər. Şahmar Ələkbərov Toylu rolunda çox yaxşı təsir bağışlayırdı. Aqşin Vəlixanovun səmimiyyətlə oynadığı Pəltək kimi surəti epizodik olmasına, yalnız bir dəfə səhnəyə gəlməsinə baxmayaraq, yadda qalırdı.

Hüseyn Muxtarovun pyesləri təkcə Bakıda deyil, paytaxtdan kənarda da tamaşaya qoylmuşdur. Mingəçevir Dövlət Dram Teatrı 1969-1970-ci il mövsümündə dramaturqun «Şeytan nəsli» [1] əsərinə səhnə həyatı vermişdir. Müharibənin ən ağır nəticələri, kimsəsizlərə xeyirxah adamlar tərəfindən əsil ata qayğısı göstərilməsi teatrın aktyorları Nisə Rzayeva (Klara), Şərqiyə Rəsulova (Bibi), Lətifə Hüseynova (Aypəri), Elmira Yaqubova (Ağgül), Neftun Tağıyev (Elman), Əli Məmmədov (Bazarağa) və başqalarının yaratdıqları səhnə obrazları vasitəsilə öz əksini tapmışdı. Mingəçevir tamaşaçıları tərəfindən hər dəfə rəğbətlə qarşılanan bu tamaşa onun qastrol repertuarında da xüsusi yer tutmuşdu.

Hüseyn Muxtarovun dramaturgiyası Sumqayıt Dövlət Dram Teatrının kollektivini də cəlb etmiş, teatrın səhnəsində türkmən dramaturqunun «Mən nənə ilə evlənirəm» adlı komediyası [1] (tərcümə edəni İnqilab Kərimov) tamaşaya qoyulmuşdur.

Beləliklə, Hüseyn Muxtarovun səmimiliyi ilə seçilən dramaturgiyası ölkəmizin teatr səhnələrində tamaşaya qoyulmaqla teatrlarımızın repertuarına rəng qatmış, həmçinin eyni kökə malik qardaş türkmən xalqı ilə mədəni-teatr əlaqələrinin genişlənməsinə yardım etmişdir.

ƏDƏBİYYAT

1. Muxtarov H. Pyesləri. M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası. «Not nəşrləri və səsyazmaları» şöbəsi, əlyazmaların arxivi bölməsi, f.53, siy. 5, iş 8.

2. Rəhimli İ.Ə. Akademik Milli Dram Teatrı. İki kitabda. II k., Bakı: Qapp-Poliqraf, 2002, 438 s.

3. Kerimi K. Turkmenskiy teatr. Moskva: İskusstva, 1964, 220 s.